Buğurt qalası Şamaxı şəhərinin şimal-qərbində, ondan 20 km məsafədə hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Qala yerləşən dağ cənubdan Qız qalası və Cənqu (cəngi) dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. Bu isə Buğurt qalasının strateji mövqeyinin əlverişli olduğunu göstərir. Belə ki, ən yaxın məsafədən də qalanın yerləşən dağı görmək mümkün olmur. Tənə dağı ilə Qız qalası dağının cənub ətəkləri arasında Keşmadin (keçmədin), şərq ətəyində Qaleybuğurt kəndləri yerləşir.
Qız qalası ilə Cənqu dağı arasında geniş bir dərə vardır. Həmin dərədən bir qədər aralı Çağan (çayqan) kəndi salınmışdır. Bu dərədə hündür sal qayalar qar, yağış və digər təbii hadisələrin təsiri nəticəsində müxtəlif şəkillər almışdır. Bu qayalardan biri yerə oturmuş dəvə fiqurunu xatırladır. Yerli əhali arasında bu qaya haqqında çoxlu əfsanələr vardır. Bəziləri dəvəyəoxşar bu daş fiqurunu müqəddəs hesab edib ona nəzir-niyaz deyirlər. Qalanın şərq tərəfində meşəliklə örtülü Qaladalı adlı dərə vardır. Bu dərə şimaldan cənuba doğru göz işlədikcə davam edir. Dərənin şərqində Topxana adlı kənd yerləşir. Yerli əhalinin söylədiyinə görə vaxtilə düşmənlər buradan qalanı top atəşinə tutmuşlar. Topxana adı isə bu hadisə ilə əlaqədar meydana çıxmışdır. Qala yerləşən dağ hər tərəfdən uçurumla əhatə olunur. Qalaya çıxmaq üçün nisbətən əlverişli yol qərb tərəfdədir. Burada dağın döşü boyu meşəlik içərisində ön istehkamlar tikilmişdir. Bu maneələri ötüb keçdikdən sonra dağın lap zirvəsində yerli əhalinin «Şah evi» adlandırdığı narınqala tipli başqa bir istehkam vardır. O, hər tərəfdən uçurumlu qayalarla əhatə olunur. Buraya çıxmaq olduqca təhlükəlidir.
Yerli əhalinin dediyinə görə narınqalaya keçidən başqa ayrı heyvan, hətta canavar belə qalxa bilmir. Buna görə də həmin yer keçilərin rahatca otlamaları üçün yeganə təminatlı sahədir. Buğurt qalası istər yerləşdiyi mövqeyinə, istərsə istehkamlarının quruluşuna
görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilmişlərsə Buğurt qalasının istehkamları bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsi ilə birləşən dağ silsilələrinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur.
Şirvanın bir çox qalaları kimi Buğurt qalası da əsasən müxtəlif ölçülü daşlar və qum-əhəng qarışdırılmış məhlul ilə tikilmişdir. Qalanın ön istehkamı həmin silsilənin qərb döşü və şərq tərəfdən dağın zirvəsi istiqamətində təqribən düzbucaq formada 1800X250 m sahəni əhatə edir. Bu əzəmətli divarın eni təqribən 5 m-dir. Onun bir çox hissələrini hazırda müşahidə etmək mümkündür. Bəzi yerlərdə isə divarın yalnız izləri qalmışdır. Həmin istehkam ilə əlaqədar bir sıra tikintilər də vardır ki, onların xarabaları hazırda qalmaqdadır. Bunlardan biriqalanın cənub-qərb küncünü təşkil edən Qız qalası adlı dağın zirvəsindədir. Bu dağ qalanı cənub tərəfdən qoruyan təbii maneələrdən birisi hesab edilir. Burada əlverişli strateji bir mövqedə dairəvi bürc tikilmişdir. Bürcün diametri təqribən 3,5 m-dir. Onun arxasında 15x5 m ölçüsündə dördkünc tikinti qalığı vardır. Bura yəqin ki, qalanın əsas gözətçi bürclərindən biridir. Həmin bürcə bitişik olan divar 10-12 m şimala doğru davam etdikdən sonra dağın relyefinə müvafiq olaraq düzbucaq formada şərqə tərəf əyilir, sonra yenə də dağın yuxarı döş hissəsi ilə şimal istiqamətində təqribən 240-250 m uzununda davam edərək başqa bir dairəvi bürcə çatır. Həmin bürcün yaxınlığında, ona bitişik düzbucaq formalı başqa tikinti vardır. Bu tikinti divardan təqribən 20 m qərbə tərəf davam etdikdən sonra düzbucaq formada cənuba doğru əyilir. Buranın da iki dağarası gözətçi məntəqəsi olduğunu söyləmək mümkündür. Həmin tikintidən yenə də 250 m şimala doğru divar davam etdikdən sonra (burada divarın yalnız izi qalmışdır) çox mürəkkəb formalı bir tikintiyə təsadüf etmək olur.
Üç gözdən ibarət olan bu tikintinin qərb tərəfində, təqribən 15-20 m uzunluqda, 5 m enində divar qərbə tərəf uzanır. Buradan vaxtı ilə hərbi hissələr yerləşdirmək üçün istifadə edildiyi ehtimal olunur. Eyni əhəmiyyətə malik başqa bir tikinti, divarın 200 m davam edib sona çatdığı yerdə də vardır. Bürc formasında olan bu tikinti 35-40 m qərb tərəfə doğru çəkilmiş divarın qurtaracağındadır. Həmin divar və bürc Qala dərəsini nəzarət altında saxlamaq üçün ən əlverişli məntəqə hesab edilə bilər. Burada yarımdairəvi bürcün arxasında eni 1,40 m, hündürlüyü 4 m və uzunluğu təqribən 6 m olan dəhliz formalı yer vardır. Qala dərəsinə baxan divarda gözətçi deşikləri düzəldilmişdir. İstehkamın şimal divarının ancaq izləri qalmışdır. Burada heç bir tikinti qalığı yoxdur. Qalanın qərb divarı kimi şərq divarının, yəni dağın zirvəsi ilə çəkilən divarın içəri tərəfində bir sıra tikintilər vardır.
Şah evi qalada yerləşən dağların ən yüksək zirvəsindədir. Narınqala vəzifəsini ifa etmiş bu bina hər tərəfdən uçurumla əhatə olunur. Bina qayaların arxasında gizlənmişdir. Belə ki, tam zirvəyə qalxmayınca onu müşahidə etmək olmur. Burada bir-birinə bitişik üç otaq qalığı vardır. Otaqların tavanları və şimal divarları dağılmışdır. Buna görə onların ölçülərini müəyyənləşdirmək mümkün deyil. Binanın salamat qalmış cənub küncləri oval formadadır. Şah evinin şimal tərəfində dağın yamacları istiqamətində bir-birindən təqribən 200-250 m aralı qoşa divar çəkilmişdir. Bu divarlardan başqa, dağın əlverişli çıxış yerlərində də müxtəlif sədd və maneələr tikilmişdir. Bunlar şimal tərəfdən şah evini müdafiə edən istehkamlardır.
Qeyd etdiklərimizdən aydın olur ki, Buğurt qalası öz tikintiləri və istehkamları etibarilə olduqca nəhəng və mürəkkəb bir quruluşa malikdir. Böyük bir sahəni əhatə edən bu qalanın tikilməsində saysız-hesabsız insan qüvvəsi, dövrün məharətli memar, bənna və daş yonanları iştirak etmişlər. Bu tikintilərin hər bir guşəsində donmuş insan əməyi öz ahəngdarlığı ilə indi də səslənməkdədir. Şübhəsiz ki, bu barədə ətraflı fikir söyləmək bizim səlahiyyətimizdən xaricdir. Ancaq bunu deyə bilərik ki, başqa orta əsr qalaları kimi bu qala da öz
istehkamlarına görə iki hissədən: ön istehkam və narınqaladan ibarətdir. Birincinin tikilişində çay daşı və böyük həcmli yonma daşlardan istifadə edilmişdir. Narınqala isə ancaq yaxşı yonulmuş daşlarla tikilmişdir. Ön istehkam öz tikinti xüsusiyyətinə görə Gülüstan qalasına, narınqala isə Bakı Şirvanşahlar sarayı tikintisinə uyğun gəlir. Buğurt qalası, Qaleybuğurt, Keşmadin, Çağan kəndləri və Topxana adlı yer
haqqında xalq arasında bir sıra rəvayətlər vardır ki, onlar qalanın tarixini aydınlaşdırmaq cəhətdən müəyyən əhəmiyyətə malik olduğu üçün bu barədə qısa məlumat verməyi məqsədəuyğun hesab edirik.
A. P. Fituni Sultan Ağa adlı bir kişinin verdiyi məlumata əsaslanaraq bu qalanın Bığır xan tərəfindən tikildiyi üçün Bığır qalası adlandığını söyləmişdir. O, əlavə edir ki, Qaladərəsi həmin vaxtdan etibarən Bığır xanın şərəfinə Bığırdərəsi adlanmışdır.
1. Bu fikir həqiqətə uyğun deyildir, çünki, qeyd etdiyimiz kimi hazırda bu dərə Bığırdərəsi deyil, Qaladərəsi adlanır. Digər tərəfdən A. P. Fituninin qeyd etdiyi Bığır xandan əvvəl bu yer qala yaxınlığında olduğu üçün Qaladərəsi adlanmışdır. Deməli, Bığır xandan əvvəl də Buğurt qalası mövcud olmuşdur. Əgər yerli əhalinin dediyinə əsaslanmış olsaq, burada keçmişdə Bığır xan deyil, Bığır ya Buğur adlı türk tayfası yaşamış və həmin tayfa bu qalanı tikdirdiyi üçün Buğurt qalası adlanmışdır. Əldə olan məlumata görə bu tayfa olduqca döyüşkən
olmuş, sonralar həmin ərazidən Göyçayın yaxınlığına köçmüşdür. Hazırda Göyçayın yaxınlığında Bığır adlı kənd vardır. Tədqiqatçılar bunların türk tayfası olduğunu ehtimal edirlər.
Buğurt ya bığır sözünün etimologiyasına gəldikdə çox güman ki, o, qartal mənası daşıyan berkut sözündəndir. Bu məna Buğur ya Bığır tayfasının döyüşkən olmasına və Buğurt qalasının möhkəm, əlçatmaz dağda yerləşməsinə də uyğun gəlir. Berkut adlı qala Orta Asiyada Xarəzm yaxınlığında da vardır. Çox ehtimal ki, Qaleybuğurt Berkut qalası sözünün farslaşdırılmış formasıdır. Qalanın yaxınlığında olan Qaleybuğurt kəndi də şübhəsiz ki, öz adını həmin qaladan almış, çox güman ki, bu kənd Berkut tayfasının ilk məskəni olmuşdur.
Keşmadin kəndinin adına gəldikdə yerli əhalinin söylədiyinə görə, vaxtilə İran şahı Buğurt qalasını mühasirəyə alıb Şirvanşaha bildirir ki, təslim olduğu təqdirdə onun qanından keçəcəkdir, daha doğrusu, şahı öldürməyəcəkdir.
Şirvanşah qaladan enir və indiki Keşmadin kəndi ərazisində təslim olur. Lakin şah, Şirvan hökmdarını öldürüb, onun yerə tökülmüş qanının üstündən keçir, bununla da öz əhdinə «sadiq» qaldığını göstərmək istəyir. Həmin tarixdən bu kəndin adı Keçmədin (Şirvanşahın qanından keçməmək nəzərdə tutulur) qalır. Eləcə də Çağan kəndinin haqqında belə rəvayət var ki, vaxtilə Şirvanşah bu kəndin yaxınlığındakı çayda düşmənlə vuruşur, çoxlu adam yaralanıb ölür. Nəticədə çayın suyu qana bulaşır. Bu tarixdən həmin çay «Çayqan» və yaxınlıqdakı kənd isə eyni adla şöhrətlənir. Sonralar bu ad Çağana çevrilir. Yaxınlıqda Cənqu (cəngi) dağı və Cənqu meşəsi də həmin hadisə ilə əlaqədar belə adlanmışdır. Mənbələrdən aydın olur ki, I İsmayılın Şirvana hücumu zamanı Gülüstan qalası ilə Buğurt qalası arasındakı meşədə kəskin vuruşma baş verir. Çox ehtimal ki, Cənqu və ya Cəngi adı bu dağ və meşəyə həmin müharibədən sonra
verilmişdir.
"Buğurt qalası" kitabından
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR