Bayaqkı dəstə hələ də pəncərənin önündə dayanmışdı və K.-nın da oraya yaxınlaşması, deyəsən, onları bir az narahat etdi. Qarılar durmaq istədilər, ancaq arxalarında dayanmış kişi onları sakitləşdirdi.
– Hələ ordakı dəstəyə baxın!–bu sözləri K. ucadan inspektora dedi və şəhadət barmağı ilə bayırı göstərdi,–Çəkilin oradan!–bu sözləri isə oradan baxanlara dedi. Onların üçü də o dəqiqə çəkildi. Qadınlar hətta cüssəli kişinin arxasında gizlənməyə çalışdılar. Kişinin dodaqlarının tərpənməsindən bilindi ki, onlara nəsə deyir. Ancaq çıxıb getmədilər, sanki fürsət gözləyirdilər ki, gizlincə pəncərəyə yaxınlaşsınlar.
– Nə zəhlətökən, qanacaqsız adamlardır!–K. geri döndü, gözünün ucu ilə inspektora baxanda ona elə gəldi ki, o da bununla razılaşdı. Ancaq belə də ola bilərdi ki, K.-nın dediklərini heç eşitməyib, çünki bir əlini masanın üstünə qoymuşdu və elə bil barmaqlarının uzunluğunu ölçməklə məşğul idi. Keşikçilər üstünə naxışlı palaz salınmış sandığın üstündə oturub dizlərini ovuşdururdular. Üç gənc də əllərini belinə qoyub bekarçılıqdan o yan-bu yana baxırdı. Elə sakitlik idi ki, deyərdin, başsız qalmış yerdir.
– Hə, cənablar,–deyən K.-ya birdən elə gəldi ki, içəridəkilərin hamısını çiyinlərində daşıyır,–Görkəminizə baxanda demək olar ki, mənimlə işinizi qurtardınız. Mənə elə gəlir, sizin bu hərəkətlərinizin haqlı və ya haqsız olduğu barədə fikirləşməkdənsə, barışıq əlaməti kimi bir- birimizin əlini sıxıb ayrılmaq daha yaxşı olar. Əgər siz də mənim kimi düşünürsünüzsə, onda buyurun...–deyən K. inspektorun oturduğu stola yaxınlaşıb əlini ona uzatdı. İnspektor başını qaldırdı, dodaqlarını çeynədi və K.-nın ona tərəf uzanmış əlinə baxdı. K.-ya hələ də elə gəlirdi ki, inspektor əl verəcək. Ancaq o, ayağa durub frölayn Bürstnerin çarpayısının üstünə qoymuş olduğu dəyirmi qalın papağını götürdü, hər iki əli ilə ehtiyatla başına qoydu, sanki onu təzə almışdı, yoxlayırdı.
– Bütün bunlar sizə necə də sadə görünür,–dedi,–Deyirsiniz, bu məsələni barışıqla sona çatdıraq, eləmi? Yox, yox, doğrudan da belə olmaz. Əlbəttə, bununla heç də demək istimirəm ki, ümidinizi üzün. Yox, niyə üzəsiniz? Siz yalnız həbs olunmusunuz, vəssalam. Mən bunu sizə deməliydim və dedim, eyni zamanda, necə qəbul etdiyinizi də gördüm. Bu günlük kifayətdir və biz vidalaşa bilərik, ancaq müvəqqəti... Yəqin indi banka gedəcəksiniz, elədirmi?
– Banka? Mən elə bilirdim, həbs olunmuşam...–K. bu sözləri saymazyana dedi, çünki inspektor əl verməsə də, onun ayağa durduğu andan özünü sərbəst, hər şeydən əvvəl də, bu adamlardan asılı olmadığını hiss edirdi. Onlarla oynamağa başladı. Fikirləşdi ki, gedəsi olsalar, qapıya qədər arxalarınca qaçıb desin ki, bəs onu həbs etmişdilər...
Ona görə də təkrar etdi:
– Həbs olunmuşamsa, banka necə gedə bilərəm?
– Belə de...–artıq qapıya çatan inspektor cavab verdi,–Siz məni düz başa düşmədiniz. Əlbəttə, həbs olunubsunuz, ancaq bu, işinizə mane olmayacaq. Heç gündəlik həyat tərzinizi də dəyişdirməməlidir.
– Belə həbs olunmağa nə var ki!–deyən K. inspektora tərəf getdi.
– Mən də elə düşünürəm...-İnspektor cavab verdi.
– Belə olan halda həbs olunmağım barədə xəbərdarlıq etmək elə də vacib deyildi,-deyən K. inspektora bir az da yaxınlaşdı. İndi içəridəkilərin hamısı qapının ağzına yığışmışdı.
– Bu mənim borcum idi,–dedi inspektor.
– Səfeh borcdur!–K. təslim olmaq istəmədi.
– Ola bilər... Ancaq gəlin belə söhbətlərlə vaxt itirməyək. Mən elə bildim, banka getmək istəyəcəksiniz. Lakin hər deyilən sözə bir məna verdiyiniz üçün əlavə edirəm: sizi banka getməyə məcbur etmirəm, sadəcə olaraq, elə bildim ki, oraya getmək istəyirsiniz və işinizi yüngülləşdirmək, oradakıların diqqətini cəlb etməmək üçün bu üç cənabı–öz həmkarlarınızı ixtiyarınıza vermək istədim.
– Necə?–K. heyrətlə həmin üç nəfərə baxdı. Bu çəlimsiz, diqqəti cəlb etməyən, yalnız kollektiv şəkillərdən yadında qalan üç cavan, həqiqətən, onunla bir bankda çalışırdılar, ancaq heç birinə həmkarı demək olmazdı və bu da sübut edirdi ki, inspektorun çox şeydən xəbəri yoxdur, ancaq doğrudan da orada aşağı vazifədə işləyirdilər. Bəs necə olmuşdu ki, bu K.-nın gözündən yayınmışdı? Gör inspektorla keşikçilər başını necə qatmışdılar ki, onları tanımamışdı. Qaraqabaq, danışanda əl-qolunu ölçən Rabenştayneri, gözləri çuxura düşmüş sarışın Kullixi və bir də səyriyən sifətində həmişə zəhlətökən bir təbəssüm dolaşan Kamineri!
– Sabahınız xeyir!–K. azacıq sonra dilləndi və yüngülcə baş əyməklə hər üçünə əl verdi,–Sizi tanıya bilmədim... Deməli, indi işə gedirik, elə deyilmi?
Cənablar tələsik gülərək başlarını tərpətdilər, sanki səhərdən elə bunu gözləyirmişlər və məlum olanda ki, K. papağını yadından çıxarıb otaqda qoyub, üçü də birdən oraya cumdu, hiss olundu ki, həyəcanlı imişlər. K. sakitcə dayanıb onların arxasınca baxdı. Əlbəttə, lap axırda hər şeyə biganə Rabenştayner zərif addımlarla yeriyirdi. Kaminer papağı ona uzatdı və K., həmişə bankda
olduğu kimi bu dəfə də özünü inandırmalı oldu ki, o, qəsdlə gülümsəmədi, heç qəsdlə gülümsəyə də bilməzdi. Ön otaqda özünü zərrə qədər də günahkar sanmayan frau Qrubax mənzilin qapısını çıxanlar üçün açıq saxladı və K. onun, adəti üzrə, yenə də dolu bədəninə mənasız yerə bərk-bərk sıxılmış önlüyünün bağına baxdı. Saatı əlində olan K. aşağıda qərara aldı ki, maşınla getsinlər, heç nədən gecikdikləri yarım saatı bir az da uzatmasınlar. Kaminer taksi gətirmək üçün tinə qaçdı, qalan iki nəfər isə sanki K.-nın başını qatmaq istədi, Kullix üzbəüz binanın giriş qapısını göstərdi: orada bayaqkı iri cüssəli, sarı bığlı kişi peyda oldu və əvvəlcə sanki bu iri bədənini göstərdiyinə pərt oldu, divarın dibinə çəkilib ona söykəndi. Yəqin ki qarılar da indi pilləkənlə enirdilər. K.-nın Kullixə acığı tutdu ki, niyə onların diqqətini həmin kişiyə cəlb etdi. Özü onu hamıdan əvvəl görmüşdü, hətta bəlkə gözləmişdi də...
– O tərəfə baxmayın!–deyə çəmkirdi və heç ağlına da gəlmədi ki, qarşısındakı müstəqil adamlardır, onlarla bu tərzdə danışmaq yaxşı deyil. Ancaq bunun fərqinə varmaq lazım olmadı, çünki həmin anda taksi gəlib çıxdı, yola düşdülər. K. yalnız indi xatırladı ki, nə inspektorun, nə də keşikçilərin getdiyinə fikir verməyib, əvvəlcə onlar iş yoldaşlarını görməyə qoymamışdılar, indi də iş yoldaşları onları... Deməli, gözlənilməz təsadüflərə hazır deyilmiş və qərara aldı ki, belə məsələlərdə daha dəqiq olsun. Qeyri-ixtiyari döndü, bir az dikəlib maşının arxa şüşəsindən baxdı ki, bəlkə inspektorla keşikçiləri görə bildi. Lakin tez də başını çevirdi, maşının bir küncündə yerini rahatladı, daha heç kəsi itirib-axtarmadı. Üzündən görünməsə də, məhz bu anda kiminləsə danışmağa ehtiyacı vardı, ancaq oğlanlar yorğun görünürdülər. Rabenştayner maşının pəncərəsindən sağa, Kullix isə sola baxırdı, yalnız irişən Kaminerlə danışa bilərdi, ancaq onu da ələ salmağa insanlıq yol vermirdi.
K. bu yaz axşamlarını adətən belə keçirirdi: işdən sonra imkan olanda–çox vaxt saat doqquza kimi otağında qalıb işləyirdi–tək və ya iş yoldaşları ilə bir az gəzişirdi, sonra da pivəxanaya gedirdi, həmişəki stolun arxasında adətən yaşlı adamlarla saat on birə qədər otururdu. Bəzən bu düzəndə müstəsnalar da olurdu: məsələn, işçilərinə, aralarındkı etimada xüsusi önəm verən bank direktoru onları maşın gəzintisnə və ya villasında axşam yeməyinə dəvət edirdi. Bundan əlavə, həftədə bir dəfə gecəni səhərə qədər meyxanalardan birində xidmətçi işləyən, gündüzlər qonaqlarını elə yataqda qarşılayan Elza adlı bir qızın yanına gedirdi.
Ancaq bu axşam-gərgin işlədiyindən, ad günü münasibətilə coxlu təbriklərdən, arzulardan sonra gün çox tez ötüb keçmişdi–evə getmək istədi. İş arası qısa fasilələrdə həmişə bu barədə düşünmüşdü. Nəyi nəzərdə tutduğunu dəqiq bilməsə də, ona elə gəlirdi ki, busəhərki hadisə frau Qrubaxın mənzilində nəsə bir intizamsızlıq yaradıb və oranı özü qaydaya salmalıdır. Orada hər şey qaydaya düşsə, hər şey əvvəlki kimi olardı. Xüsusilə, o üç məmurdan ehtiyat etməyə dəyməzdi, onların başı yenə də ağır bank işlərinə qarışmışdı, heç birində də dəyişiklik hiss olunmurdu. K. üçünü də gah tək-tək, gah da birlikdə otağına çağırmış, məqsədi də onları müşahidə etmək olmuş və bütün hallarda da razı qalmışdı.
Saat onun yarısında yaşadığı evin qarşısına çatanda, girişdə ayaqlarını aralı qoyaraq qəlyan çəkən bir gənclə rastlaşdı.
– Kimsiniz?–deyə tez soruşdu və başını oğlana tərəf uzatdı, çünki dəhlizin yarıqaranlığında onu yaxşı görə bilmədi.
– Dalandarın oğluyam, mərhəmətli cənab,–deyə oğlan qəlyanını ağzından çıxararaq yana çəkildi.
– Dalandarın oğlu?–bir də soruşan K. səbirsizliklə əlindəki əsa ilə döşəməni tıqqıldatmağa başladı.
– Bəlkə mərhəmətli cənaba nəsə lazımdır?! Atamı çağırım?
– Xeyr, xeyr,–K.-nın səsində nəsə rəhmdillik duyulurdu, elə bil oğlan pis iş görmüşdü, K. da onu bağışlayırdı. Sonra:–Hər şey qaydasındadır,–deyərək yoluna davam etdi, ancaq pilləkənə çatar-çatmaz bir də dönüb baxdı.
İstəsə, birbaşa öz otağına gedə bilərdi, ancaq frau Qrubaxla danışmaq istədiyi üçün onun qapısını döydü. Frau əlində corab stolun arxasında oturmuşdu və stolun üstündə də bir yığın köhnə corab vardı. K. nə edəcəyini bilməyərək, belə gec gəldiyi üçün üzr istədi, ancaq frau Qrubax onu çox mehriban qarşıladı, üzr istəməyə qoymadı və dedi ki, istədiyi vaxt gələ bilər, çünki K. onun ən yaxşı, ən sevimli kirayənişinidir. K. yan-yörəsinə boylandı: otaqda hər şey əvvəlki yerində idi, səhər yeməyi gətirilmiş, qab-qacaq da pəncərənin yanındakı balaca stoldan yığışdırılmışdı. “Sakitlik olanda, qadın əlləri çox iş görə bilir...”–deyə ürəyindən keçirdi. Özü onları elə yerindəcə sındırardı, heç vaxt harayasa daşıyıb aparmazdı. Bir növ minnətdərlıq hissi ilə frau Qrubaxa baxdı.
– Niyə gecənin bu vaxtı da işləyirsiniz?–deyə soruşdu.
Hər ikisi stolun arxasında oturmuşdu və K. da hərdən əlini onun üstündəki corabların arasına salırdı.
– İş çoxdur,–qadın dilləndi,–gündüzlər kirayənişinlərin ixtiyarında oluram. Yalnız axşamlar öz işlərimlə məşğul ola bilirəm.
– Yəqin bu gün də mən sizə xeyli əlavə iş yaratdım... Özü də qeyri–adi bir iş...
– Necə yəni?–qadın dikəldi və əlindəki işi saxladı.
– Bu gün səhər tezdən gələn kişiləri deyirəm.
– Belə de...–qadın sakitləşdi,–Mənim üçün heç bir əlavə iş yaratmadılar...
K. sakitcə onun işinə təzədən başlamasını seyr etdi. “Deyəsən, mənim bu barədə söhbət açdığıma təəccübləndi...”-deyə fikirləşdi,–“bu haqda danışdığıma yaxşı baxmır...”
– Xeyr, yəqin ki yaratmış oldum. Ancaq bir də belə şey olmayacaq.
– Yox, bir də belə şey ola bilməz!-qadın K.–nın dediklərini təsdiqlədi və kədərli bir təbəssümlə onun üzünə baxdı.
– Ciddi sözünüzdür?
– Bəli!–qadın yavaşdan dilləndi,–Ancaq bunu da çox ürəyinizə salmayın. Bu dünyada nələr olmur ki! Bir halda ki mənimlə belə səmimi söhbət edirsiniz, cənab K., onda boynuma alıram ki, bir az qapının arxasında dayanıb qulaq asdım, bir az da o iki keşikçi ilə söhbət etdim. Əslində söhbət sizin gələcəyinizdən gedir və doğrudan da sizə heyfim gəlir, bəlkə də bunun mənə heç dəxli yoxdur, çünki mən, olsa-olsa, sizin ev sahibəsiyəm. Düzdür, bəzi şeylər eşitdim və deməzdim ki, vəziyyət çox pisdir. Xeyr! Düzdür, siz həbs olunmusunuz, ancaq oğru kimi tutulmamısınız. Oğru kimi həbs olunmaq pis şeydir, ancaq sizin tutulmağınız... Mənə elə gəlir, burda nəsə bir elmi cəhət var... Əgər səfeh-səfeh danışıramsa, üzr istəyirəm... Düzdür, nə olduğunu başa düşmürəm, ancaq mənə elə gəlir, burda nəsə bir elmi cəhət var. Bəlkə də bunu heç başa düşmək lazım deyil...
– Dedikləriniz heç də səfeh sözlər deyil, frau Qrubax, ən azı, mən də qismən sizin kimi düşünürəm, ancaq bütün olub-keçənləri daha kəskin şəkildə mühakimə edirəm və burda da heç bir elmilik görmürəm, hamısını mənasız şey hesab edirəm. Məni pis yerdə yaxaladılar, vəssalam... Oyanan kimi Annanın gecikməsindən çaşmayıb ayağa dursaydım, kimliyindən asılı olmayaraq, qarşıma çıxanlara fikir verməyib birbaşa sizin yanınıza gəlsəydim, müstəsna hal kimi, bu dəfə mətbəxdə nahar etsəydim, sizdən paltarlarımı gətirməyi xahiş etsəydim, bir sözlə, ağıllı tərpənsəydim, heç nə də olmazdı, sonradan baş verənlərin hamısının qarşısı elə əvvəlcədən alınardı. Ancaq adam belə şeylərə çox vaxt hazır olmur. Məsələn, bankda belə şeylərə hazır oluram, orda heç vaxt başıma belə iş gələ bilməz, çünki özümün xidmətçim, şəhər telefonum var. Otağımdakı telefon aparatları qarşımdakı masanın üstündədirlər. Tez-tez yanıma adamlar, müştərilər, məmurlar gəlir, bundan əlavə, orda həmişə başım işə qarışır, hər cür təsadüfə hazır oluram və elə yerdə başıma bu cür iş gəlsəydi, əksinə, sevinərdim. Ancaq bütün bunların hamısı artıq arxada qalıb. Əslində, bu barədə heç danışmaq istəmirdim də, ancaq sizin fikrinizi, ağıllı bir qadının fikrini öyrənmək istəyirdim və çox şadam ki, bu barədə eyni cür düşünürük. İndi isə
mənə əl verin, bu cür uyarlıq əl verməklə təsdiqlənməlidir.
“Görəsən əl verəcəkmi?! İnspektor vermədi...”–deyə ürəyindən keçirdi və həmişəkindən fərqli olaraq qadını sınayıcı nəzərlərlə süzdü. Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gül kələmi salatı (foto-resept)
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Yoxmuş kimi görünən makiyaj
HİCABLI XANIMLAR ÜÇÜN
Bakıda yeni piyada keçidi istifadəyə verilir
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
İngiltərədə plastik çubuqlar qadağan edildi
Siqaret zərərlidir, bəs qutusu?
HAVA necə olacaq? 8 İyul
PDF yeniləndi
Atanızla yaşadığınız ən xoş və kədərli anınız (3-cü hissə)
Faydalı məsləhətlər
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
WhatsApp "sındırıldı"
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Dünyanın ən uzun tuneli bugün açılacaq
Prezident İlham Əliyevin faktları qarşısında “BBC News” aciz qaldı - VİDEO
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Rəngarəng rulet (foto resept)
Türkiyənin borcu tarixi rekord həddə çatdı
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Qorxulu makiyaj nümunələri
VW Scirocco təzələndi
Hava haqqında
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
İnsan zəkası nələrə qadirmiş...
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
4 yaşından rəsm çəkmək
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
"Ən yaxşı nəşriyyat"ın adı açıqlandı
Təbiətdən sevgini əks etdirən kadrlar
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Qan iltihablanması və müalicəsi
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Kendal gündəlik gəlirini AÇIQLADI
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
Saytların 45 faizində Facebook...
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Sirr saxlamaq fiziki baxımdan çətindir
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?
Nokia brendi yox olur
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO