XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini, aktuallığını saxlamaqdadır.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli elm və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Onun ilk uşaqlıq illəri Şərur rayonunun Şahtaxtı kəndində keçmişdi. Sonra Bakıya köçmüşdü.
Əziz Əliyevin həyatının bütün mərhələləri övladları üçün həyat dərsi idi. Ona görə də Zərifə xanım Əliyevanın həyat fəlsəfəsinin ilkin qaynaqlarını birinci növbədə onun uşaqlıq çağlarında axtarmaq lazımdır. Sonralar o deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həlledici mərhələdir və ömrü boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil. İnsan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır.
Zərifə xanımın dünyaya göz açdığı ailə, sözsüz ki, qeyri-adi bir ailə idi. Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimlərinin çoxu onun ata evində qonaq olurdular. Bu evdə cəmiyyətin mənəviyyatı ilə bağlı çox söhbətlər aparılır, müzakirələr edilirdi və təbii ki, uşaqlar da bunları eşidirdilər. Beləliklə, atasının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbülfəs Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və s. kimi şəxsiyyətlərlə ailəvi dostluq etdiyi bir mühitdə böyüyən Zərifə xanım özündə azərbaycanlı ziyalısının ən yaxşı nümunəsini təcəssüm etdirirdi.
Zərifə Əliyevanın həkimliyi seçməsi gendən, irsən gələn istək və qərar idi. Bu sənəti ona atası sevdirmişdi - həm də şübhəsiz ki, sözlə, əmrlə deyil, həkimliyə məhəbbəti və sədaqəti, parlaq nümunəsi ilə. Bunlarla bahəm, Zərifə xanımın xarakterindəki alicənablıq, insansevərlik, səmimiyyət hələ uşaqlıq və ilk gənclik dövründə də özünü büruzə vermiş və onu bu humanist peşəyə meyilləndirmişdi. Beləliklə, Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
Tələbəlik illərində əsaslı biliklərə yiyələnən Zərifə xanımın qəlbində məhz göz həkimi olmaq, dünya işığına həsrət qalan insanlara nur bəxş etmək, görmə qabiliyyəti zəif olanlara, o zaman geniş yayılan bir sıra xəstəliklərdən əziyyət çəkənlərə kömək etmək arzusu olmuşdur. Əslində bu da bir qanunauyğunluq idi, çünki zəriflik, incəlik, həssaslıq tələb edən göz həkimliyi Zərifə xanımın xarakterindəki yüksək keyfiyyətlərlə çox yaxın idi.
1947-ci ildə ali məktəbi əla qiymətlərlə bitirdi. Lakin məqsədinə çatmaq - yaxşı oftalmoloq olmaq üçün təkmilləşdirmə kursu keçməli idi. Oftalmologiya üzrə təkmilləşmə kursu keçmək o zaman Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda mümkün olduğundan Zərifə xanım Moskvaya gedir və 1949-cu ildə kursu bitirərək Bakıya qayıdır və Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.
Burada gənc həkimin elmi tədqiqatlara olan böyük marağı əməli işlərə çevrilir. Həkim-ordinator kimi işləsə də, gələcək tədqiqatları barədə də ciddi düşünür. 1950-ci ildə aspiranturaya qəbul olunur və aspiranturanı bitirdikdən sonra elə həmin institutda elmi işçi kimi çalışmağa başlayır.
Bu həmin vaxt idi ki, Azərbaycanı traxoma adlı göz xəstəliyi bürümüşdü. Dəhşətlisi həm də o idi ki, bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Bu, təkcə oftalmologiya sahəsi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün problemə çevrilmişdi. Məhz həmin dövrdə Zərifə xanım traxomaya qarşı aparılan müalicədə və profilaktik tədbirlərdə fəal iştirak etməyə başlayır. Xəstələri müalicə etməkdən əlavə, həm də traxomanın daha çox yayıldığı bölgələrə gedir, oftalmoloq-həkimlərə məruzələr oxuyur, əhali ilə söhbətlət aparırdı.
Beləliklə, Zərifə Əliyevanın elmi araşdırmaları üçün həyat özü mövzu verir. O, tədqiqatlarını traxomanın müalicəsi ilə bağlı məsələlərə, əsasən xəstəliyin müalicəsində və onun ağırlaşdığı hallarda təsirli vasitələrin öyrənilməsinə, o zaman üçün yeni olan antibiotikdən - sintomesindən istifadəyə həsr edir. Burada sintomisinin geniş antibakterial spektrləri ilə yanaşı, onun antixelamatik təsirə malik olması da nəzərə alınmışdır.
Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasında öz əksini tapdı.
Zərifə xanım çox məsuliyyətli həkim idi. Tələsik diaqnoz qoymağı heç sevmirdi. Xəstənin şikayətini diqqətlə dinləyir, onun həyat tərzi, nəticə etibarilə xəstəliyi doğuran səbəbləri dərindən öyrənməyə çalışırdı. O, yalnız hərtərəfli müayinədən sonra müalicə təyin edirdi.
Daha sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı ardıcıl tədqiqatlarla məşğul olur. Bu tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edir.
1960-1967-ci illərdə Zərifə Əliyeva institutda böyük elmi işçi vəzifəsində çalışır. 1967-ci ildə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Qeyd edək ki, Əziz Əliyev ömrünün son illərində bu instituta rəhbərlik etmişdi.
Bu dövrdə Zərifə xanım göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyiciləri olan həkimlərlə iş apararaq pedaqoji fəaliyyət göstərir. O, eyni zamanda həkimliklə də məşğul olur, xəstələri müalicə edir və cərrahiyyə əməliyyatları aparır.
Bütün bunlarla yanaşı, həmin illərdə gənc alimin diqqətini oftalmologiyanın bir sıra aktual problemləri cəlb edir. Bunlar xəstəliklərin diaqnostikası, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. idi. Getdikcə onu daha dərin məsələlər narahat etməyə başlayır. Beləliklə, Zərifə Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası ilə məşğul olur. Bu problemin aktuallığı kimya və elektronika sənayesinin geniş inkişafı, eləcə də yeni kimyəvi birləşmələrin görmə orqanına təsiri ilə bağlı idi.
Zərifə xanımın tədqiqatlarının üstün cəhəti fundamental elmlə səhiyyə təcrübəsinin sıx əlaqəsində idi.
Sonrakı dövrdə alim onu ən çox maraqlandıran peşə oftalmologiyası ilə mütəmadi məşğul olur. Bu maraq onu Azərbaycanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmağa sövq edirdi. O illərdə Zərifə xanım yorulmadan Bakının, Sumqayıtın, Mingəçevirin, Gəncənin bir sıra müəəssisələrinə gedərək elmdə axtardığı sualların cavabını tapmağa çalışırdı. Beləliklə, o, elmdə birinci olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və onların profilaktikası üçün tədbirlər işləyib hazırlamışdır. Əldə etdiyi nəticələr alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod infeksiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır.
Bu gün biz cəsarətlə deyə bilərik ki, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi əsaslı tədqiqatlar alimə böyük şohrət gətirmiş və onu dünya oftalmologiya məkanında tanıtmışdır.
Zərifə Əliyeva 1976-cı ilin mayında M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycan kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Mövzunun uğurlu reallaşdırılması, ən yeni nəzəri müddəaların meydana çıxarılması elmi işin tətbiqi xarakteri, yəni insanlara gərəkli olması ona halal doktorluq haqqı qazandırmışdı. Üstəlik də, Zərifə xanım müdafiə zamanı özünün dərin mütəxəssis biliyi, cəsarətli eksperimentatorluq bacarığı, toplanmış zəngin materialların hərtərəfli elmi izahı və bütün bunları yığcam və bitkin şəkildə çatdırmaq qabiliyyəti ilə keşmiş SSRİ-nin tanınmış oftalmoloqları qarşısında bir daha nümayiş etdirmişdi.
Doktorluq dissertasiyası müdafiə etdikdən sonra Zərifə Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. Burada Zərifə xanımın təkmilləşdirmə kursu keçən həkimlərə oxuduğu mühazirələr məzmunu ilə fərqlənirdi. Oftalmologiyadakı yeniliklər daim öz əksini tapırdı. O həmişə çalışırdı ki, oftalmoloqlar bilik və peşə səviyyələrini daim artırsınlar. Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasında çalışarkən ilk vaxtlardan ətrafına gənc və istedadlı həmkarlarını toplayaraq burada elmi-tədqiqat işlərini, kadrların hazırlanmasını bacarıqla təşkil etmişdi. Kafedraya müdir seçildikdən sonra qısa müddətdə yenidənqurma işləri aparmış, burada bütöv bir məktəb yaratmışdı.
Professor Zərifə Əliyeva 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodunda "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı unikal bir laboratoriyanın yaradılmasına və səmərəli fəaliyyətinə nail oldu. Bu, dünyada görmə orqanının peşə patologiyasını araşdıran ilk elmi-tədqiqat laboratoriyası idi. Bu laboratoriya o zaman elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət idi. Zərifə xanımın zəhməti və səyi ilə tezliklə laboratoriya ən müasir cihazlarla təchiz edildi, peşə xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi sahəsində mərkəzə çevrildi. Laboratoriyada az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Təqdirəlayiq haldır ki, sonralar Zərifə xanımın bu təcrübəsi keçmiş sovet ittifaqının bir sıra digər şəhərlərində tətbiq edildi.
Zərifə xanım Əliyeva bir mütəxəssis kimi geniş diapazona malik idi. O, həm həkimlik və müəllimlik fəaliyyəti ilə məşğul olur, həm də ardıcıl surətdə elmi tədqiqatlar aparırdı. Onun elmi işləri də çoxşaxəli və geniş idi. Bunu alimin işlərinin nəticəsi olan əsərlərin adlarında da aydın görmək mümkündür. Məsələn, "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası" və s. Klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlar da əhəmiyyətlidir. Bu tədqiqatların nəticələri həkimlər üçün yazılmış dərs vəsaitlərində və monoqrafiyalarda öz əksini tapmışdır. Bu silsilədən "Kəskin virus konyuktivitləri", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Şəkərli diabetdə göz xəstəlikləri" və bir çox digərlərini göstərmək olar.
Bundan əlavə, Zərifə Əliyeva nadir sahə sayılan iridodiaqnostika və iridoterapiya problemlərini də araşdırmış və sözünü iki iri monoqrafiyada demişdir. Bunlardan biri Bakıda "Azərnəşr" tərəfindən nəşr olunmuş, digəri isə Moskva şəhərində işıq üzü görmüşdür.
1977-ci ilin oktyabr ayında Bakıda Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumu keçirildi. 200 nəfərin iştirak etdiyi plenumda SSRİ-nin görkəmli alimləri uşaqların görmə qabiliyyətinin mühafizəsinə, qlaukomanın profilaktikasına və müalicəsinə, ağır göz zədələrinə həsr olunmuş məruzələr etdilər.
Zərifə xanım plenumda kimya sanayesi müəssisələrində görmə orqanının peşə xəstəliyinə həsr olunmuş məruzə ilə çıxış etdi. Bu tədbirdə ilk dəfə olaraq peşə patologiyasının problemi müzakirə olunurdu. Zərifə xanım bəyan etdi ki, kimya sənayesinin intensiv inkişafı görmə orqanının peşə patologiyasının müxtəlif növlərinin əmələ gəlməsi üçün real şərait yaradır. Bu problemin öyrənilməsi sənaye oftalmologiyasının aparıcı problemidir.
Ümumittifaq oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin 1981-ci ilin oktyabr ayında keçirilən VIII plenumunda da Zərifə Əliyevanın çıxışı olmuşdu. Onun oftalmologiyada həkim deontologiyası barədə məruzəsi həmişəki kimi yenə hamının diqqətini cəlb etmişdi. Əslində, plenumda bu məsələnin müzakirəyə çıxarılması təşəbbüsünü Zərifə xanım irəli sürmüşdü. Çünki həkim-xəstə münasibətləri həmişə onun diqqət mərkəzində olan məsələ idi.
Təbii ki, səhiyyənin elmi-texniki inkişafı gündəmə yeni tibbi və əxlaqi problemlər gətirir. Belə çıxır ki, gələcəkdə hətta tibb heyətini kompyuter, yaxud robot da əvəz edə bilər? Zərifə xanım hələ o zaman məsələyə bu cür baxışı qəti səhv hesab edirdi. Dəfələrlə demişdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Əksinə, həkimin xəstə ilə səhv, düşünülməmiş davranışı, ünsiyyəti xəstəni həyəcanlandırır, ruh düşkünlüyü yaradır, onu ümidsizliyə qapılmağa vadar edir. Xəstənin müalicəsində bir çox ixtisas həkimləri iştirak edə bilər, lakin əsas məsuliyyət müalicə həkiminin üzərinə düşür. Həkimlər qrupunun, əsasən də cərrahların qrup halında məsuliyyət daşıması məsuliyyətsizliyə gətirib çıxarır.
Elə həmin plenumda da bu barədə söhbət getmişdi. Zərifə xanım məruzəsi ilə əslində həkimlə xəstənin qarşılıqlı münasibətinin əsas qaydasını tərtib etmiş, müalicə həkiminin xəstəliyin diaqnostikası və müalicə zamanı aparıcı rolunu vurğulamışdı. O, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, tibbi etikasının da vacib olduğunu göstərmişdi. Gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə həmişə böyük zəhmət sərf edən alim bu mövzuda çoxlu məqalələr yazmış və çıxışlar etmişdi. "Yüksək etimad" kitabı da məhz həkimin cəmiyyətdə şəxsiyyət kimi formalaşması probleminə həsr olunmuşdu.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində çox yüksək hesab edilən akademik M.İ.Averbax adına mükafata layiq görüldü. Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.
Zərifə Əliyevanın 1983-cü ildə tibb sahəsindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvliyinə seçilməsi onun böyük xidmətlərinin, çoxillik və səmərəli elmi fəaliyyətinin, səhiyyənin nəzəriyyə və təcrübə sahələrinə verdiyi töhfələrin nəticəsi idi. Düşünmək olardı ki, ən uca zirvə artıq fəth edilib. Amma Zərifə xanım yenə də öz axtarışlarında idi. O, yenə də əvvəlki illərdə olduği kimi xəstələri müalicə edir, həkim kadrları yetişdirir, elmi məqalə və kitablar yazırdı.
Zərifə xanım "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. 1983-cü ildə elə bu jurnalda "Kənd təsərrüfatında pestisidlərlə işləyən mexanizatorların görmə orqanlarının vəziyyəti" adlı məqaləsi dərc olundu. 1984-cü və 1985-ci illərdə də peşə ilə yaranan göz xəstəliklərinin patologiyasına aid iki sanballı məqaləsi çap edildi. Bütün bunlar alimin tədqiqatlarına sədaqətini və inamını bir daha təsdiqləyirdi. Təsadüfi deyil ki, bu tədqiqatların nəticəsi olan ümumiləşdirmələr ölkə oftalmoloqlarının VI qurultayının işləri sırasına daxil edildi və qurultayın yüksək tribunasından səsləndi.
Mən Zərifə xanım Əliyevanı həm bir həkim və alim, həm də insan kimi yaxından tanıyırdım. Ümumiyyətlə, ailə üzvlərinin əksəriyyəti həmkarım olduğundan mənim Əziz Əliyev ailəsi ilə yaxınlığım vardı. Tamerlan müəllimlə təhsil illərimiz demək olar ki, eyni dövrə təsadüf edib. Mən üçüncü kursda oxuyanda Tamerlan aspirant idi. Sonra o, bizim qrup rəhbərimiz oldu. Daha sonra nə az-nə çox - 30 il Tibb İnstitutunun Elmi Şurasında birlikdə fəaliyyət göstərmişik.
Bizim Zərifə xanım Əliyeva ilə dəfələrlə həmkarcasına söhbətlərimiz olub. Belə ki, biz bir sıra xəstəliklərin müalicəsi ilə əlaqədar məsləhətləşmək üçün görüşmüş, dəfələrlə fikir mübadiləsi, bir növ konsilium keçirmişik. Zərifə xanın məsələyə həmişə öz xarakterinə məxsus ciddilik və təmkinlə yanaşır, onun hər cümlə və müddəasında böyük elmilik və həkim savadı nümayiş olunurdu. Bunlarla bahəm sifətində incə və xeyirxah bir təbəssüm görünürdü. Xoş rəftarı boyük ədəb-ərkandan irəli gəlirdi.
Sonuncu dəfə Zərifə xanımla 1982-ci ildə Moskvada, Milli Onkoloji Elmi Mərkəzin akt zalında görüşdük. Orada Tibb Elmləri Akademiyasının prezidenti akademik H.H.Bloxin Zərifə xanıma akademiyanın Aberbax adına mükafatını təqdim etdi. Təqdimetmədən sonra Zərifə xanımın özünün də çıxışı oldu. Həmişə olduğu kimi çox səlis, tələsmədən, maraqlı məzmunda danışdı və çıxışı alqışlarla qarşılandı. Yeri gəlmişkən qeyd edim ki, ümumiyyətlə, Zərifə xanımın şifahi nitq mədəniyyəti çox yüksək idi. O, danışarkən möhkəm yaddaşına güvənir, yazılı mətnə baxmadan danışır və danışarkən bacarıqla cədvəl və slaydlardan istifadə edirdi. O, mühazirələrini eyni səviyyədə, özü də həm Azərbaycan, həm də rus dilində müvəffəqiyyətlə oxuyurdu.
Mərasimdən sonra yaxınlaşıb Zərifə xanımı təbrik etdim. Xalqımın belə layiqli övladı və tanınmış alimi üçün qəlbimdə böyük qürur hissi yaşadım.
Zərifə xanım haqqında qısaca bunları desək, onun şəxsiyyəti haqqında gənc nəsildə təsəvvür yarada bilərik: akademik Zərifə Əliyevanın rəhbərliyi ilə həkim-oftalmoloqların və alimlərin böyük bir dəstəsi yetişmişdir. Zərifə xanım gənclərə sənət və elmdən əlavə həm də həyat təcrübəsini öyrətmiş, onlara həmişə diqqət və qayğı göstərmişdir. Zərifə xanım sənətini elə sevirdi ki, işdən heç vaxt yorulmur, usanmır, bütün qəlbi və varlığı ilə çalışırdı.
Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran ən çox nə idi? Onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı.
Zərifə xanıma irsən bir xüsusiyyət də keçmişdi. Təşkilatçılıq bacarığı, ictimaiyyətlə dil tapıb işləmək istəyi vardı. Ona görə həmişə ictimai işlərdə çalışmışdı. SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olmuşdu. "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdi. Zərifə xanım Əliyeva müxtəlif illərdə bir sıra ordenlərə və medallara layiq görülmüşdü. Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdı.
Zərifə xanım zəmanəmizin böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı idi. Onlar uzun illər birlikdə xoşbəxt və mənalı ömür sürmüşlər. Lakin bu həyat eyni zamanda çətin, ağır və məsuliyyətli olmuşdur. Ulu öndər daim xalqın qayğıları ilə yaşamış, Azəbaycanı hər cəhətdən inkişaf etdirmək, irəliyə çıxarmaq üçün böyük zəhmət və səylər sərf etmişdi. Bu çətin yollarda Zərifə xanım onun mətin, yorulmaz yol yoldaşı olmuşdur. Ulu öndərlə həyat yollarında qoşa addımlayarkən bu zərif xanım da əslində öz çiyinlərinə ağır bir yük götürmüşdür. Heydər Əliyevin istər təhlükəsizlik orqanlarında çalışdığı zaman, istər Azərbaycana başçılıq etdiyi, böyük, sürətli inkişafla səciyyələnən 1969-1982-ci illərdə, istərsə də Moskvada, SSRİ kimi nəhəng bir ölkənin rəhbərliyində işlədiyi vaxt, bir sözlə, birgə yaşadıqları bütün dövrdə Zərifə xanım ulu öndərin ən yaxın dostu, mənəvi dayağı olmuşdur.
Bir-birini elə tamamlayırdılar ki, elə bil Tanrı onları məhz birgə ömür yaşamağa yaratmışdı. Bu ailəni yaxından tanıyanların hamısı belə deyir.
Zərifə xanım bütün varlığı ilə ailəsini, övladlarını sevən həyat yoldaşı və ana idi. O, övladlarının layiqli insan və vətəndaş kimi böyüməsi, tərbiyə alması üçün ömrünü şam kimi əridirdi.
Min təəssüf ki, bu ömür qısa oldu. Mən də hörmətli həmkarım Zərifə xanımın 1985-ci ildə Moskvada dünyasını dəyişməsi xəbərini böyük kədərlə qarşıladım. Onun dəfn mərasimini hələ də xatırlayıram. Azərbaycanın elm və sənət adamlarından böyük bir dəstə əziz Zərifə xanımı son mənzilə yola salmaq üçün Moskvaya getmişdi. Dəfn mərasimi Müslüm Maqomayevin ifasında dahi Üzeyir Hacıbəylinin "Sənsiz" mahnısı ilə müşayiət olunurdu. Qəlbimizdən axan qara qanlarla biz həmin gün Azərbaycan xalqının çox layiqli bir övladını, öz şəxsiyyətində Azərbaycan qadınına xas olan ən yüksək keyfiyyətləri təcəssüm etdirən bir xanımı, böyük alimi itirmişdik.
Çox təəssüf edirəm ki, Zərifə xanım Azərbaycanın müstəqilliyini, bugünkü yüksəlişini görmədi.
Bir həkim kimi onu da vurğulamaq istərdim ki, Heydər Əliyev - Zərifə Əliyeva ailəsinin övladları və indi artıq nəvələri də hər iki böyük şəxsiyyətin və gözəl insanın genlərini özlərində layiqincə daşıyır və təzahür etdirirlər. Bir sözlə, ulu öndərin və Zərifə xanımın qurduqları və yaşatdıqları ailə həmişə ölkəmizin inkişafı, xalqımızın rifahı üçün çalışıb və indi də çalışır.
Zərifə xanımın ruhu şad olsun. Ruhu şad olsun ki, Vətəni Azərbaycan bu gün onun ailəsinin yetirməsinin, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf edir.
Ruhu şad olsun ki, indi Azərbaycanın çox inkişaf etmiş - vaxtilə Zərifə xanımın özünün də arzu etdiyi və uğrunda çalışdığı səhiyyəsi var.
Ruhu şad olsun ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Elmi Oftolmologiya Mərkəzi Zərifə Əliyevanın adını daşıyır və burada, eləcə də ölkənin digər tibb müəssisələrində çalışan yüzlərlə göz həkimi onun yolunu davam etdirir, bu böyük alimin qoyduğu irsdən bəhrələnir.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)