Herman Hesse – Muncuq oyunu
Bu müəllifin öncə oxuduğum və xeyli bəyəndiyim “Yalquzaq” və “Demian” romanlarının təsirini yerində qəbul etmiş, olduqca həzz almış və analiz etməkdə yorulmamışdım. Çünki hadisələrin adi bir cəmiyyətdə baş verməsi oxucuda müəyyən bir hazırlıq əmniyyəti yaradır ki, bu da yalnız hadisənin mahiyyətinə varmağa riskini təyin edir. Ən pis halda, bu hadisəni qəbul edib-etməyəcəyin barədə tərəddüdlərinlə hesablaşmalı olursan. Hessenin dilinin özünəməxsus dərəcədə qəliz və çoxşaxəli olduğundan, təkcə qiraətçiliyinin ömrü və ideologiya axtarmaq cəhdinə güvənib uğur əldə edə bilmirsən, burada sənə bir az da dil bilgisi lazım olur. Eşitdiyimə və oxuduğuma görə, Hessenin yaradıcılığına münasibətdə bir neçə məşhur tənqidçi və yazar bu haqda uzun-uzadı izah verib. Yəni bu məsələ təkcə bizim və ya hansısa dilin problemi yox, Hessenin yaradıcılıq tendensiyasından irəli gəlir. Bu yanaşma, məsələn, “Remarksevərlik” vərdişinə yiyələnən və ədəbiyyatın bu cür rahat, əlçatan və kütləvi formasının mövcudluğunu könül xoşluğu ilə qəbul edən oxucular üçün sıxıcı və yad bir yol, hətta mübahisə mövzusudur. Lakin Hesse dünyasının mahiyyətinə az-çox varan gəlib-keçmiş bütün oxucular, bu yanaşmanın qətiyyən saxta olmadığını, hətta “həyatdan da həqiqi” olduğu fikrini qorumuşlar. Bu baxımdan “Muncuq oyunu” Hessenin ən mübahisəli və ən çox oxunan əsəridir…
Hər şeyin mahiyyətini bir “müqəddəslik” tezisi üzərində qurmaq cəhdi təkcə dindarlığa aid olan məsələ deyil. Həyatı dərinliyinə qədər dərk etmək insanlarda qarşısı alınmaz bir xəstəlik, sonsuz adrenalin və həvəsdir. Bu axtarışın mahiyyətini bütünlüklə mədəniyyət və incəsənət öz missiyası kimi qəbul edir. Bəzən ən rahat və tez reaksiya doğuran da elə incəsənətin özüdür. Məsələn, musiqiylə depressiyaya qapılmaq və ya tamamilə optimist əhvala köklənib rəqs etmək heç də çətin deyil. Ədəbiyyat isə, onun yaradıcısının diqtəsinin nə dərəcə kütləvi və ya məxsusi yanaşmasından ibarət bir metoddur. Yəni ədəbiyyat oxucusunun baxışında bir gözəlliyi tamamilə eybəcərləşdirə və ya rəzil dəyəri nəcibləşdirə bilər. Söhbət elm və fəlsəfə olanda isə, ədəbiyyatın missiyası bir hegemonluq şəkli alır. Ədəbiyyatın ən qorxulacaq tərəfi də, elə bu nöqtədən başlayır.
Məsələn…
Ədəbiyyatın ən vacib aləti olan bu sözlərdə indi bir Universitet təsəvvür edin! Onun yanında çoxlu Universitet və onlardan ibarət bir şəhər… Və bu şəhərlərdən ibarət bir vilayət… Bütün bunların bir Oyun üçün düzənləndiyini də unutmayın! Yəni bu vilayətdə hamı və hər şey təkcə bir Oyun üçün mövcuddur. Burada bütün fərdlər bu Oyunu oynamaq uğrunda həyatlarını tənzimləyirlər, onların ad-sanı və şöhrətini yalnız bu Oyun təyin edir.
Bu, ədəbiyyatın sadə və asan təsəvvür edilən tərəfidir. İndi şərti bir az da qəlizləşdiririk.
Universitetlərdən ibarət bu vilayətdə hər kəs olduqca intellektli və xüsusi hazırlıqlı şəxslərdir. Bütün sistem onların hissini ağıllarıyla birləşdirmək üçün mürəkkəb bir qanunauyğunluq üzərində çalışır. Onlar tarixi tarixçilərdən yaxşi bilir, lakin bu biliyin yalnız lazım olan tərfindən istifadə edirlər. Onlar filosoflara fəlsəfə öyrədərdilər, əgər missiyaları bu olsaydı. Onlar musiqinin mahiyyətini ən məşhur musiqiçidən daha dəqiq anlayırlar, amma bu möhtəşəm bacarığı bir Oyunda iştirak etmək üçün xərcləyirlər. Onlar yaranışın ən ümdə və bəşəri nailiyyətlərinin özəyini kəşf edərək, sadəcə Muncuq Oyunu oynamaq üçün yaşayırlar. Onlar Kastaliyalılardır!…
“Muncuq Oyunu” romanı bu möhtəşəm məkanın tarixində özünəməxsus iz qoymuş ən ziddiyyətli Ludi Magisterlərdən (Oyun Ustadı) biri Jozef Knextin təkrarolunmaz həyatına həsr edilib. O insan ki, bu oyunun yaranış tarixindən onu hər hansı bir inamla tutuşdurmaq cəhdinə görə tənqid olunsa da, Muncuq Oyununu “müqəddəsləşdirən” şəxs olub. Bu oyunun gedişatı və tərkibində önəmli dəyişikliklər müəllifi kimi tarixə düşüb. O insan ki, lap kiçik yaşlarından həyatını bu əvəzolunmaz həvəs uğrunda kökləyib saysız uğurlar qazansa da, nəhayətdə bu sistemin həqiqət yox, bir illuziya üzərində mövcudluğunu isbat etməyə qalxan ilk şəxs olmuşdur. Bu kitab bir ideologiyanı xəyalındakından da yüksəyə qaldırıb, sonra onu ehtiramla yerə qoya biləcək bir ürəyin dolğun çalarlarını anladan bir ədəbiyyatdır.
Jozef Knext, bir dahi “uşaq” və ya hər şeyi izah etməyə hazır bir müəllim obrazından daha artıq Oyun Ustadıdır. Onun, bu sistemin tənqidçisi Plinio Dezinyori ilə uzun illik mübahisəsi bir özünüqoruma instinktindən irəli gəlsə də, eyni zamanda tələbəlik illərinin məhsuldar keçməsinə xidmət edir. Nəhayətdə o, məntiqlə tənqidçiyə qalib gəlməyi başarsa da, həm də ondan ömürlük narahatçılığına səbəb olacaq beyin qurdları mənimsəyir. Sonradan səlahiyyətli səfir kimi göndərildiyi Marifiels monastırında tanış olduğu və onun Kastaliyaya baxışını köklü dəyişdiyi tarixçi İakov atanın şəxsiyyiətindən şölələnən nəciblikdən özünə lazım olanı götürür. Amma onun “öz oyanışının başlanğıcı” adlandırdığı Çindəki Bambuk meşəsində yaşayan Böyük Qardaşla görüşü və orada bir müddət yaşayışı, həm də Knextə Şərq həqiqətlərinin, xüsusilə də “İszin” sisteminin Oyuna gətirilməsilə nəticələnir. Bu Ustadın bütün həyatı yalnız yüksəlişə doğru gedir; bütün cəhdlər Knexti oyatmağa, bütün həqiqətlər onu dahiləşdirməyə nizamlanıb. O, hər kəsin yaşamadığı bir taleni yaşamağa məhkumdur.
Sanki Hesse qəsdən bu dünyanın bütün uyğunsuz və köndələn ibarələrini Knextin həyatının bünövrəsində istifadə edib. O, hər addımından qalib çıxmağı bacarır. Maraqlısı budur ki, bəhs etdiyimiz ədəbiyyat, bu həyatın hətta metaforik təzadlarını belə həqiqət kimi izah etməyə qadirdir. Burada yalana qətiyyən yer yoxdur və ya bu ədəbiyyat yalan adlanan bir məhfum tanımır, sadəcə burada hər şeyin bir neçə variantı var. Bəzən həqiqətin bir önəmi olmur. Əsas hadisənin necə seçilməsilə, ya da onun hansı maraqlara xidmət etməsilə məhdudlaşır. Bəzən iyrənc yerlərə don geyindirilir, bəzənsə hər şey çılpaq şəkildə çatdırılır.
Romandakı ən yadda qalan obrazlardan biri Musiqi Ustadıdır. Əminəm, hər kəsin həyatında bir nurani qoca olub ki, onun xatirəsində hər şeyin düzünü edən və sözlərin ən həqiqisini danışan bir simanı həkk edərək gedib. Musiqi Ustadı da Knextin həmin hamisidir. O, Knextə Muncuq Oyunu dünyasını bəxş edən və hətta öldüyü günə qədər onun qoruyucu mələyi olan bir nəcib insandır. Knextlə onun sonuncu görüşü qədər və bu görüşün Knextin dilindən bir tanışına təsviri qədər estetikanı mən hələ heç bir bədii əsərdə görməmişəm. Bu qədər ətraflı və dərin, incə və həssas, amansız və xudbin bir təsvir sadəcə heyrətamizdir! Bu əsərin hətta Tegulyarusu (Knextin ən yaxın dostu) da öz şıltaqlığı və tərsliyi, təmənnasız sevgisi və işgüzarlığı ilə əvəzedilməzdir. Çünki oxucuda onun heç bir qaranlıq tərəfi yoxdur. Oxucu həm Tegulyarusu izləyir, həm də onun özü olur; həm Knexti anlayır, həm də özünü buna görə qınayır; həm Dezinyorinin dünyasındakı saxtalığı lağa qoyur, həm də ayılıb özünü həmin dünyanın mərkəzində görür. Yəni sırf həyatın diqtəsində olduğu kimi, hər şey öz ziddində tanınır. İndi kim bu ədəbiyyata saxta və ya “həyatdan qopmuş” deyə bilər və nə haqla???
“Muncuq Oyunu” barədə yazılan və deyilən bütün fikirlər onun özü qədər ziddiyyətli və tapmacalı olub. Bu ideologiyanın əsasında rəssamlıqda və heykəltaraşlıqda yeni üfüqlər görünüb, musiqidə “popuri” adlanan bir istiqamət yaranıb, kinoda “burime” deyilən bir janr meydana çıxıb; yalnız ədəbiyyat bu möhtəşəm oyunun adına öz sayğısını qorumağı bacarıb. Bütün oyunların fundamental quruluş planının ən dəqiq və hər zaman ədalətə söykənən növü! Burada təsadüflərə yer yoxdur, burada yalnız ən ağıllı və özünü ən yaxşı tanımağı bacaranlar qalib gəlir. Mahiyyət, yaradılışa mümkün qədər ən yaxın məsafəyə getməkdən ibarət olsa da, bunun şəkillərinin dəyişik olması qaçılmazdır. Muncuq Oyunu bütün insanlığın ən kamil və ən ecazkar oyunudur. Buradakı qaydalar yalnız cığallığı və avantüranı sığortalamaq üçündür, baxmayaraq ki, bu rəzil anlayışlar belə bütün oyunçulara dərhal məlum olur…
Bunlar məsələnin ideoloji tərfləri idi; bir ədəbiyyatın deyə biləcəyinin bəlkə də ortabab bir cəhdi. Əslində, həyata bundan da dərin baxmaq mümkündür. Lakin bu baxışın sözləri və ya ümumilikdə dili mövcud deyil. Hesse insanların yalnız anlaya biləcəyi rasional bir üsulla onları özüylə üz-üzə qoyur. Amma bütün bunlara baxmayaraq, mən həmişə dostlarıma bu əsəri ən azı 30-dan yuxarı yaşda oxumağı məsləhət görürəm. Cəmiyyətdə vunderkindlərin və ya zəmanəsini qabaqlayan məntiq dağarcıqlarının mövcudluğundan mən də xəbərdaram. Lakin kim dedi ki, məsələ təkcə məntiqlə yekunlaşır?! Hessenin hətta “Demian”dan daha çox özünü şərqli kimi apardığı “Muncuq Oyunu”nda bir çox hissi məsələlər var ki, onlar əsasən yaş dövrünə görə qavranılır. Yəni həmin cümlələrin rasional izahından əlavə, yalnız ruhun anlaya biləcəyi bir sehri də var. Necə ki, Hüqonun “Səfillər”ini hər 10 ildən bir tamam ayrı kitab kimi oxuyursan, eləcə də bu illər sənin hətta musiqi zövqünü də dəyişir. Bu, mənim kəşfim deyil. Məncə, psixologiya elmi də bu məsələ üzərindən xeyli arqument toplayıb ki, insanların yaş dövrünə görə qavrama yanaşmaları fərqlidir.
Mən ən çox sevdiyim məşğuliyyətimdən biri olan kitab təbliğatçılığında ilk dəfə bir istisnaya yol verəcəyəm. Mənə elə gəlir ki, Herman Hessenin “Muncuq oyunu” romanı hər kəsin oxumalı olduğu kitab deyil. Mən bu kitabın izinə təsadüfən düşdüm, lakin bu əsər həyatın həmin üzünü görmək istəyən insanların arzusudur. Bu kitab, istənilən şəkli və formanı qəti inkar edir, əvəzində onların mahiyyətini tanımağı təklif edir. “Muncuq oyunu” hamımızın bəlkə də hər gün öz məişətində istifadə etdiyi variantlar toplusundan heç də artığını demir, lakin elə bizi ən sadə və əhəmiyyətsiz görünən şeylərin mahiyyətinə varmağa dəvət edir. Məgər biz nəfəs alarkən eyni anda 7 orqanımızın işlədiyinin fərqindəyik? Amma gedib kosmosda möcüzə axtarırıq. Həyatsa bizimlə muncuq oyunu oynayır. Ola bilməz ki, bu boyda bəşərdən bunu görən və dərk edən yalnız Hesse olsun. Məsələn, sən də elə indi necə nəfəs aldığını anladınsa, elə bil ki, “Muncuq oyunu”nu oxumusan…
(Səbuhi Şahmursoy)
XƏBƏR LENTİ
Aktrisa 22 aya 90 kiloqram arıqladı - FOTO
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Dünya liderlərinin ən sevimli içki və təamları
Labirint-9
Makaronu necə bişirək?
Limonlu yaşıl çay detoksu
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Amerika salatı (foto resept)
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Leonid Kalaşnikov: “Vladimir Putin və İlham Əliyev hər şeyi anlayırdılar, təkcə Paşinyan başa düşmürdü”
Yer kürəsi bu tarixdə məhv olacaq - DƏQİQ VAXT
Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 4212 yeni yoluxma
Oktyabr ayında HAVA necə olacaq?
Cəbhədə silah səsləri
Azərbaycanda hamiləlik və doğuma görə ayrılan vəsaitlər artırılır
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Kəsmikli, qaymaqlı tort (foto resept)
Ronaldo Yeni İmicdə-FOTO
Qeyri-adi görünüşə malik tortlar
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
DÇ-2018-nin loqotipi təqdim olundu
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
İntiharların 15 ümumi səbəbi (1)
Love you forever
Heyvanlar daha böyük olsaydı...
Hava haqqında
Qatığın faydaları
Gəncədə III Beynəlxalq Şərab Festivalı başlayıb
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Qadin.Netlilərlə səyahət(Son)
Hər 40 saniyədə bir nəfər intihar edir
Məşhur aktyor sərxoş halda qəza TÖRƏTDİ
Sensasiya: Marsda həyat tapıldı
İstirahət gününün HAVAsı
Holland pendirli spagetti (foto resept)
Məzəli şəkillər
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Qadınlar üçün xüsusi icadlar
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Sobada souslu toyuq qanadı (foto resept)
Sosial şəbəkələr iş tapmaqda yardımçı olurmu?
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
Kilimancaro dağının ətəklərində təbii həyat
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Molla Nəsrəddin demişkən
Ziyafət geyimləri
Can Yaman "Diriliş Osman"a qatılır?
Azərbaycanda WhatsApp-dan niyə zəng etmək mümkün deyil?