Bütün valideynlər düşünürlər ki, onlar övladlarından ağıllı və uzaqgörəndirlər. Bu cür təfəkkür tərzinə elə alışmışıq ki, əksini heç cür qəbul edə bilmirik və bu cür düşünənləri də qınayırıq. Yaş səviyyəsi baxımından, valideynlərin həyati təcrübəsi nöqteyi- nəzərindən yanaşdıqda övladın ata- anasına nəsihət verməsini təbii ki, normal hesab edə bilmərik. Uşaqların görüb-götürməli , öyrənməli olduqları hələ çox şeylər var. Amma sentmentallığa varanda vallah- billah övladlarımız bizdən qat- qat üstündür. Onların saf, böyük hissləri ilə müqayisədə bizim düşünərək atdığımız addımlar belə adi şeylərdir. Xülasə, uşaqlar böyüklərdən böyükdür. İnanmırsınızsa müşahidələr aparın, fərqi görəcəksiniz. Yazıya təzəcə başlayıram, elə hesab edin ki, əvvəlki hissəni oxumamısınız .
Yazsam ki, övlad böyütmək nə qədər şərəfli və gözəl vəzifə olsa da bir o qədər də çətin və məsuliyyətli bir işdir, oxuyanda deyəcəksiniz ki, bunu hamımız bilirik. Növbəti cümləm- elə övlad böyüdəsən ki onunla daima fəxr edəsən- fikri ilə davam etsə yenə deyəcəksiniz ki, bu hamımızın arzusudur.- Yaxşı nümunəni uşaqlara ilk növbədə gərək özümüz göstərək- deyə yazımı bir az da genişləndirsəm əminəm ki, yenə də başınızı yelləyib”- burada heç bir yeni fikir yoxdur”- deyə deyinəcəksiniz. Onda bu hissəni də yazılmamış hesab edin. Burdan o yana yazdıqlarımı da oxuyub – “bunu da bilirik”- deyə düşünsəniz o zaman boş yerə vaxt sərf edib yazdığım üçün üzüləcəm. Amma, yox, siz bilsəniz də bilməyənlər çoxdur, elə isə qoyun onlar oxusunlar.
Uşaqlardan həmişə yazmaq istəmişəm, psixoloq kimi yox, sadəcə, qələm adamı kimi.Uşaqları müşahidə etmək, onların nə düşündüklərini bilmək xoşuma gəlir Bəzən çox yazıçının demədiyi sözü onlar deyir, aqillərin göstərmədikləri yola bizi uşaqların istiqamətləndirdikləri də olur. Qəribədir, çoxu bu gün uşağı döyüb – söyüb, heysiyyətinə toxunub, böyüyəndə isə onu qürurlu bir şəxsiyyət kimi görməyi arzulayır. O qüruru bu gün-“ burnun girməyən yerə başını soxma”- deyərək öldürdüyünün fərqinə varmır. Böyüklərə aid məsələləri uşaqlara səbrlə, daha yumşaq ,onun başa düşə biləcəyi şəkildə izah etmək lazımdır. Bir çox ailələrdə uşaqlarla qətiyyən düzgün olmayan bir tərzdə rəftar edilir. Onları qorxaqlığa alışdırırlar, sərbəst düşünmələrinə hər vasitə ilə mane olurlar. Az- çox cəsarətli uşaqların etirazına isə” üzə ağolma” kimi pis qiymət verirlər.
Valideynlər özlərinin buraxdıqları səhvlərin fərqində olmadan hər an övladlarında nöqsan axtarır, hər şeyin üstündə onları tənbeh edirlər. Qonşu uşağı evlərinə gətirdiyi üçün danlanan o qədər uşaqlar var ki adam onların öz evlərində belə qərib olduğunu düşünür. Etirazı təhqir sayan valideynlər övladlarının peşə arzusuna da qarışırlar. Rəssam olmaq istəyən övaldını ya həkim ,ya da hüquqşünas kimi görmək istəyirlər. Uşaqların maraqla verdiyi sualın cavabını belə ona izah etməyə tənbəllik edən valideynlərə də rast gəlirik. Onlar unudurlar ki, indi övladına verəcəyi dogru və yaxud yanlış cavab onun gələcəyini müəyyənləşdirməkdə böyük rola oynayır. Bu zaman uşaqlar istər yaxşı, istərsə də pis tərəfdən istiqamətlənmiş olurlar. Odur ki, özünüzü yox, övladlarınızı düşünün. Övladlarını düşünmək təkcə onlar üçün maddi sərvət toplamaq demək deyil , valideyn borcu bununla bitmir. Maddi sərvətlərdən qiymətli o qədər mənəvi dəyərlər var ki... ( özünüz bilirsiniz )
Siz heç övladı ilə məsləhətləşən valideynlər görmüsünüzmü? “ Uşaq haqlıdır” düşüncəsinə önəm verən valideynlər tanıyırsınızmı? ( cavabınız müsbətdirsə sevinməyə dəyər )
Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Dünya özü belə uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik...
Çoxları özünü öyür ki, uşağını guya yaxşı tərbiyə edir. Onun “yaxşı” deyə nəyi nəzərdə tutduğu bəllidir. Təbii ki, hər bir valideyn övladına oğurluğun, əxlaqsızlığın, adam ödürməyin pis əməl və yaxud cinayət olduğunu daima təbliğ edir. Bu əməlləri övladlarına yasaq etməklə mükəmməl tərbiyəsi olduğunu zənn etməklə valideynlər tərbiyə sistemini məhdudlaşdırırlar. Amma “heç kəsin cibinə göz dikmə, ucuz şöhrət dalınca qaçma , başqasının işinə qarışma” kimi tövsiyyələri isə elə- belə xırda şeylər hesab edirlər. Bunların da vacib şərtlər olduğuna önəm verməyən valideynlər hətta paxıllıq hissini belə övladlarına özləri aşılayır. Həm də çox asanlıqla edirlər bunu. Etiraz etməyin, bütün analar belə edir. Övladlarını sevdiklərindən ,başqasının övladına isə biganə olduqlarından bu cür davranırlar.
Övladının hər cür nazına dözüb, etirazına məhəl qoymadan, onu zorla yedirən anaları hamımız görürük. Ana yeməkdən imtina edən uşağı hər vasitə ilə şirnikləşdirir, onun bir qaşıq da artıq yeməsi üçün dəridən – qabıqdan çıxır.-“ Bunu da ye babana dəyməyə gedək, bunu da yesən sənə konfet verəcəm” -deyə uşağı dilə tuturlar . Ən pisi isə- “tez ol ye bax yoxsa gəlib o biri uşaqlar yeyəcək. Bax görürsən filankəs çox yeyir deyə o səndən sağlamdır”- kimi qorxulu ifadələrin işlədilməsidir. Çünki bununla da analar övladlarında paxıllıq hissinin bünövrəsini qoyurlar. Bəli,” sən ye yoxsa başqası yeyəcək.” Pislik, bir –birini sevməmək, başqasının uğurunu qəbul etməmək ilk istiamətini burdan alır. Hər kəs ”Qoy hər şey mənim olsun”- deyə düşünür. Çünki uşaq ikən hamının anası ona- “ye yoxsa başqası yeyəcək”- söyləyir. Ona görə də bu gün hamı çox yeməyə çalışır, sahib olduqlarını başqası ilə bölüşmək istəmir ( təkcə kədərindən başqa)
“ Filankəsin uşağı ac qurd kimi yeyir” tövsiyyəsi ilə böyüyən uşaq sonra ac qurda dönür, gözü heç nədən doymur, xüsusilə də əlinə vəzifə düşəndə. Bir də dəcəllik edən uşaqları həkimlə, iynəylə qorxutmağı doğru sanmaq olmaz. Bu pis təbliğatdır, uşaqları tibbdən uzaq salır.- “ Sakit dur yoxsa həkim gəlib iynə vuracaq” - Bu da bizim millətə məxsus tərbiyə üsullarından biridir. Uşaqlara həkimi və iynəni xeyirxahlığın, sağlamlığın rəmzi kimi təbliğ etmədiyimizdən də həkimliyi yalnız gəlirli peşə kimi sevirik.
Uşaqları əvvəlcə valideynləri, sonra isə cəmiyyət korlayır. Yaltaqlığı evdə valideynlərindən öyrənən uşaq böyüyəndə cəmiyyətdə də sosial baxımdan özündən üstün olan kəslərə yaltaqlanırlar .
Fərdi keyfiyyətləri ilə başqalarına nümunə ola biləcək övlad böyütmək üçün gərək özümüz onlara gözəl nümunə olaq. Ailəmizdə övladlarımızçün gözəl mənzərə yaratmalıyıq ki, onlar öz tablolarına hər şeyi al- əlvan rənglərdə köçürsünlər. Valideynlər özləri nəzakətli, mülayim olmalıdırlar ki, övladları da yoldaşları ilə bu cür rəftar etsinlər. Ata – anasını qonşu ilə savaşmasına adət edən uşaqlar da məktəb yoldaşları ilə yol getmirlər. Büdrəyib yıxılan övladına üstəlik bir şillə də vuran valideynin böyütdüyü vətəndaş heç kəsə qayğı göstərməyəcək. Övladı ilə dost olmayan valideynlərin uşaqlarının yanlış dost seçməsi çox asandır. Bu cür böyüyən uşaqlar əsl dostun kim olduğunu anlamayacaq, bəlkə də, onu uçuruma aparan birinə əl uzadacaq. Analarından qorxub sirrini rəfiqəsinə açan qızlar sonda tənha qalırlar .
Qəribədir, uşaq ikən övladını döyüb- söyən, alçaldan valideynlər sonralar kürəkəninin və yaxud gəlninin yanında övladının hüquq müdafiəçisinə çevrilirlər . (Fikirlərim valideyn haqqını inkar etməyə yönəlməyib. Müşahidələrimin bir qismini qələmə almışam. Bu çatışmazlıqları aradan qaldırmaq lazımdır ki, uşaqlar əziyyət çəkməsinlər. Təbii ki, bütün yanlışlıqları ilə bərabər hər kəs öz valideynini çox sevir.)
Uşaqların çatışmayan cəhətlərinin səbəbkarı kimi təkcə valideynləri göstərmək də haqsızlıq olar. Movzuya uşaqların özlərinin fərdi keyfiyyətlərini və ailədən kənarda gördüklərini də qatmaq olar. Evə gələn qonaqlar və qonaq getdiyimiz ev sahibləri bu çatışmazlıqda xüsusi yerlərdən birini tuturlar. Məsələn, stolun üstündəki konfetlərə baxıb ağzı sulanan uşağa ana allergiya səbəbindən onu yeməyə icazə vermirsə kənardan biri həmən o konfetləri uşağın ovcuna qoyur və-“ uşaqda işin olmasın qoy yesin”- deyərək yersiz müdaxilə edir. Bu hal heç də səxavətli olmaq demək deyil. Burada pis yönəltmə var. Digər bir nümunə - Qonaqla görüşməkdən çəkinən uşağı buna məcbur edirlər, ya da qonaq özü uşağı yanına çağırmaq üçün ona nəsə verəcəyini söyləyir. O “ nəyinsə” marağı uşağı bayaq istəmədiyi adamın yanına çəkib gətirir. Bu da rüşvətə doğru atılan ilk addımdır .
Heç sevmədiyim bir məqam da var ki, onu yazmasam bu qədər yazdıqlarım ürəyimə yatmayacaq .Bu da uşaqları danışdırmaqdan ötrü onlara verilən mənasız suallardır.
Bu sualın ən pisi –“ atanı çox istəyirsən yoxsa ananı?” – deyə veriləndir. Sual uşaqların aləmində ata- ana fərqinə maraq oyadır. O özü də müqayisəyə başlayır . “Atanla anan savaşırmı? ” – bu sualı isə uşaqlara mədəni insanlar vermirlər. Bu cür söhbətlərə maraq göstərən adamın çatışmayan çox şeyləri var.
Bir tip adamları da müşahidə etmişəm. Bunlar lap gülüncdürlər. Ona görə gülüncdülər k,i beş yaşlı uşağın avtobusda əyləşməsi onları qıcıqlandırır. Özünün ayaq üstə getməsindən çox uşağın rahatlığı onu narahat edir.” Sən dur uşaqsan qoy mən əyləşim” deyərək onları qaldırırlar .
Bu kimi halları nəzərə alaraq, xahiş edirəm ,ay böyülklər, sizin hər kəsə hər şeyə gücünüz çatır, siz öz ayaqlarınızın üzərində dura bilirsiniz- istər həyatda istər nəqliyyatda. İmkan verin uşaqlar mənzil başına rahat və sağlam çatsınlar.Bu “mənzil başı” kəlməsi təkcə informativ məna daşımır. Sözü obrazlı şəklə salsaq daha çox məna tapacağıq. Demək istəyirəm ki, övladlarımızı elə böyüdək ki, mənəvi yoxsulluqdan nə özləri əziyyət çəksinlər,nə də başqaları bu yoxsulluğun yükünü daşısınlar.
” Bunlar həqiqətdirmi? “ sualının cavabını məni kimi siz də bilirsiniz, hörmətli oxuyanlar. Siz də tanıyırsınız, siz də görmüsünüz onları. Lakin heç hansımız başqa ailələrin işinə qarışa bilmirik. Alacağımız kəskin cavabı bəri başdan düşünüb susuruq. Hansı valideynə biz qadağan edə bilərik bu cür rəftarı? Bunun üçün ancaq təbliğat aparmaq lazımdır.Kim necə bacarır o şəkildə. Belə məqamların gələcəkdə səbəb ola biləcəyi pislikləri mən də bax beləcə- sözün qüdrətinə arxalanıb aradan qaldırmaq istəyirəm. Uşaqlara düzgün tərbiyə metodu tətbiq edilməlidir, daha hər kəsin “ öz bildiyi kimi yox”
Bu fikirləri etiraz etməyə mənəvi haqqım çatan tanışlarıma, bu tövsiyələrə daha çox əməl etməyə ehtiyacı olan adamlara hər hansı bir vasitə ilə çatdırmaq istəyərkən ,ağlıma belə bir şey gəlir. Bəzən küçədə müxtəlif firmaların məhsulunu reklam etmək məqsədi ilə istəyənin olub- olmamasından asılı olmayaraq məcburi şəkildə adamlara müxtəlif cür təbliğat vasitələri göstərirlər. Adamlar baxır, bəyənir. Bəyənməyənlər belə məlumat almış olurlar. Bəlkə, mən də “ Tərbiyənin vacib şəkilləri “ adlı bər-bəzəkli bir yazı yazıb bax o adamlar kimi əhaliyə paylayım? Nə qədər olmasa beş-on nəfər alıb baxacaq, oxuyacaq. Bəlkə, yazımı elə bu cür ünvanına çatdırım. Ola bilsin ki, kimsə oxuyub dəyişdi. Kitab deyil ki, oxumayalar, elə-belə balaca bir yazıdır. Hə, kitab demişkən, adamın lap ağlamağı gəlir... Övladına ən bahalı geyim və oyuncaqlar alan bir çox valideynlər kitab almaqda yaman xəsislik edirlər. Əslində bu xəsislik də deyil. Nəsə dəhşətli bir çatışmazlıqdı. Sözdən söz çıxarmıram, amma oyuncaq deyəndə də bir şey yadıma düşdü. Oyuncaq həsrəti ilə yanan uşaqlar var ey... Onların valideynləri bu istəyi heç cür anlaya bilmir “ oyuncağa pul verməyi” də mənasız bir şey sayırlar. Axı niyə oyuncağa öz yaş səviyyələri ilə yanaşırlar. Bir uşaq üçün bunun dəyəri çox böyükdür. Daxilində hansı hisslərin mövcud olduğu uşaqların oyuncaqla necə rəftar etdiyindən bəlli olur.
Həm də axı bu onların sevinclərinin bir parçasıdır. Uşağı sevindirməyə nə var ki.. bir oyuncaq və yaxud təzə paltar sevinci ilə onlara həyatı sevdirmək asandır. Kaş bu sıraya kitab hədiyyəsi də daxil ola! Uşaqları elə təbliğ edək ki, onlar oyuncaqlar kimi kitabları da sevsinlər, alınmasını istəsinlər. Bu yazı vasitəsilə özünün yuxarıda qeyd etdiyim şəkildə olan tərbiyə üsulunu “ normal “ hesab edənlərə demək istəyirəm ki, “ Böyüklük haqqınızdan ağa kimi yararlanmayın, övladlarınızı alçaltmayın. Siz onlara üzü gələcəyə doğru getdikləri yolda düzgün istiqamət göstərin. Övladlarınızda insanlığa hörmət hissi oyadın. Əsəbi anlarınızda bir-birinizi təhqir edib onları bu səhnəyə tamaşaçı etməyin, alqışsız qalacaqsınız.Bir vaxt gələcək onlar sizə hər buraxdığınız səhvi bir əməl şəklində göstərəcəklər. Unutmayın ki, tərbiyə 3-4 adət etdiyimiz vərdişlər deyil.Əsl tərbiyə insan yetişdirməkdir. Bu gərəksiz tərbiyə vasitələri ilə insanlığı məhv etməyin. Uşaqlara alovun təhlükəli olmasını öyrətdiyiniz tək ədalətsiz olmağın da dəhşətlərini izah edin. “ Valideynəm” deyə zəif cəhətlərinizi övladlarınıza kortəbii surətdə sevdirməyin. Elə edin ki, uşaqlar sizi insan olduğunuzçün sevsinlər, bioloji bağlılığın məcburiyyətindən yox
Pərvanə Bayramqızı
XƏBƏR LENTİ
Kostyumları ilə hamını heyran edən təsirli filmlər
Milli Məclisdə beynəlxalq qurumlara etiraz edildi
Sobada plov (foto resept)
Qadın.Netlilərlə bir az gülək
Bir yalnızlıq simfoniyası
Ən gözəl qısa saç modelləri
"Gəlincik" tortlar
Sabah hava necə olacaq?
84 yaşlı qadından qorxan ayı qaçdı
Dünya 2.8 milyard il sonra
Azərbaycan zəngin tarix və mədəniyyət ölkəsidir
Qız atalarına ŞAD XƏBƏR - 10 MİN ALACAQSINIZ
1-6 aylıq körpənin inkişaf cədvəli
Erməni jurnalından şok etiraf
Möhtəşəm üzük modelləri
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Hava haqqında - 25.08.2013
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO
Qeyri-adi yataq dəstləri
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
İnstaqram Madonnaya qadağa qoydu
Balıq başından buğlama (foto-resept)
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Londondan Tokioya qeyri-adi qurğu ilə səyahət - VİDEO
Galaxy Note 3 gəlir
“Bez bebek”in aktrisası İLLƏR SONRA - FOTO
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
Azərbaycanda ov mövsümü açıq elan edildi
Bezeli, biskvitli qozlu tort (foto resept)
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Azərbaycan hərbçisindən çağırış - VİDEO
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Ermənistana gedə bilərik
Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir
Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu - FOTO
Facebook Messenger yeni rekord vurdu
Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom
Özcan Deniz "İstanbullu gəlin" serialından danışdı
Viktoriya Bekhem təbii dəridən imtina etdi
Ən böyük bina bu olacaq
Milli Məclis 11 qanunu dəyişdirdi
Bakıda dördəm doğuldu
Pul əl çirkidir?
Magistr olmaq istəyənlərin nəzərinə!
Baş Pediatrdan Peyvənd Açıqlaması
Göz makiyajı (2-ci hissə)
İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
"Vineqred" salatı (foto-resept)
ABŞ "İŞİD"ə müharibə elan etdi
- ŞƏRHLƏR