Yeni tədris ilində məktəbə gedəcək uşaqlar üçün sağlam orqanizm ən önəmli amildir. Bu baxımdan düzgün qidalanma, normal həyat tərzi uşaqların sağlamlığında vacib şərtdir. Lakin bu, bir faktdır ki, son zamanlar uşaqlarda görmə zəifliyi, psixoloji və onurğa əyriliyi kimi problemlər özünü göstərir. Bu problemlərdən biri olan onurğa əyriliyi ilə bağlı dəfələrlə müxtəlif fikirlər səslənsə də, hələ də bu mövzu öz aktuallığını saxlayır. Beləliklə, bu, yeni tədris ilində də valideynlərin ən çox diqqət etməli olduğu amillərdəndir. Bir vaxtlar məktəblilərin istifadə etdiyi kiçik çantaları son illər artıq daha böyük ölçüdə çantalar əvəz edib. Bu gün uşaqlar içərisi çoxsaylı məktəb ləvazimatı ilə dolu olan ağır çantaları götürmək məcburiyyətində qalırlar. Həm çantanın öz çəkisi, həm də içərisindəki ağırlıq nəticədə uşaqlarda onurğa ilə bağlı xəstəliklərin yaranmasına səbəb olur. Bu gün dünyada bu problemlə qarşılaşan uşaqların sayının artdığını deyən mütəxəssislər də sürətlə artan onurğa əyriliyinin bir çox problemlərə yol açdığını təsdiq edirlər. Beləliklə, bu problemin ciddiliyini nəzərə alaraq valideynlər uşaqlarının gələcəyini düşünməlidirlər.
Böyüməkdə olan uşaqların xəstəliyi
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun direktoru, tibb elmləri doktoru, professor Vaqif Verdiyev Milli.Az-a verdiyi açıqlamasında təsdiq edir ki, müasir dünyada urbanizasiyaya uğramış ölkələrdə yeni həyat tərzi uşaqların erkən elmə, kitab oxumağa, internetə cəlb olunması nəticəsində onurğanın deformasiyalarının sayı get-gedə artmaqdadır. Baş travmatoloq bildirdi ki, ümumiyyətlə, onurğanın deformasiyası iki istiqamətdə olur: “Əgər yana, yəni sağa-sola əyilirsə, ona skolioz deyilir. Önə əyilirsə, ona kifoz deyilir. Skolioz böyüməkdə olan uşaqların xəstəliyidir. Ən çox təsadüf edilən ortopedik xəstəliklərdən biridir. Sayına və tezliyinə görə həmişə diqqəti cəlb edir. Skoliozun ağır forması olduqda qozbellik gözə çarpır. Onu hətta qış geyimindən də seçmək olur. O elə bir ağır xəstəlikdir ki, deformasiya ilə xüsusilə ağır formalarla yanaşı, döş qəfəsinin daxilində olan üzvlərin funksiyasının pozulmasına da gətirib çıxarır. Belə ki, 3-4-cü dərəcəli skolioz 60 dərəcədən yuxarı olursa, onda respirator pozuntular, yəni xarici tənəffüs funksiyasının pozulması müşayiət edilir”.
Professorun sözlərinə görə, xəstələrdə tənginəfəslik baş verir, iki mərtəbə qalxanda artıq dayanmalıdır ki, nəfəs ala bilsin, yaxud 50 metr qaçırsa, tənginəfəs olur: “Bu da onunla əlaqədar ki, skolioz xəstəliyi zamanı deformasiya onurğadan başlayır və yaxud fəqərə sütunundan, 3-4-cü dərəcəyə çatanda artıq onurğa ilə paralel qabırğalarda, döş sümüyündə deformasiya baş verir. Bir tərəfdən qabırğalar qalxır, əks tərəfdən isə enir. Ona görə ağciyər normal funksiya rejimində işləyə bilmir. Tənəffüsü təmin edən qabırğaarası əzələlər funksiyasını itirir və xəstələr də tənginəfəslikdən əziyyət çəkməyə başlayır. 10-20 dərəcəyədək inkişaf edir və əgər müalicə aparılmazsa, inkişaf davam edir və hətta 120-130 dərəcəyə gəlib çata bilər”.
Digər səbəblərə gəldikdə isə baş travmatoloq deyir ki, ətraf mühitin də rolu var: “Məktəblərdə də müasir dərs proqramları genişdir, ona görə məktəbə gedəndə uşaqlar özləri ilə ağır dərs çantası aparırlar. Eyni əldə uzun müddət çantanı apardıqda istər-istəməz o tərəfə meyllilik olur. Xəstənin özündə də irsi meyllilik varsa, bir tərəfdən də çanta faktoru, skolioza gətirib çıxara bilər. Digər tərəfdən gərək uşağın əyləşdiyi stul, onun yaşına, boyuna, bədən quruluşuna uyğun olsun. Uşaq gərək elə dirsəklənsin ki, masada onun onurğası, qaməti düz olsun. Əgər uşaq qabağa əyilirsə, masa alçaqdırsa şübhəsiz onun onurğasında müəyyən deformasiyalar, qozbellik baş verə bilər. Uşaq oturanda gərək elə otursun ki, öz qamətinə fikir versin və burada müəllimin, evdə valideynin də rolu böyükdür. Uşağa “düz otur, düz dur” dedikdə uşaq da qamətini düzəldir. Əgər uşaq bunu unudursa, digər üsul odur ki, evdə uşaq oturan yerin yaxınlığında güzgü qoyulduqda uşaq özünü güzgüdə əyri görəndə çalışır ki, qamətini düzəltsin”. V.Verdiyevin sözlərinə görə, bu gün kiçik yaşlı uşaqlar saatlarla kompüterin qarşısında əyləşirlər və valideyn ona nəzarət etmir və uşaq da ona necə rahatdırsa, elə oturur.
15-40 min manata başa gələn əməliyyat
Baş travmatoloq bildirdi ki, uşaqlar uzun müddət masa, kompüter arxasında oturursa, mütləq dərs, kompüterarası yüngül bir idmanla məşğul olmalıdırlar, əzələlərin tonusu artsın ki, oturduqda yorğunluq hissi getsin. Eləcə də 20-40 dəqiqə kifayətdir ki, uşaqlar kompüterdə nəyəsə baxsın, öyrənsin, ondan artıq olmaz, ya da fasilələrlə etmək lazımdır. Professor skoliozun profilaktikası üçün ən yaxşı idman növü üzgüçülük olduğunu deyir: “Üzgüçülüyün üstün cəhəti ondan ibarətdir ki, insan suda olarkər batmasın deyə məcburdur ki, hər iki yuxarı ətrafı-yəni, əlləri, həmçinin aşağı ətraflarını-ayaqlarını eyni dərəcədə hərəkətə gətirsin. Simmetrik və yüngülkeçidli hərəkətlər əmələ gəlir. Bu da insan orqanizmində, xüsusilə əzələ-sümük sistemində balans, hormoniya yaradır və əzələlər balans vəziyyətində olanda onurğanı hər iki tərəfdən tarım şəklində düz vəziyyətdə saxlayırlar. Bu da qamətin, döş qəfəsinin, onurğanın düzgün inkişaf etməsinə zəmin yaradır”. Travmatoloq deyir ki, qidalanmanın da böyük rolu var. Belə ki, hazırkı qidalar müxtəlif tərkibli olduğuna görə, təbii, yerli məhsullara üstünlük vermək lazımdır. “Uşaqlar kalsium, fosforla zəngin olan qidalara üstünlük verməlidir. Çay balığı, “holland pendiri”, qoz, fındıq, kəsmikdən istifadə etməlidirlər”, - deyən V.Verdiyev bildirdi ki, uşaqlar dərsə gedəndə birtərəfli çanta yox, ortopedik çantalardan istifadə etməlidirlər, çox ağır yük olmaz: “Çünki ağır yük altında hələ formalaşmamış uşağın əzələ sistemi deformasiyaya uğrayır. Əgər sümük-əzələ sistemi yaxşı inkişaf edirsə, idman növlərindən istifadə edirsə, düzgün qidalanırsa və irsi meyllik yoxdursa onda, uşaqlarda skoliozun əmələ gəlməsinin qarşısı alınır”.
Baş travmotoloq onu da bildirdi ki, skolioz haqqında həm uşaqlar, həm də valideynlər təlimatlandırılmalıdırlar. Onun üçün KİV-də skolioz haqqında məlumat vermək lazımdır. Bildirildi ki, uşağın onurğasında 60-dan yuxarı 100-120 dərəcəli skolioz əmələ gəlməsi, artıq eybəcərliyə gətirib çıxarır. Belə uşaqların isə psixologiyası pozulur və onlar həmyaşıdlarından uzaqlaşır, özlərinə qapanır, psixoloji problemlər əmələ gəlir. Bundan başqa da tənəffüs problemləri, ürəkdə ağrılar, döyüntülər ağır formalarda olur. Professor məsləhət görür ki, skoliozun profilaktikası konservativ yolla erkən müalicəsini aparmaqdır: “Yəni masaj, müalicəvi gimnastika, xüsusi gödəkçələr, ortopedlərin müayinəsi, müalicəsi lazımdır. Əfsuslar olsun ki, bəzi vaxt həkim o xəstələri göndərir poliklinikaya və onlar gəlib masajistin əlinə düşür və sağaltmağa söz verir ki, heç həkimə müraciət etməsin. Yalnış addım nəticəsində deformasiya artanda deyir mənlik deyil. Ağır forma üçün isə ağır əməliyyatlar tələb olunur ki, müasir texnologiyalardan da istifadə ilə xaricdə əməliyyat zamanı bu, 15- 40 min manata gəlib çıxır və əməliyyat riski də böyükdür. Ona görə də çalışmaq lazımdır ki, o səviyyəyə gəlib çatmasın”.
Uşaqların heç də hamısı üzgüçülüyə getmir
Pediatr Yasəmən Cəlilova da bildirdi ki, müasir təhsil sistemində çoxsaylı vəsaitlərdən istifadə ilə əlaqədar olaraq uşaqların məktəb çantalarına yüklənmə çox olur: “Bəzi valideynlər uşaqları məktəbə gətirərkən yardım edib çantaları özü götürür, amma bunu hər valideynə şamil etmək olmaz. Bu isə uşaqlarda onurğa sütununun əyilməsinə səbəb olur. Uşaqların heç də hamısı üzgüçülüyə getmir. Sentyabr ayından may ayına qədər uşaqlar ancaq məktəb və ev rejimində yaşayır”. Pediatr deyir ki, bununla bağlı kənddə yaşayan uşaqlarla şəhərdə yaşayan uşaqlar arasında fərq olur. Belə ki, kənddə uşaqlar təsərrüfatda valideynə kömək edir. Eləcə də onların gündəlik qidasında süd məhsulları var ki, bu da sümük üçün çox önəmlidir. Ancaq şəhərdə uşaqlar bütün günü oturur, kompüter qarşısındadır, heç bir fiziki iş görmür. Ona görə onurğada müxtəlif formada əyilmələr olur. Pediatr valideynlərə məsləhət görür ki, uşaqlar idmana getsinlər: “Əzələ sistemi bərkiməlidir. Düz yataqda yatmaları lazımdır, düzgün qaydada oturmalıdırlar, yazı yazarkən da əyilməsin, tam kürəyi düz vəziyyətdə otursun. Artıq yük olduqda onların əsəbləri gərginləşir, nevroz və əsəbi olurlar”.
Valideynlər çantaların sertifikatını soruşmalıdırlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xitmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, dövlətlərarası standartlar mövcuddur və Azərbaycanda da bu çantalarla bağlı sertifikatlaşma standartların tələbləri əsasında olur: “Amma çantaların keyfiyyəti, istehsalda istifadə olunan xammalın keyfiyyəti araşdırılır. Həmçinin çantalar ölkəmizə idxal olunarkən onların mənşə sənədləri, sertifikatları nəzərdə tutulur. Doğrudur, çantanın böyüklüyü, içinə külli miqdarda dərs vəsaiti yığılması uşağın səhhətinə təsirsiz ötüşməz. Biz hər şey yaxşıdı, keyfiyyətlidir deyə bilmərik. Komitə yanında dövlət nəzarəti xidməti apardığı monitorinqlər nəticəsində keyfiyyətsiz məktəb çantaları aşkar olunub. Əsasən də iri topdansatış məntəqələrində buna rast gəlmişik. Onların satışdan çıxarılması ilə bağlı göstəriş verilib. İstehlakçıların ixtisaslaşmış mağazalara üz tutması daha yaxşı olar və yaxşı olardı ki, sertifikatını soruşsunlar”.
Nigar Abdullayeva
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Bilirəm ki,bunları çoxunuz bilmirsiz
Prezident və xanımı “Yanardağ”da-FOTO
550 min insan ebolaya yoluxacaq
Şvartsneggerin qızı ərə getdi-FOTO
Boyunbağılar
Putindən Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı daha bir AÇIQLAMA
Sevin, sevilin, kəşf edin...
Dünyanın ən qorxulu bazarı
Qan şəkərinin düşməsinin səbəbləri
Sürücüsü Hülya Avşarı məhkəməyə verdi
AzTV-dən koronavirusla bağlı süjetin yanlış yozulmasına dair AÇIQLAMA
Qoyun onlar yatsınlar
Avroviziya – 2018: İştirakçı ölkələr məlum oldu
Qızıl souslu dondurmanın qiyməti dodaq uçuqladır
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Bu günün hava proqnozu - 30.10.2013
Artur Rasizadənin oxşarı tapıldı
İlham Əliyevdən Qarabağda yaşayan ermənilərə ÇAĞIRIŞ: “Narahat olmasınlar, onların canını qurtaracağıq”
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Azərbaycanın xüsusi təyinatlılarının böyük uğuru
"Skype"dan yenilik
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
Pensiya və maaş artırılacaq
Bunları görmüşdünüz?
İnfarktdan ölmək istəmirsinizsə, bunlara əməl edin
Sabah qaz olmayacaq
O da “Kuruluş Osman”da olacaq
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
30-40 yaşlarında arıqlamağı çətinləşdirən 6 vərdiş
Şəkərə xeyirli olan qidalar
Uşaqlarda iştahsızlığın səbəbləri
7 yaşlı uşaq Kral Arturun qılıncını tapdı-FOTO
Enerjili qadınların sirri nədir?
2014-cü ilin gəlinlik modelləri
İcazələrlə bağlı bu işçilərə məhdudiyyət qoyulur - Cədvəl
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
220 metrlik teleqüllə sökülüb
Avqust ayının qalibləri!
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Hansı IT peşəsində nə qədər pul qazanmaq olar?
Hicablı xanımlar üçün
Cansu Dere 10 milyona ev aldı
Qarabağ problemi həll olur
Heraldika
Serial asılılığı da xəstəlikdir
İçlikli kartof topları (foto resept)
Marsda canlı tapılıb
Bacı-qardaş davası