Giriş
Bağla

Azərbaycan coğrafiyasının inkişaf tarixi-6

Bizimdir! / Virtual dərslər / Coğrafiya

 

Azərbaycan coğrafiyasının inkişaf tarixi-6

 

Ardı...

Toponimika 

Toponimlərimizin geniş mənada öyrənilməsi nəticəsində həm coğrafiyamızın, həm də xalqımızın və dilimizin uzaq keçmişi barəsində çox şey məlum olur. Ona görə də coğrafi adların tarixinə və toponimiyaya aid aparılan tədqiqatlar uzaq keçmişdən başlamışdır. M.F.Axundov, A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və b. coğrafi adların mənşəyi ilə yaxından məşğul olmuşlar.

1947-1950-ci illərdə H.M.Mamayevin mürəkkəb coğrafi adların tərkibindəki sözlərin, adların düzgün yazılışından bəhs edən əsəri çap olunur. 1960-1965-ci illərdə Azərbaycan toponimiyasının öyrənilməsi sahəsində ciddi addımlar atılır. Bu işlərin təşkilində və aparılmasında B.Ə.Budaqovun və R.M.Yüzbaşovun böyük xidmətləri olmuşdur.

Özünün 1966-cı ildə çapdan çıxan "Azərbaycanın coğrafi terminləri" adlı fundamental əsərində R.M.Yüzbaşov Azərbaycanın xalq coğrafi terminlərin, toponimik və elmi coğrafi terminlərin geniş təhlilini aparmış və elmi sistemləşdirilməsini vermişdir. Ölkədə aparılan toponimika tədqiqatları əsasında müxtəlif illərdə izahlı coğrafi lüğətlər tərtib və nəşr olunmuşdur (R.M.Yüzbaşov, O.U.Osmanov, B.Ə.Budaqov və b.).

1960-cı ildə Azərbaycan Coğrafiya Cəmiyyəti və 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin nəzdində daimi toponimika komissiyası yaradılmışdır.

Qafqaz və Şimali Azərbaycanda yayılan türk mənşəli toponimləri qoruyub saxlamaq və hərtərəfli tədqiqini aparmaq, xəritələrdə coğrafiadların düzgün yazılmasını təmin etmək məqsədilə 1973-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutunda coğrafi adlar (toponimika) şöbəsiyaradılır. 1973-cü ildə Azərbaycan toponimikasının problemlərinə həsr olunmuş I-ci və 1981-ci ildə isə II elmi konfranslar keçirilir. I konfrans Azərbaycan toponimlərinin ümumi məsələlərinə, ayrı-ayrı toponimlərin etimologiyasına, etnonimlərinə, coğrafi adların xəritədə yazılmasına və oroqrafiyasına, toponimlərin regional miqyasda tədqiqinə dair məruzələr dinlənilmiş və müzakirə edilmişdir.

II konfrans respublikamızda toponimika məktəbinin yarandığını və bu məktəbin geniş fəaliyyət göstərdiyini qəti təsdiq etdi. Buməktəbin varlığını həmin illər Böyük Qafqazın cənub yamacı (E.B.Nuriyev), Abşeron (M.Ə.Abbasov), Dağlıq Şirvan (N.S.Bəndəliyev), Şimali-Şərqi Azərbaycan və Böyük Qafqazın Cənub-Şərq hissəsi (X.H.Məmmədov) və s. regionlara dair aparılan tədqiqatlar təsdiq edirdi.

Y.Yusifov, S.Kərimov "Toponimikanın əsasları", S.Mirmahmudova "Ermənistanın oykonimləri", N.K. Məmmədov "Azərbaycanın yeradları (oronomiya)" dair əhəmiyyətli elmi əsərlər yazmışlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra (1991-ci il 18 oktyabr) toponimikaya və coğrafiyanın tarixinə aid tədqiqatlara diqqət xeyli artırıldı və əvvəlki illərdən fərqli olaraq onun tematikası genişləndirildi.

B.Ə.Budaqovun "Türk uluslarının yer yaddaşı" (Bakı, 1994) adlı geniş həcmli monoqrafiyası toponimika elminin inkişafında mühüm bir hadisəyə çevrildi. Hazırda o Qafqazın digər regionlarının toponimikasına dair yeni elmi əsərlər üzərində işləyir. Onun "toponimlər tarix elmi olmadan köksüz, dilçilik elmindən kənarda lal, coğrafiya elmindən ayrı məkansızdır" dərin məzmunlu kəlamları bu elmin ölkəmizvə xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb etdiyini göstərir. Son illər Coğrafiya İnstitutunda B.Ə.Budaqovun rəhbərliyi altındaDağlıq Qarabağın (A.İsmayılova) və Dağıstanın toponimlərinə aid (X.L.Xanməmmədov) əhəmiyyətli elmi-tədqiqat işləri başa çatdırılmışvə dissertasiyalar müdafiə edilmişdir.

Toponimika sahəsində qarşıda duran mühüm vəzifələr–mikrotoponimlərin tədqiqini davam etdirmək və geniş ərazilərdə yayılan tarixi türk torpaqlarının coğrafi adlarını öyrənmək və lüğətlərini tərtib etməkdir.

Azərbaycanda coğrafiya elminin tarixi üzrə də elmi-tədqiqat işləri aparılmış və əsərlər yazılmışdır. Bunlardan O.U.Osmanovun "Məşhur səyyah və coğrafiyaşünaslar" (Bakı 1970) kitabı özünün geniş məlumatlı olması ilə səciyyələnir. Kitabda müxtəlif dövrlərdə yaşamış əngörkəmli səyyahlar, coğrafiyaşünaslar və tədqiqatçıların coğrafi görüşləri, kəşfləri və səyahətləri haqqında qısa məlumat verilmişdir. N.K.Kərimovun "Qırx il səyahətdə" (Bakı, 1977) əsəri əhəmiyyətinə görə xüsusilə fərqlənir. Əsər XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Böyük Azərbaycan coğrafiyaşünası və səyyahı Zeynalabdin Şirvaninin Asiya və Afrikaya etdiyi 40 illik səyahətlərdən danışır.

Azərbaycanda keçmiş illərdə coğrafi məsələlərlə məşğul olmuş görkəmli alimlərimizin əsərlərinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Belə tədqiqatlar bizə ölkəmizin coğrafiyasının tarixi haqqında tam biliklər əldə etməyə imkan verir və bu günümüzün tələbatına cavab verə bilənlərdən istifadə edirik. Artıq bu sahədə tədqiqatlara başlanılmışdır. Həsən bəy Zərdabinin coğrafi fikirlərinin araşdırılması aparılıbdır və gələcəkdə də belə mövzuların davam etdirilməsi əhəmiyyətli olardı.

Azərbaycanda coğrafiya elminin son 50 ildə (1945-1995) inkişafına, Coğrafiya Cəmiyyətinin yaranmasının 60 illiyinə (1937-1997) və tədrisin tarixinə dair sanballı təhlillər və ümumiləşdirmələr aparılan əsərlər yazılmışdır. Belə tədqiqatların davam etdirilməsi yüksək səviyyəli coğrafiyaşünasların tarixi hazırlığına güclü təkan verəcəkdir. Coğrafiyaya yaxın olan digər təşkilatlardan Azər baycan EA-nın İqtisadiyyat İnstitutunun Regional şöbəsində uzun müddətdir ki, Azərbaycan iqtisadi coğrafiyasına dair tədqiqat işləri aparılır. Əvvəlki illərdə bu şöbədə akademik A.A.Nadirovun rəhbərliyi altında "Azərbaycan SSR-nin yeyinti sənayesi", "Kiçik şəhərlərin problemləri", "Naxçıvan MR" və bir sıra başqa əsərlər hazırlanmış, Azərbaycanda sənayenin yerləşdirilməsi problemlərinə aid əsaslı tədqiqatlar aparmışdır.

Azərbaycan Respublikası İslahatlar Mərkəzi (keçmiş Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutu) əməkdaşları, iqtisadi coğrafi cəhətdən xeyli qiymətli tədqiqat aparmaqdadırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində olan Regional siyasət, şöbəsi yeni iqtisadi inkişaf mərhələsində regionların kompleks şəklində fəaliyyət göstərməsi, ölkə ərazisində təsərrüfatın bərpası və tarazlı inkişafı istiqamətləri üzrə işlər aparır.

Kartoqrafiya və aerokosmik tədqiqatlar 

Kartoqrafiya. Azərbaycanda kartoqrafiyanın inkişafında M.Əliyevin, R.Piriyevin və Ş.Əliyevin və b. alimlərin böyük xidmətləri olmuşdur. Professor M.Əliyev Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərdə, o cümlədən Bakı Dövlət Universitetinin kartoqrafiya kafedrasında uzun müddət böyük yaradıcılıq işləri aparmışdır, elmi kadrlar hazırlığının əsasını qoymuşdur.

Kartoqrafiyanın Azərbaycanda inkişafını dörd dövrə ayırmaq olar: 

1. 1920-ci ilə qədər olan dövr; 

2. 1920-1945-ci illər; 

3. 1945-1990-cı illər; 

4. 1990-cı ildən sonrakı dövr.

Göstərilən dövrlərdə ölkəmizdə topoqrafik, kartoqrafiyanın elmi-nəzəri və kadr hazırlığı sahələriinkişaf etdirilmişdir.

Birinci dövr (1920-ci ilə qədər) Şimali Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə bağlı onun ərazisinin hərbi topoqrafiya baxımından ciddi öyrənilməsini əhatə edir. Belə xəritələrdə Azərbaycan həmişə Rusiya İmperiyasının ayrılmaz hissəsi olan Zaqafqaziya bölgəsinin tərkibində göstərilirdi və onunayrıca xəritəsi tərtib edilmirdi. 1903-cü ildə Rusiyanın məxfi təşkilatları tərəfindən tərtib olunmuş Zaqafqaziya xəritəsi bu regionda türkmənşəli adların coğrafi yayılmasını öyrənmək baxımından böyük maraq kəsb edir.

Azərbaycanda kartoqrafiyaya olan tələbatın kəskin surətdə artması ikinci dövrdə (1920-1945) müşahidə olunur. Ölkədə yeni rayonlaşdırmanın aparılması ilə əlaqədar olaraq onun təbiəti və iqtisadiyyatının əsaslı surətdə öyrənilməsi və xəritələşdirilməsi tələb olunurdu. İ.P.Vəkilov tərəfindən 1925-ci ildə Azərbaycan dilində ilk dəfə respublikanın on verstlik (1:420 000) təbii-siyasi xəritəsi tərtib olunmuşdur.

 

Azərbaycan coğrafiyasının inkişaf tarixi-6

 

Muğanda pambıqçılığın inkişafı, yeni suvarma sistemlərinin yaradılması böyük miqyaslı plan və xəritələrə tələbatı xeyli artırdı. Göstərilən tələbatla əlaqədar olaraq hipsometrik (1931, 1993), siyasi–inzibatı (1938), iqtisadi (1938, 1937) və s. xəritələr nəşr olunur.

Üçüncü dövrdə (1945-1990) Azərbaycanın elmi kartoqrafiyasının əsası qoyulur, kütləvi xəritəçilik məhsulları buraxılmağa başlanır və onların çeşidi genişləndirilir. 1965-ci ildə Z.M.Əfəndiyev tərəfindən Azərbaycan ərazisinin kartoqrafik baxımdan tarixi xəritələr (1700-1920-ci illər) üzrə problemləri öyrənilir, 1973-cü ildə Ş.Ç.Əliyevin "Xəzər dənizi tarixi xəritələrdə" adlı monoqrafiyası çapdan çıxır.

Coğrafiyanın müxtəlif istiqamətlərinə aid mükəmməl və yüksək texniki səviyyədə xəritələr tərtib olunur. Belə xəritələrin ən başlıcaları aşağıdakılardır: Azərbaycan Respublikasının geomorfologiya (1956, 1959, 1979), geologiya (1954), tektonika (1956, 1972), landşaft (1975), torpaq (1957) və s. göstərmək olar.

Fiziki coğrafiyaya dair bu və ya digər xəritələrin əksəriyyətinin tərtib olunmasında və müəllifliyində B.Ə.Budaqov, M.A.Müseyibov, N.Ş.Şirinov, B.A.Antonov, Ə.V.Məmmədov kimi təcrübəli alimlər və gənc nəslin nümayəndələri yaxından iştirak etmişlər. 1977-ci ildə Ə.M.Şıxlinski tərəfindən ilk dəfə dərin məzmunlu "Azərbaycan Respublikasının iqlim xəritəsi" tərtib olunur (1992-ci ildə təkrar nəşri). Ə.C.Əyyubov kənd təsərrüfat sahəsinin inkişafıüçün böyük əhəmiyyəti olan təbii-iqlim ehtiyatları haqqında zəngin informasiyalı "Azərbaycanın aqroiqlim rayonlaşdırılması xəritəsini (1976) buraxır".

Üçüncü dövrdə həmçinin Azərbaycanın siyasi-inzibatı, sənaye, kənd təsərrüfatı (Ə.M.Hacızadə, B.T.Nəzirova), əhali (1978, Ş.Q.Dəmirqayayev) və b. xəritələr nəşr edilir. İlk dəfə olaraq bu dövrdə Azərbaycan Respublikasında əhalinin məskunlaşması xəritəsi (Ş.Y.Göyçaylı, 1985) tərtib və çap edilmişdir. Azərbaycanda fiziki coğrafi atlasların yaradılması işləri ilk dəfə 1919-cu ildən başlanmışdır. Ə.M.Şıxlinskinin redaktorluğu ilə 14 çoxrəngli xəritələrdən ibarət olan atlas çap olunur.

1963-cü ildə respublikanın xəritəçilik sahəsində əlamətdar bir hadisə baş verir-Coğrafiya İnstitutu və digər təşkilatlardan olan coğrafiya alimləri tərəfindən 117 çoxrəngli xəritələr, zəngin qrafik materialları və izahlı mətnlərdən ibarət olan "Azərbaycan SSR-nin atlası" (Bakı-Moskva) nəşr olunur. İlk milli atlas hesab olunan bu qiymətli əsər dünyadavə MDB məkanında həm ölkəmizin coğrafiya elminin nailiyyətlərini nümayiş etdirdi və həm də onu tanıtmaqda müstəsna rol oynadı.

Atlas aşağıdakı beş bölmədən ibarətdir: 

1. giriş;

2. təbii şərait;

3. iqtisadiyyat;

4. mədəni quruculuq;

5. tarix. 

Göstərilən sahələr üzrə xəritələr seriyası, onların hər birinin yığcam izahatı, statistik cədvəlləri, diaqram materialları və s. verilmişdir. Bütün bunlar atlasın əyaniliyini artırır, oxunması və istifadəsini asanlaşdırır. 1975-ci ildə Almaniyada nəşr olunmuş: "Azərbaycan respublikasının palçıq vulkanları atlası" (Ə.Ə.Əlizadə, M.M.Zeynalov), palçıq vulkanlarının kompleks tədqiqi üzrə bu məzmunda dünya geologiya ədəbiyyatına daxil edilən ilk əsərlərdən hesab edilir. Akademik H.Ə.Əliyevin redaktorluğu və böyük müəllif kollektivin iştirakı ilə

1979-cu ildə Moskvada "Azərbaycan SSR-nin tədris və diyarşünaslıq atlası" çapdan çıxmışdır. Bu atlasın 51 xəritəsində ölkəmizin fiziki, iqtisadi və tarixi coğrafiyası orijinal və əyani şəkildə verilmişdir.

Güclü alim potensialına və elmi tədqiqat bazasına əsaslanan iqlim və aqroiqlim xəritəçiliyi Azərbaycanda əsl elmi mərkəzə çevrilmişdir. Bu mərkəzin bünövrəsini Ə.Ə.Mədətzadə, Ə.M.Şıxlinski, Ə.C.Əyyubov kimi görkəmli alimlər qoymuşdur. Ə.M.Şıxlinskinin redaktorluğu iləhazırlanmış "Azərbaycan SSR-nin istilik balansı atlası" (Bakı, 1978) böyük elmi və təsərrüfat əhəmiyyətinə malik idi. Atlasda hər biriizahlı mətnlə müşaiyət olunan 51 iqlim xəritəsi izoxətlər ilə tərtib olunmuşdur.

Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra başlanan yeni dövrü (1991-ci ildən sonra) kartoqrafiya sənayesinin inkişafına, onun məhsullarının çeşidinə tələbatı kəskin surətdə artırdı. Azərbaycan Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi müstəqil fəaliyyət göstərməyə başladı. Onun nəzdindəki kartoqrafiya fabriki ölkənin artan tələbatını ödəmək üçün xəritə məhsulları istehsalınıbərpa etdi. Komitə həmçinin 1972-ci ildən BDU-nun coğrafiya fakültəsində kartoqrafiya ixtisası üzrə kadr hazırlığına diqqəti artırdı.

Kartoqrafiyaya dair tədqiqat işləri davam etdirilmişdir, bir sıra əsərlər yazılmışdır. Xəritələrin tərtibinin elmi-metodoloji prinsiplərinin hazırlanmasında, morfometrik xəritələrin tərtibində R.X.Piriyevin böyük xidmətləri olmuşdur. Onun "Kartoqrafiya" (Bakı, 1964, 1975) dərsliyi, «"Relyefin morfometrik təhlili" (Bakı, 1986) monoqrafiyası, "Geodeziyanın əsasları və topoqrafiya" (Bakı, 1994) tədris kitabı vəb. kartoqrafiyanın inkişafına güclü təkan vermişdir.

1990-1993-cü illərdə Azərbaycan Respublikası, Yuxarı Qarabağ və Abşeronun yeniləşdirilmiş ümumi coğrafi xəritələri nəşr olunur. Orta məktəblər üçün Şimali və Cənubi Amerikanın, Afrikanın, Avrasiyanın fiziki və siyasi- inzibati xəritələri kiril və latın əlifbaları ilə çap edilir.

Sosial-iqtisadi və inzibatı ərazi bölgüsü xəritələrinə tələbat artdığından Azərbaycanın orta və kiçik miqyaslarda yeni inzibatı-ərazi bölgüsü xəritələri (1993, 1994), statistik məlumatları təzələməklə kənd təsərrüfatı, sənaye (B.T.Nəzirova), əhali (Ş.Q.Dəmirqayayev, E.K.Mirəliyev) xəritələri təkrar nəşr olunur.

M.H.Qocamanov, Z.A.Bağmanovun "Geodeziya ölçülərinin riyazi hesablanması" (Bakı, 2000), dərs vəsaiti ölçmə işlərinin riyazi əsaslarından bəhs edir.  Ən yeni geodeziya, kartoqrafiya və aerokosmik topoqrafiya lüğəti M.H.Qocamanov tərəfindən hazırlanmışdır.

Ə.C.Əyyubovun çox böyük əməyi nəticəsində 1993-cü ildə 124 çoxrəngli xəritələrdən ibarət olan "Azərbaycan Respublikasının aqroiqlimatlası" azərbaycan və rus dillərində nəşr olunurdu. Özünün elmi metodiki əhəmiyyətinə, informasiyasının zənginliyinə, orijinallığına və irihəcminə görə bu atlas dağlıq ölkələrə həsr olunan ilk dəyərli atlasdır.

Bundan başqa, 1994-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutu, BDU-nun fiziki coğrafiya kafedrasının əməkdaşları ilə birlikdə "Azərbaycanın oroqrafiya xəritəsi" (B.Ə.Budaqov, İ.E.Mərdanov, R.Y.Quliyev), 1995-ci ildə isə BDU-nun adıçəkilən kafedrasında "Azərbaycanın geomorfoloji xəritəsi" (M.A.Müseyibov, B.Ə.Budaqov, R.Y.Quliyev, R.Ə.Babayev) nəşr edilmişdir.

Azərbaycan EA Coğrafiya İnstitutunun çapa hazırladığı qiymətli və faydalı atlaslardan biri də "Azərbaycan Respublikasının təbii şəraiti və təbii ehtiyatları atlası"-dır. Böyük müəllif kollektivinin iştirakı və son nailiyyətlər əsasında tərtib edilən bu atlas ölkənin təbii ehtiyat potensialının aşkar edilib qiymətləndirilməsi, coğrafiyasının müəyyən edilməsində və səmərəli istifadəsində müstəsna əhəmiyyət kəsbedəcəkdir.

Aerokosmik tədqiqatlar

XX əsrdə coğrafiya elmi tarixində baş verən yeniliklərdən biri də kosmosdan yerin öyrənilməsinə imkan verən aerokosmik metodun yaranması oldu. Bunu bir çox hallarda müstəqil kosmik coğrafiya elmi kimi də adlandırırlar.

Yer səthinin məsafədən, yəni yerdən kənarda yerləşdirilən təyyarələr, vertolyotlar, süni peyklər, kosmik və s. vasitələrlə öyrənilməsi kosmik tədqiqatlar metodu adlanır. Geniş geoinformasiya məlumatlarına malik olan bu metodun bizim elmdə istifadəsi sanki ona yenihəyat verdi, canlandırdı, biliklərin lap dərinliklərinə baş vurmağa imkan yaratdı.

Azərbaycanda kosmik tədqiqatların materiallarından hələ 70-ci illərdən istifadə olunmağa başlanmışdır. Moskvadan sonra Bakıda ilk dəfə olaraq 1974-cü ildə akad. T.G.İsmayılovun rəhbərliyi altında Azərbaycan SSR EA nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradıldı. Bu institut o zamanlar Qafqaz-Xəzər regionunun geoloji quruluşu və faydalı qazıntılarını, meşə və torpaq örtüyünü, hidrosferin və ətraf mühitin mühafizəsi məsələlərini öyrənirdi. Həmin təşkilat hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinə (AMAKA) çevrilmiş və bu adla da fəaliyyət göstərir. Agentlikdə coğrafiyaya aid tədqiqatlar Ekologiya İnstitutu tərəfindən aparılır. Kosmik geoinformasiyadan istifadə yolu ilə təbii-ərazi komplekslərinin öyrənilməsində və onların proqnozlarının verilməsində bu institut əhəmiyyətli işlər görür. Hazırda İnstitutda 6 şöbə və 8 laboratoriya fəaliyyət göstərir. Həmin struktur vahidləri atmosferdə, su hövzələrində, torpaq və bitkiörtüyündə gedən istər təbii və istərsə də antropogen mənşəli zərərli proseslərin tədqiqi ilə məşğul olur. Aparılmış tədqiqatlar nəticəsində sel axınları, sürüşmə, uçqun və s. kimi təbii dağıdıcı proseslərin qarşısının alınması kimi vacib məsələlər öyrənilmiş və müvafiq orqanlara konkret tövsiyələr verilmişdir. Aparılan bu tədqiqatların nəticələri YUNESKO, "İnterkosmos" və b. təşkilatlartərəfindən bəyənilmişdir.

Aerokosmik tədqiqatların genişlənməsində 1977-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutu nəzdində Aerokosmik metodların coğrafiyaya tətbiqi laboratoriyasının təşkil edilməsi mühüm rol oynayır.

Aerokosmik metodlar fiziki coğrafiyanın ən mühüm sahələri olan geomorfologiya və landşaftşünaslıqda daha böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövrlərdə çəkilmiş kosmik şəkillərin müqayisəsi əsasında Böyük Qafqazın şərq və Kiçik Qafqazın Azərbaycan hissələrinin tektonik qırılmalarına uyğun gələn və qanunauyğun şəkildə istiqamətlənmiş mürəkkəb şəbəkəsi aşkar edilmişdir. Həmin ərazilərdə aparılan kosmik təhlillər əsasında iri və kiçikmiqyaslı morfostruktur xəritələr tərtib olunmuşdur (B.Ə.Budaqov, E.K.Əlizadə, A.Mikayılov 1984-1998).

Bütün bu kosmik tədqiqatlar E.K.Əlizadənin yazdığı "Azərbaycan və ətraf dağlıq ərazilərin morfostruktur quruluşu" (1998) monoqrafiyasında ətraflı şəkildə təhlil olunmuş və ümumiləşdirilmişdir.

Azərbaycanın landşaftlarının kosmik tədqiqat materialları əsasında öyrənilməsi xeyli genişləndirilmişdir. Belə tədqiqatlar ilk növbədə Böyük Qafqazın cənub yamacları və Acınohur-Ceyrançöl alçaq dağlıq ərazilərini əhatə etmişdir (B.A.Seyfullayev, 1980). Bu tədqiqatların nəticəsində antropogen landşaftların ərazidə qarşılıqlı yayılmasının qanunauyğunluqları, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Ağ-qara kosmik şəkillər əsasında landşaft vahidlərinin (tip-yarım tip növ) və landşaft tiplərinin xəritələri tərtib edilmişdir.

Aerokosmik şəkillərin deşifrələnmə materiallarının tətbiqi əsasında Kiçik Qafqazın yeni tektonik hərəkətlərin və morfostrukturların müasir landşaftların formalaşmasına təsiri aydınlaşdırılmışdır.

Kosmik tədqiqatlardan digər fiziki-coğrafi proseslərin-sel ocaqlarının yaranması (Məmmədquluzadə, 1986), ekzogen proseslərin inkişaf dinamikası və yayılma coğrafiyası öyrənilib və xəritələşdirilməsi aparılıbdır (Əlizadə, Tarixzadə 1997, 1998).

Kosmik şəkillərdən istifadə edərək aqroirriqasiya landşaftları vəziyyəti, müasir inkişaf dinamikası öyrənilmiş və Kür çayının sağ sahili düzənliklərinin aqroirriqasiyası landşaftları xəritəsi tərtib edilmişdir (Yusifov 1990, 1998). Bundan başqa göstərilən materialların köməyi ilə Azərbaycanın palçıq vulkanlarının landşaftları öyrənilmişdir (Mikayılov, Zeynalov 1997, 1998).

Aerokosmik metodlar vasitəsi ilə müxtəlif məzmunlu iqtisadi coğrafi tədqiqatlar da aparılmışdır. Lakin respublikamızda bu istiqamətdə aparılan tədqiqatları qənaətbəxş hesab etmək olmaz.

Hazırda sərhədyanı ərazilərdən və qonşu respublikalardan Azərbaycana daxil olan su ehtiyatlarının tədqiqi sahəsində geniş işlər aparılır. Müəyyən edilmişdir ki, Ermənistan ərazisindən bizə axan çaylar–Araz, Oxçuçay, Debet, Ağstafaçay, Tovuzçay və b. həddən artıq çox çirklənirlər. Bəzi maddələrin (Ca, Na, HCO3, NH3 və s.) miqdarı beynəlxalq normalardan 10 dəfələrlə artıqdır. Bundan başqa Agentliyin nəzdindəki institutlar Abşeron torpaqlarının neft məhsulları ilə çirklənməsi, şoranlaşması,bataqlıqlaşması və s. kimi ekoloji məsələlərin tədqiqi sahəsində və kartoqrafiya kafedrasında aerokosmik materiallar əsasında Abşeron yarımadasının ekoloji, topoqrafik xəritələrinin tərtibi və təhlili üzərində elmi-tədqiqat işləri aparılmağa başlanmışdır (Ə.T.Talıbov 1999).

Beləliklə, göründüyü kimi aerokosmik metodlar Azərbaycanın təbii, ekoloji və təsərrüfat-ərazi-məskunlaşma-kommunikasiya sistemlərinin öyrənilməsi istiqamətlərini daha da genişləndirməyə imkan verəcəkdir.

Ardı var...

Taptıq Həsənov

Əbdürrəhim Hacızadə

"Coğrafiya tarixi"



Şərhlər (7)

Xanim_Xatun Xanim_Xatun 13 June 2015 10:11 Cavab yaz

İlk milli atlas hesab olunan bu qiymətli əsər dünyadavə MDB məkanında həm ölkəmizin coğrafiya elminin nailiyyətlərini nümayiş etdirdi və həm də onu tanıtmaqda müstəsna rol oynadı.
qeribe qeribe 28 April 2015 21:18 Cavab yaz

Məktəb illəri, o gözəl günlər. Sayəndə yenidən təkrarladım. Bilmirəm belə xəbərlərə xanınlarımız niyə ciddi yanaşmırlar. Hər birimizin evində məktəbli var. mən şəxsən bu xəbərləri oxuyuram. Bildiklərimi təkrarlayır, bilmədiklərimi öyrənirəm. Uşaqların dərslərinə kömək etmək üçün çox yardımçı olur mmənə.Təşəkkürlər Agat.

Duz deyirsen o gözəl günlər.
Təşəkkürlər məlumat üçün.

Təşəkkürlər məlumat üçün.
Ellada84 Ellada84 27 April 2015 00:50 Cavab yaz

Məktəbdə oxuyanda coğrafiya dərsini maraqla oxuyardım. İndi həvəs yoxdu. cray
aya hasret gece.... aya hasret gece.... 26 April 2015 18:42 Cavab yaz

Mekteb illerim yadima dusduye vallahi sayenizde tekrarladim
Deniz84 Deniz84 26 April 2015 18:12 Cavab yaz

Məktəb illəri, o gözəl günlər. Sayəndə yenidən təkrarladım. Bilmirəm belə xəbərlərə xanınlarımız niyə ciddi yanaşmırlar. Hər birimizin evində məktəbli var. mən şəxsən bu xəbərləri oxuyuram. Bildiklərimi təkrarlayır, bilmədiklərimi öyrənirəm. Uşaqların dərslərinə kömək etmək üçün çox yardımçı olur mmənə.
Təşəkkürlər Agat.
virtual dərslər virtual dərslər 26 April 2015 17:26 Cavab yaz

Aerokosmik metodlar vasitəsi ilə müxtəlif məzmunlu iqtisadi coğrafi tədqiqatlar da aparılmışdır. Lakin respublikamızda bu istiqamətdə aparılan tədqiqatları qənaətbəxş hesab etmək olmaz.
Shari Shari 26 April 2015 17:15 Cavab yaz

Məktəb illəri yadıma düşdü. cray

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика