Axır ki, Əliqulu dilləndi:
-Tahir əmi, bəlkə kömək edəsən. Heç olmasa qızı azad edələr. Axı kişilikdən deyil, mən gedim, mənə etibar edilmiş əmanəti burada qoyum.
Tahir bu dəfə hövsələdən çıxmış halda Əliquluya təpindi.
-Ə, yekə kişisən, sənin özünü azad eləmək üçün,min oyundan çıxdım, bu sənə bəs eləmədi, hələ o rus qızını da özünə quyruq istəyirsən? Qohum, sən heç bilirsən bizdə qaçaqlarda necə qayda-qanun var. Heç nə Nikolayın, nə Mustafanın, nə də indiki Şura hökumətinin qanunları bizimki kimi dəqiq döyül. Sən qaçağa əl qaldırmısan, döymüsən, bunun bədəli ölümdü, vəssəlam. Sən isə sağsan, düşündüyünü qoy daş altına, birini də onun üstündən, bildin? İndi atlan tərkimə, yola çıxırıq. İşdi, ayrı fikrə düşsən, bu dəfə mənim də tərs üzümü görmüş olacaqsan. Sənə görə ölməyə həvəsim yoxdur. Onu da bil, gedib hardasa, kiməsə nəsə desən, bizi ələ verməyə səy göstərsən, amanatı çatdırmasan, and olsun o bir Allaha, Qubaya dalınca özüm gələcəm...
Əliqulu susdu, lənət şeytana deyib hirsini-qəzəbini uddu. Atlanıb oturdu Çaxır Tahirin tərkində. On dəqiqəyə yaxın heç biri dinmədi. Elə ki, dağdan enib düzənə çıxdılar, Çaxır Tahir geriyə dönüb dedi:
-İndi, qohum, məndən bərk yapış,uçacayıq, - o, belə deyib atına bir-iki qamçı vurub, yüyəni boşaltdı.
Doğurdan da Çaxır Tahirin atı uçurdu. At elə sürətlə qaçırdı ki, adam gözlərini açıb qarşıya baxa bilmirdi, gözləri yaşarırdı.
Beləcə yarım saata yaxın Çaxır Tahir atı çapdı meşəliyin lap sıx yerində, “buv...v...v” eləyib atını saxlayaraq dedi:
-Düş, qohum, əmanəti çıxarım, sonra yolumuza davam etdirərik. Cəmi bircə saatlıq yolumuz qalıb, Şabran (Dəvəçi) yoluna çıxmağa.
Əliqulu sakitcə atdan düşdü, Çaxır Tahir də. Atın yüyənini Əliquluya verib dedi:
-Sən burda məni gözlə, bir azdan qayıdaram.
İşdi-şaətdi, soruşan olsa, de ki ayaq yoluna getmişəm.
Çaxır Tahir meşənin qalın yerində görünməz oldu. Əliqulu bir az da gözlədi. Yerində tərpənmədən sakitcə durub qulaq asdı, səs-səmir yox idi. Demək Çaxır Tahir uzağa gedib deyə düşündü. Atın üstünə sıçrayıb, Çaxır Tahirin beş açılanını atın xurcunundan çıxardı. Yoxladı, gülləsi vardı. At Əliqulunun onun belinə minməsindən xoşlanmamış kimi vurnuxdu, sağa-sola dartındı. Dal ayaqları üstə şaha qalxdı. Lakin cilovunun güclü qollarla yığıldığını görüb sakitləşdi. Əliqulu atın sakitləşdiyini görüb yüyəni azacıq boşaldıb ata, ayaqlarının hərəkətiylə “irəliyə” əmri verdi, at tərpəndi. Əliqulu Çaxır Tahir gedən tərəfə getdi. Qalın cəngəlliyi xatırladan meşəliklə atla irəliləmək çətin idi. Amma ayrı yol yox idi. Atın üstündə Əliqulu Çaxır Tahirə nisbətdə iki dəfə qüvvətliydi. O, atın üstündə, Çaxır Tahir yerdə, digər tərəfdən də əlində beşaçılan. Çaxır Tahirin getdiyi yeri təyin etmək elə çətinlik törətmədi. Ağacları, bitkiləri yaxşı tanıyan, hətta bəzi hallarda onlarla danışmağı bacaran Əliqulu üçün bu elə də çətin deyildi. Çünki ağaclar, kol-koslar onun hansı istiqamətdə getdiyini Əliquluya deyirdilər. Budur, o, ağacların, kol-kosun köməkliyi ilə Çaxır Tahirin olduğu yerə çatır.
Çaxır Tahirin başı torpağı qazmağa necə qarışmışdısa özündən beşcə metr aralıda bir dəqiqəyə yaxın dayanmış atını hiss etmirdi. Birdən at fınxırdı. Çaxır Tahir dik atıldı, atına tərəf baxdı. Əliqulunu atın üstündə görüb şübhəli və həyəcanlı şəkildə soruşdu.
-Niyə gəldin, qohum? Yoxsa yolda tək qalmaqdan qorxdun?
Əslində Çaxır Tahir bu sualları Əliquluya ünvanlamaqla şübhələrinin nə qədər ciddi olub-olmadığını yoxlayırdı. Çünki Əliqulu atın üstündə, beşaçılan əlində ona tərəf tuşlanmış halda dayanmışdı. Əliqulu halını pozmadan sakitcə dedi:
-Tahir əmi işini davam et! Amma belindəki tapancanı tulla mənə tərəf, özü də başqa fikrə düşmədən...
Çaxır Tahir məsələnin ciddi olduğunu anlayıb, şübhələrinin əbəs olmadığını gördükdə:
-Nədi, qohum, əmanətə xəyanət? Yəni qızıla-pula görə məni öldürəcəksən? Ta sənin bizdən nəyin əksik oldu ki, doğru deyiblər, “İnsan çiy süd əmib”, bu da yaxşılığın axırı, - dedi.
O, sözünü bitirib Əliquluya tərəf gəlməyə başladı.
Əliqulu amiranə şəkildə:
-Tahir əmi, yerində dur yoxsa atacam! – dedi və silahını hazır vəziyyətə gətirdi.
Çaxır Tahir Əliqulunun səs tonundan onun zarafat etmədiyini hiss etdi. Ancaq özünü sındırmadan ona tərəf getməkdə davam edərək:
-Vur! Vura bilərsənsə vur, mən ölümdən qorxmuram! – deyərək özünə ürək-dirək verdi.
Əliqulu zarafat-filan etmədiyini sübut edirmiş kimi düz Çaxır Tahirin başı üzərindən bir güllə buraxdı. Çaxır Tahir üz üstə yerə yıxılıb:
-Ə, axmaqlıq eləmə, əlindəki silahdı, özü də həqiqi – dedi:
-Bilirəm, Tahir əmi, bilirəm. Bu silahı ata bilirəmsə, demək onun oyuncaq olmadığını da bilirəm. Biz institutda hərbi dərs keçirik. Bu silahın bütün növlərini istifadə etmişik. Nişangahdan da beş almışam, səndən ilk olaraq xahiş etdim, yenə də xahiş edirəm. Tapançanı at mənə tərəf, işinə davam et. Əmanətindən əmin ol, öz ünvanına çatacaq. Özü də əl vurulmadan. Amma atın və silahın mənə lazım olacaq. Bunu sənin iradənlə hesablaşmadan etməyə məcburam. İndi isə qalx, tapancanı çıxar, at mənə, işinə davam et, sonrasını deyəcəyəm.
Çaxır Tahir ağır-ağır dikəldi, əlini belinə aparıb tapancasını çıxartdı. Onu Əliquluya atmaq əvəzinə qoruyucudan çıxartmağa cəhd etdi. Ancaq bunu sona kimi edə bilmədi. Əliqulunun atdığı ikinci güllə Çaxır Tahirin əlindəki tapancanı göz qırpımında ondan 4-5 metr aralıya tulladı. Çaxır Tahir “vay ana” edib, barmağını tutub, diz üstə yerə çökəndə Əliqulu bir az ciddi, bir az rişxəndlə dedi:
-Tahir əmi, dedim axı, artıq hərəkətə ehtiyac yoxdur. Qalx, əlini sarı, işini bitir, mənim vaxtım azdır.
Çaxır Tahir başını qaldırıb Əliquluya baxdı.
Onun gözləri yaşarmışdı. Dili topuq vura-vura:
-Yaxşılıqlarımın bədəliydi bu? – dedi.
Əliqulunun bu dəfə cavabı sərt və olduqca kinayəli oldu.
-Tahir əmi, özün yaxşı bilirsən sən nə işlə məşğulsan. Onu-bunu soymaq Şura hökumətinə qarşı çıxmaq deyil? Bunu siz özünüzə bəraət qazandırmaq üçün uydurmusunuz. Xalqın ah-naləsi gec ya tez sizi tutacaq. O məsum qızın nə günahı var ki, siz onun həyatını məhv etmək istəyirsiniz? Özü də bu qədər iyrəncliklə. Onun hansı millətdən olması əsas deyil. Şeyx Şamilin arvadlarından biri erməni qızı olub. Ancaq sizdən fərqli o erməni qızını əsir götürüb özünə məşuqə etmədi, arvad etdi. Bax, o da dağda-daşda hökumətə qarşı, işğalçılara qarşı müharibə edirdi, amma nakişilik yox. Nə isə, bunları sənə deməyin əhəmiyyəti yoxdur.
-Niyə qohum, belə çıxır mən nadanam, sən qanan? – Çaxır Tahir də kinayəli şəkildə Əliquluya sual etdi.
-Xeyr, Tahir əmi, söhbət nadanlıqdan getmir, Cəlaləddin Rumi deyir ki, “Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir.” Mən bunu demək istəyirəm. Sən işini gör, söhbəti sonraya saxlayaq. Hələ mənə deyəcəyin çox şeylər var.
Çaxır Tahir boynundan şalını çıxarıb əlini sarıdı. Hiss olunurdu ki, əli bərk ağrıyır. Onun üz-gözündən necə əzab çəkdiyi aydınca görünürdü. Lakin çaxır Tahir də elə-belə asanlıqla kiminsə qarşısında sınanlardan deyildi. Sınsaydı, hökumət adamlarına əl qaldırıb qazamata düşməzdi. Bəlkə də o, qazamata düşməsəydi, indi heç qaçaqlıq həyatı da sürməzdi. Elinin, obasının içində, arvadının yanında olardı. Bu gün evinə gizlin yolla, min bir qarğış bahasına qazandıqlarını göndərməzdi. Beləcə Çaxır Tahirin qaçaq olmasında Əliqulunu birinci növbədə zəndeyi-zəhləsi getdiyi Şura hökumətini, onun qeyri-obyektiv qanunlarını görürdü. Bundan sonra Çaxırın özünü. Özünü də ona görə günahkar sayırdı ki, hər hökumətdən küsən əlinə silah alıb qaçaqlıq eləsin, onda nə baş verər, anarxiya olar ki.
Çaxır Tahirin meşəlikdə gizlətdiyi “xəzinəsini” tapıb çıxarmağı saat yarımdan çox vaxt apardı. O, balaca torbaya yığdığı “əmanətini” Əliquluya tərəf tullalayıb dedi:
-Al hamısını götür! Amma mala, dövlətə görə məni öldürmə.
-Əstəğfurullah de, Tahir əmi, kim dedi ki, mən səni öldürəcəyəm. Belə nakişilik olar? Mən az əvvəl dedim, mənə nə verəcəksən, o da dediyin yerə, dediyin adama çatacaq. Ancaq əvvəl-əvvəl mən rus qızını da, onun atasını da sizinkilərdən xilas edəcəyəm. Bundan sonra sənin dediklərini yerinə yetirəcəyəm və bu işdə də sən mənə kömək edəcəksən.
-Əliqulu, sən heç düşünürsən nə sarsaqlayırsan. Ə, onlar iyirmi üç nəfərdir, hamısı da ayaqdan-başa silahlı. Səndən boylu-buxunlu, canlı-cüssəli. Tək onlara nə edə bilərsən? Vallah özünü bilə-bilə ölümə verirsən. Məni də zibilə salırsan. Əvvəla mən, hətta indi səndən ayrılıb atsız, silahsız onların yanına dönsəm, nə baş verdiyini danışsam, onsuz da məni öldürəcəklər. Hökumətə təslim olsam daha pis. Güllələnəcəm, bu sözsüzdü hələ, nəslimin də adını bədnam edəcəm. Gör sən məni nə kökə qoymaq fikrindəsən. Bir fikirləş, qohum, bir düşün, ağılsız hərəkətlərlə gör neçə adamı bədbəxt edəcəksən.
Əliqulunu od götürdü. Bəlkə də o ömründə belə əsəbi danışmamışdı. Hətta ona yaraşmayan halda söyüş də söydü.
-Tahir əmi, səndə kişilik deyilən heç nə qalmayıb, adam oğraş olmaz. Bəs o qızın yerinə heç bir anlığa öz uşağını düşünmüsənmi? Axı onun da atası insandır, qızı isə övlad. Bəs necə vicdanınız qəbul edəcək ki, atasını öldürdüyünüz bəs eləmir, hələ qızını da qaçaqlara məşuqə eləməyi “planınıza” salmısınız. İt uşağı, itlər. Vicdansızlar, əclaflar. Ayrı vaxt kişilikdən, qeyrətdən, mərdlikdən danışırsınız. İndi...
Əliqulu susdu. Gözləri dolmuşdu, az qalırdı ağlasın. Bir istədi tətiyi çəkib Çaxır Tahiri o dünyalıq eləsin, amma, vicdanı qəbul etmədi. Həm də fikirləşdi ki, “Onda bu qaçaqlarla ta mənim nə fərqim.” Əlini tətikdən çəkib davam etdi:
-Tahir əmi, indi otur yerə, özün öz ayağını yaxşıca bağla, bundan sonra nə etmək lazım olduğunu sənə özüm deyəcəm, - dedi.
Çaxır Tahir gördü ki, Əliqulunu fikrindən daşındırmaq qəliz məsələdir odur ki, başladı yalvarmağa:
-Əliqulu, ay qohum, mənə rəhmin gəlsin. Etdiyim yaxşılığa görə peşmançılıq çəkməyə məni vadar etmə. Bu Allaha da xoş getməz. Axı səni səhər-səhər ölümdən qurtardım. Indi mənim başımı nədən bəlaya soxursan axı? O rus qızı sənin nəyinə lazımdır? Onun ofiser atası qəsbkardır. XI Qızıl orduynan sənin qohumun Mircəfərin köməkliyinən gəlib bura, zəbt edib bizim ölkəmizi, nə qədər adamı qətlə yetirib, neçə ananı balasız, neçə balanı atasız qoyub. İndi sən ona kömək etmək istəyirsən? Yoxsa Kirovabadda bolşevik olmusan?
Əliqulu dözmədi Çaxır Tahirin səsini kəsib dedi:
-Tahir əmi, belə söhbətlərə vaxtım yoxdur. Gecikə bilmərəm. Mən bolşevik-molşevik olmamışam, heç olmaq fikirim də yoxdur. Ofiserin qəsbkar olduğunu da, bizə vurduğu ziyanı da yaxşı bilirəm. Amma burda bir insan faktoru var. Köməksiz insan və günahsız insan. Bu da həmin ofiserin qızıdır. Bil ki onu azad etmək fikrindən məni heç bir qüvvə döndərə bilməyəcək.
O belə deyib, atın yəhərindəki topa kəndiri açıb Çaxır Tahirə tərəf tullayaraq, "Al, ayağını bağla" – dedi.
Çaxır Tahir kinayəli şəkildə:
-Bəs sonra?
-Sonrasını deyəcəyəm. Əvvəlcə sən mən deyəni elə - dedi.
Əliqulu Çaxır Tahirin rişxəndlə danışdığını görüb dinmədi. Onun əllərini arxadan bağlayıb, üst-başını axtaranda təkrar Çaxır Tahir incik halda:
-Qohum, üstümdə pulum-param yoxdur, nəyim var xurcundadır, o da atın yanında.
Əliqulu ona cavab verərək:
-Tahir əmi, mənə pul-para lazım deyil. Heç onlar üstündə olsa da toxunmaram. Mənə silahının güllələri lazımdır, onu axtarırdım. Bir də dedim, əlavə silah-filan olar, - deyə cavab verdi.
-Yoxdur qohum, ta heç nə yoxdur. Güllələr isə atın yəhərindəki xurcundadır, nə qədər istəsən. Get ölümə, özün bilərsən, sağ qalsan heç olmasa Zeynəb xalana puldan-paradan ver, yazığdılar. Mənim isə bu axırımdı.
-Onu bilmək olmaz, Tahir əmi, o Allahın işidir, nə yazıb o olacaq.
Əliqulu belə deyib, Çaxır Tahirin arxasından onun qarşı tərəfinə keçib, üz-üzə durdu. Çox ciddi görkəm alaraq soruşdu:
-Tahir əmi, de görüm qızı və atasını harada saxlayırlar?
Çaxır Tahiri od götürdü, az qala bağıra-bağıra:
-Ə, qohum, bu lap ağ oldu. Ə, sən ruslar üçün belə dərd çəkirsən, bəs məni – öz qohumunu, həmyerlini niyə düşünmürsən? Mənim axırım necə olacaq?
-Tahir əmi, siz özünüz bu yolu seçmisiniz. Qeyri-müəyyən…
-Qohum, səbəbini bilirsən axı, mənim nə günahım, vallah qoymadılar oturduğum yerdə halal çörəyimi yeyim.
-Onu bilmirəm, amma indiki tutduğun yol da sənə bəraət qazandırmır. İndi isə mənə hər şeyi danış. Qız haradadır, atasını harada saxlayırlar?
-Nolar, indi ki inadından dönmürsən deyim. Qız dəmir Qulamın otağındadır. Dünəndən özünə gətirə bilmirlər. Bəlkə də belə yaxşıdı, özünə gəlsəydi “işini çoxdan bitirmişdilər.” Qaldı dədəsinə, onu sən olduğun yerin üstündəki otaqda saxlayırlar. Bilirsən ondan daha adam çıxmaz. Dünən o qədər döyüblər ki, o, sağ qalıbsa bu Allahın möcüzəsidir. Qızın yanına gedib çatmaq üçün gərək üç qaçağı aradan götürəsən. Bu sənə asan gəlməsin, daşı ətəyindən tök!
Əliqulu inadından dönməyərək:
-Burası sənlik deyil. Sən ətraflı danış. Qızı Qulamın otağında harada saxlayırlar?
-Nolar, orasını da deyim. Dəmir Qulamın otağının içində bir otaq da var. Daş qapılıdır, açmağın yolunu ancaq o bilir. Ona bunu etdirmək asan məsələ deyil, biləsən. O ki düşdü höcətə, öldürsən də deməyəcək. İşdi-şaətdir, onun yanına gedib çıxa bilsən, çalış Dəmiri dilə tut. Bu məndən sənə nəsihət. Amma yenə deyirəm, ofisernən uğraşma, ondan adam olmayacaq. İndi ki inadına salırsan, onu qoruyan yoxdur, çöldən qapısına taxta keçiriblər, vəssalam.
-Yaxşı Tahir əmi, indi səni ata mindirməliyəm. Mənə kömək elə ki səni incitməyim.
-Necə, ay qohum, əlim də bağlı, ayağımda da? Qanadım yoxdu ki uçam.
Əliqulu dinmədi, ata tərəf gedib atın cilovundan tutub çəkdi Çaxır Tahirin yanına. Girdi onun qoluna, onu ayağa qaldırıb özü mindi atın üstünə. Bundan sonra kişinin yaxasından tutub çəkdi yuxarı. Çətin də olsa bir təhər Çaxır Tahiri atın üstünə çəkib sala bildi, özü də ağzı üstə. Bu şəkildə atla qız qaçırardılar. Qarnı üstə atda çəpəki qalmış Çaxır Tahir hıqqana-hıqqana dedi:
-Qohum, məni belə hara aparırsan? Ayıbdır axı, görən olsa mən xəcalətimdən ölərəm. Mən səni belə gətirdim bura?
-Tahir əmi, incimə, səni burda əli-ayağı bağlı qoyub gedə bilməzdim. Meşə qurd-quşla doludur. Əli-ayağı açıq da güvənim yoxdur. Eyb etməz, işimi qurtarıb, əl-ayağını açacağam. Ondan sonrasını özün bilərsən, istəsən gedərsən, istəsən qalarsan.
-Sən, qohum, ölümə gedirsən, mənə də yol göstərirsən. İndi məni əli-ayağı bağlı atın üstündə saxlayacaqsan?
-Tahir əmi, başqa yolum yoxdur...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR