İlahə səhərdən neçə dəfə Altaya zəng etsə də telefonuna zəng çatmırdı, ev telefonu da cavab vermirdi. Narahat olmağa başlamışdı, gün ərzində dəfələrlə zəng edən Altayın başında bəlkə bir iş vardı? Faiqə zəng etdi:
-Salam Faiq, necəsən?
-Salam İlahə, nə yaxşı səndən? Sən necəsən?
-Sağ ol yaxşıyam ,işlərin necə gedir?
-Rayondayam. Şəhərin bürküsündən qaçmışıq, siz hələ şəhərdəsiz? Mahmud əmi necədi?
-Sağ ol, yaxşıdı. Faiq, Altayın telefonuna zəng çatmır, ev telefonu da cavab vermir. Narahat oldum, bilmirsən necədi?
-Hmm.. İlahə o bu gün sənə zəng etməyib?
-Yoox, nə isə olub?
-Mənimlə bayaq danışdı, Rusiyadan zəng etmişdi. Mən elə bilirəm, o getməmişdən qabaq səninlə danışıb.
Elə bil İlahənin başına bir vedrə qaynar su tökdülər. Ölgün bir səslə dilləndi, Faiqə zəng etməyinə peşman oldu:
-Yəqin çox tələsirmiş...Eybi yox, bağışla səni də narahat etdim.
Faiqin təəssüf dolu səsi eşidildi:
-Bu Altayda var da belə qəribə hərəkətlər, onun əvəzinə səndən üzr istəyirəm, bağışla İlahə. Yəqin indilərdə zəng edər.
-Yox, yox nə danışırsan? Narahat olma ona görə, yaxşı, sağ ol səni də işindən etmiyim.
-Sağ ol xoşdu.
Bu söz qulaqlarında əks-səda verdi: " Altay gedib.Necə yəni gedib? Belə xəbərsiz, bu dünyada İlahə adlı biri yoxmuş kimi?Bəlkə nə isə mənim bilmədiyim elə təcili bir işi olub ki, zəng etməyə belə imkan tapmayıb":- deyərək özünə təskinlik verdi.
Günlər keçdi... Altaydan bir zəng, bir mesaj gəlmədi. Faiqdən zəng edib onun nömrəsini götürməyi özünə sığışdırmadı. Elə bir zəmanədə yaşayırdılar ki, istəyəndə hər adamla çox qısa zamanda əlaqə yaratmaq mümkün idi. Telefon, internet...Bunlar da olmasa Altay istəsəydi, Faiq vasitəsi ilə onunla əlaqə saxlaya bilərdi. Sonda dözə bilməyib Faiqdən onun nömrəsini götürdü. Zəng etdi. Buz kimi soyuq, kiçicik bir dialoq oldu aralarında. Dəstəyin o başından qız gülüşü eşidildi. Qız qəsdən belə etdi, yoxsa təsadüfənmi alındı?! Altayın yanında olmasını İlahə sanki gözləri ilə gördü. Altayın buz kimi soyuq danışığından:"Sən arıtq mənə lazım deyilsən!" fikrini də anladı.
Fikirdən, əsəbdən əməlli başlı arıqlamışdı. Gözləri çuxura düşmüşdü. Atasını işə yola salaraq hər gün ağlayırdı. Dünən şəhərdə Ceyhunu gördü. Buz kimi soyuq baxışlarla baxırdı ona, hətta baxışlarında nifrət belə vardı. Bir zaman pərəstiş ilə baxan gözlərdə indi nifrəti görüb hiss etmək, dəhşət idi. Bunun səbəbini də bilirdi. Onu Altayın maşınına minəndə görmüşdü,özü də iki dəfə.Bu təsadüf ola bilməzdi.Deməli güdüb İlahəni. Gözlərinə inanmamış, bir xeyli dayanıb maşının dalınca baxmışdı. İlahə də Ceyhunun onları gördüyünü atasına deməsindən qorxmuşdu. O gündən Ceyhun onlara gəlmədi. Təbii ki, atasına da heç nə demədi ondan. Ceyhunu o gündən bəri ilk dəfə idi görürdü.
Onları müqayisə etdi-görünüş necə də aldadıcı imiş. İnsan dilinin arxasında gizlənib nələri edə bilərmiş?! Gün kimi aydın idi ki, Altay ondan istifadə edib. İndi dərindən fikirləşəndə bəzi şeylər yadına düşürdü. Altayla birgə olanda onun telefonu susmaq bilmirdi, zəng edənlər də hamısı "çox vacib bir iş üçün" zəng edən qohum qızlar, tələbə yoldaşları və s. idilər. Ceyhunu tanıdığı müddətdə bir dəfə də telefonda qızla danışdığını görmədi. Çox gözəl sevgi sözləri bilən, görüşdükləri qısa müddət ərzində onların hamısından bacarıqla istifadə edən Altay və baxışlarından ona vurğunluq yağan, lakin bir dəfə də bunu dilinə gətirməyən Ceyhun.Müqayisədə Ceyhun üstünlük qazandı. Ancaq gec idi. Özünü Ceyhuna layiq görmürdü. Sonra acı-acı gülümsündü. Onu maşına qəzəbli baxışlarla yola salan Ceyhuna o lazım idimi? Əlbəttə yox. Nəinki Ceyhuna bu ləkəli adla heç kimə lazım deyildi o. Hələ atası...Atasını nə günə qoydu...Ona həm ata, həm ana olmuş atasını.
Bu fikirlərlə dəli olmaq dərəcəsinə gəlirdi. Ən çox da atası ona "mələk qızım"- deyəndə ölüm arzulayırdı özünə. Bir gün aptekə gedib çoxlu dərman aldı. Özünə qəsd etmək istəyirdi. Son anda işdən tez qayıdan atası qapını döydü. Bir müddət yerindən tərpənmədi: "atamın açarı var, qapını niyə döysün? Yad adam da hər kimdisə, bir azdan çıxıb gedər". Lakin qapı israrla döyüləndə, əlindəki dərmanları döşəyinin altında gizlədərək qapıya yaxınlaşıb gözcükdən baxdı, atası idi. Tez qapını açdı. Atasının rəngi solğun, əli sarıqlı idi, işdə möhkəm əzilmişdi əli. Atasının bənizi ağarmış, belə yazıq görkəmi onu ağlatdı, onsuz da ağlamağa bəhanə axtarırdı:
-Ata, qurban olum, nə oldu sənə belə?
Mahmud kişi zəif səslə dilləndi:
-Ay mələk qızım, xırdaca bir sıyrıntıdı ağlama. Keçib gedər. Ceyhun gətirdi məni.
İlahə arxaya boylandı:
-Bəs özü hanı?
-İşə qayıtdı qızım, tələsirdi.
"İşə tələsmir. Sadəcə məni görmək istəmir"-düşündü İlahə. Atasının qoluna girib, otağa gətirdi. Divanda yanaşı əyləşdilər. İlahə əli ilə sarığın üstünü sığalladı:
-Çox ağrıyır?
-Ağrıyığrdı, əlin dəydi, keçdi ağrı-gülümsündü-Yadındadı? Sən balaca olanda yıxılıb ağlayanda, əzilən yerindən öpərdim. Sən də o dəqiqə ağlamağını kəsərdin. İndi mənə də qızımın əli dəydi, sağaldım.
O biri əli ilə qızının üzünə düşən saçlarını arxaya elədi:
-Ağlama, olmadı ki, bir balaca sıyrıntı mən boyda kişiyə nə edəcək? Birinci dəfə deyil ki...
İlahə başını atasının sinəsində gizlətdi:
-Atacan, yadındadı?Keçən il mənə təklif etmişdin ki, rayona qayıdaq. Evimizi sahmana salaq. Orada həkimlərə daha çox ehtiyac olduğunu demişdin. Mən razı olmamışdım, şəhərdə qalmaq istədiyimi demişdim. Fikrimi dəyişmişəm atacan, gəl evimizə gedək. Mən orda işləyəcəm. Səni də qoymayacam, daha ağır işdə işləyəsən. Mənə söz vermişdin bunu. Həmişə deyirdin "Sən həkim ol, mən daha işləməyəcəm". Həm də, anamın qəbrini elə ziyarət etmək istəyirəm ki...
Mahmud kişi, qızının birdən-birə belə deməsinə təəccübləndi, onun üçün çox gözlənilməz oldu onun söylədikləri. Ancaq ürəyincə oldu, sevinclə qızının saçlarından öpdü.
İlahə atasının çayını-çörəyini verib, uzanıb istirahət etməsi üçün, divanda yerini rahatladı. Mahmud kişi, başını yastığa qoyan kimi yuxuya getdi. Ağır işdə, tikintidə işlədiyi üçün çox yorğun olduğundan, belə asudə vaxtlar az-az əlinə düşürdü. İlahə bir xeyli, yerindən tərpənməyib ona tamaşa etdi.Atasının üzündə elə məsum ifadə vardı ki... İndi artıq tamam başqa fikrə düşmüşdü. Özünə qəsd etmək çıxış yolu deyildi. Tutaq ki, öldü. Bəs sonra?Ömrünü balasının rahatlığına qurban vermiş, bu zəhmətkeş, qayğıkeş ataya bunu necə rəva görmək olar? Həmişə atası işdən yorğun gələrkən, nə vaxtsa özünün də işləyib atasına kömək edəcəyini arzu edirdi. Xəyalında atasını üçün hər şey alırdı. Çünki, atası nadir hallarda özünə qıyıb pul xərcləyərdi. Arzusu idi, özü işə düzəlsin, atasını daha ağır işdə işləməyə qoymasın. Ona həm ata, həm ana olmuş insana birdən-birə belə ağır dərd verməyə onun haqqı vardımı? Niyə onun ağılsızlığının qurbanı onunla birgə atası da olmalı idi?
Belə fikirlərlə ağır-ağır stuldan qalxdı. Elə bil ayaqlarından daş asılmışdı. Otağına keçib bayaq gizlətdiyi dərmanları kağıza büküb zibilqabına atdı.
Özünə söz verdi:necə ki,atası öz ömrünü yaşamadan,ömrünü ona həsr etdi,o,da hər vasitə ilə başına gəlmiş bu hadisəni ondan gizlədib,bundan sonrakı həyatını atasına həsr edəcək.
***
Mahmud kişi həvəslə bağda iş görürdü. Dörd otaqdan, həyətyanı sahədən ibarət olan xudmani evləri rayonun mərkəsində yerləşirdi.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
e-mail ünvanların təhlükəsizliyi mümkündürmü?
Məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək
İnstaqramda trendə çevrilən geyimlər
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Prezident və xanımı açılışda
DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
Əncirli truffel (foto resept)
İranlı ekstrasensdən şok proqnoz
Qara tutun faydaları
Diqqət! İnfeksion xəstəliklər yayılır
Yeni ildə qatarla səfərə çıxmaq istəyənlərə şad xəbər
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Qulağınız "yanır"?
Qurdlar konfetin üzərində o yan-bu yana gəzişir - Diqqətli olun!
I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı
Bakının nəhəng prospekti dəyişdirilir
"Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır"
Toy üçün Clutch çantalar
Yanvarın 1-dən müəllimlərin maaşı artacaq
Bir-birinə bənzəyən analar və qızlar
Laçın rayonunun yeni giriş tablosu
Bunlari bilirsinizmi?
Bürcünüzə görə necə bir həyata ehtiyacınız var?
Sosial fobiya və ondan azad olmağın yolları.
37 kiloqram arıqlayan qadın: “Uğurun sirri...”
1600 panda hava limanına doldu
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
Fərqli badımcan turşusu (foto resept)
Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”
Gün şüalarının qadınlar üçün ZİYANLARI
Sevimli aktyorumuz ad gününü qeyd edir
Gəlinlərə özəl buketlər
Toppuzun hazırlanması və istıfadəsi (foto izah)
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (4) (SON)
Sabaha olan hava proqnozu açıqlandı
Fahriyə Evcən ana olacaq!
İlk hamiləlikdə yaranan suallar
İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
Şahinlərimizə qurban kəsildi
Kənd milyonçular məhləsinə çevrildi
Davamlı yaranan aclıq hissinin qəribə səbəbləri
Azərbaycanda müasir sərnişin vaqonları olacaq
Gülmək istəyənlər üçün komediya filmləri
Koronavirusla bağlı son STATİSTİKA
Şokoladlı dondurma (foto resept)
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Ərazisinə icazəsiz girən baş naziri qovdu – FOTO
- ŞƏRHLƏR