Ejen Rastinyak ən istedadlı və yaxud çıxılmaz bir vəziyyətin nəticəsində qısa müddət üçün müstəsna adamlara məxsus qabiliyyətlə birdən-birə fəaliyyətə başlayan gənclərin, yəqin, tanış olduğu mənəvi vəziyyətə qayıtmışdı. Parisdə yaşadığı birinci il müddətində hələ fakültədə ibtidai dərəcələri qazanmaq üçün çox da oturub çalışmaq lazım gəlmədiyi bir zaman Ejen boş vaxtından istifadə edər və Parisin zahiri hüsnündən ləzzət alardı. Tələbə hər bir teatrın repertuarı ilə tanış olmaq, Parisin bütün dolanbac yollarını öyrənmək, adətlərlə tanış olmaq, dili mənimsəmək, paytaxt nəşələrinə öyrəşmək, bütün ədəbli və ədəbsiz yerləri gəzib-dolaşmaq, maraqlı mülahizələrə qulaq asmaq və muzey sərvətlərini nəzərdən keçirmək istərsə qətiyyən vaxtı çatmaz. O, bu zamanlar hər boş şeyə xüsusi əhəmiyyət verər və böyük həvəslə bunlarla maraqlanardı. Onun nəzərində böyük bir adam vardır ki, o da “Kollec de Frans”-ın professorudur. Bu professora da öz dinləyicilərinin səviyyəsində dura bilmək üçün maaş verirlər. Tələbə qalstukunu yuxarıdan bağlayar və Komik operanın birinci yarusunda əyləşən bir qadının xatirinə gözəl əda ilə oturar. O, həyata yavaş-yavaş daxil olar, köhnə adətlərdən uzaqlaşar, öz həyat görüşlərini genişləndirər, nəhayət, cəmiyyət quruluşundakı insan təbəqələrinin ardıcıllığını dərk edər. Günəşin parlaq şuaları altında Yelisey düzlərini dolaşan insanların içinə baxmağı sevən tələbə bir az sonra artıq belə bir sahibi olmaq arzusuna düşər.
Ejen dil və hüquq elmləri bakalavrı dərəcəsini aldıqdan sonra tətilə getməzdən əvvəl özü dərk etmədən, belə bir məktəbi keçməyə müvəffəq ola bilmişdi. Artıq onun uşaqlıq xəyallarından, əyalət görüşlərindən heç bir əsər qalmamışdı. Anlayışları dəyişmiş, şöhrətpərəstliyi isə xeyli artmışdı. Odur ki, öz ata-baba malikanəsində yaşadığı zaman hər şeyə ayıq nəzərlə baxırdı. Atası da, anası da, iki qardaşı, iki bacısı da, təqaüddən başqa heç bir sərvəti olmayan xalası da kiçicik Rastinyak mülkündə yaşamaqda idi. Təxminən üç min franklıq mədaxili olan bu mülk, üzüm təsərrüfatındakı dəyişkənlikdən asılı olmasına baxmayaraq hər il Ejen üçün min iki yüz frank əzib çıxarmalı idi. Ejen ailəsinin daim ethiyac içində olduğunu və bu ehtiyacı alicənablıqla ondan gizlətməyə çalışdıqlarını görürdü. O, istər-istəməz uşaqlıqda gözəl görünən bacılarını xəyalında yaratdığı gözəllik nümunəsini təcəssüm edən Paris qadınları ilə müqayisə edirdi. O, ən ucuz ərzağın xırdaçı adamlara xas olan bir qayğı və qənaətlə gizlədildiyini görürdü. O, öz ailəsi ilə birlikdə üzüm cecəsindən hazırlanmış içki içərdi. Bir sözlə xatırladılması bihudə olan bir çox hadisələr onun qəlbində həyatda müvəffəqiyyət qazanmaq arzusunu on qat artırmış və cəmiyyətdə qabağa getmək ehtirasını oyatmışdı. Alicənab adamlara məxsus bir tərzdə o da yalnız öz şəxsi xidmətlərinə güvənmək niyyətində idi. Bununla belə o, qəlbən iliklərinə qədər cənublu olaraq qalırdı. Açıq dənizə çıxdıqdan sonra hansı sahilə doğru üzməyi, yelkənlərini hansı səmtə çevirməyi bilməyən bir gənc kimi onun da qərarları sabit olmayacaqdı. Ejen əvvəlcə bütün varlığı ilə çalışmaq niyyətində idi, lakin bir az sonra lazımi əlaqələr yaratmaq həvəsinə düşdü. Qadınların cəmiyyət həyatında nə qədər böyük nüfuza malik olduqlarını duyduqdan sonra o, özünə himayət göstərəcək bir qadın tapmaq üçün dərhal əyan məclislərinə daxil olmaq fikrinə düşdü. Ağıllı və həssas bir gənc isə ağıl və xüsusilə coşqunluqdan başqa zərif vücuda və qadınları düşküncəsinə cəzb edən bir növ çılğın gözəlliyə malik olduqdan sonra belə qadınlara rast gəlməyə bilərdimi? Keçmişdə gülüşə-gülüşə bacıları ilə gəzdiyi düzləri dolaşarkən Rastinyak bu cür xəyallardan uzaqlaşa bilmirdi. Artıq bacıları da onun xeyli. Vaxtilə xalası madam de Marsi Yak sarayda xidmət edərdi. Onun yüksək kübarlar mühitində tanışları vardı. Xalası öz xatirələrini tez-tez və cazibədar şəkildə ona söylərdi. Gənc şöhrətpərəst hüquqşünaslıq məktəbindəki müvəffəqiyyətlər qədər əhəmiyyətli olan cəmiyyətdəki qələbələri üçün bu xatirələrdə bir çıxış nöqtəsi tapdı. Ejen hansı qohumluq münasibətlərini yenidən bərpa etmək mümkün olduğunu xalasından soruşdu. Qocalmış xanım silkələdikdən sonra bu qərara gəldi ki, varlı qohumlarının xudbin tayfası içərisində onun bacısı oğluna yardım göstərmək üçün az-çox münasib bir şəxs varsa o da Vikontessa de Boseandır. O, bu məqsədlə gənc xanıma köhnə üslubda bir məktub yazaraq Ejenə verdi və dedi ki, Vikontessanın hüsn-rəğbətini qazanmağa müvəffəq olarsa bu xanımın vasitəsilə başqa qohumları da ələ keçirə biləcəkdir. Rastinyak Parisə gəldikdən bir neçə gün sonra xalasının məktubunu madam de Boseana göndərdi. Vikontessa onu bala dəvət etməklə cavab verdi. Bal ertəsi günə təyin edilmişdi.
1819-cu il noyabrın axırlarında ailə pansionundakı işlərin ümumi vəziyyəti bu şəkildə idi. Bir neçə gün sonra madam de Boseanın balında iştirak edən Ejen evə gecə saat ikidə qayıtmışdı. Tələbə itirdiyi vaxtı geri qaytarmaq üçün hələ rəqs edərkən belə səhərə kimi işləməyi qəhrəmancasına özünə vəd etmişdi. Kübar həyatının parıltıları qarşısında qəlbində hiss etdiyi yalançı qüvvənin sehrinə qapılaraq ömründə birinci dəfə Rastinyak yaşadığı məhəllənin sükunətində öz gecəsini yuxusuz keçirməyə hazır görünürdü. O gün Rastinyak pansionda nahar etmədi. Bu surətlə kirayənişinlər onun yalnız səhərə yaxın gələcəyini fərz edə bilərdilər. O, doğrudan da, adətən, Odeonda, yaxud Pradoda verilən ballardan ipək corablarını palçığa bulayıb, bal tuflilərini tapdaq-tapdaq edib, səhərə yaxın qayıdardı. Kristof qapının rəzəsini çəkməzdən əvvəl qapını açdı və küçəyə göz gəzdirdi. Elə bu dəqiqədə Rastinyak göründü. O,
içəriyə gurultusuz daxil oldu və xeyli səs-küy salan Kristofla birlikdə yuxarı mərtəbəyə qalxdı. Ejen soyunub gecə başmaqlarını ayağına keçirtdi, köhnəcə sürtukunu geydi, sobadakı torfu yandırıb tələsik işləməyə hazırlaşdı. Kristof ağır ayaqqabılarının gurultusu ilə tələbənin çox da gurultulu olmayan hazırlığının səsini batırdı.
Ejen hüquq kitablarına qapılmazdan əvvəl bir neçə dəqiqə dalğın-dalğın oturdu. O, bir az əvvəl Vikontessa de Boseanı görmüşdü. Vikontessa Paris əyan məclislərinin çariçası idi, onun evi Sen-Jermen məhəlləsinin ən xoş evlərindən biri sayılırdı. O, istər adı və istərsə də sərvəti ilə kübar aləmin yuxarı təbəqələrinə mənsub idi. Xalası de Marsi Yakın sayəsində bu yoxsul tələbə Vikontessa tərəfindən yaxşı qəbul edilmişdi, lakin o, bu hüsn-rəğbətin nə demək olduğunu özü belə başa düşmürdü: bu qızıla qərq olmuş salonlarda qəbul edilmək yüksək zadəganlıq haqqını verən bir fərmana bərabərdi. Ejen ən məhdud məclislərdən birində özünü göstərməklə artıq hər yerə getmək haqqını qazanmış olurdu. Bu məclisin parıltılarından gözləri qamaşan Ejen Vikontessa ilə ancaq bir neçə kəlmə danışa bilmişdi ki, nəzərini rautda toplaşan Paris ilahələrindən biri cəlb etdi. Bu ilahə gənclərin dərhal məftun olduğu qadınlardan idi. Ucaboylu, qəşəng vücudlu qrafinya Anastazi de Resto öz gözəlliyi ilə bütün Parisdə şöhrət qazanmışdı. İri qara gözləri, gözəl qolları, hamar baldırları olan, hərəkətindən od yağan bir qadını təsəvvürünüzə gətirin. Markiz de Ronkerol ona “cins at” deyirdi. Çılğın zərifliyi qətiyyən onun gözəlliklərini pozmazdı: dolubədənli idi, lakin onu həddən artıq köklükdə məzəmmət etmək olmazdı. Cins at, cins qadın kimi təbirlər artıq “səma mələkləri”-ni, “Ossian sifətləri”-ni, dendizmin rədd etdiyi bütün köhnə eşq mifolojisini əvəz edirdi. Lakin qrafinya de Resto Rastinyakın nəzərində sevilən bir qadın kimi idi. Onun yelpazəsində qeyd olunan kavalerlər siyahısında Rastinyak özünə iki rəqs ala bilmiş və birinci kadrildə danışmaq imkanı qazanmışdı.
Rastinyak qadınlara xoş gələn bir ehtirasla açıqcasına soruşdu:
– Madam, sizi harada görmək olar?
– Haradamı... – deyə o cavab verdi, – Bulon meşəsində də olar, Bufonlarda da olar, öz evimdə də olar, hər yerdə olar.
Təşəbbüskar cənublu fürsəti fövtə verməyərək, bu cazibədar qrafinya ilə yaxınlaşmağa tələsdi. Bir kontrtansla üç vals müddətində bir gənc qadına bundan artıq yaxınlaşa bilməzdi. Ejen xanımını “adlı-sanlı” xanım hesab edərək, özünü madam de Boseanın kuzeni kimi təqdim etdi, bundan sonra isə qrafinya onun evinə ,sadəcə, gəlməyə icazə verdi. Vidalaşarkən gülümsəməsindən Ejen belə bir nəticə çıxartdı ki, ona mütləq vizit vermək lazımdır. Xoşbəxtlikdən Ejen onun sadədilliyinə gülməyən bir şəxsə təsadüf etdi. Halbuki, bu dövrün əyyaşları arasında sadədillik ən böyük günah sayılardı. Molenkur, Ronkerol, Maksim de Tray, de Marse, de A uda-Pinto, Vandenes kimi dövrün məşhur əyyaşları ledi Brendon, hersoginya de Lanje, qrafinya Kerqaruet, madam de Serizi və madam de Lanti, hersoginya de Karilyano, qrafinya Ferro, markiza d’Eqlemon, madam Firmiani, markiza de Listomer, markiza d’Espar, hersoginya de Mof inyez və Qranlye bacıları kimi ən ehtişamlı qadınların məclisində dolaşar və öz çılğın modabazlıqları ilə göz qamaşdırardılar. Beləliklə, təcrübəsiz tələbə xoşbəxtlikdən hersoginya de Lanjenin məşuqu markiz de Monrivoya təsadüf etdi. Markiz general olsa da, uşaq kimi sadəlövh idi. O, qrafinya de Restonun Elder küçəsində yaşadığını Rastinyaka xəbər verdi.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir