Artıq neçənci dəfədir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadənin mediaya açıqlaması bəzi fəallar, ekspertlər tərəfindən, habelə ictimai-siyasi çevrələrdə, eləcə də sosial şəbəkələrdə ciddi reaksiyayla, etirazlarla qarşılanır. Onun himnimizlə bağlı təklifi bəziləri tərəfindən etirazla qəbul edilsə də, bunu razılıqla qarşılayanlar da az deyil.
Milli.Az Araz Əlizadənipublika.az-a müsahibəsini təqdim edir.
Dosye:
A.Əlizadə 1951-ci il noyabrında Bakıda doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi, 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. 1987-ci il Bakıya qayıdıb.
1989-cu ildən ASDP sədri, 1991-1995-ci illərdə Ali Sovetin deputatı olmuş Araz Əlizadə 2015-ci ilin noyabrındakı parlament seçkilərində növbəti dəfə Milli Məclisin üzvü seçilib.
"Atam çoban köməkçisi, anam milyoner qızı olub"
O, ziyalı ailəsində dünyaya gəlib: "Valideynlərimin ikisi də professor idi. Ailəmizdə dörd uşaq böyüyüb - iki qardaş, iki bacı. Anam Zinət bakılı neft milyonçusu Əliheydər Zeynalovun qızıydı. Atam Məmməd (təxəllüsü Mübariz idi) Təbriz yaxınlığındakı Xamnə kəndindən idi. Uşaq yaşlarında yetim qalıb. Çoban köməkçisi, usta şagirdi olub. Sonradan sərhədi keçib. Bakıya gələrək təhsil alıb, alim olub. Ancaq SSRİ-də milyonçu qızıyla yetim gənc evlənə bilərdi. Valideynlərim o zamanki ADU-da işləyirdilər".
"Atama ölüm hökmü çıxarıblar və o, 66 il sonra..."
O, daha sonra sözlərinə belə davam edib: "Atam Azərbaycan Radiosunda Xarici verilişlər redaksiyasının ilk baş redaktoru olub. Şah dövründə ona İran əleyhinə verilişlərinə görə ölüm hökmü çıxarıblar. 1991-ci ildə atamı İrana fars şairi Firdovsinin yubileyinə dəvət etdilər. İran televiziyasında çıxış edərək bildirib ki, bu ölkədəki bacı-qardaşını axtarır. Neçə dəfə İran hökumətinə bununla bağlı müraciət etsə də, ona doğmaları haqqında hər hansı məlumatın olmadığını deyiblər. Veriliş başa çatandan bir saat sonra İrandakı doğmalarını tapıb. Atam beləcə 66 il sonra doğmalarına qovuşub. İndi İranda bir əmim yaşayır".
"Evlənmək üçün ixtisasımı dəyişdim"
ADU-nun hüquq fakültəsində oxuyan Araz Əlizadənin evlənmək istəyi ona ixtisasını dəyişmək bahasına başa gəlib: "O dövrdə ölkədə ən böyük tirajlı "Azərbaycan gəncləri" qəzetində 1971-1974-cü illərdə jurnalist işləyirdim. Qonorar hesabına dolanırdım. Evlənmək istəyimi bilən atam dedi ki, kişi əvvəl əyninə şalvar alar, sonra arvad. Vəkil olmaq istəyirdim, lakin vəkillər pis yaşayırdı. Buna görə ixtisasımı dəyişmək qərarına gəldim. Bir il geri qalmaq şərti ilə şərqşünaslıq fakültəsinə köçürüldüm".
Bununla belə, valideynləri onun ailə qurmaq seçimin müdaxilə etməyiblər: "Evlənmək istədiyim həmin xanımla da ailə qurdum. Üç oğlum dünyaya gəldi. Həyat yoldaşım 1995-ci ildə dünyasını dəyişdi. Övladlarımın hamısı birinci nikahımdandır".
"İstəmədim ki, desinlər kişiliyi çatmadı..."
1974-cü ildə ADU-nu bitirib Əfqanıstana tərcüməçi göndərilən Araz Əlizadə sonra Ukraynanın Tarix İnstitutunda kiçik elmi işçi işləyir, eyni zamanda pedaqoji institutda dərs deyir: "Guya SSRİ-də dissident yox idi. Amma 1985-ci ildə siyasi mövqeyimə görə, növbəti dəfə həbs edilib iki il azadlıqdan məhrum olundum. Halbuki bu siyasi motivli məsələ idi. Ümumilikdə dörd dəfə qısa müddətə həbs olunmuşam. 1987-ci ilin noyabrında Bakıya qayıdıb Kirov adına parkda təlimatçı, sonra isə Nizami parkının direktor müavini işləməyə başladım. Bir müddət Bakıda əyləncə mərkəzi yaradıb, orada fəaliyyət göstərdim. Sonra xarici şirkətdən dəvət gəldi və orada çalışmağa qərar verdim".
1995-ci ildən 1998-ci ilə qədər xaricdə yaşamış Araz Əlizadə ailəsini dolandırmaq üçün avtomobilini, evini satmalı olub: "Yadımdadır, Rövşən Cavadov dünyasını dəyişəndə Rəsul Quliyev dedi ki, Mahir Cavadovun qardaşının dəfnində iştirak üçün Azərbaycana qayıtmağa kişiliyi çatmadı. Anam 1998-ci ildə dünyasını dəyişəndə Azərbaycana qayıtdım. İstəmədim o söz mənim haqqımda da deyilsin".
"Cinayətkaram"
Ailəsi haqda danışan müsahibimizin ikinci həyat yoldaşı əvvəllər işləsə də, indi evdar xanımdır. Üç övladından biri artıq həyatda yoxdur: "Bir oğlum Kiyevdə kinologiya ilə məşğuldur. Hələ ailə qurmayıb. Kiçik oğlum burada yaşayır. Azərbaycanda təhsil aldı. 500-dən çox bal toplasa da, ödənişsiz ixtisasa düşə bilmədi. Bir il ödənişli təhsil aldı. Amma təhsil haqqını ödəyə bilmədim. Gəlib oturdu evdə. Növbəti ildə imtahan verəndə ödənişsiz ixtisasa düşdü. Hazırda iqtisadi sahədə çalışır və mənə kömək edir. Ailəlidir, bir övladı var. O nəvəmin adını Araz qoyublar".
Övladlarına vaxt ayıra bilmədiyini etiraf edən müsahibim peşmanlığını gizlətmir: "Sidq ürəklə deyirəm: - bir ata kimi cinayətkaram. Çünki uşaqlarımın tərbiyəsi ilə məşğul olmağa vaxtım olmayıb. Onlar üçün nə edibsə, anaları edib".
"Ən böyük problemlərimizdən biri acgözlüyümüzdür"
Araz Əlizadənin bacısı da partiyanın üzvüdür: "Zərdüşt bəylə heç bir əlaqəmiz yoxdur. Bu mövzuda danışmaq istəmirəm".
Müsahibim deyir ki, evə bazarlığı özü edir. Və bazarlardakı qiymətlərin bahalığından gileylənir: "İndi deyirəm, yazacaqsınız və yenə başlayacaqlar məni söyməyə. Amma deyəcəm - ən böyük problemlərimizdən biri də acgözlüyümüzdür. Qəpik-qəpik qazanmağı sevmirik. Birdən-birə oğurlayıb varlanmağa çalışırıq. Belə bir pis məsəlimiz var: - "bacarana can qurban". Özü də bunu bacarıqlı ustaya, sənətkara yox, oğruya, əliəyriyə aid edirik".
"Biri var, oğlu Britaniya barlarından, restoranlardan çıxmır"
O, hesab edir ki, hər bir siyasətçi ilk növbədə Vətənə bağlı olmalıdır: "Jurnalistlər Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirməyimi xahiş etdilər. Bir insan ki, Amerikapərəst olduğunu deyir və Azərbaycanla Amerika arasında münasibətlərin pis olduğuna görə seçkilərdə iştirak etmir, onun dövlətçilikdən, Vətəndən danışmaq haqqı yoxdur. Hansısa xarici ölkədə partiya rəhbəri Amerikapərəst, yaxud Almaniyapərəst olduğunu desəydi, onun təşkilatının qeydiyyatını çoxdan ləğv etmişdilər".
Partiyanın məramnaməsində Azərbaycana xidmət etmək vəzifəsi yaranıb: "Xarici ölkəyə pərəstiş edib Azərbaycana necə xidmət göstərmək olar? Qəribədir, bunlar deyir ki, əhali pis vəziyyətdə yaşayır. Amma həmin partiya sədrləri gözəl evlərdə yaşayırlar. Övladları xaricdə təhsil alır, orada yaşayır. Hamısı oturub xalqın "dərdini çəkir". Qoy sənin də övladın gəlib xalqı işində yaşasın da. Biri var, oğlu Britaniya barlarından, restoranlardan çıxmır.
Ataları isə yaxalarını cırır ki, burada yaşamaq mümkün deyil. Xaricdə evin, eşiyin var, get orada yaşa da. Sərdar Cəlaloğlunun qızı, oğlu Böyük Britaniyadadır. Onun gəlinini tanıyıram, qonşum olub. Valideynindən soruşanda deyir ki, qızım Londonda yaxşı yaşayır".
"İsa Qəmbər 20 yanvar faciəsi baş verən gecə..."
O, Müsavatın sabiq başqanının bostanına da daş atmağı unutmayıb: "İsa Qəmbərin çay içməkdən çox xoşu gəlir. 20 yanvar faciəsi baş verən gecə Yusif Səmədoğlunun mənzilində çay içirdi. Bilirdi ki, dövlət mükafatı laureatının evinə heç kim gələ bilməz. 2003-cü ilin məlum oktyabr hadisələrində ABŞ-ın ölkəmizdəki səfirliyinə "çay içməyə" getmişdi. Çaya böyük "sevgisi" var. Mən və Zərdüşt dəfələrlə onu siyasi debata çağırdıq. Amma gəlməkdən imtina etdi".
"Uğursuz siyasətçiyəm"
Üç min üzvü olan ASDP-nin rəhbəri uğursuz siyasətçi olduğunu etiraf edir: "Xoşbəxt insan deyiləm, çoxlu itkim olub. Ata-anamı, qardaşımı, oğlumu itirdim. Qarabağ deyib siyasətə gəlmişdim, o da hələ bizimki deyil. Kim deputat olmağı, vəzifə tutmağı xoşbəxtlik hesab edirsə, yanılır. Mən uğursuz siyasətçiyəm.
Maddi vəziyyətimdən, dolanışıqdan şikayət etmirəm. Əvvəlki illərlə müqayisədə maddi vəziyyətim düzəlib. O ki qaldı avtomobilə, mənim həmişə maşınım olub. Düzdür, köhnə-kürüş olub, amma olub. Həmişə maşını özüm idarə etmişəm. Yalnız şirkətdə işləyəndə sürücüm var idi.
Artıq 6 ildir "Nissan X trail" sürürəm. Avtomobilimi başqası sürəndə əsəbiləşirəm".
"Dostlar"ın sayı xeyli çoxaldı: Sən demə, 20 il imiş ki, "məni axtarırmışlar"
Müsahibimiz deyir ki, deputat seçildikdən sonra "dostlar"ın sayı çoxalıb: "Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrini rəsmən açıqladıqdan sonra telefonuma gələn zənglərin ardı-arası kəsilmədi. 20-25 il ərzində məni bircə dəfə axtarmayanlar zəng etdilər. Sən demə, bunlar 20 il imiş "məni axtarırmış". Dedilər Araz, hardaydın, səni "tapa bilmirdik".
"Parlamentdə tək otururam"
Onun parlamentdə də sıx ünsiyyətdə olduğu həmkarı yoxdur: "Deputatların sayı 125 nəfər olduğundan parlamentdə tək otururam. Çünki 125 cüt rəqəm deyil (Gülür). Kimsə tək oturmalıdır.
Əvvəl iki dostum vardı - Zərdüşt və rejissor Şaiq Əlibəyli. Şaiq 1994-cü il rəhmətə getdi. İndi dostum yoxdur. Tanışlarım çoxdur".
O, iddia edir ki, bəzi həmkarlarından fərqli olaraq heç vaxt dəyişməyəcək: "Deputat seçildikdən sonra nə mobil telefonumun nömrəsini dəyişdim, nə telefonu, nə də özümü. Mobil nömrəmi bundan sonra da dəyişmək fikrim yoxdur. İndi istifadə etdiyim telefonu 2010-cu ildə almışam. Nömrəm də əvvəlki nömrədir. Əvvəlki telefonum köhnə "Sony Ericson" idi. 10 ildən çox idi istifadə edirdim".
"Ən pis vaxtlarımda o, mənə kömək oldu"
Onun iddiasına görə, ölkədə ASDP-dən başqa solçu partiya yoxdur: "Sosial, Demokrat Sol, Yaşıllar və s. partiyaların rəhbərləri bizim təşkilatdan xaric edilmiş şəxslərdir. Onlarla yola getsəydik, elə partiya daxilində qalardılar da. Əslində mən çoxdan siyasətdə olmamalıydım. Siyasətə gələndən sonra hər şeyimi itirdim - biznesimi, var-dövlətimi, dostlarımı. 2000-ci ildə partiya rəhbərliyindən getmək istədim. Yerimə gəncləri hazırlayırdım. Amma istəyimə nail olmadım".
İnsan nə qədər alicənablıq etsə, yaxşılıqları qarşısına çıxacaq: "1999-cu il idi, köhnə qərargahımızda oturmuşdum. Bir nəfər içəri girib dedi ki, sizə olan borcumu qaytarmaq istəyirəm. Dedim axı mən sizi tanımıram. Mənə borcunuz var? Cavab verdi: "Bəli, 1993-cü ilin oktyabrında Moskvada adam vurdum. Mənim yerimə cərimə ödədiniz. Onda soruşdum siz kimsiniz? Cavab verdiniz ki, ASDP sədri Araz Əlizadəyəm", - bunu deyib cibindən pulunu çıxarıb mənə borcunu qaytardı, özü də ən pis vaxtlarımda".
"Akif Nağının QAT-ı qat bağlayıb"
Müsahibim iddia edir ki, son açıqlamalarını tənqid edənlərə məhəl qoymur: "Əlində arqumenti olmayanların bizə yağdırdıqları söyüşlərə gülürük. Fikirləşmirlər ki, hamı eyni cür düşünə bilməz. Akif Nağı kimi mahiyyəti 5 qəpik olmayan insan mətbuatda mənim barəmdə xoş olmayan, savadsız sözlər deyib. Əbləhin söyüşü özü tərifdir.
Sosinternin Bakıda iclası keçiriləndə Akif Nağı bir yazıq arvadı üstümüzə göndərdi. Elə bilmişdi Luis Ayala ermənidir. Həmin gün axşam isə qərargahımızın şüşəsini sındırdılar.
Akif özü həmişə gizlənir. Adama deyərlər ay ağılsız, sözün var, dur, gəl, bura. Onu vursam elə vuracam ki, yerindən qalxa bilməyəcək. Akif Nağının QAT-ı qat bağlayıb. Təşkilat burada şüşə sındırmaqla məşğuldur. Bəyəm bu, azadlıq təşkilatıdır? Xeyr, gədə-güdənin yığıldığı yerdir".
"Himnlə bağlı yenilik etməliyik..."
Onun sözlərinə görə, Üzeyir Hacıbəyov himnimizi dövlət marşı kimi yox, mərsiyə kimi bəstələyib: "Ramiz Məlik deyir ki, himnimizi təhqir etməyin. O kişi mahnını bəstələyəndə özü onun adını mərsiyə qoyub. Bəyəm sən Üzeyir bəydən yaxşı bilirsən ki, o nə bəstələyib?
Heç ədəbiyyatşünaslar özləri də himnin sözlərinin kimə məxsus olması məsələsində ortaq məxrəcə gələ bilmirlər. Bəziləri deyir ki, o, himnə bir neçə söz əlavə edib. Üzeyir bəy sonra çox gözəl himn yazıb. Lakin onu da məhv ediblər. Hətta yeni himnin lentlərini də Xalq Cəbhəsinin dövründə pozdurublar.
Dünya praktikasına əsasən himn majorda olmalı, insanlara ruh yüksəkliyi bəxş etməlidir, minorda himn olmaz. Fərhad Bədəlbəyli də 2-3 il əvvəl deyirdi ki, himnlə bağlı yenilik etməliyik. Bunun ən yaxşı yolu Üzeyir bəyin himn kimi yazdığı melodiyaya qayıtmaq, ona yeni sözlər yazmaqdır. İkinci variant Müslüm Maqomayevin "Azərbaycan" mahnısıdır. Əgər hamı bu məsələdə inad edirsə, onda himni oranjiman etmək, onu minordan majora keçirmək lazımdır. Onda heç kim bir söz demədi. Amma Araz Əlizadə bunu deyəndə hamı onun üstünə düşdü".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Salat Ağcaqayın ağacı (foto resept)
Dekorasiyada mərmər dəbi
Kəsmikli günəş (foto resept)
"Pide" (foto-resept)
Azərbaycanda daha 55 nəfər koronavirusdan sağaldı - RƏSMİ
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Sənsizəm...
Pritçalar
Yay Olimpiya oyunlarına lisenziyalarımız 21-ə çatdı
Prezident Qənirə Paşayevanı təltif edib
Avokadolu salat (foto-resept)
Bülent Ərsoy restorana hücum çəkdi-ŞOK İDDİA
Geyimlərinizi xilas edəcək tövsiyələr
İçin və arıqlayın
Azərbaycanda ən çox korrupsiya faktı bu sektorda aşkarlanıb
"Qarabağ Atı" Belçikada
Valideynlərin diqqətinə!
Hansı hallarda qeybətə icazə verilir?
Məşhur aparıcılar həbs olunur-SƏBƏB
Günün qoroskopu:Hisslərinizi dinləyin!
Futbolda ağ kart
Günün ulduz falı
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
İstehsalçıların yaratdığı təbəssüm
Payız və yaz sezonuna aid ziyafət geyimləri
Qəbul imtahanlarında bu şəxslərin iştirakına icazə verilməyəcək - RƏSMİ
Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü
Koronavirusla bağlı SON STATİSTİKA
Məntiqsiz qorxu – fobiya
Rəngarəng salat (foto resept)
Qusarda təhsil müəssisələri odunla təmin edilir
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
Surprizli zrazı (foto resept)
Avropada koronavirusun yeni dalğası gözlənilir
Qadınlar əlaqədən necə imtina edər?
Yaponiya yenə silkələndi
Südlü türk paxlavası (foto resept)
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi-FOTO
Məşhur cütlük Sevgililər günündə nişanlandı-FOTO
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı - FOTO
Tibbdə İNQİLAB
Yuxu yozmaları - Ə
"Whatsapp" bizə nə hazırlayır?
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Azərbaycan tarixindən yüz şəxsiyyət-38
Evdəki pis qoxuların qarşısını alan üsullar
Dinc sakinlərin qətlə yetirilməsi yolverilməzdir
Metronun qeyri-adi sərnişinləri
Xoruzların səhər banlamasının səbəbi öyrənildi
Ailə quran kimsəsiz gənclərə müjdə