İnsanlar müxtəlif olduğu kimi xasiyyətləri, həyatdakı məqsədləri, bu məqsədə çatmaq uğrunda mübarizədə əməl etdikləri prinsipləri - onlara yaşamağa yardım edən həyat devizləri də müxtəlifdir. Məncə belə bir devizi olan insana məqsədinə çatmaq daha asandır, əlbəttə bu mənim subyektiv fikrimdir. Düşündüm ki, Qadin.Netlilərin bu barədə fikirlərini bilmək həm onlara həyatlarına bir daha, bəlkə də indiyə kimi baxmadıqları baxışla baxdıqları üçün həm də oxuyuculara faydalı olar. Dəvətimi qəbul edən hər kəsə təşəkkürümü bildirirəm. Xüsusilə də Fatma xanım, sizə çox minnətdaram ki, həyatınızın ağır günlərində sözümü yerə salmadız.
Fatma xanım (Ekspert)
Mənim həyat devizim belədir: Sənə uzanan əli boş qaytarma, həmişə hamıya kömək et, köməyin miqdarı olmur, əlindən gələni et və etdiyini özünlə Allahından başqa heç kimə demə, əgər deyirsənsə heç o köməyi eləmə.
Louis Vuitton (Ekspert)
Həyat... Bizlərə yaşamaq üçün verilən ömür payı... Kimi insan kimi başa vurar, kimi sürünərək... İnsan kimi yaşamaq üçün bizi heyvandan fərqləndirən xüsusiyyətlərimizdən yararlanmalıyıq. Bilmirəm zəmanəmi korlanıb, insanlıqmı cılızlaşıb, bircə onu bilirəm ki, insani münasibətlər minumuma enmək dərəcəsindədir artıq... Həyatı bir anlıq bir meşəyə, insanları heyvana bənzətsək nəyin şahidi olarıq? Vəhşi şir də, pələng də, ayı da şikarına sahib çıxmaq üçün vuruşur, parçalayır, acımadan məhv edir... İnsanlar da bu hala gəliblər. Sadəcə bir qədər sivil, bir qədər düşünülmüş formada edirlər bunu... Bu dünyadan nə aparırıq gedəndə? Bir neçə metr ağ parça... Kimlər köçdü bu həyatdan, kasıb da, varlı da, mal-mülk, dünyanı almaq iqtidarında olan kəslər də. Apardıqları nə oldu? Ya hörmət və rəhmətlə anılacaq bir ad, ya da... Ya da heç xatırlanmamaq...
İnsan kimi yaşamaq üçün bir də gərək müəyyən məqsədin, devizin olsun. Bu mənim bürcümdə də yazılıb - "Əgər ədalət uğruna savaşan birini gördünüzsə, bilin ki, Qoç bürcündəndir". Ədalət uğruna yaşamaq şüarımdı, haqsızlığı heç qəbul edə bilmirəm. Gözümün işığı belə olsa mübahisəli durum yaradarsa, haqlı olanın tərəfində duracam. Lap qoy o əzizim incisin məndən, küssün, baxmasın üzümə. Amma haqqı bilən ALLAHIM görürsə və vicdanım təmizdirsə, bu mənə yetər. Çox vuruşdum ədalətli bir mühit üçün, hər zaman haqsız əzilənin tərəfində durdum. Düzdü hər zaman başıma tac qoyulmadı, hətta zərbə belə aldım, amma əqidəmdən dönmədim. Dönəcək olaramsa, mən mənəvi ölmüşəm deməkdir. Bir də ikinci devizim və məni yaşamağa səsləyən səbrimdir. Səbrlə qazanmışam bu həyatda nəyə nail olmuşamsa onları. ALLAH bəndəsini, xüsusən də sevimli bəndəsini müəyyən yaş dönəmində nələrləsə sınağa çəkir. Bu sınaqdan üzüağ çıxmaq səbrə və iradəyə bağlıdır, çıxdınsa, alacaqsan ədalətli haqq sahibindən mükafatını, yox, naşükürlük etdinsə, daha ağır bəlalara sürüklənəcəksən. Baxın, ədalət də yaradanla yan-yanadır... Nə ədalətinizi, nə də səbrinizi itirməmək diləyi ilə yaşayın... Nə də kimlərinsə etdiklərini təkrarlayıb, istər yaxşı, istər pis, həyat yolunuzu seçməyin. Gözəl bir söz var buna əməl edin:
"Tapdanmış cığırla getmək asandır,
Çalış ki, həyatda öz yolun olsun..."
Almaz S.(Redaktor)
Uşaqlıqdan bəyəndiyim aforizmləri kitabçama qeyd edirəm. Orta məktəbdə oxuyarkən bir kitabça tutmuşdum. Ona yazdığım ilk aforizm belə idi: Həyat cəsarətlilərdən qorxur, qorxaqları məhv edir. Bu sözlər mənim beynimə həkk olundu, sonrakı həyatımda necə çətinliyə düşsəm də bu kəlmələri özlüyümdə təkrarlayıb güc tapdım. Qorxaq olmadığımı özümə sübut etdim hər dəfəsində. Sonralar çox sevdiyim kitabdan oxuduğum sitat köməyimə gəldi. Bu "Küləklə sovrulanlar" əsərində Skarletin məhşur kəlmələridir. O, hər dəfə çətin bir vəziyyətə düşəndə belə deyirdi: "Mən bu gün bu haqda düşünə bilmərəm, beynim çox qarışıqdı. Yaxşısı budur sabah bu barədə düşünüm. Səhər artıq fərqli bir gün olacaq." Həqiqətən də bu gün bizi çox narahat edən, hətta dəli olmaq dərəcəsinə gətirən bir məsələ səhər elə də önəmli olmur. Əsas odur ki, depressiya burulğanına düşməyəsən. Çünki oradan çıxmaq sonra çox çətin olur. Son vaxtlarda müqəddəs kitabımız Quranı oxuyandan sonra isə orada yazılan hər bir kəlmə mənim yaşamağıma yardım edən həyat devizimə çevrilib. Bir çox cavabsız suallarım var idi ki, onların hamısına cavab bu kitabdan tapdım. Qəlbimdə bir işıq yandı, indi artıq necə bir çətinliyə düşsəm də o işıq mənə doğru yol göstərir.
lovable_madam (Redaktor)
Həyat heç də asan və rahat yollardan ibarət deyil. Mütləq enişi-yoxuşu, yağışı, boranı olur. Problemsiz, qayğısız həyatın deyirlər dadı olmaz... Mən bu fikirlə razılaşmıram. Bəxtəvər həyatı kim istəməz ki... Bəlkə də hər gün davam edən xoşbəxtlikdən kimsə doya bilər, amma mən əsla! Çətin günlərimdə də çarəm birdir - Allahıma dua etmək və yenə də şükürlü olmaq. Yaşamaq devizim bir deyil, çoxdur, əsas budur: "Dərdin olanda gülümsə həyata, çünki həyat da bir gün sənə güləcək, güzgü kimi sanki." Gülsən güzgüdən gülüşünü görəcəksən, ağlasan göz yaşlarını. Deməyim odur ki, ən çətin günümdə də yıxılmıram, səbirlə yanaşıram hər şeyə və burda da bir xeyir olduğunu bilirəm, axı Allahdan gələn hər bir işdə bir xeyir var! Allah istədiklərimizi verirsə demək xeyri var bizə, vermirsə demək ki, yenə bir xeyir var bu hikmətdə... Hər zaman optimist fikirlərimlə gələcəyə doğru baxıram...
Shoko (Ekspert)
Əslində yaşamaq üçün heç bir devizim yoxdu. Çünki həyatım sakitcə elə öz axarı ilə gedir. Sadəcə bircə düşüncəm var, o da uşaqlarım. Onlar üçün yaşayıram desəm yalan olmaz. Amma bu yaxınlarda bir kitab oxudum və kitabı oxuduqdan sonra fikirlərim bir az dəyişdi, artıq hadisələrə başqa gözlə baxmaga başladım. Başa düşdüm ki, məyərsə həyatdaa hər şey mümkündü, qarşımıza çıxan hər problemin hər dərdin bir çarəsi var, sadəcə güclü olub, doğru düşünüb, doğru qərarlar vermək lazımdı. Kitabda məni sözün əsl mənasında silkələyən isə bu fikir oldu: "Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Yeni bir həyat üçün lazım olan yeni bir ağıldır. Doğru şeyi etmək üçün yanlış zaman yoxdur. Küləyi günahlandırmaqdan əl çək, yelkənlərini istifadə etməyi öyrən! Başqaları bacardısa, sən də bacara bilərsən! Hər şey səninlə başlar! Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənin!" Məncə güclü olub tozu dumana qatmaq lazımdı, toza-dumana qatılmaq yox!
Xəyalə Murad (Redaktor)
Bu sualla qarılaşanadək həyat şuarımın nədən ibarət olduğunu düşünməmişdim. Əslində hər kəsin yaşamaq üçün müəyyən məqsədi, səbəbi, amili olur. Mənim üçün də həyat amili bir növ şuara çevrilib. Son altı ildə tək şüarım "Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir" olub. Ona qədər isə həyat şüarım bu olub "Susma, vicdan! Sən sussan, sözüm yalan, sən sussan insanlığım talan, sən sussan sonum hüsran, sən sussan danışar Şeytan." Əslində bu şüarı heç həyatımdan uzaqlaşdırmamışam da. İkinci, lakin çox önəmli devizimdir. Hər kəlməsində dərin məna olduğunu və bu mənanı başa düşmək heç də qəliz olmadığını bildiyim üçün geniş açıqlamağa gərək duymadım. Ən vacibi isə odur ki, həyatımızın devizi (şüarı) nə olur olsun, əsas özümüzü onda, onu da özümüzdə əks etdirə bilək. Və unutmayaq ki, hər birimiz bizə verilən bu həyatı cəmi bir dəfə yaşayırıq və heç bir günü, heç bir anı geri dönüb təkrar yaşaya bilmərik. Ona görə də hər birinizə öz həyat şuarımdakı kimi heç zaman susmayan Vicdan arzu edirəm.
Elnarə (Redaktor)
Bəzən həyatda elə anlar olur ki, "kaş öləydim, qurtulaydım" deyirik. Amma... Ölmək, sevdiklərini və sevənlərini tərk edib getmək o qədər də asan deyil. Əvvəllər düşünürdüm ki, mən ölsəm, ata-anam, bacı-qardaşlarıma dərd olar. Hələ anam... O necə olar? Ömür boyu üzü gülməz. İndi isə övladlarım var. Ölümdən əvvəlkindən daha çox qorxuram. Mənə bir şey olsa övladlarım necə olar? Ağlıma gətirmək istəmirəm heç. Ölümdən qorxmaq deyəndə nəbadə məni yanlış anlayasız. Ölməkdən deyil, öldükdən sonra sevdiklərimin acı çəkəcəyindən, övladlarımın buynu bükük böyüməsindən qorxuram. Bütün qəlbimlə Allaha yalvarıram. Övladlarım üçün mənə həyatımı, sağlığımı bağışlasın. Allah heç övladı yetim, boynu bükük qoymasın. Amin! Mənim yaşama səbəbim sevdiklərimdir. Bir də dinim-imanım. Allah sevdiklərimi mənə çox görməsin. Dinimi-imanımı, nəfsimi şeytan əməlindən qorusun. Amin!
Günel Əsədova (Yaqut)
Lalə xanım, dinimizə böyük sevgiylə yanaşmanıza, daima maraqlı və məntiqli şərhlərinizə, yazılarınıza görə sizə böyük hörmətim var. Mənə də yazınızda yer verdiyiniz üçün təşəkkürümü bildirirəm. Mənim hayat devizim deyəndə bura çox şey daxil ola bilər. Amma həyatda mənə elə gəlir ki, nə uğrunda çalışsan, gərək elə məntiqlə çalışasan, məqsədə doğru hərəkət edəsən. Başladığın işi yarımçıq qoymayasan. Məntiqli sözü, məntiqli söhbəti sevirəm. Və hər kəsə də fikrimi aydın çatdırmaga çalışıram. Mənə elə gəlir ki, səlist və aydın söhbət, hərəkət insana yol açan ən birinci amildir.
Ruhəngiz (İstifadəçi)
Lalə bacım, mənə də bu xəbərində yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm. İnsan dünyaya gəldiyi gündən ömrünün sonuna kimi müxtəlif hadisələrlə üzləşir, çətinliklərə qatlanmalı olur. Lakin düşdüyü vəziyyətdən asılı olmayaraq daima Yaradanına şükr etməlidir. Mən də nə qədər ki,gənc idim (məktəb illərimi nəzərdə tuturam), həyatı bir o qədər dərk etmirdim. Məsələn, rəhmətlik atam namaz qılırdı. Mənə çatmırdı ki namaz dinimizdə vacib buyrulub. Valideynlərimi qəzada itirdikdən sonra sanki mənə hər şey agah olmağa başladı. Allah keçsin günahımdan. Onlardan sonra həyatdan küsdüm, naşükürlük etdim ki, Allah onları mənim əlimdən niyə aldı. Lakin sonra mənə çatdı ki, Yaradan bu canı özü verir, özü də alır. Biz bəndələrin belə danışmağa haqqı yoxdur. İndi çox şükürlər olsun Allahıma mənim yaşamağıma səbəb övladlarımdır. Hər gün namazımda ALLAHIMA dua edirəm, istəmirəm ki, onların da həyatı mənimki kimi qaranlıqlarla dolu olsun. Allah hər zaman köməyimiz olsun. Balalarımızı bizlərə, bizləri də onlara çox görməsin. Amin.
KEMALE MEMMEDOVA (İstifadəçi)
Allahın cümləmizə verdiyi bu həyatı mənalı və gözəl yaşamaq mən deyərdim ki, öz əlimizdədir. Ata toxum, ana torpaq olduğu üçün bütün bəşər adəm övladı sayılır. Fərqi yoxdu toxum hansı torpağa düsüb, yenə də əsli nədirsə o da göyərəcək. İnsan da belədir, zatı, nəsli təmiz olanda insan da təmiz əxlaqlı olur. Mənə gəldikdə isə mənim yaşamaq prinsipim yalnız və yalnız Allahdır. Allahıma şükürlər olsun ki, məni belə yaradıb. Bəzən ətrafımdaki pis xislətli, paxıl, iki üzlü insanları görəndə köməyimə yalnız Allaha dua etməyim çatır. Övladlarım hərdən mənim bu xasiyyətimdən bezərək məni danlayırlar. Amma nə edim ki, mənə olunan pisliklərə pis cavab verə bilmirəm. 23 ildir ki ailəliyəm. Özüm üçün istədiyim bütün arzularımın üstündən qırmızı xətt çəkmişəm. Bu illər ərzində prinsipim yalnız ailəmi qoruyub saxlamaq olub. Hətta yalan danışan günüm də olub ki evdə söz-söhbət böyüməsin. Həmişə sakit, səhmanlı bir birini başa düşən ailə anlamına gətirmişəm ailəmi. Yoldaşımla nə problemim olubsa anası-atası həmişə köməyimə çatıblar. Mənim həyatda sınmağıma razı olmayıblar. Həmişə səninlə fəxr edirik deyiblər. Yoldaşım çox pis xasiyyətli biri olub əvvəllər. Mənim həyatı bu qədər sevməyim, onun əzablarına dözməyim onu da dəyişməyə vadar etdi. Hazırda çox xoşbəxt bir ailəm var. Sağlam övladlarım var. Yanımızda övladlarını sevən ata və mənə inanan həyat yoldaşım var. Mənim həyat prinsipim sadəlik sağlamlıq və mübarizədir. İndiki cavanları başa düşə bilmirəm, ərə gedir, bir ildən sonra xasiyyətimiz düz gəlmir deyib ayrılır. Həyat qəribədir, bilmirsən ki, sənə nə sürpriz hazırlayır. Ona görə Allahın sənə verdiyi ömrü elə yaşa ki, sonra peşman olmayasan. Bilmirəm bəlkə mənim yazımı bəyənməyənlər də olacaq, amma mənim ürəyim nə dedisə onu da yazdım. İndi yalnız amalım övladlarımı xoşbəxt görməkdir, ailəmin qulluğunda durmaqdır. Sənə də uğurlar.
Seadet Sexavet(istifadəçi)
Canım Lalə xanım, mənim üçün elə ağır mövzudur ki bu. Amma tam səmimiyyətlə yazacam sizə.
Mən 12 yaşımdan əmi evində qalmışam. Ona görə də ərköyün olmuşam. Amma özüm özümü artq 5c-i sinifdən məsuliyyətli olmağı öyrətmişəm. Məktəb illərində həmişə oxumaq üçün əsas devizim ali məktəbə daxil olmaq idi. Mən orta məktəbi bitirəndə atam qaçqın gəldi... Mənim ali məktəbə daxil olmağım atama ən böyük hədiyyə olacaqdı. Mən o dövrün ən əsas ali məktəbi BDU-ya daxil oldum. Atamın qaçqınlıqdan əyilmiş belini düzəltdim. Ali məktəbi atama görə elə oxudum ki, heç bir vasitə olmadan bitirdim... Mənim həyatda özümə bağışlamayacağım ən böyük səhvim özüm ali savadlı olaraq savadsız bir ailəyə gəlin getmək oldu. Yoldaşım bütün xarici ölkələrdə olub. Amma elə yer var ki hələ də o fərq özünü biruzə verir. Biz 5 baci idik. Atamın ən böyük arzusu oğul nəvəsi olub... Mənim də iki qızım oldu (indi şükür edirəm Allaha onları mənə verdiyi üçün). Mən çox böyük sarsıntı keçirirdim. Elə oldu ki oğluma hamilə oldum. Mənə həkim dedi ki, tezdir. 3 il keçməlidir ilk qeysəriyyə əməliyyatından... Amma mən oğlum olsun deyə gözü yumulu riskə getdim. Istəmirdim mənim həyatda olan əksik tərəfim onlarda da olsun. Oğlumun dünyaya gəlişi mənə həyat verdi, ruh verdi... Indi yaşamağımın əsas amalı, əsas meyarı balalarımdır, onlara ali təhsil verə bilmək. Oğlumu müstəqil sözünü deyə biləcək kişi kimi böyütmək... Mən sevgi, əyləncə məsələlərini atmışam bir kənara. Yoldaşım da bilir ki, mənim nəfəs alma səbəbim balalarımdır. Yatanda da, duranda da Allahımdan tək istəyim odur ki, məni balalarımla sınağa çəkməsin. Indi mənim yeganə həyat devizim onları layiqincə yetişdirməkdir. Sənətimdə isə əsas devizim hörmətimi heç vaxt itirməmək, həmişə əlçatmaz olmaqdır. Nə qədər nail olmuşam deyə bilmərəm. Hələlik məqsədim uğrunda mübarizədəyəm, çalışıram nəticələrim yüksək və qibtə olunacaq olsun. Təşəkkür edirəm sizə.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR