Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da cəmiyyətsiz çürüyür (C.Cabbarlı)
İnsanların ictimailəşməsi qədim tarixə malik olsa da müxtəlif dövrlərdə bu ictimailəşmənin miqyası müxtəlif olmuşdur. Qadınların ictimailəşməsi neçə min illər ərzində ailə və qohum-qardaş miqyasından o tərəfə keçmədiyinə görə biz bunu tam ictimailəşmə hesab etmirik. Ailə bir tərəfdən cəmiyyətin özəyi olsa da digər tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir sistemdir. Qərbdə qadınlar ailə "baryerini" çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni başlayır və onun yaratdığı sosial-psixik təbəddülatların öyrənilməsinə böyük ehtiyac vardır.
Bu hadisə, heç şübhəsiz, məhəbbətə də təsir göstərir və onun xarakterini xeyli dərəcədə dəyişir.
Neçə əsrlər ərzində Şərqdə qadın üçün ictimailəşmə dərəcəsi "ata evi", "qayınata evi" və bunlar arasındakı yoldan ibarət olmuşdur. Qadının həyatında ən böyük dəyişiklik bir ailədən başqasına köçmək, gəlmək, "gəlin" olmaqdan ibarət idi. Bir ailədə oturub başqa ailə üçün hazırlanmaq - ciddi bir sosioloji və psixoloji problem, qadın üçün isə hətta məhəbbətlə müqayisə oluna biləcək dərəcədə əhəmiyyətli bir hadisə idi. Biz indi buna "ailə qurmaq" deyirik. Lakin uzun muddət, bəzən elə indi də qız üçün söhbət əslində "ailəyə köçməkdən" gedir.
"Məhəbbət" sferası bir adamla münasibəti əhatə edir. "Köçmək" isə tək sevdiyin oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq problemini qarşıya qoyur. Gəlin-qayınana ziddiyyəti də ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş insanın başqa ailənin qaydalarına, ruhuna nə dərəcədə adaptasiya oluna bilməsindən və ya hətta bu başqa ailəyə yeni qaydaları nə dərəcədə məharətlə tətbiq edə bilməsindən asılı olaraq yaranır.
Ailə məhəbbəti insan nəslini artırır, dostluq məhəbbəti onu təkmilləşdirir, qeyri-əxlaqi məhəbbət isə alçaldır (F.Bekon).
Düzdür, Avropada qızlar "köçmür", onlar oğlanla birlikdə yeni ailə qururlar. İndi bizim şəhərlərdə də çox vaxt "köçmək" "qurmaq"la əvəzlənir. Hansı daha yaxşıdır?
Əlbəttə, adamın ağlına gələn birinci rəy üstünlüyü qurmağa verir. Cəmiyyətin yüksək dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs arasındakı məhəbbətin sınağı üçün daha lokal bir mühit yaranır.
Lakin burada da özünəməxsus problemlər ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vurmuş gənclərin qısa müddətdə ailə üçün zəruri olan tam şərait yaratması qeyri-mümkündür. Ona görə də bu şəraitin yaradılması yenə də valideynlərin öhdəsinə düşür. Yenə də mühit genişlənir, zövqlər toqquşur, sevgililər kimlərdənsə asılı vəziyyətdə qalır.
Lakin tutaq ki, bütün çətinliklərə baxmayaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi özləri həll edirlər. Bu zaman onların fəaliyyət istiqamətləri sosial-iqtisadi problemlərə və məişət qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik məhəbbətin yerə enməsi və bəzən arxa plana keçməsi ilə nəticələnir. Bu halda birgə quruculuq işi, ortaq çətinliklər yoxsulluqdan və ya vaxt çatışmazlığından irəli gələn narahatlıqlar məhəbbəti daha ağır bir sınağa çəkir. İstər-istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu evə köçməsi, məişət məsələlərində daha təcrübəli və təmkinli olan yaşlı nəslin himayəsini qəbul etməsi sevgililərin münasibətində romantikanın qorunub saxlanılması üçün daha əlverişli ola bilər.
Göründüyü kimi "köçmək" və "qurmağın" hərəsinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bütün hallarda məhəbbəti sərt reallığın ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha realistik mərhələsi bundan sonra başlanır. Mənafe birliyi, birgə quruculuq işləri, ortaq çətinliklər, birgə mübarizə və bu mübarizədə qazanılan uğurların ortaq sevinci - bütün bunlar göydən yerə enmiş məhəbbətin yeni şəraitdə möhkəmlənməsi üçün əlavə impuls verir.
Lakin ictimailəşmə şəraitində məhəbbət üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çıxır. Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün kişi işləməli və vaxtının çox hissəsini evdən kənarda keçirməli olur. Ərin ailə miqyasından kənardakı həyatı gəlin qarşısında ailə daxilində həyata uyğunlaşmaq və ya əri kimi ailədən çıxaraq ictimai həyata qatılmaq alternativini qoyur. Bu ikinci seçim ancaq son dövrlərdə aktuallaşmış və "qadınların ictimailəşməsi" prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də çoxlu sayda başqa kişilər çalışır ki, onlarla münasibətlərin qurulması zərurəti yeni mədəniyyət və yeni əxlaq normalarının formalaşmasını tələb edir. Şərqdə bu sahədə ənənəvilik olmadığından, çox vaxt Qərb stereotipləri önə keçir.
Ər və arvadın ailə daxilində keçirə billəcəyi romantik anlar azalır. Məişətdə və ailə quruculuğunda ortaya çıxan qayğılar, problemlər - bir tərəfdən, qayınata və qayınana ilə münasibətlərin çətinlikləri, ikinci tərəfdən, əgər kasıbçılıq varsa maddi problemlər, üçüncü tərəfdən və s. və s. - hamısı yüksək estetik hissin və romantik anların əleyhinə işləyir.
Amma iş yerində? İş yerində hamı səliqə-sahmanlı, hamı sanki dərd-sərini evdə qoyub gəlir və burada rahat nəfəs alır, dinclik tapır.
İşdə dincəlmək paradoksu! Əlbəttə, bütün iş yerləri rahat deyil, insan burada da əlavə stress ala bilər. Və bunları da evinə daşıyar ki, bu da yenə məhəbbətin əleyhinədir.
Amma çox vaxt əsəblər ailədəki kimi tarım çəkilmir, qayğılar az olur. Zahirən hamı mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-bol kompliment eşidirlər. Bax, belə bir şəraitdə insanların romantik hiss üçün əhval ruhiyyəsi ailədəkindən daha əlverişli olur. Kimlərsə bu xoş əhval impulsunu işdə biruzə verməyərək evə ərməğan gətirir. Kimlərsə "səadətini" elə işdə tapmağa çalışır.
Müəllif: Xəlilov S.S.
XƏBƏR LENTİ
Bəstəboy kişilər daha yaxşıdır?
Appendisit və onun fəsadları
Sarkisyanın 2014-cü il xülyası
Həm ev tikən, həm ev yıxan internet
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Şaftalının faydaları
Göz ətrafını canlandırmağın 3 yolu
Saturnun peykində yaşamaq üçün hər şey
Yataq dəstləri
Eşqin tərifi - Sevgi
Müsəlman qadınlarından qeyri-adi aksiya
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Bakının mərkəzində qırmızı dairə?
İbrahimoviç Parisdən qovulur
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Ermənilər Azərbaycana gələsi olmadılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kleopatranın gözəllik sirləri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
Bakıya yağış və külək vədi
Güpürlü geyimlər
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Barak Obamadan İlham Əliyevə məktub
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Film seyr edərkən yemək yeməyin!
Əsgərimiz ad günündə şəhid oldu
Çudu (foto-resept)
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Bu dərdi biganə anlamaz!!!
"Şoko" çubuqları (foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Prezidenti “öldürdülər”
Xoşbəxtlik ətrafımızdadır
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Kasilyas etiraf etdi
Bilmədiyiniz məlumatlar
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Günün ulduz falı
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Qadınların güclü olduğunu göstərən filmlər
Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
İnfeksiya otaqdakı insanlara belə yayılır
Şahzadələrin cazibədarlıq sirləri
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
- ŞƏRHLƏR