Dekabrın 14-də Azərbaycan müəllimlərinin XIV qurultayı keçirildi. Ölkədə 5 ildən bir keçirilən və təhsillə bağlı məsələlərin müzakirə olunduğu bu qurultay bu dəfə də cəmiyyətin diqqət mərkəzində oldu. Müəllimlərin qurultayı, orada müzakirə olunan mövzular və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev cavablandırır.
- Əjdər müəllim, Azərbaycan müəllimlərinin XIV qurultayı keçirildi. Qurultayla bağlı fikirləriniz necədir?
- Müəllimlərin builki qurultayı yüksək əhval-ruhiyyə ilə keçirildi. Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzində ilk böyük tədbir müəllimlərlə bağlı oldu. Mən hesab edirəm ki, bu qurultay digərlərindən müsbət mənada fərqləndi. Çünki bu vaxta qədər olan qurultaylarda biz təhsilin inkişafının müəyyən məsələlərini, nailiyyətlərini qeyd edir və qarşıda dayanan vəzifələrdən danışırdıq. Bu qurultayda bunlardan daha çox Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi işlərin həyata keçirilməsi üçün səfərbərlik məsələlərindən bəhs olundu. Ona görə də bu qurultay Azərbaycanda təhsilin yeni keyfiyyət mərhələsinə keçidini müəyyənləşdirdi.
Qurultayda təhsil sahəsində olan problemlərin aradan qaldırılması, təhsil sistemimizi dünya təhsil sisteminə inteqrasiya elətdirmək, təhsildə İKT-dən kütləvi istifadə etmək, təhsili idarə edənlərin müasir səviyyəyə çatdırılması, onların təlimatlandırılması, təhsilin məzmununun yenidən qurulması istiqamətlərindən söhbət getdi.
Ali məktəblər iki kateqoriyaya bölünəcək
- Əsasən təhsil sahəsində hansı yeniliklər müzakirə olundu?
- Təhsil naziri Mikayıl Cabbarov özünün çox məzmunlu, tutumlu məruzəsində təhsil sahəsində dövlət siyasəti və vəzifələrin nədən ibarət olduğu və gələcəkdə həyata keçiriləcək işlərdən danışdı. Burada 12 illik təhsil sistemi ilə bağlı məruzələr, məktəbəqədər təhsildən başlayaraq diplomdan sonrakı təhsilə qədər sistem aydınlığı, bu sistemin bir-biri ilə varisliklə qurulması və buna görə də yeni məzmunun müəyyənləşdirilməsi, dərsliklərin yenidən hazırlanması, məktəb direktorlarının tədris işi təşkilatçısından daha çox menecer vəzifələrini yerinə yetirməsi, yeni dövrün müasir məktəb rəhbərinin meydana gətirilməsi və yetişdirilməsi yollarından danışdı. Daha sonra qurultayda ali məktəblərdə kadr hazırlığında keyfiyyətə fikir vermək üçün yeni mexanizmlərin hazırlanması məsələləri ortaya atıldı. Bu da yeni bir cəhət idi və orada qeyd edildi ki, ali məktəblər iki kateqoriyaya bölünəcək. Biri adi kateqoriyadır, digəri isə yüksək kateqoriyalı ali məktəblərdir. Tarixən də belə bir təcrübə olub. Hələ 1917-ci ilə qədər gimnaziyanı bitirənlər universitetlərə, orta məktəbləri bitirənlər isə texniki ali məktəblərə qəbul olunurdular. Bu metod da sanki ona bənzəyir. 12 illik təhsili yüksək səviyyədə bitirənlər, universitetə yüksək balla qəbul olunanlar yüksək kateqoriyalı ali məktəblərdə, nisbətən aşağı bal toplayanlar isə adi universitetlərdə oxuyacaq.
- Əjdər müəllim, bu gün müəllimlik peşəsinin nüfuzunun aşağı olması ilə bağlı fikirlər səslənir. Sizcə, bu peşənin nüfuzunu artırmaq üçün nə etmək lazımdır?
- Nüfuzun qaldırılması üçün bir neçə komponent var. Hesab edirəm ki, müəllim öz nüfuzunu qoruyarsa, ixtisasını mükəmməl bilərsə, tədris nəticələri cəmiyyətə fayda verə biləcək səviyyədə, davranışı, ünsiyyəti, mədəniyyəti yerli-yerində olarsa, müəllim öz nüfuzunu qoruyub saxlaya bilər. İkincisi isə, əlbəttə, onun sosial həyatıdır ki, o da dövlət büdcəsi hesabına təmin olunacaq. Ən səmərəli iş təşkil edən və məhsulu meydanda olan müəllimlərə yüksək əməkhaqqı veriləcək. Əgər bu göstərici aşağı səviyyədədirsə, onun maaşı da aşağı olacaq. Artıq bu mexanizm tətbiq edildikdən sonra müəllimin deməyə haqqı yoxdur ki, digər müəllimlə onun stavkası eynidir, amma fərqli maaş alırlar. İndiyə qədər dərs yükünə görə əməkhaqqı ödənilməsi artıq ləğv olunur. Həmçinin qurultayda belə bir fikir səsləndirildi ki, hazırkı mövcud müəllim kontingentinin tərkibi nüfuzun qaldırılmasına imkan vermir. Onun üçün də mexanizm elə qurulacaq ki, bacarığı olan bu sənətdə qalacaq, olmayan özü çıxıb gedəcək. Bu gün pedaqoji fəaliyyətlə məşğul olan o qədər insan var ki, onların hamısına müəllim demək olmaz. 90-cı illərdə haradansa diplom alıb, müəllimlikdən xəbəri yoxdur, amma indi sinfə girib-çıxır və adını müəllim qoyur. Yeni mexanizm tətbiq edildikdən sonra bu peşə belə insanlardan təmizlənəcək.
- Qurultayda belə bir fikir səsləndirilib ki, müəllim kadrların hazırlanması köklü şəkildə dəyişdirilməlidir. Buna münasibətiniz necədir?
- Bəli, xüsusilə ali məktəblərdə pedaqoji fəaliyyət göstərən müəllimlər köklü şəkildə dəyişdirilməlidir. Burada həm təlim metodları, həm təhsilin məzmunu, həm də kadrlara münasibət dəyişdirilməlidir. İndiki müəllim kadrlar xarici dili bilməli, texnologiyadan xəbərdar olmalı, sənəti mükəmməl bilməli və cəmiyyətin, dövlətin iqtisadi inkişafında özünün rolunu görməlidir. Bu məsələ qurultayda qabarıq şəkildə müzakirə edildi.
- Dövlət ali müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi barədə fikirlər səslənir. Sizcə, bu nə dərəcədə düzgündür?
- Bu, hələlik strategiyada ödənişli təhsil alanlar üçün nəzərdə tutulur. Yəni kimsə ödənişlə oxumaq istəyirsə, istədiyi ali təhsil müəssisəsində təhsil ala biləcək. Məsələn, hansısa bir ixtisasa 50 yer plan qoyublar. Bu plana görə həmin ixtisasa 51-ci adam qəbul ola bilməz. Amma bundan sonra ödəniş etməklə bir ixtisasda 50 yox, 100 nəfər də oxuya bilər. Yəni çoxunun ali təhsil almasına şərait yaradılacaq. İkincisi, gələcəkdə dövlət hər ixtisasa deyil, daha vacibinə pul ayıracaq. Başqa sözlə, dövlət pul ayırdığı ixtisası özü müəyyənləşdirəcək və istədiyi ixtisasa vəsait ayıracaq. Qaldı dövlət sifarişi ilə oxuyanlara, plana uyğun olmalıdır ki, dövlət neçə nəfər istəyir. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev planın ləğv olunmasından danışdı, amma düşünürəm ki, iki kateqoriyalı ali məktəb yaranırsa, təbii ki, birinci kateqoriya ilə ali məktəbə daxil olanlar ən yüksək balla girəcəklər və burada plan öz-özünə müəyyənləşəcək.
- Sizcə, ali təhsil müəssisələrində ödənişli təhsil ləğv edilməlidirmi?
- Əksinə, strategiyada göstərilir ki, ödənişli təhsil gücləndirilməlidir. Ödənişsiz təhsil yalnız dövlət müəssisələrində ola bilər. Dövlət onun xərcini, vəsaitini verir və oraya tələbə yüksək balla qəbul olunaraq təhsil alır. Nəzərdə tutulur ki, tələbə əgər yüksək balla qəbul olunursa, təhsil ödənişsiz olmalıdır. Bunun qarşısını heç kəs almır. Tələbə yaxşı oxusun, yüksək bal toplasın ki, ödənişsiz təhsil alsın. Mənim fikrim belədir ki, yüksək balla qəbul olanlar ödənişsiz oxumalıdır, hansı ki, bu, bu gün də tətbiq olunur. Bəzi özəl ali məktəblərdə 600-dən çox bal toplayanlar pulsuz oxuyur.
- Təhsil işçilərinin dövlət qulluqçusu statusu almasına münasibətiniz necədir və bu, ilk növbədə kimlərə şamil edilməlidir?
- Qurultayda bu barədə söhbət getmədi. Çünki yeni strategiyanın mexanizminin tətbiqində dövlət qulluqçusu olmaq və ya olmamaq sıradan çıxır. Müəllim dövlət qulluqçusu sayılsa da, sayılmasa da, dövlətə xidmət edir. Onun xartiyası da, amalı da, məqsədi də xalq, dövlət, ölkənin inkişafıdır. Müəllim birinci növbədə dövlət qulluqçusudur. Amma qaldı ki ona bu statusun verilib-verilməməsinə, bəzi ölkələrdə bu, tətbiq olunsa da, çox ölkələrdə yoxdur. Bu, tətbiq olunsa da ən aşağı əməkhaqqı ilə veriləcək. Onun da faydası yoxdur. Ona görə də mən hesab edirəm ki, dövlət qulluqçusu olmaqdansa, strategiyanın tətbiqi mexanizmindən alınan nəticələr daha faydalı olacaq.
- Bu gün gənc müəllim kadrların bacarıqları sizi qane edirmi?
- Buna birtərəfli yanaşmaq olmaz. Gənc kadrların içində məni qane edənlər var. Amma kadrların əksəriyyətinin səviyyəsi məni qane etmir. Bu isə ondan irəli gəlir ki, birinci növbədə ali məktəbə girən tələbələrin, xüsusən də pedaqoji məktəbə girənlərin balı aşağı olur, ikincisi də, onların yarıdan çox bu sahədə işləmək istəmir. Sadəcə, universitet oxumaq və diplom almaq xatirinə oxuyur. Onlar topladıqları bala əsasən Dövlət Qəbulu Komissiyası tərəfindən ora atılır və orada da oxuyur. Təsadüfi deyil ki, qruplarda sorğu keçirərkən yarıdan çoxu deyir ki, müəllim olmaq istəmirəm. Buna görə də, düşünürəm ki, pedaqoji təhsil verən fakültələrdə qəbul balını yüksəltmək və ali məktəblərdə tədrisin keyfiyyətini müasir səviyyədə qurmaq lazımdır.
- Bəs, bu gün ali məktəblərdə işləyən müəllimlər müasir dövrün tələblərinə cavab verirlərmi?
- Ali məktəblərdə işləyən müəllimlərin 80 faizi müasir dövrün tələblərinə cavab vermir. Böyük əksəriyyəti, ümumiyyətlə işinə məsuliyyətsiz yanaşır. Çünki orada nə nəzarət, nə nəticə çıxarmaq, nə də nəticəyə görə cavabdehlik yoxdur. Düzdür, strategiyada bu, nəzərdə tutulub, amma bunun həyata keçirilməsi 1-2 ilin işi deyil. Bu, tədricən həyata keçiriləcək. Ali məktəbdə birinci növbədə ali məktəb kadrının özü yüksək səviyyəyə çatdırılmalıdır. Bu gün gənc kadr ona görə savadlı şəkildə yetişmir ki, ona dərs deyən müəllimin məlumatlılığı aşağı səviyyədə olur. Çünki tələbə internetə girib məlumatlanır, çoxsaylı suallara müəllimdən cavab istəyir. Müəllim isə buna cavab verə bilmir. Hər gün köhnə qayda ilə gəlir, danışır, gedir. Uşaqlar da buna maraq göstərmir. Ona görə yetişdirilən gənc müəllimlərin keyfiyyətinin artırılması üçün ali məktəb müəllimlərinin keyfiyyəti artırılmalıdır və universitetin bazası müasir olmalıdır.
- Əjdər müəllim, siz özünüz də qurultayda iştirak etmisiniz və gələcək planlar haqqında məlumatınız var. Ümumilikdə götürdükdə, Azərbaycanın təhsil sisteminin gələcək inkişafını necə görürsünüz?
- Qurultaydakı çıxışlardan da, prezidentin qurultaya göndərdiyi təbrik məktubundan da böyük inam hiss olunur. Mən hesab edirəm ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflər, strateji istiqamətlər mexanizmi 2015-ci ildən başlayaraq tətbiq olunacaq və Azərbaycan təhsili dünyanın qabaqcıl ölkələri ilə bərabər, özünün təcrübəsi ilə dünyaya çıxmağı bacaran, kadrları ilə ölkəsində və dünyada əməli fəaliyyət göstərə bilən bir səviyyəyə gəlib çatacaq. Qurultayın sonunda qətnamə qəbul olundu və buradan da hiss olunurdu ki, bəli, təhsil keyfiyyətcə yeni mərhələyə qalxır və yeni mərhələnin istiqamətləri, hədəfləri aydındır. Onu həyata keçirmək üçün mexanizmlər hazırlanıb və tətbiq edilməlidir. İnanıram ki, biz təhsilimizin dünyada seçiləcək səviyyəyə qədər inkişaf etdirilməsinə nail olacağıq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bunlar səhvən icad olunub
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Bu ölkə Bakıya 3 cüdoçu göndərir
Engin Altan yeni obrazda efirlərə qayıdır-FOTO
Bakıda dilənçi əməliyyatı
Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Dubay metrosunda robotlar xidmət göstərəcək
Dəb Dünyası Bakıda
Ancelina Colinin heyranedici görünüşü– FOTO
Azərbaycanda sürücülərə vaxt qoyuldu, qiymətlər açıqlandı
Monika Belluççidən gözlənilməz ETİRAF
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
Dəri gödəkçələr
Zəlzələ nəticəsində ölənlər var
Gözlənilən Azərbaycan bəyanatı
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Facebook videoreklama başlayır?
Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi
Bu günün tarixi (18.09.2014)
"Qalatasaray"la bağlı yeni bomba
Çanta modelləri
Bəzi qidaların qocaltdığını bilirdinizmi?
“Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır” - Mehriban Əliyeva
5 min avroya qarışqa aldı
Niderland Türkiyədən üzr istədi
“Survivor 2020” iştirakçısı küçənin ortasında evlilik təklifi etdi - VİDEO
Sənədsiz evlərin məsələsi - yenə "qırmızı işıq"?
Azərbaycan gölləri
Balıq bazarında - QİYMƏTLƏR
Avqust ayının qalibləri!
Napoleonun Çəkmələri Rekord Məbləğə satıldı-FOTO
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Niyə hörümçəklərdən qorxuruq?
2011 gəlinlik duvaqları
47 yaşlı nənə hər kəsi heyran edir-FOTO
Birlik istəyirəm
İdman ayaqqabıları
Alçaqdaban ayaqqabılar
Erməni nazir: "Biz Bakıya getməliyik"
9 gün iş olmayacaq
Gürcüstan Gəncədə Baş konsulluq açır
İşçinin vurduğu ziyan nə zaman ödənilmir?
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Qidaları tanıyırıqmı?
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Tailandda həbsxanalar turistik məkana çevrilir
- ŞƏRHLƏR