Onlar kirimişcə yollarına davam etdilər. K. indi harda olduğunu bilmədən keşişlə yanaşı gedirdi. Əlindəki lampa çoxdan sönmüşdü. Qəflətən qarşısında hansı Müqəddəsinsə gümüş heykəlindən gümüşü bir parıltı qopub qaranlığa qarışdı. K. tamamilə keşişdən asılı vəziyyətdə qalmamaq üçün soruşdu:
– Biz indi əsas qapının yanındayıq?
– Xeyr, biz ordan çox uzaqdayıq. Getmək istəyirsən ki? K. indi bu barədə düşünməsə də, tez dedi:
– Əlbəttə getmək istəyirəm. Bankda prokurist işləyirəm, orda məni gözləyirlər. Buraya da bir
əcnəbi dostumuza kilsəni göstərməyə gəlmişdim.
– Yaxşı,–deyə keşiş əlini ona uzatdı,–onda get!
– Ancaq qaranlıqda yolu tək tapa bilmərəm.
– Sola–divara tərəf get, sonra onun dibi ilə gedərsən. Ondan aralanma, axırda çıxış qapısını tapacaqsan.
Keşiş yenicə ondan bir-iki addım aralanmışdı ki, K. lap ucadan qışqırdı:
– Xahiş edirəm, dayan!
– Dayandım!
– Daha məndən heç nə istəmirsən?
– Xeyr!
– Əvvəlcə mənə qarşı çox mehriban idin, hər şeyi başa saldın, ancaq indi qoyub gedirsən, elə bil sənin üçün heç kiməm...
– Axı sən getməlisən.
– Elədir... Ancaq məni başa düş...
– Əvvəlcə sən özün başa düş ki, mən kiməm...
– Sən türmənin keşişisən,–deyə K. ona tərəf getdi. Banka belə tez qayıtması o qədər də vacib deyildi, hələ burda xeyli qala bilərdi.
- Deməli, mən də məhkəmənin adamıyam. Niyə səndən nəsə istəməli idim?! Məhkəmə səndən heç nə istəmir. O səni gələndə qəbul edir, gedəndə də yola salır.
Onuncu fəsil
Son
Otuz bir yaşı tamam olmağa bir gün qalmış–axşam saat doqquz radələri idi, küçələrin səs-küyü səngimişdi–K.-nın yaşadığı mənzilə iki cənab gəldi. Əyinlərində sürtuk, başlarında isə sanki oraya yapışdırılmış dik şlyapa vardı, kök idilər, özləri də avazımışdılar. Mənzilin qapısından girərkən az çəkən “Buyur!–Yox, sən buyur!” mərasimi K.-nın yaşadığı otağın qapısında xeyli çəkdi. Kimlərinsə gələcəyini əvvəlcədən ona xəbər verməsələr də, K. özü qara geyinib qapının yanındakı kresloda oturmuşdu və təzə, dar əlcəklərini yavaş-yavaş barmaqlarına taxırdı, sanki qonaq gözləyirdi. O dəqiqə ayağa durub maraqla gələn cənablara baxdı.
– Məni aparmağa gəlmisiniz?–deyə soruşdu.
Cənablar başlarını tərpətdilər və əllərindəki şlyapaları ilə bir-birini göstərdilər. K. öz-özünə dedi ki, axı o başqa qonaq gözləyirdi. Pəncərəyə tərəf gedib, bir daha qaranlıq küçəyə baxdı. Küçənin o biri üzündəki pəncərələrin, demək olar ki, hamısı qaranlıq idi və çoxunun da pərdəsi salınmışdı. Yalnız hansısa pilləkən xanasının torlanmış pəncərəsindən işıq gəlir və orda da uşaqlar oynayırdılar. “Arxamca yaşlı, ikinci dərəcəli aktyorları göndəriblər!”–deyə ürəyindən keçirən K. buna bir daha əmin olmaq üçün ətrafına baxdı,–“Çox ucuz yolla mənim axırıma çıxmaq istəyirlər”. Və qəflətən onlara tərəf dönüb soruşdu:
– Hansı teatrda oynayırsınız?
- Teatrda?–deyə dodaqları səyriyən cənab sanki o birindən məsləhət istədi. O biri isə özünü lallığa vurdu, sanki gücənir, ancaq danışa bilmirdi. “Suallara hazır deyillər”–deyə ürəyindən keçirən K. şlyapasını götürməyə getdi.
Artıq elə pilləkəndəcə cənablar onun qolundan tutmaq istədilər, ancaq K. qoymadı:
– Küçədə tutarsınız... Mən xəstə deyiləm.
Ancaq giriş qapısına çatan kimi ondan elə asıldılar ki, K. ömründə heç kəslə belə yol getməmişdi. Onlar çiyinlərini bərk-bərk K.-nın çiyinlərinə söykədilər, lap aşağıda əllərindən möhkəm-möhkəm yapışdılar, sanki məktəb uşaqları əl-ələ vermişdi. K. dimdik onların arası ilə yeriyirdi və üçü də bir-birinə elə yapışmışdı ki, birinə əl vursan, üçünə də dəyərdi. Yalnız cansız əşyaları bir-birinə belə yaxın qoymaq olardı...
Küçə fənərlərinin altından keçəndə, bu cür gedişlə çox çətin olsa da, K. öz müşayiətçilərinə yaxşı-yaxşı baxmaq istədi, çünki otağı yarıqaranlıq olduğu üçün bunu edə bilməmişdi. Onların sallaq buxaqlarını görəndə, ürəyindən keçirdi: “Bəlkə də tenorlardır!” Sifətlərinin tər-təmiz işıldaması onu iyrəndirdi. Ona elə gəldi ki, hətta gözlərin kənarlarını təmizləyən, üst dodağı silən, buxaqdakı qırışları sığallayan əli də gördü...
K. dayandığı üçün o birilər də dayanmalı oldu. Onlar boş, kimsəsiz, yaşıllıqlarla bəzədilmiş bir meydanın kənarına çatmışdılar. “Axı niyə məhz sizi göndəriblər?!”–Bu sözlərdə sualdan çox təəssüf vardı. Deyəsən, cənablar nə deyəcəklərini bilmədilər, xəstənin nəfəsini dərməsini gözləyən sanitarlar kimi onun əlindəncə tutub dayandılar.
– Mən daha getmirəm!–deyə K. onları yoxlamaq istədi.
Cənablara nəsə demək lazım gəlmədi, sadəcə olaraq, əllərini buraxmadılar, onu yerindən qoparmağa çalışdılar, ancaq K. müqavimət göstərdi. “Onsuz da mənə güc bir daha lazım olmayacaq, indi onun hamısından istifadə edəcəm,”–deyə ürəyindən keçirdi. Yadına yapışqana ilişmiş milçəklər düşdü: dartınanda ayaqları qırılıb orda qalır, özləri isə azad olurdular. “Cənablara çətin olacaq!”
Bu vaxt aşağıdakı küçədən meydana tərəf qalxan balaca pilləkəndə frölayn Bürstner göründü. K. onun Bürstner olduğunu dəqiq bilmədi, ancaq çox oxşayırdı. İndi onun frölayn Bürstner olub- olmamasının K. üçün heç bir mənası yox idi və elə həmin anda da başa düşdü ki, müqavimət göstərməyin özü də mənasızdır. Müqavimət göstərmək, cənabların işini çətinə salmaq, özünü müdafiə etməklə son həyat işartısından ləzzət almağa çalışmaq elə böyük qəhrəmanlıq deyildi. Yerindən tərpəndi və bununla cənablara bəxş etdiyi sevincdən özünə də bir az pay düşdü. Ona görə cənablar onun hansı tərəfə gedəcəklərini müəyyənləşdirməsinə də maneçilik törətmədilər və o da onları frölayn Bürstnerin getdiyi yola çəkib apardı. Əlbəttə, qıza çatmaq, ona uzun-uzadı baxmaq istəmirdi, yalnız onu istəyirdi ki, bir xəbərdarlıq nişanəsi kimi onu gözdən itirməsin. “İndi əlimdən bircə o gəlir ki...–deyə ürəyindən keçirdi və öz addım səslərinin cənabların addım səsləri ilə ahəngdarlığı onun bu fikrini təsqiqlədi,–... indi əlimdən bircə o gəlir ki, özümü axıra qədər sakit idarə edəm. Həmişə həyatdan dördəlli yapışmışam və üstəlik də niyyətim həmişə yaxşı olmayıb. Bu, düzgün deyildi! İndi də onu göstərməliyəm ki, bir il davam edən məhkəmə mənə dərs olmadı? Doğrudanmı mən bu dünyadan qanmaz bir adam kimi köçməliyəm? Məgər mənim haqqımda mütləq deyilməlidi ki, məhkəmənin əvvəlində onu tez qurtarmaq istəyirdi, ancaq indi, sonunda onu təzədən başlamaq istəyir? İstəmirəm belə desinlər! Sağ olsunlar ki, mənə belə yarımlal, qanmaz yol yoldaşları verdilər, özümə deyiləsi vacib sözləri deməyi öz ixtiyarıma buraxdılar...”
Bu aralıqda frölayn Bürstner yan küçəyə burulmuşdu, ancaq o, daha K.-ya lazım deyildi, özünü bütünlüklə müşayiətçilərinin ixtiyarına vermişdi. Üçü də bir-birindən razı halda irəliləyərək ay işığına qərq olmuş bir körpünün üstünə çıxdılar. Cənablar indi K.-nın hər bir xırda hərəkətinə güzəştə gedirdilər və o, körpünün sürahisinə tərəf meyillənəndə, cənablar da fırlanıb onun yanında dayandılar. Ay işığında titrəyə-titrəyə parıldayan su iki tərəfə bölünərək balaca bir ada yaratmışdı və tökülmüş yarpaqlar, ot-alaq orda qalaqlanıb qalmışdı. Aşağıda indi görünməyən çınqıllı bir yol uzanırdı və həmin yol boyu da rahat skamyalar düzülmüşdü. K. yayda hərdən gəlib onların üstündə yayxanaraq oturar və ya uzanardı.
– Mən heç burda dayanmaq istəmirdim,–K. müşayiətçilərinin ona belə güzəşt etməsindən utanaraq dilləndi. Deyəsən, cənablardan biri onu düz başa düşmədikləri üçün K.-nın çiyinləri üzərindən o birinə yüngülcə iradını bildirdi və onlar yollarına davam etdilər.
Üzüyuxarı qalxan bir neçə küçəni keçdilər. Hərdən də gah uzaqdan, gah da lap yaxından polisləri
gördülər. Onlardan bəziləri gəzişirdi, bəziləri də tində dayanmışdı. Lopabığ bir polis əli qılıncının qəbzəsində sanki qəsdlə bu şübhəli dəstəyə lap yaxın gəldi. Cənablar dayandılar və polis yenicə ağzını açıb nəsə demək istəyəndə, K. güclə onları arxasınca dartıb apardı. Yolda tez- tez ehtiyatla dönüb geri baxdı ki, polis onları izləyir, ya yox. Polisdən bir tin aralanan kimi K. qaçmağa başladı, cənablar təngi nəfəs olsalar da, birlikdə qaçmalı oldular.
Şəhərdən tez çıxdılar və elə yerə gəldilər ki, burdan o yana birbaşa düzənliklər başlayırdı. Şəhərdəki son binanın lap yaxınlığında kimsəsiz, başsız qalmış bir daş karxanası vardı. Cənablar burda dayandılar: ya əvvəlcədən buraya gələcəklərini bilirdilər, ya da yorulub əldən düşmüşdülər, daha gedə bilmirdilər. Sakitcə dayanıb gözləyən K.-nın əllərini buraxdılar, şlyapalarını çıxarıb, tərlərini sildilər. Hər yan özünəməxsus təbiiliyi və sakitliyi ilə seçilən ay işığına qərq olmuşdu.
Cənablar öz aralarında nəzakətlə indi kimin nə edəcəyini müəyyənləşdirəndən sonra–deyəsən, kimin nə iş görəcəyi əvvəlcədən onlara deyilməmişdi–biri K.-ya yaxınlaşıb pencəyini, jiletini, axırda da köynəyini çıxardı. K., qeyri-ixtiyari üşəndi, kişi onu sakitləşdirmək üçün yüngülcə kürəyinə vurdu. Sonra paltarları səliqə ilə qatladı, sanki yaxın zamanlarda olmasa da, onlardan hələ istifadə ediləcəkdi. K. getdikcə sərinləşən axşam havasında hərəkətsiz qalıb üşüməsin deyə, kişi onun qolundan tutub gəzişməyə başladı və həmin vaxt ərzində o biri cənab da karxanada uyğun yer axtardı. Yeri tapan kimi əl elədi, cənab, K.-nı ora apardı. Karxananın divarına yaxın
yer idi, yanında da qırılmış bir daş vardı. Cənablar K.-nı yerə oturtdular, daşa tərəf əydilər, başını onun üstünə qoydular. Ancaq nə qədər çalışsalar da, hətta K. özü onlara kömək etsə də, onu avandına uzada bilmədilər, pis alındı. Cənablardan biri o birindən xahiş etdi ki, bu işi onun öhdəsinə buraxsın, ancaq yenə də alınmadı. Axırda elə uzandırdılar ki, əvvəlkilərdən də pis oldu. Sonra cənablardan biri sürtukunun yaxasını açdı, jiletinin üstündən bağlanmış kəmərdən sallanan qından nazik, uzun, iki tərəfi də kəsən bir qəssab bıçağı çıxardı, onu işığa tutub itiliyini yoxladı. Yenə o iyrənc “buyur, buyur” mərasimi başladı, biri bıçağı K.-nın başı üzərindən o birinə uzatdı, o da eyni tərzdə geri qaytardı. K. indi dəqiq bilirdi ki, onun vəzifəsi başı üzərində əldən-ələ keçən, o tərəf-bu tərəfə süzən bıçağı alıb, öz qarnına soxmaqdır. Ancaq bunu eləmədi, əksinə, boğazını bir az da geri qanırıb ətrafa baxdı. Özünü tam doğrulda bilmədi, onların vəzifələrini əllərindən ala bilmədi və bu son səhv üçün də məsuliyyəti o kəs daşıyırdı ki, bunun üçün lazım olan son gücü ona vermədi. Gözləri karxanaya lap yaxın olan evin son mərtəbəsinə sataşdı.
Qəflətən ordakı pəncərənin gözləri taybatay açıldı, arıq çəlimsiz bir kişi uzaqlardan, lap yuxarıdan aşağı əyildi, əllərini irəli uzatdı. Kim idi? Dost idi? Yaxşı adam idi? Ona yazığı gələn idi? Ona kömək etmək istəyirdi? Tənha idi? Yoxsa, hamısı idi? Kömək etmək olardımı? Bəlkə unutmuşdu, hələ bəhanələr gətirmək olardı? Əlbəttə, olardı! Düzdür, məntiq həmişə güclü olur, ancaq yaşamaq istəyən adamın qarşısında o da dayana bilməzdi! Bəs bircə dəfə də görə bilmədiyi o baş hakim harada idi? Əllərini qaldırıb, barmaqlarını araladı...
Cənablardan biri ikiəlli onun xirtdəyindən yapışdı, o biri isə bıçağı ürəyinə yeridib, iki dəfə burdu. Gözləri çevrilən K. son anda cənabların ona tərəf əyilərək yanaqları bir-birinə dəyə-dəyə onun necə keçindiyinə tamaşa etdiklərini gördü.
– Lap it kimi öldü!–Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi...
...Son...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ