Gənc olmaq, bir qadın həsrəti ilə yaşamaq, kübar həyatını arzulamaq, qarşısında iki evin qapılarının açıldığını görmək, Sen-Jermen məhəlləsində möhkəm addımlarla Vikontessa de Boseanın evinə daxil olmaq və Şosse d’Anten məhəlləsində qrafinya de Restonun qarşısında diz çökmək, Paris salonlarının anfiladasını nəzərdən keçirmək və qadın qəlbində himayə və yardım tapmaq üçün özünü kifayət qədər gözəl saymaq, misilsiz bir sıçrayışla bərk çəkilmiş kəndir üzərinə sıçramaq üçün özündə kifayət qədər şöhrət ehtirası duymaq, heç vaxt yıxılmayan bir akrobat cəsarəti ilə bu kəndirin üzərində yerimək və cazibədar bir qadın simasında ən sınanmış bir çiyinlik ağacı tapmaq nə gözəldir! Torf sobası, yoxsulluq və “Qanun məcəlləsi” ilə yanaşı doğan bu fikirlərin və gözləri qarşısında əzəmətlə yüksələn bu qadının təsiri altında, bu dalğın fikirlər arasında, kim Ejen kimi öz gələcəyini yoxlamamış, gələcəyini müvəffəqiyyətlə bağlamamışdır?! Coşub-daşan fikirlər gələcək sevinclər üçün o qədər şirin vədlər verirdi ki, Ejen artıq özünü qrafinya de Resto ilə yalqız təsəvvür edirdi. Lakin bu halda əzrət Yusifin dərdli ahına bənzəyən bir inilti gecənin sükutunu pozdu. İnilti gəncin qəlbində can verən bir insanın xırıltısı kimi səsləndi. Ejen yavaşca qapını açdı dəhlizə çıxanda Qorio atanın qapısı altından gələn işığı gördü. Ejen qonşusunun halı pozulmuş olduğunu zənn edərək gözünü qapının açar dəliyinə dayayıb otağın içərisinə nəzər saldı. Qoca işləyirdi, lakin tələbənin gördüyü şey o qədər şübhəli idi ki, o, özünü vermişel fabrikantı kimi qələmə verən bu şəxsin gecə fırıldaqlarını yaxşıca aydınlaşdırmaqla cəmiyyətə xidmət göstərmək istədi. Göründüyü kimi Qorio ata hələ qabaqcadan stolu yıxıb, ayaqlarını yuxarı çevirmişdi; stolun ara taxtasına şorba kasasına bənzəyən bir şey və gümüş bir qab bağlayıb bu zəngin nəqşlərlə bəzənmiş şeylərin ətrafına kəndirə bənzər nə isə dolayaraq, onları elə bir qüvvətlə sıxırdı ki, hamısı əzik-əzik olurdu. Anlaşıldığına görə o, bu şeyləri gümüş külçəsinə çevirmək fikrində idi.
Rastinyak qızıllanmış gümüş qabları kəndirin köməyi ilə xəmir kimi əzən qocanın damarları görünən əllərinə baxdıqca: “Aha! Kişinin gücünü görürsən! – deyə düşünürdü. Ejen belini düzəldərək öz-özündən soruşdu: – Bəlkə, bu, özünü zəlil, əbləh göstərən və öz peşəsi ilə sakit məşğul olmaq üçün dilənçi kimi yaşayan bir oğru, yaxud oğurluq mal alıb-satan bir tacirdir?”
Tələbə yenə gözünü açar dəliyinə dayadı. Qorio ata kəndiri açdı, bir ovuc gümüş götürüb, yorğanla örtülmüş stolun üstünə qoydu və gümüşü yumru şəklə salmaq üçün yoğurmağa başladı. O, bu əməliyyatı çox məharətlə eləyirdi.
Gümüşün yuvarlaq şəklə düşdüyünü gördükdə Ejen öz-özünə:
– Bəli, – dedi – bu qocanın gücü Polşa kralı II Avqustun gücündən heç də az deyil!
Qorio ata qəmgin nəzərlə əlindəki gümüşə baxdı, gözləri yaşardı, sonra isə otağında yanan burma şamı söndürdü. Onun ah çəkərək yatağına uzandığını Rastinyak eşidə bildi.
Tələbə öz-özünə:
– Bu divanədir! – deyə düşündü.
Qorio ata ucadan:
– Zavallı balam! – dedi.
Ejen bu sözlərdən sonra belə qərara gəldi ki, bu hadisəni yaymaqdansa susmaq yaxşıdır, bir də tez-tələsik qonşunu ittiham etmək mənasızdır. Tələbə yenicə öz otağına girmək istəyirdi ki, birdən xəfif xışıltı eşitdi. Bu xışıltı yumşaq başmaq geymiş adamların pilləkəndən düşməsini xatırladırdı. Ejen diqqətlə qulaq asdı. Həqiqətən, iki şəxsin nəfəs aldığını duymaq olurdu. Nə qapı cırıldadı, nə ayaq səsləri eşidildi. Rastinyak ancaq üçüncü mərtəbədə Votrenin otağında zəif işıq yandığını dərhal gördü.
Öz-özünə:
– Ailə pansionunda nə qədər sirr var imiş! – dedi.
Ejen bir neçə addım aşağı enib dinləməyə başladı, qulağına qızıl cingiltisi gəldi. Bir az sonra işıq söndü, qapı yenə cırıldamasa da, qaranlıqda iki şəxsin nəfəsini duymaq olurdu. Sonra bu iki şəxs pilləkəndən aşağı düşdükcə səs də uzaqlaşaraq itib gedirdi.
Voke pəncərəsini açıb:
– Orada gəzən kimdir? – deyə bağırdı.
Votren astadan yoğun səsi ilə cavab verdi:
– Mənəm, Voke cici, öz otağıma gedirəm.
Ejen isə otağına dönərkən öz-özünə fikirləşirdi:
“Çox qəribədir! Kristof qapının rəzəsini çəkmişdi. Parisdə ətrafda baş verən hadisələri yaxşı bilmək üçün gecələr qətiyyən yatmaq yaramaz”.
Bu iki kiçik hadisə Ejeni şöhrətpərəstlik və eşq xülyalarından uzaqlaşdırdı. O əyləşib çalışmağa başladı. Lakin fikirləri çox dağınıq idi, çalışa bilmirdi. Qorio atanın şübhəli işləri və xüsusilə parlaq bir gələcək müjdəsi kimi hər an gözləri qarşısında canlanan qrafinya de Restonun xəyalı onu çalışmağa qoymurdu. Nəhayət, Ejen yatağına uzanıb ölü kimi yatdı. Gənclər gecə çalışmaq üçün vəd verdikdə on hadisədən yeddisində onların yəqin yatacaqlarına inanmaq olar. Gecələr yatmamaq üçün iyirmi yaşı ötmək lazımdır.
Ertəsi gün Parisin göylərini duman bürümüşdü. Duman elə sıx idi ki, hər şeyin üzərinə pərdə çəkmişdi; hətta ən dəqiq adamlar belə vaxtı təyin etməkdə çətinlik çəkirdilər. Zənglər günorta vaxtını xəbər verirdisə də, səhər saat səkkiz olduğunu zənn etmək olardı. Madam Voke saat onun yarısında hələ də yatağından qalxmamışdı. Kristofla yoğun Silviya da vaxtından gec oyanmış, indi isə kirayənişinlər üçün alınmış südün qaymağı ilə qəhvə bişirib rahat-rahat içməklə məşğul idilər. Madam Voke bu qeyri-qanuni işi sezməsin deyə Silviya kirayənişinlərin südünü yenidən xeyli qaynatmışdı.
Kristof quru çörəyi qəhvəyə birinci dəfə batıraraq:
– Silviya, – dedi, – nə deyirsən de, amma cənab Votren yaxşı adamdır. O, bu gecə də iki şəxslə görüşdü, ancaq sahibə soruşsa, ona heç nə demək lazım deyil.
– Bəs o, sənə bir şey verdimi?
– Bir ay ərzində yüz su vermişdir, bunun da mənası “ağzını yum” kimi bir şeydir.
Silviya dedi:
– Elə özünü çəkməyən bir odur, bir də madam Kutür. Yerdə qalanlar ilə münasibətilə sağ əlləri ilə verdiklərini sol əlləri ilə geri almaq üçün can atırlar.
Kristof:
– Verdikləri də nədir? – dedi. – Vur-tut yüz su. Düz iki il tamam olur ki, Qorio ata çəkmələrini özü təmizləyir. Hələ bu simic Puare çəkmə yağı belə işlətmir. O, öz sürütmələrini dili ilə yalayar, ancaq təmizləməyə verməz. Bu ölüvay tələbəyə gəlincə o, mənə qırx su verir. Halbuki, elə tək fırçalar mənə bundan baha qiymətə başa gəlir. Hələ bir tərəfdən də köhnə paltar alıb-satır. Qəribə alverdir!
Silviya balaca qurtumlarla qəhvəni içərək, etiraz etdi:
– Hələ bu harasıdır! Hər halda bizim yer məhəllədə ən yaxşı yer sayılır. Dolanmaq olar. Amma Kristof, mən yenə hörmətli Votren dayıdan danışmaq istəyirəm. Onun barəsində sizinlə danışmayıblar ki?
– Belə bir iş olmuşdur. Bir neçə gün bundan qabaq küçədə bir kişiyə rast gəldim. O, məndən soruşdu ki, saqqalına rəng vuran yoğun bir cənab sizdəmi yaşayır? Mən ona cavab verdim ki, xeyr, ağa, o, saqqalına rəng vurmaz. Onun kimi kefi duru adamın belə şeylərlə işi yoxdur. Mən bu əhvalatı cənab Votrenə xəbər verdim. O dedi:
– Oğlan, çox yaxşı cavab vermisən! Sən elə həmişə belə cavab ver. Başqaları sənin zəif cəhətinə bələd olanda, heç ləzzət vermir. Belə işlərin nəticəsində ərlə arvadın boşandığını görmüşəm.
– Elə mənə də bazarda yanaşan olub. Soruşurlar ki, mən onu köynək geyinəndə görmüşəm ya yox. Lap adamın gülməyi gəlir! – Sonra öz sözünü kəsərək: – Mənə bax, – dedi, – Val-de-Qras saatlarının səsini eşidirsənmi? Saat ona beş dəqiqə qalmışdır,
amma heç kəs yerindən tərpənmir.
– Nə cəld olubsan! Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı ilə səhər saat səkkizdə müqəddəs Etyen kilsəsinə ibadətə getmişdir. Qorio ata əlində bir bağlama ilə küçəyə çıxdı. Tələbə saat onda mühazirədən sonra qayıdacaq. Onlar gedəndə mən aşağıda pilləkən təmizləyirdim. Hələ Qorio ata bağlaması ilə mənə toxundu, dəmir kimi bərk şey idi. Görəsən, bu qoca kaftar nə ilə məşğul olur? Hamı onu fırfıra kimi hərlədir, amma o, yenə də yaxşı adamdır, hamısından yaxşı adamdır. Verdiyi bir şey deyil, ancaq bəzən məni yanlarına göndərdiyi xanımlar yaxşı araqpulu verirlər. Onlar hara, bizimkilər hara! Paltarlarına baxırsan başdan-ayağa bəzək içindədirlər.
– Yoxsa onlar Qorio atanın “mənim qızlarım” dediyi xanımlardır? Onlar bir düjündür.
– Mən ancaq ikisinin yanına getmişəm, buraya gələn xanımların yanına.
– Görünür, sahibənin başı qarışmışdır. Bu saat gəlib səs-küy salacaq, getmək lazımdır. Kristof, südü pişikdən gözlə.
Silviya sahibənin yanına qalxdı.
– Bu nə deməkdir, Silviya? Saat ona on beş dəqiqə qalıb, siz isə məni hələ oyatmamısınız, siçan kimi yuxuya getmişəm. Ömrümdə hələ bu qədər yatdığım olmamışdır.
– Hamısı dumandandır. Elə qalın dumandır ki, lap bıçaqla kəsə bilərsən.
– Bəs səhər yeməyi?
– Əşi, siz nə danışırsınız! Sizin kirayənişinlər lap cin tayfasıdır, səhər qaranlıqdan durub gediblər.
– Silviya, düz danış, – madam Voke söyləndi. – Qaraqaranlıqdan yox, alaqaranlıqdan deyərlər.
– Yaxşı, qoy siz deyən olsun. Səhər yeməyini saat onda yeyə bilərsiniz. Mişonetka da, Puare də hələ oyanmayıblar. Evdə qalan elə onlardır, hələ kötük kimi yatırlar. Lap kötükdür ki, kötük.
– Amma Silviya, sən onları birləşdirirsən, sanki...
Silviya axmaq bir qəhqəhə ilə gülərək:
– Nə sanki? – dedi, – İkisindən bir cüt çıxar.
– Qəribə şeydir, Silviya. Necə oldu ki, cənab Votren bu gecə Kristof qapının rəzəsini bağlayandan sonra içəri daxil oldu?
– Lap tərsinə olub, xanım. Kristof cənab Votrenin səsini eşidib aşağı enmiş, qapını özü açmışdı. Amma siz elə bilirsiniz ki...
– Koftanı bəri ver, tez səhər yeməyini hazırla. Kartoflu qoyun ətindən artıq qalanı gətir, biri iki liarlıq bişmiş armudu süfrəyə qoy.
Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu halda pişik süd kasasının üzərindəki boşqabı yerindən tərpədib, tələsə-tələsə süd içməkdə idi. Voke bağırdı:
– Piştə!
Pişik dərhal qaçdı, lakin az sonra yenə qayıdaraq, Vokenin ayaqlarına sürtünməyə başladı. Sahibə ona:
– Hə, hə, sürtün, qoca məlun, yaltaqlıq elə! Silviya! Silviya!
– Nə var, ay xanım, yenə nə olub?
– Bir baxsana, pişik südü içib qurtardı!
– Günah bu murdar Kristofdadır, mən ona demişdim ki, süfrəni salsın. Bəs hara çıxıb gedibdir? Narahat olmayın, xanım, bu süd Qorio atanın qəhvəsi üçün hazırlanmışdır. Bir az su tökərəm heç xəbəri olmaz. O, nə yediyini belə başa düşmür.
Madam Voke boşqabları düzə-düzə:
– Bu təlxək, görəsən, hara getmişdir?
– Kim bilir, hansı cəhənnəmdədir.
– Deyəsən, çox yatmışam.
– Amma lap qızılgül kimi təravətlisiniz.
Bu zəng çalındı, Votren yoğun səslə oxuya-oxuya yemək otağına daxil oldu:
Vaxta ki, dolaşdım bütün dünyanı,
Hamı agah oldu bu sirli işdən...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Uşaqlığınız yadınızdadır?
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Ermənilərə xəbərdarlıq edildi
Biz bunun gerçək olduğunu düşünmədik!
Sinələrin sallanma səbəbi
Humus (foto resept)
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Minlərlə yeni iş yeri açılacaq
Zövqlü ziyafət çantaları
Android üçün olan WhatsApp-da mükəmməl funksiya
Ulduz cütlük koronavirusa yoluxdu
Sosu və Haru
Ağdam rayonunun işğalından 23 il ötür
Valideynlərin yol verdiyi səhvlər
Koronavirus artıq İtaliyadadır
Bakı Metropolitenində yenilik
Üz quruluşuna görə papaq seçimi
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Keçən il
Dünyanın o biri tərəfi...
Nazir qadınları təbrik etdi
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Tez qırılan saçlar üçün maskalar
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı - RƏSMİ
Burun əməliyyatından əvvəl nə etməli?
Matcha çayının faydaları
1-6 aylıq körpənin inkişaf cədvəli
Cəbhədə erməni hərbçilər öldürüldü
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
31 Avqust- Qubadlı
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Rəşid kimi olmayacaq...
Soyuq havanın dəriyə təsiri
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Gülşən çanta üstündə məhkəməlik oldu
Balalarımızın şirin sözləri
Kağız parçalarından hazırlanmış əl işləri
Ağ dərili model özünü qraltdı - FOTO
Ayrılıq ağrısının yaratdığı fiziki ağrılar
Soyuq havalarda uşaqları necə geyindirməli?
- ŞƏRHLƏR