Koronavirusla əlaqəli sui-qəsd nəzəriyyələrinə kişilər qadınlardan daha çox inanırlar.
Qadin.Net bildirir ki, “EurekAlert!”in məlumatına görə, müvafiq araşdırma “Politics & Gender” elmi jurnalında dərc olunub.
Delaver Universitetində (ABŞ) professor Coan Millerin rəhbərliyi ilə aprel ayında aparılan bir araşdırmada mütəxəssislər üç min nəfərlə sorğu keçirib. Sorğu təşkilatçıları respondentlərdən milyarder Bill Geytsin koronavirusun yayılmasında iştirakı və ya 5G-nin pandemiyaya təsiri kimi məşhur sui-qəsd nəzəriyyələri barədə soruşublar. Mütəxəssislər iştirakçıların cavablarını, həmçinin onların cinsiyyət və siyasi meyillərini qeyd ediblər.
Açıqlanan məlumatlara görə, sui-qəsd nəzəriyyələrinə münasibətə gəldikdə gender məsələsi siyasi görüşlərdən daha vacibdir. Belə ki, qadınlarla müqayisədə kişilər daha çox sui-qəsd nəzəriyyələrinə inandıqlarını söyləyiblər. Məsələn, ABŞ Demokrat Partiyasının tərəfdarları arasında kişilərin 32.45 faizi və qadınların 22.27 faizi sui-qəsd nəzəriyyələrini dəstəkləyiblər. Respublikaçılar arasında kişilərin 48,9 faizi və qadınların 38,81 faizi koronavirus haqqında sui-qəsd nəzəriyyələrinin əsaslı olduğuna inandıqlarını deyiblər.
Tədqiqatın təşkilatçıları kişi və qadınların koronavirus böhranının stressini fərqli şəkildə yaşadıqlarını bildiriblər.Onların fikrincə bu nəticədə əsas faktor təhlükə qarşısında aciz qalma hissidir. Alimlər belə bir nəticəyə gəliblər ki, problem üçün rasional bir izahat tapmayan kişilər sui-qəsd nəzəriyyələrinə daha çox inanırlar.