Qədim yunan filosofları rəqsi "sözsüz poeziya" adlandırıblar. Rəqsin harmoniyası minlərlə adama mənəvi zövq vermək qüdrətinə malikdir. Elə təkcə "Naz eləmə", "Nəlbəki", "Gülgəzi", "Vağzalı-Mirzeyi" xalq rəqslərinə tamaşa etmək kifayətdir ki, bu xalqın zəngin musiqisinə, köklü adət-ənənəsinə bələd olasan.
Tanınmış rəqqasə Xoşbəxt Məmmədova 50 ildən artıqdır ki, xalq rəqslərimizi yaşadır. Onun simasında rəqslərimizi dünya tanıyıb. Dünyanın böyük konsert salonlarında Azərbaycanın xalq rəqsləri Xoşbəxt xanımın ifasında oynanılıb. O, bu gün də "yoruldum" demədən eyni həvəs və məhəbbətlə səhnəyə çıxır. 65 yaşlı Xoşbəxt xanım aşıb-daşan enerjisi ilə yenə də özünü gənclik illərində olduğu kimi hiss edir:
- Uşaqlıqdan oynamağı sevirdim. Harada toy olurdusa məni oynamaq üçün aparırdılar. Balaca totuq-motuq qız idim. Oynamağım da hamının xoşuna gəlirdi. 190 saylı məktəbdə oxuyurdum. 9 yaşım olanda məni Pionerlər Evinə apardılar. İlk müəllimim Dövlət Mahnı və Rəqs Ansamblında çalışan Hacı Ağayev oldu. Eyni zamanda Opera Teatrının solisti Maqsud Məmmədov, Böyükağa Məmmədov, Əlibaba Abdullayev kimi müəllimlərdən dərs aldım. Böyük dərnəklərdə keçirilən məşqlərə baxır və orada da oynayırdıq. 1950-ci ildə İran şahı Rza şah həyat yoldaşı Sürəyya xanımla Bakıya gəlmişdi. Filarmoniyanın yay salonunda konsert keçirildi. Mircəfər Bağırov da onların yanında idi. Biz Pionerlər Evinin ansamblının tərkibində Cahangir Cahangirovun "Azərbaycan" rəqsini oynadıq. Mən ansamblın solisti idim. Rəqsimiz qonaqların o qədər xoşuna gəldi ki, onlar ayaq üstə durub bizi alqışlayırdılar. 54-cü ildə Kamil Dadaşov, Şərqiyyə İsgəndərova, Ramiz Eynullayev və başqaları ilə birlikdə Əmək Ehtiyatları ansamblında oynamağa başladıq. Xalq artisti Böyükağa Məmmədov bizə dərs deyirdi. Həmin il bizi Moskvada çıxış etməyə apardılar. Orada keçirilən konsertdə birinci yer tutduğumuza görə 55-ci ildə bizi Varşava Ümumdünya Festival iştirakçılarının sırasına daxil etdilər. Həmin festivalda da qızıl medal alaraq laureat adına layiq görüldük. Festivaldan qayıdandan sonra mənimlə Şərqiyyəni Filarmoniyaya dəvət etdilər. Beləliklə, Filarmoniyada işləməyə başladıq. Daha sonra Kremlin Sütunlu salonunda konsert verdik. Budyonnı çıxışımızı çox bəyəndi. Bizimlə şəkil də çəkdirdi. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının tərkibində işlədiyim illərdə böyük uğurlar qazandıq. Dünyanın bir çox ölkələrini gəzdik. 57-ci ildə Moskvada keçirilən VI Ümumdünya Festivalında iştirak edərək qızıl medala layiq görüldük. Festivalda "Üç gül" - "Ağ gül, qırmızı gül, bir də sarı gül" rəqsi böyük marağa səbəb oldu. Həmin rəqsi mən, Şərqiyyə İsgəndərova və rəhmətlik Nailə Mahmudova ifa edirdik. O vaxtdan mənə ansamblın üzvləri "Sarı gül" deməyə başladılar. 57-ci ildə biz "Üç gül", Böyükağa Məmmədov "Çobanlar", Maxay İbrahimov "Dağıstan ləzginkası" rəqslərinə görə qızıl medala layiq görüldük. Qayıdandan sonra Ali Sovetin sədri İsgəndərov bizi fəxri fərmanla və pul mükafatına layiq gördü. 1959-cu ildə "26-lar klubu"nun ansamblı məni də özləri ilə Moskvaya apardı. Orada "Vağzalı-Mirzeyi"ni solist kimi oynadım. Bu rəqsi Əminə Dilbazidən sonra mən oynamışam. İndi də televizorda həmin rəqsi oynayanları görürəm. Onlar bizim kimi oynaya bilmirlər. 1958-ci ildə Çində, 1964-cü ildə Ərəbistanda böyük konsertlər verdik. Almaniyada, Çexoslovakiyada, Polşada, İsraildə və digər ölkələrdə konsertlərimiz böyük uğurla keçdi. İnanın, xarici səfərlərdə çıxışlarımızı çox böyük maraqla qarşılayırdılar. Gürcülər ən mahir rəqqaslar hesab olunur. Ancaq biz həmişə birinci yer tuturduq. Azərbaycan musiqisinə hər yerdə bir möcüzə kimi baxırdılar.
Daha sonra bir neçə il Ağası Məşədibəyovun ansamblında işlədim. Teymur Mustafayev, Zaur Rzayev, İslam Rzayev, Qədir Məmmədov və başqa müğənnilər həmin ansamblda oxuyurdu. Lütfəli Abdullayevlə Nəsibə xanım da bizim konsertləri aparardılar. Tez-tez xarici ölkələrə qastrola gedirdik. Məhbusların yaşadığı Vorkat şəhərinə qədər gedib çıxmışdıq. Qarda, yağışda, çovğunda rayonlara gedib zəhmətkeşlər qarşısında çıxış edərdik.
- "Sönməyən ulduzlar" Assosiasiyasında yaratdığınız rəqs ansamblı ötən illərin xiffətini Sizə unutdururmu?
- Təqaüdə çıxandan sonra bizi "Sönməyən ulduzlar"a çağırdılar. Burada yaranan ansamblda çıxışlar etməyə başladıq. Tədbirlərimiz olanda tez-tez çağırırlar. 1989-cu ildə bizi Çexoslovakiyaya göndərdilər. Orada laureat adına layiq görüldük. Şəfiqə Hənifəyeva ilə Kamil Dadaşov "Naz eləmə" rəqsini elə gözəl oynadılar ki, hamı heyran qalmışdı. Hamı bu yaşımızda belə yüngül rəqs etməyimizə məəttəl qalır. "Sönməyən ulduzlar"da hamısı peşəkarlardır. Yaşca ən böyüyümüz Şəfiqə Hənifəyevanın 85 yaşı var. Nailə Mahmudova 71 yaşında vəfat etdi. Mənimsə 65 yaşım var. Ancaq özümü heç 65 yaşında hiss eləmirəm. Hərəkətlərim, oyunum yenə də əvvəlki kimi çox yüngüldür. Bütün rəqsləri əvvəlki kimi ifa edirəm. Məni dərs verməyə də dəvət edirlər. Ancaq vaxtım yoxdur. 26 il səhnədə olmuşam. 1976-cı ildən təqaüdə çıxsam da, işləyirəm. Çünki formanı saxlayırdım. Soltan Hacıbəyov məni hamıya nümunə göstərir, "Xoşbəxt kimi olun" - deyirdi.
- Ən çox hansı rəqsləri ifa edirdiniz?
- Mən "Tərəkəmə", "Naz eləmə", "Vağzalı-Mirzeyi", "Nəlbəki", hind, ərəb rəqslərini oynamışam. Oynadığım çox rəqslərin də adı yadımdan çıxıb. 1957-ci ildə Moskvada festivalda olarkən bir ərəb qızının oynamağına vuruldum. Onun oynamağına, demək olar ki, bütün tamaşaçılar heyran qalmışdı. Öz-özümə dedim ki, mən də ərəb rəqsi oynayacağam. Moskvadan qayıtdıqdan sonra hissə-hissə ərəb rəqsini hazırlamağa başladım. Onda dövlət konsertlərində tez-tez çıxış edirdim. Qəşəng bir kostyum da tikdirmişdim. Ərəb rəqsini mən də oynadım. Bu rəqs ifamda çox gözəl alınırdı.
- Gərək ki, Sizi oynadığınız ərəb rəqsinə görə "Azərbaycanın Kleopatrası" da adlandırıblar.
- Mahnı və rəqs ansamblında Filarmoniyanın solisti idim. 1968-ci ildə Moskvadan bir jurnalist gəlmişdi. Bütün rəqslərimizə baxdı və məni bəyəndi. Roza xanım dedi ki, ərəb qızlarına özüm oxşayıram. Amma o, məni seçdi. Dedi ki, ərəb qızları qarayanızdır. Yaşıl Teatrda oynayan yerdə mənim şəklimi çəkdi və "sən əsl Azərbaycan Kleopatrasısan" - dedi.
- Xoşbəxt xanım, 50-60-cı illərdə ölkəmizin musiqi aləmində başqa bir ab-hava vardı. Yəqin indi musiqimizdə baş verən bu özbaşınalıqlar Sizi də ağrıdır.
- Onda tamam ayrı bir aləm idi. İndi oxuyub-oynayanlara baxanda, vallah, məəttəl qalıram. Mən özüm də özfəaliyyətdən çıxmışam. Ancaq Pionerlər Evində xoreoqrafiyanı keçmişəm. Onda musiqiyə, ifaçılara böyük hörmət var idi. İndiki kimi deyildi. O vaxt fəxri ad almaq da çətin idi. Biz sənətdə can qoysaq da, bizə fəxri ad vermədilər. Roza Cəlilova kimi rəqqasə bu günlərdə Xalq artisti adını aldı. Amma indi yerindən duran xalq artistidir. Biz səhnədə canımızı, sağlamlığımızı qoymuşuq. Amma heç kəs bizə qiymət vermədi. İndi bizim rəqslərimizi oynayırlar. Amma özlərindən hərəkət qururlar. Məryəm Süleymanova çox qabiliyyətli rəqqasədir. Ancaq "Vağzalı-Mirzeyi"dən sonra "Şaloxo" oynayır. Xalq rəqslərində belə şeylər yoxdur.
- Rəqslərinizin lent yazılarını qoruyub saxlayırsınız?
- Təkcə "Üç gül" rəqsinin lent yazısı qalıb. 59-cu ildə universitetdə ifa edərkən lentə alıblar. Bu lent yazısı Qızıl Fondda saxlanılır. Çoxlu kinolarda çəkilmişik. "Görüş" filmində də biz çəkilmişik. Yaddan çıxmayan xatirələrim çoxdur. Bir dəfə Çinə gedəndə təyyarədə qorxu keçirməyim heç yadımdan çıxmır. Ağlaya-ağlaya təyyarə sürənə "saxla, düşürəm" deyə qışqırırdım. Yoldaşlarım həmin hadisəni həmişə zarafatla xatırlayırlar. Bir dəfə də Pekində olarkən Æan Mare mənə vurulmuşdu. Onda 20 yaşım vardı. Stalinin oğlu Volodya da orada idi. Gəlib hamımızla tanış oldu. Æan Mare məni göstərərək deyirdi ki, subayam, bu şən qız da mənim xoşuma gəlir.
- Sənətinizə yaxın olan adamla ailə qurdunuz?
- Mən 3-4 ay Rəşid Behbudovun Mahnı Teatrında da işləmişəm. O vaxtlar bir gürcü ilə ailə qurdum. O, Rauf Hacıyevin estrada ansamblında akkardion çalırdı. 1959-cu ildə Moskvadan dekadadan qayıdandan sonra o, mənimlə yaxından tanış oldu. Atam "bircə elə gürcü çatışmırdı" deyə razılıq vermirdi. 1962-ci ildə məni Tiflisə qaçırdıb çox gözəl toy elədi. Ailə qurduqdan sonra yenidən Bakıya qayıtdıq. Bir oğlumuz oldu. Həyat yoldaşım rəhmətə gedəndən sonra başqası ilə ailə qurdum.
- İndi rəqslərinizə baxanda ən çox Sizi təsirləndirən hansıdır?
- "Ərəb rəqsi", "Uzundərə" və "Şuşa" rəqslərini gözəl oynayıram. İndi kostyumlar tikdirmək çox bahadır. Əvvəllər bir kostyumu 250 manata tikdirərdik. İnşallah, kostyumlar tikdirib yenə də həmin rəqsləri oynayacağam. Köhnə kostyumum da var, ancaq təzəsini istəyirəm. Hərdən də öz-özümə "bəsdir də, nəyinə lazımdır?" - deyirəm. Ancaq yenə də əvvəlki həvəsimdən ayrıla bilmirəm.
XƏBƏR LENTİ
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Bryus Uillis aptekdən qovuldu- SƏBƏB
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Göy qurşağı şorbası (foto resept)
Nə üçün ölümdən qorxuruq?
Yer kürəsinin tarixi fotosu
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Milyarder qaçqınlar üçün iki ada alacaq
Hava haqqında - 21.02.2014
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Pazllar ("Fiksiklər")
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Cavanlaşma resepti
Evə qulluqçunu necə tapmalı?
HAVA necə olacaq?- 7 MAY
Çarə axtarıram
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Faydalı məsləhətlər
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
"Biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq"
Bakıya palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər
HAVA necə olacaq?
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Pəhriz və sağlam həyat tərzi
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
Dekabrın ilk günü dumanla gəlir
Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib
Azərbaycanda internetin qiyməti aşağı salınır?
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Yeni il süfrəsi dekorasiyaları
Disney qəhrəmanları ilə eyni şəkillərdə yer aldı
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Dil yanığına yaxşı gələn vasitələr
Mart ayının qeyri-iş Günləri
2013-cü ilin 9 dırnaq boyası
Sabah yağış yağacaq
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Maykl Cekson niyə maska taxırdı? - VİDEO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
İkibaşlı buzov doğuldu
- ŞƏRHLƏR