Haçansa və kimdənsə eşitdiyimə görə, Hesse özü deyirmiş ki, məni oxumağa “Narsis və Qoldmund” əsərindən başlayın. Nəyə görəsə bu cür məsləhətləri çox vaxt fərdi yanaşmanın təzahürü sanıram. Lakin bu roman mənim üçün həmişə arzulanan bir əsər olmuşdur, çünki buna qədər Hessedən “Yalquzaq”, “Demian” və “Muncuq oyunu” əsərlərini oxumuşdum. Ümumiyyətlə, Hesse yaradıcılığı həmişə məni təəccübləndirməyi bacarır. Bu, öz yerində.
“Narsis və Qoldmund” həqiqətən də nəinki püxtələşmiş bir yazarın, eləcə də müdrikləşmiş bir insanın nəqletmə bacarığının göstəricisidir. Əsərin ideyası öncədən aydın və məlum çalarlarla diqqətə çatdırılır, hətta, əhəmiyyətli dərəcədə soyuqqanlılıqla izah edilir. Mənə elə gəldi ki, bu izahetmədə bir az sofizm elementləri də var. Lakin hər şey o qədər səlis və canlıdır ki, heç kəsi açıq-açığına qınaya bilmirsən. Getdikcə “göylərdən enmiş” ideyanın gerçək anlamı göz önündə canlanmağa və sadə hadisələrlə özünü doğrultmağa başlayır. Bu, təxminən belə bir hissdir: sanki ömründə ilk dəfədir tanış olduğun bir ölkə mətbəxinin ən tərifli yeməyini yeyərkən bir də ayılırsan ki, əslində, özünün ən sevdiyin yeməyini yeyirsən. Yəni təqdimetmədə müəyyən pafosa varılanı birdən öz içində kəşf edib qabaqkı təəssüratını lağa qoymaq istəyirsən. Bu, çox ciddi əyləncə təsiri bağışlayır.
Narsis məşhur Mariabronn monastırında ən cavan alim və müəllimdir. Onun bu məxsusiliyini hər kəs eyni anlayışla qarşılamır: kimisi bunu hədsiz təkəbbür və eqoizm, kimisi vaxtından tez qocalmaq, bir başqası isə sovurulmuş gənclik hesab edir. Yaxın əyalətlərdən atasının, rahib olması üçün monastıra gətirdiyi gənc və yaraşıqlı Qoldmund (Dürrağız) da birincilər sırasındadır, lakin bu hisslərə bir az qiptə də daxildir. O, ən gənc müəlliminə qarşı öz daxilində tamamilə izah edə bilmədiyi bəzi hisslər yaşadır. Arabir alınan onların dialoqlarında bu naməlum hisslər çölə püskürmək istəsə də, Qoldmund buna tamamilə hazır olmadığını anlayır. Narsisin yunan dili biliyi, fəlsəfə və məntiq anlayışı həmişə heyran edir. Onun mühazirələri ən qanmaz insanı da elmə səsləyir. Sözsüz ki, bu istedad hər bir inkişaf arzusunda olan gəncin diqqətini cəlb etməlidir. O, kamilliyə bu yolla – elm və anlayış yoluyla getmək üçün yaradıldığını dərk edir. Lakin Qoldmundun ruhani olmaq arzusu bu cavan müəllimin anlayış çərçivəsinə sığmır. Qoldmundun həyati məqsədi və kamilliyə yetişmək metodu heç də elm deyil. Bunu bir dəfə gənc şagird yoldaşlarıyla qaçıb yaxın kənddə gecələdikləri vaxt, naməlum qızdan aldığı öpüşə olan məftunluğu da Qoldmundun ruhuna diqtə edir. Lakin həqiqəti qəbul etmək üçün bu yaraşıqlı gəncin ruhunu daha da möhkəm silkələmək lazımdır. Ona görə də Narsis, atasının Qoldmunda fahişə kimi qələmə verdiyi anasının izini onun ruhunda göstərmək yolunu seçməli olduğunu anlayır.
Qoldmundun bunu nə dərəcədə qəbul etmək iradəsi var? Görəsən bu iradə dərman bitkisi toplayarkən sevişdiyi qaraçı qadını Lizanın qaraşın dərisinə sığarmı? Bütün ömrü boyu azadlıq kimi anladığı sərbəstlikdə onun atdığı bütün addımlarını sorğulayarmı? Səmimi sevgiylə yaddaşına yazdığı cəngavər qızı Lidiyanı, atasının taun qoxuyan meyitini basdıran yəhudi qızı Rebekkanı, qısaömürlü də olsa, ər-arvad kimi birgə yaşadıqları Lenanı, usta Niklausun kübar və təkəbbürlü qızı Lizbeti əvəz edə bilərmi? İndi, Narsisin hüzurunda Qoldmund hələ Analar anası Həvvanın bakirə ana Məryəmə keçən sehrini ifadə edən heykəlin necə göründüyünü də bilmir. Hələ İsanın çarmıxdakı surəti qarşısında heyrətlə baxan həvari İoannın baxışını təsəvvür etməkdə acizdir bu yaraşıqlı və süd qoxuyan gənc Dürrağız. O, hələ həyati məqsədlərinin sadə yaşayış daxilində axtarılması metodunu kəşf etməyib, onunçün hələ həqiqət çox uzaqlardadır. Amma mütləq və mütləq sevərək ağuşuna sığındığı və həmişə onun qayğısına qalan bütün qadınların ən isti öpüşünü belə öz həqiqətinə nəqş edəcəkdir. Hətta qraf Henrixin cəsarətli və son dərəcə ehtiraslı arvadı Aqnesin son qərarını da, heç vaxt düzəltməyəcəyi ana heykəlində göstərəcəkdi.
Bunlar bir gəncin uzun və keşməkeşlı, mənalı və ehtiraslı həyatının yalnız bir hisslə əlaqəli çalarlarıdır. Çünki Qoldmundun kamilləşməsində qadınların rolu danılmazdır. Bu əyləncəli və avantüradan azad yolun lap sonu ona yeni qədəm basan insan üçün heç vaxt həqiqi mənada maraqlı ola bilməz. Bütün sirr və tapmaca elə bu prosesin özündədir. Onun bəzən rasional həlli çox sadə olsa da, emosiyanallığı tamamilə başqa yollara sürüyür. Elə olmasaydı, Qoldmundun əlini buladığı yol yoldaşı Viktorun qanını hələ 16 yaşlı Yuliyanın bərk baldırlarının xəyalıyla yumazdı. Amma bütün bunlara baxmayaraq, Qoldmundun qələbəsi təcavüz üstündə yaxaladığı bir kəndli taunlu kişini boğarkən Lenanın onlara baxan üz ifadəsiydi. Bu ifadə onun bir kənd evində gecələdiyi vaxt, təsadüfən iştirak etdiyi doğuş prosesindəki doğan qadının üz ifadəsinə çox bənzər idi. Həqiqətən də qadının ehtirasın ali məqamındakı baxışıyla iztirabın son həddindəki üz ifadəsi fərqsiz görünürdü. Qadın elə buna görə də onun həqiqət etalonu simasında sona qədər çıxış etməkdə idi. Bu səmimiyyət həyatın əsl kamil anlamıydı…
Deyəsən, “Narsis və Qoldmund”un niyə görə ən birinci oxunmasının açmasını da anlaya bilmişəm. Bu romanda Hessenin ənənəvi ədəbi fəndləri öz sadəliyinə yetişibdir. Süjet və ideoloji xronologiya paralel inkişaf edir, hər şey birdən baş verir və açıqlaması özünü çox gözlətmir. Oxuduğum əsərləri arasında Hessenin bəlkə də yeganə romanıdır ki, hadisəylə zəngindir. Burada “Muncuq oyunu”ndan fərqli olaraq yalnız hadisəyə qiymət verilir, olayın hakimiyyətinə boyun əyilir. Eyni məqsədə fərqli yollarla gedən iki gəncin həyat hekayəsində həyati qanunların əhəmiyyəti bu dəfə hökmran rolundadır. Oxucu kütləsinə tanış olan ən adi anlayışlarla çatdırılan roman, əslində, kütləvi qiraətçiliyə xidmət edir. Yəqin ki, “Məni oxumağa “Narsis və Qoldmund” əsərindən başlayın” deyən müəllif, əslində, bu əsərin kütləviliyinə işarə edirmiş. Əgər oxucu bu sehri kəşf edərdisə, sonradan onu “Demian” və “Muncuq oyunu” fırtınasına da salmaq olardı. Məncə, Hesse bu məsləhətində də bir ədəbi fənddən istifadə etmişdir.
Maraqlısı budur ki, “Narsis və Qoldmund” əsərinin son səhifəsini oxuyan kəs hansı yolun özünə yaxın olması barədə mütləq düşünməyə başlayır…
Səbuhi Şahmursoy
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR