
14 fevralda şəhərdə əlində qızılgüllə dolaşan xeyli sevən cütlük görmək olar. Həmin gün məhəbbətə, diqqətə ehtiyac sanki daha da çoxalır. Küsülülər barışır, sevgisini deməyənlər bu addımı atmağa cəsarət edir. Kiminsə bəxti gətirir, kiminsə yox. Buna baxmayaraq, Sevgililər günündə hər kəs sevgilisinin onu xatırlamasını gözləyir. Sevgi üçün hansı tarixdə bayram yaşamasının bir fərqi yoxdur. Amma cütlüklər arasında sevgililər gününün hansı tarixdə qeyd olunması çətinlik yaratmağa başlayıb. Kimi dini, kimi də milli dəyərlər baxımından sevgililər gününü İlham və Fərizənin toy günü - 30 iyunda qeyd etməyi münasib görür.
Sevgililər gününü nə vaxt qeyd edirik?
28 yaşlı Kəmalə Məmmədovanın Milli.Az-a dediyinə görə, sevgililər gününü fevralın 14-də qeyd edirlər: “Hələ həyat yoldaşımla ailə qurmazdan əvvəl bu tarixdə qeyd edirdik. Ona görə də həmin gün mənim üçün çox əzizdir. Mən sevgililər gününün niyə məhz həmin tarixdə qeyd olunmasını, bayramın necə yaranmasını bilmirəm. Sadəcə 14 fevral mənim üçün həmişə sevgi günü olub. 30 iyun isə məndə kədər hissləri oyadır. Lakin yoldaşım sevgililər gününün 30 iyunda qeyd olunmasının tərəfdarıdır. Mən də onunla razılaşmalı oluram”.
17 yaşlı 11-ci sinif şagirdi Arif Kərimov da sevgililər gününün 14 fevralda keçirilməsinin tərəfdarıdır: “Sinif yoldaşım, ümumiyyətlə, bütün şagirdlər sevgililər gününü fevralın 14-də qeyd edirlər. 30 iyunda kiminsə kiməsə hədiyyə verdiyini görməmişəm. Sevmək, sevdiyinə hədiyyə almaq hər gün olar. Bunun üçün mütləq bayram olmamalıdır”.
Yeni ailə quran Günay namaz qıldığı üçün belə bayramların tərəfdarı olmadığını bildirdi: “14 fevral bizim dinimizə uyğun bayram deyil. 30 iyunda bir-birimizə hədiyyə veririk. Ümumiyyətlə, dini bayramları qeyd etməyə üstünlük verirəm. Bu səbəbdən 30 iyunu da təmtəraqla qeyd etmirəm. Sadəcə ailə münasibətlərimizi daha romantik etmək, başqa sevgililərdən geri qalmamaq üçün 30 iyunu sevgi günü kimi qəbul edirik”.
14 fevralı qeyd etmək günahdırmı?
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullahın sözlərinə görə, əgər insanlar bir ənənə yaradıb bayram edirsə, islam dininə bunun aidiyyatı yoxdur: “İnsanlar istər 8 Mart, istərsə də 14 Fevral bayramını qeyd etməyə özləri qərar verirlər. Əgər bayramı qeyd edərkən bir-birinə hörmətsizlik etmir, bir-birinin haqlarını tapdalamır, islam dininə qarşı zidd bir hərəkət etmirlərsə, dinimiz bayramı qeyd etməyə qadağa qoymur. Əgər bayramla bağlı bir ənənə islam dininə qarşıdırsa, din onu qadağan edir. Misal üçün, insanlar Yeni il bayramını qeyd edir və bunu İsa peyğəmbərin ruhu ilə bağlayırlarsa, islamda buna qadağa yoxdur. Bayrama haram gətirərlərsə, spirtli içki süfrəyə qoyarlarsa, onda islam dini günahdan çəkinməyə sövq edir”.
Hacı Fuad Nurullah bildirib ki, 14 fevral Valentinin adı ilə bağlıdır: “Valentin xristianlarda keşiş olub. İki bir-birini sevən, lakin qovuşmağa icazə verilməyən cavana kəbin kəsib. Onların qovuşmasına şərait yaradıb, qanunları pozub. Lakin islam dinində belə deyil. İki nəfər bir-birini sevirsə, ata-ananın halallığı olmalıdır. İlk növbədə də onların nikahına ata icazə verməlidir”.
Onun dediyinə görə, Azərbaycan demokratik ölkədir. Öz qanunları var. Ölkədə müxtəlif xalqlar və fərqli dinlərə inananlar var: “Biz başqa dinə və onların ənənələrinə hörmət qoyuruq. Ənənələr, bayramlar islama, Qurana zidd deyilsə, ona əks çıxmırsa, insanlar arasında əxlaqi, ciddi problemlər yaratmırsa, dində buna qadağa yoxdur. Sevənlər bir-birinə hədiyyə verir və bayramı haramdan uzaq şəkildə qeyd edirlərsə, islam dini həmin bayrama qarşı çıxmır”.
Təzəpir məscidindən hacı Abdulla bildirib ki, 14 fevralda bayram qeyd etməkdə heç bir günah iş yoxdur: “Lakin öz gözəl bayramlarımızı qeyd etmək daha məsləhətlidir. Avropa gündə bir bayram çıxardırsa, onları qeyd etməliyik?”
Sosioloq Əhməd Qəşəmoğlu da sevgililər gününün 14 fevralda qeyd olunmasına pis baxır: “Tam əleyhinə də deyiləm. Kimsə bir vasitə axtarıb öz sevgilisini təbrik etmək istəyirsə, bunda pis bir şey yoxdur. Lakin o bayramın çox təbliğ olunmasını da qəbul edə bilmirəm”. Sosioloq əlavə edib ki, indiki gənclər kənd yerlərində nə 14 fevral, nə də 30 iyunda bayramın qeyd olunmasına meyl etmirlər: “Bakıda daha çox 14 fevralda qeyd edirlər. Bu hiss olunur”.
30 iyunda sevgililər əylənə bilərlər?
Psixoloq Dəyanət Rzayevin Milli.Az-a dediyinə görə, sevgililər günü məhz 14 fevralda qeyd olunmalıdır: “Əvvəllər də sevgililər gününü bu tarixdə qeyd edirdilər. Bu bayramı şəhidlərlə bağlamaq düzgün deyil. İlham şəhid olduğu üçün Fərizə intihar edir. Həmin tarix toy günü ilə bağlı olsa da, ölüm və faciə ilə assosiasiya olunur. 30 iyun sevgililərin bayramı deyil, faciəni yada salan bir gündür. Psixoloji nöqteyi-nəzərdən hesab edirəm ki, həmin günü başqa bir adla qeyd etmək və o böyük sevginin xatirəsini yad etmək olar”.
D.Rzayev qeyd edib ki, 14 fevral bütün dünyada Sevgililər Günü kimi qeyd olunur: “Bu səbəbdən də əksəriyyət sevgililər gününü 14 fevralda qeyd etməyi üstün tutur. Bu bir ənənə olaraq davam etdirilir. Artıq insanların şüurunda və şüuraltında bu bayram həkk olunub. 14 fevral deyəndə hamı sevgililər bayramının olduğunu bilir. İlham və Fərizənin sevgisi faciə ilə bitib. Şəhidlərin ruhu şad olsun! Düşünürəm ki, faciə ilə bitən sonluğu bayram kimi qeyd etmək düzgün deyil. Ona görə də sevgililər gününün 14 fevral deyil, başqa gündə qeyd olunması nəzərdə tutulsa da, həmin gün və bayram neytral adama aid olmalıdır”.
“30 iyunda sevgililər gününü qeyd etsək, şəhidlərimiz gözümüzün qabağına gələcək. İnsan istər-istəməz kədərlənir. Təsəvvür edin ki, biz də həmin gün bayram edir, bir-birimizə hədiyyə veririk. Bu nə dərəcədə etik normalara uyğundur? Sevgililər günü insanlar görüşür, cütlüklər hədiyyə bağışlayır, xanımlara gül verir, kafe, restoran və ya diskotekaya gedirlər. Bu bayram 30 iyunda qeyd olunsa, 20 Yanvar faciəsi, ölüm-itim insanların gözünün qabağına gəlir. Sevgililər günü insanlarda belə hisslər oyatmaq nə dərəcədə düzgün olardı?” - psixoloq deyib.
O, initharın hər bir formasının əleyhinə olduğunu da bildirib: “Mən intiharı zəiflik kimi qəbul etmirəm. Bunu güclü insanlar edirlər. İntihar ərəfəsində insan affekt vəziyyətinə düşür, bu, qısamüddətli emosiyadır. Həmin an intihar edənin yanında kimsə olmalı və onu bu addımı atmaqdan çəkindirməlidir. Təəssüf ki, bu həmişə mümkün olmur. 30 iyun sevgililər günü kimi qeyd olunsa, Fərizənin intihar etməsi sevənlər üçün bir nümunə olacaq. Gənclər arasında “Ölənə kimi bir yerdə olaq”, “Sənsiz yaşaya bilmərəm”, “Sənsiz həyatın mənası yoxdur” və s. kimi fikirlərlə intihar edənlər artacaq.
Onun dediyinə görə, Yeni il bayramını da “Dinimizə uyğun deyil”, “Rusların bayramıdır” deyə-deyə gözdən saldılar: “Bayram keçdi ikinci plana. Başa düşə bilmirəm, bayramın xristianlara aid olub-olmamasının nə dəxli var? Bayramdır da. Ümumiyyətlə, ölkələr bir-birinə inteqrasiya edir. Cəmiyyətlər bir-birinə qarışmalıdır. Elə bayramlar var ki, onları bütün dünya qeyd edir. Onları ləğv etmək, ortaya nəsə çıxartmaq düzgün deyil. Sevgililər bayramı cəmiyyətimizə lazımdır. Bu bayram sevgililəri barışdırır, bir-birinə yaxınlaşdırır. Sevənlər bu bayramı ömrü boyu xatırlayırlar. Əksəriyyət də sevgililər gününü 30 iyun deyil, 14 fevralda qeyd edir. 30 iyunun sevgililər günü kimi qeyd olunması haqda kifayət qədər qəzet və saytlar yazıb, televiziyada da verilişlərdə bu məsələ müzakirə olunub. Amma hamının 14 fevral yadındadır və uşaqlarına da bu ənənəni ötürürlər”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qara nöqtələr üçün qəhvə maskası
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Yediklərimiz dərimizə necə təsir edir?
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
Türkiyədə matəm elanı
Kəpənək qalstuklarının tarixcəsi
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Bu gün Su Çərşənbəsidir!
Aktrisa ayrılıq xəbərlərindən danışdı
40 yaşından yuxarı qadınlar üçün idmanlar
Nurgül Yeşilçay yeni imicidə -FOTO
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Tək-tənha
Lolita BOŞANDI-SƏBƏB
Çanta muzeyi-Tassen Museum
Mikroblardan qorunaq
Yas qadağası üçün qanun qəbul ediləcək
Esra Erol əməliyyat olundu
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə elan edildi
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Zakir Həsənov hərbçilərə müraciət etdi
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTO
Sinoptiklərdən qar xəbərdalığı
51 yaşlı Monika yaşına meydan oxuyur - FOTO
Merlin Monronun morqdakı şəkilləri hanı?-FOTO
"Milli Şura müxalifəti bir araya gətirə bilmədi..."
Paşinyan bu dəfə Trampa gileylənir
İngilis dili - XXXI dərs
Turizm obyektlərinə nəzarət gücləndiriləcək
Meyvəli desert ( foto resept)
5 min avroya qarışqa aldı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Hadisənin illik gəliri hesablanıb-Şok rəqəmlər
Qadınlar Kate Middleton burnundan düzəltdirir
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdülər
İnsanların ən çox gördüyü 5 yuxu
Atadan evlilik dərsi
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
Gözəlliyin sadə sirləri
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Məşhur aktyor evləndi-FOTO
Azərbaycanda sosial reklamların telekanallarda yayımında dəyişiklik olacaq?
Bu xəstəlik kefə baxmır
Armud şirəsinin faydaları
Hər kəsi şoka salan addım atdı-FOTO
Bədənə görə şalvar seçimi
“Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO















- ŞƏRHLƏR