Psixologiya insan davranışını və mental prosesləri (zehni prosesləri) öyrənən elmdir. Psixologiya elmi bir neçə qollara ayrılır. Bunlara misal olaraq bioloji psixologiya, koqnitiv psixologiya, davranış psixologiyası, inkişaf psixologiyası, sosial psixologiya, kliniki psixologiya, təhsil psixologiyası və s. sahələrin adlarını çəkmək olar. Psixologiya elmi ilkin mərhələdə fəlsəfə və biologiya elmlərindən inkişaf etmişdir. Psixologiya barəsində müzakirələr yunan filosofları Aristotel və Sokratın düşüncələrində belə nəzərə çarpır. Psixologiya sözü yunancadan – “psixe” sözündən götürülmüş, “ruh” və ya “zehin” deməkdir. Aristotel, dünyada ilk psixoloji kitab sayılan “Para Psixe” (“zehn və ya ruh haqqında”) kitabının müəllifi olmuşdur. Bu kitabda müasir psixologiyanın əsasında duran başlıca fikirlərə rast gəlmək olar.
Psixologiya elmi ilk dəfə Wilhelm Wundt və William Jamesin ayrı-ayrı məkanlarda, amma eyni zamanda, 1875-ci ildə ilk psixoloji laboratoriyalar yaratdıqları vaxtdan etibarən bir eksperimental elm olaraq qəbul edilməyə başlamışdır. Wilhelm Wundt hiss etmə və qavrama duyğularını nümayiş etdirmək üçün Almaniyanın Leypsiq Universitetində (University of Leipzig), William James isə eyni ildə bənzər eksperimental psixoloji laboratoriyanı Harvard Universitetində yaratmışdır. Bundan sonra bir sıra psixoloqlar elmi tədqiqat mövzusu olaraq insanın şüurunu və mental proseslərini öyrənməyə başlamışlar.
Lakin Ziqmund Freydə (Sigmund Freud) qədər heç bir psixoloq insanın şüurundan xaricə çıxmağa cəhd göstərməmişdi. Freyd insanın şüuraltını öyrənməklə “Psixoanaliz” adlanan anlayışı yaradır. “Psixoanaliz” sözü çox vaxt “psixologiya, psixoterapiya, psixiatriya” anlayışları ilə qarşılaşdırılır və hətta səhv salınır. Halbuki, bunlar bir-birindən tamamilə fərqli anlyışlardır. Psixoanaliz psixoterapiyaya yanaşma növüdür. Psixoanalizdən əlavə psixoterapiyaya başqa yanaşmalar da mövcuddur və bunlara, koqnitiv yanaşma, sosial yanaşma, davranış yanaşması, humanist yanaşma, koqnitiv-davranış yanaşması və başqaları aiddir. Müasir psixologiyada terapevtlərin istifadə etdikləri iki ən böyük terapiya növü koqnitiv-davranış terapiyası (Cognitive-behavioral therapy) və psixoanalizdir. Freydin psixologiya elminə göstərdiyi təsiri ilk növbədə burada görmək olar. Onun yaratdığı cərəyan bir əsrdən çoxdur ki, psixologiyada, o cümlədən müasir psixologiyada geniş istifadə olunur və demək olar ki, hələ də psixologiyanın ilk sıralarında yer almaqdadır.
Ziqmund Freyd 1856-ci il mayın 6-da indiki Çex Respublikasının ərazisində yerləşən o vaxtlar isə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Freiburgda anadan olmuşdur. Orta yaşlı yəhudi yun tacirinin özündən iyirmi yaş kiçik qadınla olan ikinci evliliyindən dünyaya gələn Ziqmund 4-5 yaşında ailəsi ilə bərabər Vyanaya köçmüşdür. Demək olar ki, həyatının çox böyük hissəsini bu şəhərdə keçirmişdir. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənirdi. Bu səbəbdən valideynləri onu başqa uşaqlardan ayıraraq oxumaq üçün ona daha yaxşı şərait yaradırdılar. Hətta digər uşaqlar şam işığında dərs oxuduqları zaman Ziqmunda neft lampası işığında oxumaq şəraiti də yaradılırdı. 1938-ci ildə Ziqmund yəhudi olduğu üçün Vyananı tərk etmək məcburiyyətində qalmış və Londona yerləşmişdir. Burada da bir il yaşadıqdan sonra 1939-cu ilin sentyabrında uzun illər mübarizə apardığı xərçəng xəstəliyindən vəfat etmişdir.
O vaxtlar tibb və hüquq peşələri yahudilər üçün əsas peşə növü sayılırdı; 1873-cü ildə –on yeddi yaşında Freyd Vyana Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Lakin 1881-ci ilə qədər o, buradan məzun olmamışdır. Buna səbəb onun 1876-cı ildən 1882-ci ilə qədər Ernest Brukenin (Ernest Brucke) Fiziologiya İnstitutunda elmi tədqiqatla məşğul olmasıdır. Ümumiyyətlə, Ernest Brukenin baxışları, nöqteyi-nəzəri Freydin düşüncə tərzinə çox təsir etmişdi. Bruke və onun ətrafında cəm olan tədqiqatçılar özlərini əsasən o zamanlar qəbul edilməyən bir ideyaya həsr etmişdilər. Onlar dünyada baş verən bütün vacib proseslərin fizika və kimya elmləri vasitəsilə izah edilə biləcəyini düşünür, nəticədə biologiya elmini bütün dini fikirlərdən və ya təsirlərdən uzaqlaşdırırdılar. Freyd həyatının axırına qədər bu fikrə sadiq qalmışdır, yəni bütün vacib proseslərin, eləcə də, düşüncə, hisslər, fantaziyalar və başqa psixoloji hadisələrin də səbəb və nəticə (cause and effect) prinsipi ilə müəyyən olunduğunu düşünmüşdür.
Qeyd etdiyimiz kimi, Freyd daxil olduğu Vyana Universitetinin tibb fakültəsini ancaq səkkiz ildən sonra bitirmişdir. Bunun əsas səbəbi Freydin praktiki tibbdən daha çox elmi tədqiqatla maraqlanması idi və o, həyatının sonuna qədər tədqiqatla məşğul olmağın daha maraqlı olduğunu düşünürdü. Ancaq 1882-ci ildə öz gələcək həyat yoldaşı Martha Bernays ilə tanış olub, onu sevəndən sonra, ilk vaxtlar Ernest Brukenin laboratoriyasında qalıb tədqiqatla məşğul olsa, ailəsini dolandıra bilməyəcəyini anladı və çox həvəssiz olsa da, tədqiqatı buraxıb növbəti üç ildə Vyana Hospitalında tibbi praktika ilə məşğul olmuşdur. 1886-cı ildə Martha ilə evləndi və yarım əsrdən çox onunla birlikdə həyat sürdü. Onların üç qızı və üç oğlu dunyaya gəldi. Kiçik qızı Anna isə atasının yolunu davam etdirdi və uşaq psixoanalizi adlanan sahənin məşhur alimlərindən biri oldu.
1885-ci ildə Freyd qazandığı dövlət qrantı vasitəsilə altı aylığına Parisə getmiş və dönəmin məşhur neyroloqlarından olan Jean Martin Charcotnun Salpetriere Neyrologiya Klinikasında təhsil almağa haqq qazanmışdır. Charcot isteriya, afazia və hipnoz mövzularında ilkin çalışmaları ilə bütün Avropada məşhur olmuşdur. XIX əsrdə isteriya xəstəliyi beyin, sinir sistemi zədələnməsi və ya başqa bioloji səbəblərlə izah edilmir, iflic, nitq anormallığı, yaddaş pozulması, ürək bulanması, qusma, xəyalgörmə, huşunu itirmə kimi simptomların mövcud olduğu xəstəlik kimi tanınırdı. Belə bir ciddi xəstəliyə tutulan xəstələri yaxşılaşdırıb, sağalda bilən və bu sahədə maraqlı elmi tədqiqatları olan alim kimi Charcot nevrologiyada demək olar ki, inqilab yaratmışdır. Müasir psixiatriyada isteriya xəstəliyi artıq mövcud deyil, indi artıq bu simptomları daşıyan xəstələrə daha çox həyəcan anormallığı, depressiya, somatizasiya kimi diaqnozlar qoyulur.
Təbii ki, Charcotun yanında çalışdığı bu dövrlər Freydin psixologiyaya marağını daha da artırmış və onun gələcəkdə psixoanalizlə məşğul olmağına təsir etmişdir. Vyanaya döndükdən sonra Freyd Parisdə üzərində çalışmış olduğu isteriya və hipnoz mövzularında seminarlarda çıxışlar etmiş və bu seminarların Vyana psixiatriya çevrəsində çox da anlayışla qarşılanmadığını görmüşdür. O dövrün Vyana psixiatriya və nevrologiya çevrəsi Charcotun xəstələrlə apardığı praktiki tədqiqatlarının nəticələrinin həddindən artıq qabardılmış və şişirdilmiş olduğunu düşünür və bunları ciddi qəbul etmirdilər. Hətta onu şarlatan adlandırırdılar. Təbii ki, Freyd bu reaksiyaları gördükdən sonra çox məyus olmuş və 1886-cı ildə şəxsi tibbi mərkəzini açıb bir müddət burada yəhudi həkim dostu Joseph Broyerin göndərdiyi isteriya xəstələri ilə məşğul olmağa başlamışdır. Ümumiyyətlə, Broyer Freydin həyatında atalıq rolunu üzərinə götürmüş, ona həmişə maddi və mənəvi yardım göstərmişdir. 1895-ci ildə Ziqmund Freyd və Joseph Broyer birlikdə “İsteriya üzərində çalışmalar” adlı kitab da nəşr etdirmişdilər. Deyirlər ki, Broyer ilə Freydin münasibətləri təxminən bu kitabın nəşr olduğu zamanda soyumağa başladı. Bu iki dostun və məsləkdaşın hansı səbəblərdən düşmən olduqları indiyə qədər aşkar olunmamışdır. Freydin bioqrafiyasını yazan Ernest Jonesun yazdıqlarına əsasən, Broyer Freydin bəzi fikirləri ilə xüsusən də, isteriya xəstəliyinin kökündə seksual səbəblərin böyük rol oynaması ilə qətiyyən razılaşmırdı. Ancaq bu dəqiq səbəb kimi qəbul olunmamışdır. Səbəbin nə olduğunu dəqiq bilməsək də, bu iki insanın həyatlarının axırına qədər bir daha dost kimi görüşmədikləri məlumdur.
Freydin ilk nəşr olunmuş işi olan “Afaziya haqqında” isə 1891-ci ildə işıq üzü görmüşdü. Bu yazıda nevroloji xəstəlik olan afaziya haqqında danışılır və ümumiyyətlə, normal və xəstə insanların nitq funksiyasının nevropsixoloji modeli təqdim olunur. Afaziya xəstəliyinə tutulan zaman insan bəzi sözlərin tələffüzündə və ümumi əşyaların adının çəkilməsində çətinlik çəkir.
1896-cı ilə qədər Freyd nevrotik xəstələrin müalicəsində Parisdə Charcotdan öyrəndiyi hipnozdan istifadə etməyə davam etdi. Ancaq bir müddət sonra başqalarından fərqli olaraq o, hipnozu insana müsbət sağlamlıq məsləhətləri aşılamaq üçün yox, Broyerlə birlikdə kəşf etdikləri “katarsiz” metodu üçün istifadə etməyə başladı. Katarsiz effekti ilk dəfə Broyerlə Freydin müalicə etdikləri Annanın hipnozu zaman kəşf olunmuşdur. Anna iyirmi bir yaşında idi və uzun zaman vaxtının böyük hissəsini xəstə atasına baxmaqla keçirmişdi. Atasının ölümündən sonra Anna yeməkdən tamamilə imtina etmiş, əlləri və ayaqları bir qədər iflic olmuş və onda qeyri-iradi spazmalar, hallüsinasiyalar əmələ gəlməyə başlamışdı. Əgər Anna hansısa bir isterik simptomunun ilk dəfə meydana gəldiyi anı xatırlaya və hipnoz vasitəsilə eyni emosiyaları yenidən yaşaya bilirdisə, bunun nəticəsində həmin simptomlar tamamilə yox olurdu. Bu təcrübədən sonra Annanın üzərində tətbiq olunan və effektiv nəticələr göstərən metoda katarsiz (yunancadan tərcümədə – “təmizləmə”) adı verildi. Bundan sonra hipnozdan xəstəyə hansısa simptomların unudulmuş hissələrini və ya mənbələrini xatırlatmaq üçün istifadə etməyə başlamışlar.
Freyd müasir dövrdə insan şöhrətpərəstliyinə, məğrurluğuna, insanın məskən saldığı Yer kürəsinin kainatda, insanın özünün isə bütün canlılar arasında mənşəcə çox fərqli, əlahiddə olduğu barədə dünyada hakim olan fikirlərə güclü zərbə endirən nəzəriyyələrin baniləri kimi qəbul olunan Kopernik və Darvin kimi alimlərin sırasında yer alır. Nikolay Kopernik o zamanlar hökm sürən düşüncənin, yəni yer kürəsinin və nəticə etibarı ilə insanların astroloji kainatın mərkəzində olmadığını sübut etmişdir. Çarlz Darvin isə özünün təkamül nəzəriyyəsi ilə insanların da müəyyən bir heyvan cinsinə aid olduqlarına dair fikir irəli sürmüş və nəticədə insanların bioloji kainatın mərkəzində olmadıqlarını nümayiş etdirmişdir. Freyd öz növbəsində dəliliklə sağlam fikirliliyin, sağlam düşüncənin arasındakı sərhədi yıxıb bunların dəyişkən olduğunu və hər an bir-birinin yerini ala biləcəyini bizə isbat edib. İnsanlar həmişə düşünürdülər ki, onların şüuru hər şeyi müəyyən edir, şüurundan agah olan insan öz psixoloji vəziyyətinin nəzarətini ələ keçirə bilər. Lakin Freyd bu fikirlərə qarşı çıxıb insanın şüuraltının nə qədər vacib olduğunu və insan psixologiyası ilə nə cür oyunlar oynaya bildiyini göstərib. Bununla da insan şüurunun psixoloji kainatın mərkəzində olmadığını sübut etmişdir.
Freydin nəzəriyyələri öz başlanğıcını XIX əsrin biologiya və fizika nəzəriyyələrindən, xüsusilə də, alman fiziki Hermann von Helmholtzun “Enerjinin saxlanması və çevrilməsi” qanunundan götürüb. Bu nəzəriyyə göstərir ki, enerji məhv edilə bilməz, o ancaq bir haldan başqa hala keçirilə bilər. Freyd bundan təsirlənərək dinamik psixologiyanı yaratmışdır. Burada deyilir ki, psixoloji meyllərin, arzuların qabağı alınanda, onlar qadağan ediləndə və ya şüurdan zorla çıxarılanda onların enerjisi hansısa başqa bir yerdə mütləq üzə çıxır.
Freydin ən vacib nəzəriyyələrinin əsasında duran ən yaddaqalan və həlledici ən vacib anlayışlardan biri “şüuraltı” anlayışıdır. Şüuraltı anlayışı Freydin çalışmalarının əvvəlindən nəzərə çarpırdı, ancaq onun bu mövzu ilə əlaqədar ətraflı incələmələrini 1915-ci ildə nəşr olunan “Şüuraltının varlığı və bunun sübutları” adlı məqaləsində daha ətraflı və daha dərindən görə bilərik. Təbii ki, Freyd şüuraltı anlayışının tam olaraq yaradıcısı sayıla bilməz, lakin şübhəsiz ki, o, bu ideyanın dərindən öyrənilməsində və tanınmasında fundamental rol oynamışdır. Freyd basdırılmış, fəal yaddaşdan çıxmış fikirlərin şüuraltına itələndiyini və şüurdan beləcə uzaqlaşdırıldığını iddia edirdi. Bəs şüuraltının varlığından necə əmin ola bilərik? Freydin fikrincə, ən yaxşı sübut hamımızın günlük həyatımızda yaşadığımız, ağlımıza anidən gələn və başlanğıcını haradan götürdüyünü bilmədiyimiz düşüncələrin mövcudluğudur. Şüurumuz, adətən, müəyyən hüdudlar daxilində sərhədli bir qavramaya və düşüncəyə sahibdir. Buna görə, əsas duyğu, istək, arzu, həsəd, hirs və qəzəblərimiz şüurumuzun xaricində, yəni şüuraltında yığılır. Hipnoz deyə adlandırdığımız bir çox psixoloji xəstəliklərin mualicəsində istifadə etdiyimiz terapiya metodu da şüuraltının üzə çıxarılması ilə əlaqədardır. Yuxular və dil çaşmaları, sürüşmələri (yəni insanın çaşıb bir söz yerinə tamamən başqa söz deməsi) də şüurun agah olmadığı duyğuları və hadisələri gün işığına çıxarır və bunlar da şüuraltının varlığının sübutudur. 1901-ci ildə nəşr etdirdiyi “Gündəlik yaşamın psixopatologiyası” əsərində o dil sürüşmələrinin və ya “Freyd sürüşməsi”-nin (ingilis dilində –Freudian slip) heç də təsadüfi olmayıb şüuraltını ifadə etdirdiyini bildirib.
Yuxarıda qeyd etdiyim kimi, Freyd 1896-cı ilə qədər öz müalicələrində hipnozdan istifadə etmişdir. Lakin bu dövrdən sonra o, azad çağırış (free association) deyilən metoda üstünlük verməyə başlamışdır. Bü üsul xəstənin divanın üzərində uzanıb hansıza bir mövzu ətrafında (onu narahat edən fikirlər, hadisələr, yuxu parçası və s.) nə qədər utancverici, ağılsız, lazımsız və ya qəbul edilməyən olmasına baxmayaraq, ağlına gələn bütün sözləri, düşüncələri, fantaziyaları ucadan deməsindən ibarətdir. Bu yolla xəstənin travmatik yaşantıları, basdırılan xatirələri, həyəcan yaşadan fikirləri, şüuraltı toqquşmaları və s. üzə çıxa bilir. Həmçinin, bu üsul xəstənin hisslərinin, heç kimə söyləyə bilmədiyi fikirlərinin boşalmasına (“ürəyini boşaltması”-na), onlardan azad olmağa gətirib çıxarır.
Əgər xəstə divanda uzanıb “azad çağırış” üsulundan istifadə edirsə, o vaxtaşırı psixoanalitikinə öz yuxuları barədə də danışır. Yuxular barədə Freyddən əvvəl də, hələ qədim zamanlardan bəri Şərqdə və Qərbdə geniş materialın, nəzəriyyələrin olmasına baxmayaraq o, bu nəzəriyyələrin hamısını öyrənib onları bir yerə toplamaqla, özünəməxsus yuxu və yuxuyozma nəzəriyyələrini yaratmaqla məhşur olmuşdur. Freydin “Yuxuların şərh edilməsi” kitabı ilk dəfə 1899-cu ilin noyabr ayında nəşr edilmişdir. Freydin fikrincə yuxular kiçik istisnaları nəzərə almasaq, basdırılmış arzuların ört-basdır edilmiş, hallusinasiya formasına keçirilmiş ifadəsidir. O yuxuların sadəcə indiki arzuların yox, hətta erkən uşaqlıq dövründən qalan və həyata keçirilməyən arzuların da ifadəsi ola bildiyini qeyd etmişdir. 600 nüsxədə çap olunan “Yuxuların şərh edilməsi” kitabının satılıb qurtarması üçün o vaxtlar 8 il tələb olundu. Bizim vaxtımızda isə Qərbdə hər ay ərzində eyni sayda nüsxənin satılması baş verir.
1908-ci ildə Saltsburqda keçirilən Beynəlxalq Psixoanalitik Konqresə qədər Freydin fəaliyyətinə lazımi qədər əhəmiyyət verilmirdi. Freydin dünyada tanınması 1909-cu ildə ABŞ-da verdiyi bir sıra mühazirələr və onların 1916-cı ildə “Psixoanaliz mövzusunda beş mühazirə” kitabında nəşr olunması ilə daha da artdı. Bu andan etibarən Freydin şöhrəti gündən-günə böyüməyə başladı və o, həyatının son günlərinə qədər daim yazmağa davam etdi.
Freydi məşhurlaşdıran işlərindən biri onun insan əqlinin topoqrafik modelini təqdim etməsidir. O, insanın zehninin topoqrafik modelinin üç qatdan ibarət olduğunu söyləmişdir. O, insan zehnini aysberqə oxşatmış, aysberqin suyun uzərində görünən ən kiçik hissəsini insanın şüuruna bənzətmişdir. Suyun altında görə bildiyimiz o digər kiçik hissəni insanın şüur öncəsindən gələn bir hissəyə bərabər tutmuşdur. Ən əsası təbii ki, aysberqin görə bilmədiyimiz, suyun altında yerləşən ən böyük hissəsini isə insanın şüuraltına bənzətmişdir. Şüur öncəsi repressiyaya, basdırılmağa uğramamış, hər an şüura geri gətirilmə şansı olan, zehni materialın yerləşdiyi bölgədir. Bundan fərqli olaraq şüuraltını sadəcə istəyərək üzə çıxartmaq o qədər də asan deyil. Freydin təqdim etdiyi psixoanaliz və ya psixoanalitik terapiya, əsasən, insanın şüuraltını araşdırır və şüuraltında olan basdırılmış istəkləri, qorxuları və başqa hissləri üzə çıxartmaqla insanın anlamadığı bir çox şeyi aydınlaşdırır.
Ziqmund Freyd sonralar zehnin topoqrafik modelinin insan şəxsiyyətini başa salmaq üçün çox bəsit olduğunu anlamış və onu biraz da təkmilləşdirərək insan şəxsiyyətinin quruluş modelini yaratmışdır. Psixoanalitik nəzəriyyəyə əsasən, şəxsiyyət üç hissədən ibarətdir. Bunlara id, eqo və supereqo aiddir.
Bu üç mexanizm bir yerdə, qarşılıqlı iş görür və mürəkkəb insan davranışını ortaya çıxarır. Freydin nəzəriyyəsinə əsasən biz anadan olanda şəxsiyyətimizin ancaq id hissəsi mövcud olur. İd mexanizmi “zövq prinsipinə” (burada başlıca olaraq heyvan instinktləri ilə oxşar olan cinsi həvəs təzahürləri nəzərdə tutulur) əsasən iş görür. Zövq prinsipi bütün istək, arzu və tələbatın bilavasitə yerinə yetirilməsinə çalışır. Uşaq ac olduğu zaman və ya altının dəyişdirilməsi vaxtı gəldiyi zaman id özünü biruzə verir və uşaq onun tələbatları qarşılanmayana qədər ağlamağa davam edir. İd reallıqla və ya başqalarının tələbatları ilə maraqlanmır, ancaq öz mənafeyini güdür, özünün ehtiyaclarını təmin etməklə məşğul olur.
Növbəti üç ildə uşaq ətraf mühitlə əlaqəyə girəndən sonra şəxsiyyətin ikinci hissəsi olan eqo formalaşmağa başlayır. Eqo id-dən fərqli olaraq zövq prinsipinə deyil, daha çox “reallıq prinsipinə” (cəmiyyətin tələblərinə əsasən İd-dən yaranan həvəsləri boğmaq zərurətinə) tabedir. Eqo anlayır ki, insanın və cəmiyyətin başqa tələbatları, arzuları və yerinə yetirməli olduğu şərtləri var və buna görə də ancaq ilkin istəklərinə əsasən davranmaq insana zərər yetirə bilər. Yəni eqo həm şüur, həm şüur öncəsi, həm də şüuraltı zehndə eyni dərəcədə fəaliyyət göstərir. Reallıq prinsipi bəlli bir hərəkətin ziyanını və xeyirini ölçüb-biçir və ancaq bundan sonra o hərəkəti etmək və ya etməmək barəsində qərara gəlir. İd-nin impulsları, meylləri eqo tərəfindən artıq avtomatlaşmış şəkildə deyil, tədricən və bunun üçün uyğun yer və zaman tapılandan sonra yerinə yetirilir.
Beş yaşda isə insanın şəxsiyyətinin üçüncü hissəsi olan supereqo da formalaşır. Supereqo ailəmizdən və cəmiyyətdən öyrəndiyimiz bütün mənəvi dəyərlərimizin, standartlarımızın və ideallarımızın cəmləşdiyi hissədir. Freyd bizə yanlışla doğrunun arasındakı fərqi göstərdiyi üçün supereqonu insanın vicdanına bənzədir. Freydə əsasən, psixoloji cəhətdən sağlam insanda eqo digər şəxsiyyət formalarından daha güclü olmalıdır. Çünki eqo güclü olarsa, o həm id-nin tələbatlarını gec də olsa, təmin edər, həm də reallığı nəzərə alaraq supereqonu da məyus etməz.
Ziqmund Freyd bütün insan davranışının fiziki ehtiyacların nevroloji göstəricisi saydığı instinktlərdən və enerjidən əsaslandığını düşünürdü. Bu enerjinin əsasında insan əqlinin hərəkətverici qüvvəsi sayılan libido durur. Freydin ilk yazılarında libido deyilən enerjinin seksual ağırlıq daşımasına baxmayaraq, sonralar etdiyi dəyişikliklərə əsasən, libido özündə həm yaşam, həm də ölüm instinktlərini daşıyan bir enerjidir. Bu enerji qaynağını id-dən alıb, bütün düşüncə proseslərini, qavramanı, təsəvvürü, yaddaşı və seksual meylləri əhatə edir. Sonralar Yunq libido sözünün mənasını daha da genişləndirib ona hər cür bioloji, ictimai, mədəni, yaradıcı, cinsi faktorlara təkan verən enerji mənasını vermişdir.
Şəxsiyyətin formalaşmasından əlavə Freyd insanın həyatın birinci beş ilində başqa mərhələlərdən keçdiyinə də inanırdı. Freyd bu mərhələlərə geniş seksual və ya cinsi önəm verib onları insanın psixoseksual inkişaf mərhələləri adlandırmışdır. Hər mərhələdə insanın məmnunluq, ləzzət axtaran impulsları bədənin hansısa erogen zonasını seçir, təsbit edir və bu bədən hissəsi ilə əlaqədar fəaliyyətə qoşulur. Onun fikrincə, bu yaşlarda yaşanan həyat təcrübələri insanın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və bütün həyat boyu insanın davranışına təsir göstərir. Freydin bu nəzəriyyəsini onun ən çox tanınan və ən çox ziddiyət yaradan nəzəriyyəsi adlandırmaq olar.
Bu nəzəriyyəyə əsasən, uşağın hər inkişaf mərhələsində öz tələbatları və ehtiyacları vardır. Bu ehtiyaclar qarşılanmayanda uşaq bir mərhələdə ilişib qalır (fiksasiya baş verir) və sonrakı mərhələlərdə inkişaf etmək onun üçün daha da çətinləşir. Bir mərhələdə qarşılanmayan ehtiyaclar həmin mərhələdə yaranan fiksasiya ilə nəticələnir və Freydin fikrincə, bu fiksasiya sonralar insan böyüdükcə və inkişaf etdikcə onun şəxsiyyətinin formalaşmasında mütləq üzə çıxır. Psixoseksual inkişaf mərhələlərində birinci mərhələ oral dönəm adlanır və təbii ki, bu dönəm ağızla əlaqədar olur. Bu dönəmdə uşaqlar yemək yeməyi, süd əmməyi və əllərini atdıqları hər şeyi ağızlarına qoymağı öyrənirlər. Bu dönəmdə yaranan fiksasiyalar gələcəkdə içki içmə, siqaret çəkmə, yemək yemə anormallıqları və ya dırnağını yemə kimi problemlər yarada bilər. Bu dönəmdə uşaq anasından asılı olduğu üçün güvən və asılılıq kimi hissləri öyrənir.
İkinci mərhələ iki-üç yaş arası baş verir və anal dönəm adlanır. Bu dönəmdə uşaqlar tualet təlimini öyrənirlər və bunun nəticəsində onlar nəzarət, müstəqillik və nailiyyət kimi hisslərlə tanış olurlar. Üçüncü mərhələ üç-altı yaş aralarında olur, fallik dönəm adlanır və burada əsas zona insanın cinsiyyət orqanları olur. Bu dönəmdə uşaqlar kişi ilə qadının fərqini yavaş-yavaş anlamağa başlayırlar. Freydin fikrincə, bu dönəmdə oğlan uşaqları atalarını analarının sevgisinə qısqanmağa başlayır və bu nəzəriyyə yunan əfsanəsindən bəhrələnərək, “Edip kompleksi” adını alır. Sofoklun bu əfsanəsində valideynləri tərəfindən atılan və onları tanımayan Edip adlı bir gənc krallığı ələ keçirmək üçün xəbəri olmadan atasını öldürüb öz anası ilə evlənir. Edip kompleksi Freydin nəzəriyyəsinə əsasən, uşaqların eyni cinsdən olan valideyninə qarşı şüuraltı rəqiblik hissi və əks cinsdən olan valideyninə qarşı şüuraltı romantik duyğular hiss etməsidir. Ancaq eyni zamanda, uşaq atasından cəzalandırılacağı üçün qorxur. Freydin sözləri ilə desək, “kastrasiya həyəcanı” yaşayır və buna görə də, bu impulsları şüuraltına basdırır. O həm də iddia edirdi ki, bu dönəmdə qız uşaqları kişilərin cinsiyyət orqanlarına həsəd aparırlar. Bu ideya o dövrdə qadınları Freydə qarşı çox qəzəbləndirmişdi. Hətta bir feminist psixoloq qadın Karen Horney bu nəzəriyyəni rədd edib, onu qeyri-dəqiq və qadınlara qarşı alçaldıcı adlandırmışdır. Və bu fikrin əksinə Horney iddia edirdi ki, kişilər özlərini qadınlardan hər cəhətdən daha aşağı hiss edirlər. Çünki qadınlardan fərqli olaraq kişilər dünyaya uşaq gətirə bilmirlər.
Dördüncü mərhələ altı yaşından on üç-on dörd yaşına qədər davam edir və gizlilik dönəmi adlanır. Bu dönəmdə sakitlik dövrü yaşanır. Uşaqlar daha çox məktəblə məşğul olur, dostluqlar qurur, hobbilərlə maraqlanırlar.
Psixoseksual inkişaf mərhələləri nəzəriyyəsində son dönəm sayılan beşinci mərhələ isə genital dönəm adlanır və bu dönəm ərzində uşaqlar artıq gerçək cinsi əlaqələri anlayır və onlarda əks cinsə qarşı normal, şüurlu seksual maraqlar oyanmağa başlayır.
Nəzərdən keçirtdiyimiz nəzəriyyələr Freydin psixologiyaya verdiyi töhfələrin kiçik bir hissəsi olmasına baxmayaraq, demək olar ki, ən vacib olan və cəmiyyətə çox təsir göstərən məhz onlar idi. Freydin nəzəriyyələrini və düşüncələrini ilk növbədə onun öz tələbələri –Carl Jung və Alfred Adler tənqid etməyə başladılar. Ziqmund Freydin düşüncələrinin tənqidə məruz qalan əsas xüsusiyyəti o idi ki, onun irəli sürdüyü bir çox maraqlı psixoloji məsələlər diqqəti cəlb etsə də, Freyd onları elmi cəhətdən izah edə bilmədi. Freyddən iyirmi yaş kiçik olan Carl Jung onun ən yaxın dostlarından və ən parlaq tələbələrindən biri idi. Onların bir-birinə yazdıqları çoxsaylı məktubları tarixdə qalmışdır. Bu məktublardan bəlli olur ki, əvvəllər onlar bir çox ideyanı paylaşsalar da, bir çox məsələlərdə ümumi fikrə gəlsələr də, sonralar şüuraltı mövzusunda bəzi məsələlərdə razılaşmadıqları üçün onların yolları ayrılıb. Jung Freydin ancaq basdırılmış, uzaqlaşdırılmış fikirləri gördüyü üçün pessimist olduğunu düşünüb. Freyddən fərqli olaraq Yunq şüuraltının daha böyük şeylərə qadir olduğunu düşünüb. Məsələn, Yunqun fikrincə şüuraltının yaratmaq və təsəvvür etmək kimi qabilliyyətləri var. Freydin yaşa dolduğu və karyerasının sonuna yaxın qatı düşmən olduqlarına baxmayaraq Jungun ideyalarının çoxunun Freyddən təsirləndiyini inkar etmək mümkün deyil.
Bəzi insanların fikrincə, Freydin qeyri-adi düşüncələrinin əsasında onun kokain adlanan psixotrop maddədən istifadə etməsi durur. Bildiyimiz kimi, o dövrdə kokain qanunla qadağan olunmuş bir maddə hesab olunmurdu. Çünki o zamanlar kokainin ziyanı elə də aşkar olunmamışdı. Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni enerji, xoşbəxtlik və güc verir, insanın yuxusunu və iştahını azaldır, eyforiya hissini oyadır, özünəinamı və yaradıcılığı artırır. Buna görə də, Freyd kokaindən depressiyanın öhdəsindən gəlmək və özünü rahat hiss etmək üçün istifadə edirdi. Hətta kokain haqqında yazısında kokainin möcüzəvi, müalicəvi dərman olduğunu belə söyləmişdi. O, kokainlə bir çox təcrübələr etmiş və hətta öz nişanlısına və dostlarına da kokainin dadına baxmağı təklif etmişdir. Halbuki, sonralar Freyd bu maddəyə qarşı olan düşkünlüyündən peşmançılıq çəkmiş və ondan imtina etmişdir.
Freyd həm yaşadığı dövrdə, həm də ölümündən sonra başqa heç bir psixoloq və ya psixiatrın tənqid olunmadığı qədər tənqidə məruz qalmışdır. Onun ən çox tənqid olunan nəzəriyyələri sırasına “Edip kompleksi”, seksual və seksist nəzəriyyələri, şüuraltı nəzəriyyələr daxildir. Freydin doğma qızı Anna Freyd onun işini davam etdirmiş, lakin o da atasının bəzi düşüncələrini tam olaraq qəbul etməyib onları bir qədər dəyişməyə cəhd göstərmişdir. 1920-ci illərdə Otto Rank, Sandor Ferenczi və Wilhelm Reich, 1930-cu illərdə isə Karen Horney, Erich Fromm və Harry Sullivan kimi alimlər Freydin bir çox düşüncələrinə və nəzəriyyələrinə etirazlarını göstərmişlər. Erik Erikson isə Freydin psixoseksual inkişaf mərhələlərini bir qədər dəyişdirərək və genişləndirərək onu bütün insan həyatını əhatə edən daha qəliz psixososial inkişaf mərhələləri nəzəriyyəsi ilə əvəz etmişdir. Jung isə yeni psixoanaliz məktəbini qurub ona daha mənəvi bünövrə qoymuşdur.
Ümumiyyətlə, Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinin çox sadə olması, yəni insan əqli kimi çətin və mürəkkəb bir anlayışın izahı üçün yetərli olmaması da tənqidə məruz qalmışdır. Lakin bu və ya saysız-hesabsız digər tənqidlərə baxmayaraq Avstriya psixiatriya məktəbinin və psixoanalizin banisi olan Ziqmund Freyd XX əsrin ən nüfuzlu psixologiya nəzəriyyəçisi sayılır. Bundan əlavə, Freydin XX əsr elmi, fəlsəfi, ədəbi və dini baxış və nəzəriyyələrdə, ümumiyyətlə, mədəniyyətdə yeri danılmazdır. Freydin bir çox nəzəriyyələri, xüsusilə də “Edip kompleksi” nəzəriyyəsi incəsənət, ədəbiyyat və ictimai düşüncəyə böyük təsir göstərmişdir.
Ülkər İsayeva
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR