Xalidə Ədib Adıvar
Bu gün "Big data" alqoritmlərinin təzyiqi altında yaşamaq aramsız olaraq beynimizi yükləyir, informasiyalar axını ətrafımızda fasiləsiz olaraq hörümçək toru toxuyur. Təfəkkürümüzdə tıxac əmələ gəlir və bu çoxluğun hərəkətsizliyi içərisində ən optimal variant nəfəs dərib keçmişə, dünənə nəzər salmaqdır. Əlbəttə, keçmişə baxmaq heç də gələcəyimizdən nagüman olmaq anlamında başa düşülməməlidir. Gələcək zamanın konturlarını cızmaq üçün keçmiş bizdən ötrü əyani dərs vəsaiti kimi son dərəcə faydalıdır. Keçmişdə bilirsiniz nə boyda zəngin xəzinələr var?! Yüzlərlə, minlərlə gərəksiz informasiyaları yaddaşımızdan silib bəşəriyyətin yaddaşında qalmış fenomenal hadisələri, unikal insanları dönə-dönə xatırlamalı və keçmişin təcrübəsindən bəhrələnməliyik. Keçmiş bünövrədir və biz o təməlin üzərində bərqərar olmuşuq.
Türkün qürur mənbəyi olan tarixinin ən şanlı səhifələrindən biri də Qurtuluş savaşıdır. Bu, həmin savaşdır ki, Atatürk o savaşdan qalib çıxdı və modern Türkiyənin təməlini qoydu. O ağır dönəmdə, Türkiyənin ölüm-qalım məsələsi həll olunanda Atatürklə çiyin-çiyinə dayanan az sayda böyük türk qadınları da oldu. Onlardan birinci elə Mustafa Kamalın zövcəsi Lətifə xanım idi. Atatürk İzmirə gələndə öz evini onun ixtiyarına vermişdi və həmin ev Atatürkün qərargahına çevrilmişdi. Türk araşdırmaçı yazarı İpək Çalışar "Lətifə xanım" adlı bioqrafik kitabında həmin dönəmi bütün ayrıntıları ilə qələmə alıb. Bu yaxınlarda həmin kitabı çox böyük həyəcan hissiylə oxudum. Bu kitab təkcə Atatürkün silahdaşı və ömür-gün yoldaşı olmuş Avropa təhsilli cəngavər qadının savaş, zəfər və ağrılarla dolu həyat hekayəti deyil, həm də Atatürkün şəxsiyyət və lider olaraq daxili yaşantılarını, tərəddüdlərini, dayanıqsız sevgisini və ölçüyəgəlməz hünərini özündə əks etdirən son dərəcə zəngin bir bioqrafiyadır. İstəsəniz, bu kitabı roman kimi də oxuya bilərsiniz.
Amma bu yazını yazmaqda məqsədim tamam başqadır. Müstəqilliyimizin hələ fidan çağlarında əlimə bir kitab keçdi. Xalidə Ədib Adıvarın "Atəşdən köynək" romanı bizim dildə yenicə çap olunmuşdu. Yaşımın romantika ilə aşıb-daşan çağıydı, o zamanlar türk ədəbiyyatına sonsuz marağım vardı. Tofiq Fikrətin, Məhmət Akifin, Nihal Atsızın şeirləri dilimizin əzbəri idi. O şeirlər bizim istiqlal eşqimizi durmadan körükləyirdi. "Atəşdən köynək" İzmirin yunanlar tərəfindən işğalı və şəhəri işğaldan azad etmək üçün mücadilə verən qəhrəman türk əsgərlərinin həyatından bəhs edirdi. Qurtuluş savaşını biz o kitabdan öyrəndik. O zaman hələ əsərin müəllifinin kimliyi haqqında heç bir məlumatım yox idi. Sonrakı dövrdə türk ədəbiyyatı, tənzimat dövrü ədəbiyyatıyla dərindən maraqlandıqda Xalidə Ədib Adıvarın təkcə Qurtuluş savaşını qələmə almış bir romançı deyil, həm də bu savaşın bilavasitə iştirakçısı olduğunu öyrəndim.
Xalidə Ədib savaş qadını idi. Onun dünyaya gəldiyi dönəm (1884-cü il) Türkiyənin ən mürəkkəb dövrü idi. O, Osmanlı çocuğu olsa da dövrün ehkamlarına heç zaman boyun əymədi. Anasını erkən yaşda itirən Xalidə uşaqlığından bəri döyüşkən xarakterə malik olub. Üsküdar Amerikan Qızlar Kollecini bitirdikdən sonra "Halide Salih" imzasıyla "Tan" qəzetinə ictimai-siyasi yazılar yazmağa başladı. Bu yazılarına görə ölümlə təhdid olundu, amma yazmağa davam etdi. Balkan savaşı illərində xəstəxanalarda çalışdı, eyni zamanda gələcəkdə yazacağı romanlar üçün material topladı, müşahidələr apardı. Yeri gəlmişkən xatırladaq ki, Xalidə Ədib Amerikan Kollecini bitirən ilk türk qızıydı.
O, "Tan" qəzetinə yazdığı yazılarda qadınların basqıdan azad olması və kişilərlə bərabər hüquqlara sahib olması mövzusunu xüsusilə qabardırdı. Bu yazılardan dolayı Xalidənin həyatı təhlükə altında idi. Onu təhdid edirdilər, "yazıları dayandırın, əks halda sizi ölüm gözləyir!" - deyə xəbərdarlıq məktubları alırdı. Bu səbəbdən Xalidə Ədib İngiltərədən aldığı dəvət haqda düşünür və bu dəvəti qəbul edib Londona gedir. Londonun intellektual dairələrində ünlü şəxsiyyətlərlə, o cümlədən də Bertran Rassellə görüşür. İngilis parlamentini ziyarət edir, orda bir sıra görüşlər keçirir. Bir müddət sonra Xalidə Ədib yenidən vətəninə dönür. Yarımçıq qalmış mübarizəsini davam etdirmək üçün.
Nazim Hikmətin yaxın dostu olmuş türk rəssamı və yazarı Abidin Dinonun "Kültür, Sənət və Politika üzərinə yazılar" kitabından bir məqamı xatırladım. A.Dino Türkiyənin 30-cu illərdəki inkişaf dönəmilə bağlı belə yazır: "Dünən yalınayaq dəvələrin süründüyü ana vətən yollarında bu gün çevik pabuçlu lokomotivlər at qoşdururlar".
Bu inkişafı Türkiyəyə Qurtuluş savaşının qəhrəmanları qazandırmışdı. Xalidə Ədib əzmli, döyüşkən, ölümün gözünə dik baxan qadınlardan idi. Atatürk ona onbaşı təyin etmişdi və o, at belində işğalçılara qarşı savaşın ön cərgələrində dolaşırdı. Gənclik illərində çəkilmiş fotolarında Xalidə Ədib çox vaxt at belində, çiynində tüfəng kurtizan qadınlar kimi görünür. Amma o, təkcə cəngavər qadın idimi? Xalidə Ədib, eyni zamanda qadın hüquqları uğrunda mübarizə aparır, qadınların seçib-seçilmək hüququnu əldə etməsinə çalışırdı. Bu yöndə Atatürklə dəfələrlə fikir toqquşmaları, siyasi fikir ayrılıqları olmuşdu. Bu, Cümhuriyyətin elanından sonrakı dövrdə baş vermişdi. Həmin dövrdə Xalidə Ədib əsasən bədii yaradıcılıqla məşğul olmağa başladı və şahidi olduğu Qurtuluş savaşını romanlarında əks etdirdi ("Atəşdən köynək", "Vurun, fahişəni"). Atatürklə aralarındakı soyuqluq səbəbindən həyat yoldaşı ilə birlikdə ölkəsini tərk edən Xalidə Ədib on beş il qürbət həyatı yaşadı. İngiltərəni, Hindistanı, Fransanı, Amerikanı gəzib-dolaşdı. Getdiyi ölkələrin universitetlərində türk ədəbiyyatı tarixindən mühazirələr oxudu. Eyni zamanda bədii yaradıcılıqla məşğul oldu. Yaşamı boyunca iyirmidən çox roman yazdı. Xatirələrindən ibarət "Bənövşə salxımlı ev" kitabını çap etdirdi. Təkcə bu sonuncu əsəri haqqında ayrıca danışmağa dəyər.
Üslub baxımından Xalidə Ədib mənim yazıçım kateqoriyasına daxil deyil. Amma xarakteri və mübarizliyi onu hər zaman mənim üçün maraqlı edib. Xalidə Ədib yazıçılıqdan daha artıq məndən ötrü Cümhuriyyət qurucuları sırasında dayanan qəhrəman qadındır. Janna Dark kimi! İstiqlal savaşçısı, qadın hüquqları uğrunda mübarizə aparan yazıçıdır o. Savaş qələbəylə sonuclandı, amma Xalidə Ədib ömrünün sonunacan yazıçı kimi bu şərəfli tarixi romanlarında bədiiləşdirdi. Məhz buna görə onun adı hər bir türk insanı üçün əzizdir, əziz olmalıdır. Ədəbiyyat dünyasının gəlmiş-keçmiş qadın yazıçıları içərisində onun adının həmişə xatırlanması həm də böyük mübarizəsilə bağlıdır. Xalidə Ədib haqda düşünəndə Misirin feminist yazıçısı Nəval əl Səədavini xatırlayıram. O da öz ölkəsində qadın hüquqları uğrunda ən fəal mübarizlərdəndir. "Sıfır nöqtəsində qadın" romanı hüquqsuz qadınların acı taleyindən bəhs edir. Bu roman haqqında bir dəfə yazı da yazmışam. Eyni zamanda feminizmin yaradıcılarından olan Simona de Bovuarı xatırlayıram. Amma Xalidə Ədib haqqında feminist qadın ifadəsini işlətmək olmaz. S.Bovuar Fransa qadınlarının azadlıq hərəkatına dəstək olmuşdusa, Xalidə Ədib millətinin İstiqlaliyyət qazanması üçün savaşlara atılmışdı. Xalidə Ədibin missiyası daha böyük və qapsamlı idi.
Xalidə Ədibin nəsr yazmağa başladığı illərdə (XX əsrin əvvəlləri) türk nəsrində Rəcaizadə Mahmud Əkrəm, Hüseyn Rəhmi Gürpinar, Sami Paşazadə Səzai, Əhməd Midhət əfəndi kimi realist yazıçılar vardı. Tənzimat dövrü yazarlarının yaradıcılığında əsasən maarifçilik, mütərəqqi meyillər qırmızı xətt kimi keçir. Realizm metodunun əsasları üzərində inkişaf edən türk nəsri zülmə, ədalətsizliyə, despotik qayda-qanunlara, cəhalətə qarşı bir cəbhə açmışdı və yuxarıda adlarını çəkdiyim yazıçıların əsərlərinin əsas mövzusu bunlar idi. Xalidə Ədib də bu ənənələr üzərində yetişmişdi və onun ilk romanlarının başlıca ideyası Türkiyənin öz milli varlığını qorumaq şərtilə Avropalaşması, Şərq-Qərb dilemması qarşısında seçəcəyi yolla bağlı idi. Mühafizəkarlıqla yeniliyin toqquşması insanların gündəlik yaşamında, sevgi münasibətlərində də özünü qabarıq göstərir.
Həyatının 1909-1912-ci illərini Xalidə Ədib "Bənövşə salxımlı ev" əsərində belə anladır: "Salih Zəki bəylə 9 illik evlilik həyatımız sona çatdı. ...Xəstəliyim uzandıqca uzanırdı. Vəziyyətim kifayət qədər ciddi idi, amma sağalmağım üçün o qədər mübarizə apardım ki, nəhayət, üç ay sonra yataqdan qalxdım. Uşaqlarımla birlikdə yaşamağım üçün normal bir evim olmalıydı. Bu sətirləri yazarkən o günlərdə məqalələrini və hekayələrini yatağının içində yazan qadın mənə tamamilə yad bir adam kimi görünür".
Həyatının belə çətin, ağır dönəmləri də olub. Xalidə Ədib həmin əsərində türkçülük məfkurəsinin yaradıcıları Ziya Göyalp və Yusif Akçura ilə mütəmadi görüşlərindən yazır. Bu, Balkan savaşının yenicə başlandığı illər idi. Bu fikir dühaları ilə mütəmadi ünsiyyət onun dünyagörüşünə ciddi təsir göstərir və sonda onu Qurtuluş savaşına gətirib çıxarır. Xalidə Ədib Balkan savaşının acı nəticələri haqda geniş yazır: "Bu savaş qədər biabırçı şəkildə idarə olunanı tarixdə görünməyib. Makedoniya mühacirləri panika içində İstanbula sığındılar, məscidlərə doluşdular. Eyni zamanda ordu da daxil olmaqla dəhşətli taun epidemiyası yayılmağa başladı. O qış İstanbuldakı səfalət təsəvvüredilməz dərəcədə qorxunc idi".
Xalidə Ədibin zəngin, mübarizələrlə dolu həyatını bir yazıya sığışdırmaq mümkünsüzdür. Mən, əslində, onun bir mümkünsüz eşqin hekayəti kimi qələmə aldığı "Qəlb ağrısı" romanı haqqında yazmaq istəyirdim. (Yeri gəlmişkən, bu romanı oxuyanlar əsərdə xeyli avtobioqrafik məqamları görəcəklər). Amma yazının məcrası onun burulğanlı həyatının döngələrinə yönəldi. Yuxarıda qeyd etmişdim ki, Xalidə Ədib mənim sevimli yazıçılarım bölgüsündə deyil. Məsələn, türk nəsrinin Əhməd Həmdi Tanpınar, Oğuz Atay, Yusuf Atılgan, Orxan Pamuk xətti mənə daha doğmadır. Bununla belə, Xalidə Ədibi mənə sevdirən xüsusiyyətlər onun yazıçılığının fövqündədir.
Kənan Hacı
Ədəbiyyat qəzeti. - 2019. - 16 fevral. - S.30
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor