Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da cəmiyyətsiz çürüyür (C.Cabbarlı)
İnsanların ictimailəşməsi qədim tarixə malik olsa da müxtəlif dövrlərdə bu ictimailəşmənin miqyası müxtəlif olmuşdur. Qadınların ictimailəşməsi neçə min illər ərzində ailə və qohum-qardaş miqyasından o tərəfə keçmədiyinə görə biz bunu tam ictimailəşmə hesab etmirik. Ailə bir tərəfdən cəmiyyətin özəyi olsa da digər tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir sistemdir. Qərbdə qadınlar ailə "baryerini" çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni başlayır və onun yaratdığı sosial-psixik təbəddülatların öyrənilməsinə böyük ehtiyac vardır.
Bu hadisə, heç şübhəsiz, məhəbbətə də təsir göstərir və onun xarakterini xeyli dərəcədə dəyişir.
Neçə əsrlər ərzində Şərqdə qadın üçün ictimailəşmə dərəcəsi "ata evi", "qayınata evi" və bunlar arasındakı yoldan ibarət olmuşdur. Qadının həyatında ən böyük dəyişiklik bir ailədən başqasına köçmək, gəlmək, "gəlin" olmaqdan ibarət idi. Bir ailədə oturub başqa ailə üçün hazırlanmaq - ciddi bir sosioloji və psixoloji problem, qadın üçün isə hətta məhəbbətlə müqayisə oluna biləcək dərəcədə əhəmiyyətli bir hadisə idi. Biz indi buna "ailə qurmaq" deyirik. Lakin uzun muddət, bəzən elə indi də qız üçün söhbət əslində "ailəyə köçməkdən" gedir.
"Məhəbbət" sferası bir adamla münasibəti əhatə edir. "Köçmək" isə tək sevdiyin oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq problemini qarşıya qoyur. Gəlin-qayınana ziddiyyəti də ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş insanın başqa ailənin qaydalarına, ruhuna nə dərəcədə adaptasiya oluna bilməsindən və ya hətta bu başqa ailəyə yeni qaydaları nə dərəcədə məharətlə tətbiq edə bilməsindən asılı olaraq yaranır.
Ailə məhəbbəti insan nəslini artırır, dostluq məhəbbəti onu təkmilləşdirir, qeyri-əxlaqi məhəbbət isə alçaldır (F.Bekon).
Düzdür, Avropada qızlar "köçmür", onlar oğlanla birlikdə yeni ailə qururlar. İndi bizim şəhərlərdə də çox vaxt "köçmək" "qurmaq"la əvəzlənir. Hansı daha yaxşıdır?
Əlbəttə, adamın ağlına gələn birinci rəy üstünlüyü qurmağa verir. Cəmiyyətin yüksək dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs arasındakı məhəbbətin sınağı üçün daha lokal bir mühit yaranır.
Lakin burada da özünəməxsus problemlər ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vurmuş gənclərin qısa müddətdə ailə üçün zəruri olan tam şərait yaratması qeyri-mümkündür. Ona görə də bu şəraitin yaradılması yenə də valideynlərin öhdəsinə düşür. Yenə də mühit genişlənir, zövqlər toqquşur, sevgililər kimlərdənsə asılı vəziyyətdə qalır.
Lakin tutaq ki, bütün çətinliklərə baxmayaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi özləri həll edirlər. Bu zaman onların fəaliyyət istiqamətləri sosial-iqtisadi problemlərə və məişət qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik məhəbbətin yerə enməsi və bəzən arxa plana keçməsi ilə nəticələnir. Bu halda birgə quruculuq işi, ortaq çətinliklər yoxsulluqdan və ya vaxt çatışmazlığından irəli gələn narahatlıqlar məhəbbəti daha ağır bir sınağa çəkir. İstər-istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu evə köçməsi, məişət məsələlərində daha təcrübəli və təmkinli olan yaşlı nəslin himayəsini qəbul etməsi sevgililərin münasibətində romantikanın qorunub saxlanılması üçün daha əlverişli ola bilər.
Göründüyü kimi "köçmək" və "qurmağın" hərəsinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bütün hallarda məhəbbəti sərt reallığın ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha realistik mərhələsi bundan sonra başlanır. Mənafe birliyi, birgə quruculuq işləri, ortaq çətinliklər, birgə mübarizə və bu mübarizədə qazanılan uğurların ortaq sevinci - bütün bunlar göydən yerə enmiş məhəbbətin yeni şəraitdə möhkəmlənməsi üçün əlavə impuls verir.
Lakin ictimailəşmə şəraitində məhəbbət üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çıxır. Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün kişi işləməli və vaxtının çox hissəsini evdən kənarda keçirməli olur. Ərin ailə miqyasından kənardakı həyatı gəlin qarşısında ailə daxilində həyata uyğunlaşmaq və ya əri kimi ailədən çıxaraq ictimai həyata qatılmaq alternativini qoyur. Bu ikinci seçim ancaq son dövrlərdə aktuallaşmış və "qadınların ictimailəşməsi" prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də çoxlu sayda başqa kişilər çalışır ki, onlarla münasibətlərin qurulması zərurəti yeni mədəniyyət və yeni əxlaq normalarının formalaşmasını tələb edir. Şərqdə bu sahədə ənənəvilik olmadığından, çox vaxt Qərb stereotipləri önə keçir.
Ər və arvadın ailə daxilində keçirə billəcəyi romantik anlar azalır. Məişətdə və ailə quruculuğunda ortaya çıxan qayğılar, problemlər - bir tərəfdən, qayınata və qayınana ilə münasibətlərin çətinlikləri, ikinci tərəfdən, əgər kasıbçılıq varsa maddi problemlər, üçüncü tərəfdən və s. və s. - hamısı yüksək estetik hissin və romantik anların əleyhinə işləyir.
Amma iş yerində? İş yerində hamı səliqə-sahmanlı, hamı sanki dərd-sərini evdə qoyub gəlir və burada rahat nəfəs alır, dinclik tapır.
İşdə dincəlmək paradoksu! Əlbəttə, bütün iş yerləri rahat deyil, insan burada da əlavə stress ala bilər. Və bunları da evinə daşıyar ki, bu da yenə məhəbbətin əleyhinədir.
Amma çox vaxt əsəblər ailədəki kimi tarım çəkilmir, qayğılar az olur. Zahirən hamı mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-bol kompliment eşidirlər. Bax, belə bir şəraitdə insanların romantik hiss üçün əhval ruhiyyəsi ailədəkindən daha əlverişli olur. Kimlərsə bu xoş əhval impulsunu işdə biruzə verməyərək evə ərməğan gətirir. Kimlərsə "səadətini" elə işdə tapmağa çalışır.
Müəllif: Xəlilov S.S.
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor
- ŞƏRHLƏR