Sürətlə planetə yaxınlaşırdıq. O, gözlərim önündə böyüyür, indi okeanı, Avropa çevrəsini seçirdim, birdən-birə ürəyimdə qeyri-adi böyük, müqəddəs qısqanclıq hissi ürəyimi bürüdü: “Belə təkrarlıq necə və nədən ola bilər? Mən, nankor mən, gülləni ürəyimə çaxıb həyatımı söndürərək qan damcılarım tökülən o yeri sevirəm və sevə bilərəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əlçəkməmişdim, hətta, bəlkə də, o gecə, onunla ayrılan məqam, ola bilsin, onu əvvəlkindən də güclü sevirdim. Bu yeni yerdə əzab varmı? Bizim yerdə yalnız əzab və fəqət əzabdan dolayı əsil sevə bilirik! Başqa cür sevməyi bacarmırıq, başqa cür sevgi də tanımırıq. Əzab çəkmək istəyirəm ki, sevim. Qoyub gəldiyim o yeri elə bu an göz yaşlarımla sulayıb öpmək istəyirəm. İstəmirəm, başqa yerdəki həyatı qəbul etmək istəmirəm!” Yoldaşım isə artıq məni tərk etmişdi. Birdən, elə bil özümdən gizlin, cənnət kimi günəşli, füsünkarlı parlaq gün işığına düşdüm bu başqa yerdə. Bizim yerdə Yunan Arxipelaqını təşkil edən adaların və ya Arxipelaqa bitişik qitənin sahilboyu sahəsində durmuşdum sanki. Ah, hər şey bizdəkitək idi, amma hər tərəf elə bil bir bayram yaşayır, böyük, müqəddəs bir zəfər saçırdı. Mülayim, zümrüdvari dəniz sahilə ləpə vurur və elə bil şüurlu surətdə sevərək sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar bütün zənginliyiylə dayanmış, saysız- hesabsız yarpaqları isə, əminəm, məni öz asta mülayim səsiylə salamlayır və sanki sevgi sözləri söyləyirdilər. Yaşıllıqdan ətirli çiçəklər saçırdı. Quşlar dəstə- dəstə havada uçur, qorxmadan çiyinlərimə, əllərimə oturur, öz yumşaq, titrək balaca qanadlarıyla sevinə-sevinə mənə çırpınırdılar. Nəhayət, bu bəxtəvər torpağın insanlarıyla tanış oldum. Onlar özləri yanıma gəldi, başıma yığışdı, məni öpdülər. Ah, onlar necə də gözəl idilər — günəş evladları, öz günəşlərinin evladları! Bizim yerdə insanda belə gözəllik heç vaxt görməmişdim. Bəlkə yalnız uşaqlarımızda, yaşlarının ən ilk çağlarında, bu gözəlliyin zəif də olsa, uzaq inikasını tapmaq olar. Bu xoşbəxt insanların gözləri nur, sifətləri şüurlu arxayınlıqla dolu bir məna saçırdı. Amma fərəhli idilər: bu insanların söz lərində, səslərində uşaq sevinci duyulurdu. Ah, mən elə o andaca ilk baxışımdan hər şeyi anladım! Bu torpaq çirkinliklərlə murdarlanmamış torpaq idi, onun üstündə günaha batmamış insanlar yaşayırdı. Onlar bəşər rəvayətinə görə günah etməmişdən öncə yaşayan əcdadlarımızın cənnətinə bənzər cənnətdə yaşayırdı, bir fərqlə ki, burdakı torpağın hər qarışı cənnət idi. Bu üzü gülər insanlar mənə yaxınlaşır, məni oxşayırdılar; öz yanlarına aparıb hər biri məni sakitləşdirməyə can atırdı. Ooh, onlar məni sorğu-suala tutmur, amma elə bil artıq hər şeyi bilir, üzümdəki iztirabı da tezliklə silmək istəyirdilər. Bilirsiniz nə var? Yenə də deyirəm — yuxuydusa — qoy yuxu olsun! Lakin bu məsum və gözəl insanların məhəbbəti içimdə əbədi olaraq qaldı və hiss edirəm ki, onların məhəbbəti indi də ordan mənə saçılır. Onları özüm görmüş, tanımış və inanmışdım ki, onları sevirəm, onlara görə sonralar əzab çəkmişdim. Ooh, elə həmin an, hətta oradaykən anlamışdım – bir çox məsələdə onları qətiyyən başa düşməyəcəyəm. Onlar çox şey bilsələr də bizim elmimizə malik olmamaları, məsələn, müasir rus tərəqqipərvər və əclaf peterburqlu olan mənə həlledilməz gəlirdi. Amma tezliklə başa düşdüm ki, onların biliyi, bizim yerdən fərqli olaraq, başqa təsirlərdən qidalanır, arzuları da bizimkilərdən tamamilə fərqlidir. Onlar heçnə arzulamır və rahat idi, həyatı bizimtək dərk etməyə can atmır, həyatları dolğun olduğundan. Amma bununla belə bilikləri bizimkindən dərin və ali idi; bizim elmimiz isə başqalarına yaşamağı öyrətmək üçün həyatın izahını axtarır, onu dərk etməyə çalışır. Onlar isə elmsiz də necə yaşamağı əla bilirdi, bunu anladım, o biliklərini isə anlaya bilmədim. Onlar mənə ağaclarını göstərir, mən isə o ağaclara sevgi dolu baxışlarının gücünü başa düşə bilmirdim: onlar sanki özlərinə bənzər canlılarla danışırdı. Bilirsinizmi, desəm ki, onlar ağaclarla danışırdı, yəqin, səhv etmərəm! Bəli, onlar ağacların dilini tapmış və əminəm, ağaclar da insanları anlayırdı. Onlar bütün təbiətə də bu cür baxırdı: insan məhəbbəti ilə fəth edilən canlılar insanlarla sülh içində yaşayır, onlara hücum etmir – onları sevirdi. Bu insanlar ulduzları göstərib onlar haqqda dərk edə bilmədiyim bir şeylər söyləyir, amma əminəm – onlar göy ulduzlarıyla — xəyalən yox — bir növ canlı təmasdaydılar. Ooh, bu adamlar onları anlamağıma çalışmırdı, onsuz da məni sevirdi, ancaq buna müqabil bilirdim ki, onlar da məni heç vaxt başa düşməyəcəklər, bu səbəbdən də bizim yer haqqında onlara, demək olar, danışmırdım. Yalnız üstündə yaşadıqları o torpağı gözləri önündə öpür, onlara sakitcə pərəstiş edirdim, onlar da bunu görür, pərəstiş etməyimdən utanmadan buna imkan verirdi, çünki özləri də çox sevirdi. Hərdən göz yaşları içində onların ayaqlarını öpəndə, əzab çəkmirdilər, mən isə mənə güclü məhəbbətlə cavab verəcəklərini urəyimdə sevinclə bilirdim.
Arabir təəcüblə öz-özümdən soruşurdum: bunlar indiyə qədər mənim kimi bir adamı necə təhqir etməyib və mənim kimisində qısqanclıq və həsəd hisslərini necə oyatmayıblar? Bir neçə dəfə özüm özümə sual vermişəm — necə olub ki, lovğa və yalançı mən bunların bilmədiyi, təsəvvür belə eləmədikləri şeylərdən danışmamışam, lap elə onları sevdiyimə görə onları bildiklərimlə necə təəcübləndirmək istəməmişəm? Onlar uşaq kimi şən və şux idi. Gözəl ağaclıq və meşəliklərində dolaşır, öz gözəl mahnılarını oyuxur, yüngül yeməklər yeyir, ağaclarının barı, meşələrinin balı və onları sevən heyvanların südüylə qidalanırdılar. Yemək və geyim üçün az çalışırdılar. Onlar da sevir və uşaq doğurdular, amma bizim başımıza gələn və yer üzündəki bəşəriyyətin bütün günahlarının yeganə mənbəyi olan o şiddətli şəhvət ehtirasını onlarda heçvaxt görmədim. Onlar dünyaya gələn uşaqlara səadətlərinin yeni iştirakçısına sevinən kimi sevinirdilər. Aralarında inciklik və qısqanclıq yox idi, bunların nə olduğunu da hətta anlamırdılar. Uşaqları hamının uşağı idi, hamı bir ailə təşkil etdiyindən. Onlarda ölüm olsa da, xəstəlik, demək olar ki, yox idi, qocaları da sakit ölürdü, onunla vidalaşanların əhatəsində sanki yuxuya gedir, yerdə qalanlara xeyir-dua verərək gülümsəyir, əvəzində də nurlu təbəssümlərlə yola salınırdı. Bu zaman nə kədər, nə göz yaşları deyilən şey görmədim, yalnız sanki artırılmış, lakin sakit, seyirçi bir heyrətlə dolu məhəbbət var idi. Adama elə gəlirdi ki, onlar ölənləriylə hətta ölümdən sonra da ünsiyyətdə olur, dünya ilə əlaqə ölümlə kəsilmirdi. Əbədi həyat haqqında soruşanda, məni, demək olar, anlamırdılar, lakin, görünür, əbədi həyata əmin olduqlarından bu onlarda sual doğurmurdu.
Məbədləri yox idi, amma Kainat Bütövlüyü ilə gündəlik canlı və ardıcıl əlaqələri var idi. İnamları yox idi, ancaq əvəzində dəqiq bilirdilər ki, dünyəvi sevincləri təbiətin hüdüdlarını ötəndə həm yaşayanları, həm də ölənləri üçün Kainat Bütövlüyüylə təmasları daha da genişlənəcək. Onlar bu anı sevinclə, lakin tələsmədən, iztirabsız gözləyir, sanki bunu öncədən duyur və bu haqda bir-birlərinə xəbər verirdilər. Axşamlar, yatmaqdan öncə birlikdə ahəng mahnılar oxumağı xoşlayırdılar. Bu şərqilərdə onlar arxada qalan günün verdiyi bütün duyğuları əks edir, onu alqışlayıb onunla vidalaşırdılar. Təbiəti, torpağı, dənizi, meşələri öyürdülər. Bir-biri haqda mahnı qoşmağı sevir və uşaq kimi bir- birini tərifləyirdilər. Mahnılar olduqca sadə idi, amma ürəkdən süzülüb gəlir axır və ürəklərə yayılırdı. Təkcə şərqilərində yox, elə bil, bütün yaşamları bir- birilərinə baxıb ləzzət almaqla keçirdi. Buna bir-birinə vurğunluq demək olardı. Digər heyrət dolu və təntənəli mahnılarını isə qətiyyən anlamırdım. Sözlərini başa düşsəm də, mənaya tam vara bilmirdim. Amma məna mənə əlçatmaz qalsa da, get-gedə artaraq sanki qeyri-şüuri olaraq içimə dolurdu. Tez-tez deyirdim ki, bunların hamısını hələ çox öncələr hiss etmişdim, bütün bu sevinc və fərəh mənə hələ bizim yerdə, hərdən dözülməz kədərə dönən, haralarasa səsləyən həsrətlə özünü büruzə verirdi. Deyirdim ki, onların əzəmətini ürəyimin yuxularında və ağlımın xülyalarında duymuşdum. Deyirdim ki, günəşimizin qübarına çox vaxt gözü yaşsız baxa bilmirdim... Deyirdim ki, bizim yerdəki insanlara qarşı nifrətimdə həmişə bir kədər varıydı: niyə onlara olan nifrətimin içində onlara sevgim də var idi, niyə onları bağışlamaya bilmirdim, onlara bəslədiyim məhəbbətim niyə bu qədər kədərlidir? Onlar mənə qulaq asırdı, görürdüm ki, dediklərimi təsəvvür edə bilmirlər, amma dediklərimə peşman deyildim: bilirdim, tərk etdiyim adamların qüssəsini çəkmə gücünü duyurdular. Bəli, onlar mülayim, sevgi dolu baxışlarıyla mənə baxanda, mənim ürəyimin də onların ürəyi tək məsum və dürüst olduğunu hiss edəndə onları anlamadığımdan təəsüflənirdim. Həyat dolğunluğu nəfəsimi kəsir, mən də dinməzcə onlara dua edirdim. Ooh, indi hamı mənə gülür və məni inandırır ki, söylədiyim bu təfsilatları yuxuda da görmək mümkünsüzdür, sayıqlayarkən yuxumda ürəyimin yaratdığı bir duyğunu görmüş ya da dərindən hiss etmişəm, ayrıntıları isə oyanandan sonra uydurmuşam yalnız. Ürəyimi açıb onlara deyəndə ki, ola bilsin ki, gerçəkdən də belə olub — ilahi, məni ələ salıb necə də sevinirdilər... Bəli, əlbəttə, mən yalnız bir yuxu duyğusuyla məğlub edilmişdim və yaralı qəlbimdə tək o duyğu sağ-salamat qalmışdı: ancaq bununla belə yuxumun gerçək obraz və biçimləri, həqiqətən yuxumda gördüklərim o qədər ahəng, valehedici və gözəl, o qədər doğru idi ki, yuxudan oyananda onları bizim zəif sözlərimizlə ifadə etməyə, əlbəttə, gücüm çatmırdı. Ona görə də onlar ağlımda zəifləməli idi, və, deməli, həqiqətən, ola bilsin, təfərrüatları sonra qeyri-şüuru olaraq özümdən uydurmalıydım, onları tezliklə və necə olur-olsun ifadə etmək istədiyim üçün. Lakin bunlara necə inanmayım ki? Bəlkə nağıl etdiklərimdən min dəfə yaxşı, saf və fərəhliydi? Yuxudursa — qoy yuxu olsun, ancaq bunlar olmaya bilməzdi. Qoy sizə bir sirr açım: ola bilsin, bunların heç biri yuxu deyildi! Çünki sonra elə dəhşət həqiqi bir olay baş verdi ki, adamın yuxusuna da girməz. Bu yuxunu ürəyim uydurmuşsa — uydursun, lakin sonra başıma gələn dəhşəti uydurmağa ürəyimin gücü çatardımı? Tək mən onu necə uydura ya da ağlıma gətirə bilərdim? Cılız ürəyimlə qərarsız, dəyərsiz ağlım həqiqət izharına yüksələ bilərmiş?! Ooh, özünüz fikirləşin: bu vaxtadək gizlədirdim, amma indi bu həqiqəti də axıradək nağıl edəcəyəm. İş orasındadır ki, mən... onların hamısını yoldan çıxartdım!Bəli, bəli, hər şey onları pozmaqla bitdi! Bunun necə baş verdiyini bilmirəm, ancaq aydın xatırlayıram. Yuxu minilliklərdən keçib məndə yalnız bütövlük hissini saxladı. Bircə onu bilirəm ki, günaha batmanın səbəbkarı məniydim. Bütün ölkələrə yoluxan, bulaşan murdar trixin xəstəliyi kimi, taun atomu kimi mən də mənə qədər xoşbəxt, pak olan bu torpağı özümlə yoluxdurdum. Onlar yalan danışmağı öyrənib yalanı sevdi, yalanın gözəliyini tanıdı. Ooh, bu, bəlkə də, məsumanə, zarafatdan, nazdan, sevgi oyunlarından, gerçəkdən də, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş, xoşlarına gəlmişdi. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanclıq da qəddarlıq... Ooh, bilmirəm, yadıma gəlmir, ancaq tezliklə, çox tezliklə ilk qan töküldü: onlar təəcübləndi, dəhşətləndi və ayrılmağa başladı. İttifaqlar yarandı, amma bir-birlərinə qarşı. Narazılıqlar, tənələr başladı. Həya tanıdılar, həyanı da ləyaqət saydılar. Qeyrət məfhumu əmələ gəldi, hər ittifaqın da öz bayrağı qaldırıldı. Heyvanları incitməyə başladı, heyvanlar da onların əlindən meşələrə çəkilib düşmən kəsildi. Ayırma, ayrılma, şəxsiyyət, “mənimki-səninki” uğrunda mübarizəyə yol açıldı. Fərqli dillərdə danışmağa başladılar. Kədəri tanıyıb kədəri sevdilər, əzab həsrətiylə yaşadılar, həqiqətin də yalnız əzabla əldə edildiyini dedilər. Bu ərəfədə elmləri yarandı. Acı ürəkli olandan sonra qardaşlıq və insaniyətdən danışmağa başladı, bu ideyaları anladılar. Cinayətkar olandan sonra ədalət kəşf etdilər, onu qorumaq üçün özlərinə bir sürü qanun müəyyənləşdirdilər, kodekslərin mühafizəsi üçün isə qilyotin quraşdırdılar. Nələri itirdiklərini çox az xatırlayır, bir vaxtlar pak və xoşbəxt olduqlarına inanmaq da istəmirdilər. Əvvəlki səadətlərinin mümkünlüyünə hətta gülüb onu xəyal adlandırırdılar. Bunu heçcür təsəvvür edə bilmirdilər, amma — qəribə və möcüzəli işdir — keçmiş bəxtəvərliklərinə inamlarını bütünlüklə itiribkən, onu nağıl adlandırıbkən, bir daha məsum və xoşbəxt olmaq arzusuna yenidən elə düşdülər ki, ürəklərindəki arzularını uşaq kimi ilahiləşdirdi, məbədlər tikib bu öz ideyalarına, öz “istəklərinə”, bunların gerçəkləşməsinin mümkünlüyünə inanmasalar da, göz yaşları içində onu sevib, ona səcdə edib dua etdilər. İtirdikləri o məsum və sevincli günlərinə qayıtmaq imkanı olsaydı da, kimsə o səadəti onlara göstərib ona yenidən qayıtmaq istəyib- istəmədiklərini soruşsa idi, çox guman ki, onlar imtina edərdi. Mənə cavab verirdilər ki, “yalançı, acıqlı və ədalətsizik oluruq qoy olaq, bunu bilirik, buna görə ağlayır, özümüzü üzürük, özümüzə əzab veririk, bəlkə də, gələcəkdəki mühakimimiz, adını da bilmədiyimiz o mərhəmətli Hakimdən də çox özümüzü cəzalandırırıq. Lakin bizim elmimiz var, onun vasitəsiylə də yenidən həqiqəti axtarıb tapacağıq, amma bu dəfə onu şüurlu qəbul edəcəyik. Bilgi duyğudan üstündür, həyatı dərketmə — həyatdan üstün. Elm bizlərə hikmət verəcək, hikmət də qanunlara yol açacaq, xoşbəxtliyiyin qanunlarını bilmək isə xoşbəxtlikdən üstündür”.
Gör onlar nə deyirdi, bu sözlərdən sonra da hərə özünü o birlərindən daha çox sevdi. Başqa cür edə də bilməzdilər. Hər kəs özünə o qədər vuruldu ki, digərlərinin ləyaqətini var gücüylə alçaltmağa, əksiltməyə çalışır, bunu da həyatının mənası sayırdı. Köləlik yarandı: zəiflər məmnuniyyətlə güclülərə tabe olurdu, bir şərtlə ki, güclülər zəiflərin özlərindən də zəifləri əzməyə kömək etsin. Gözü yaşlı möminlər peyda oldu, bu adamların yanına gəlib onlara onların qürurundan, həddlərini aşdıqlarından, ahənglikdən və utanmazlılarından danışırdı. Adamlar onları daşa basır ya da üstlərinə gülürdü. Kilsə kandarlarında müqəddəs qan axıdılırdı. Əvəzində bəziləri baş sındırmağa başladı: yenidən necə birləşək ki, hər kəs özünü sevməyə davam etsə də, başqalarına mane olmasın, beləliklə də yekdil cəmiyyətdə yaşamaq mümkün olsun. Bu fikir böyük savaşlara yol açdı. Savaşanların hamısı elmin, müdrikliyin və özünüqoruma hissinin insanı yekdil və ağıllı birliyə, nəhayət ki, məcbur edəcəyinə qətiyyətlə inanırdı. Buna görə də hələlik, işin surətləndirilməsi naminə “müdriklər” onların fikirlərini anlamayanları və bu ideyanın zəfərinə mane olan bütün “namüdrikləri” qırmağa çalışdı. Lakin özünüqoruma hissi sürətlə zəifləməyə başladı, kəbirli və şəhvətpərəst adamlar ortaya çıxıb ya hər şey — ya heçnə açıqca tələb etdi. Hər şeyi ələ keçirmək üçün cinayətə əl atır, o da alınmayanda – intihar edirdilər. Heçlik və əbədi sakitlik naminə yoxluq və özünüməhvetmə kultlarını ehtiva edən dinlər yarandı. Nəhayət, bu adamlar mənasız işdən yoruldu, sifətlərində əzab göründü. Elan etdilər ki, yalnız əzabda məna olduğu üçün əzab gözəllikdir. Mahnılarında əzabı tərənnüm etdilər. Mən onların arasında çarəsizcə gəzir, ağlayır, amma onları sevirdim, bəlkə də sifətlərində əzab olmadığı, məsum və gözəl olduqları vaxtdan da çox sevirdim. Bura bədbəxtlik gəldiyinə görə bu murdarladıqları torpaqlarını cənnət olduğu vaxtdan da çox sevdim. Əfsuslar, həmişə dərd-qəm sevmişəm, ancaq yalnız özüm üçün, özümə görə, onların bu gününə isə ağlayırdım, yazığım gəlirdi. Çarəsiz qalıb onlara yalvarırdım, özümü təqsirləndirir, lənətləyir, özümə nifrət edirdim. Deyirdim ki, bunların hamısını mən eləmişəm, yalnız mən deyirdim — əxlaqsızlığı, çirkinlik və yalanı onlara mən gətirdim! Yalvarırdım ki, məni çarmıxa çəksinlər, onlara xaç düzəltməyi öyrədirdim. İntihar edə bilmirdim, buna gücüm çatmırdı, amma onların əlində əzab çəkmək istəyirdim, əzab həsrətindəydim, son damcısınadək qanımı bu əzablarda axıtmaq istəyirdim. Onlar isə sadəcə mənə gülür, axırda da məni dəli saymağa başladı. Mənə haqq qazandırırdılar, yalnız öz arzuladıqlarına çatdıqlarını, olub keçənlərin hamısının mütləq olası olduğunu deyirdilər.Nəhayət, mənə elan etdilər ki, onlara təhlükəli oluram, ağzımı yummasam dəlixanaya salacaqlar. O an kədərdən ürəyim elə sıxıldı ki, indicə öləcəyəmi hiss etdim və bu vaxt... bax, buradaca oyandım. Artıq səhər açılmışdı, hava hələ işıqlanmasa da saat altı radələriydi. Həmin kürsüdə oyandım, şamım əriyib təmiz qurtarmış, kapitangil də yatmış, mənzilimizdə nadir hal olan bir sakitlik ətrafı bürümüşdü. Fövqaladə təəccüb məni cəld yerimdən qaldırdı; hətta cüzi dərəcədə heçvaxt başıma belə şey gəlməmişdi: məsələn, hələ heçvaxt mən kürsüdə beləcə yuxuya getməzdim.
Ayağa qalxıb özümə gələnədək birdən tapançam gözümə sataşdı, hazır vəziyyətdə, doldurulmuş — amma cəld onu özümdən itələdim! Ooh, indi yaşamaq və yaşamaq! Əllərimi qaldırıb əbədi Həqiqəti səslədim, yox, səsləmədim — ağladım. Fərəh, hədsiz bir fərəh bütün varlığımı sarırdı. Bəli, həyat və xütbə! Xütbə haqqda elə o dəqiqə qərara gəldim və əlbətdə ki — ömürlük! Vəz etməyə gedirəm, vəz etmək istəyirəm. Nəyi? Həqiqəti, çünki onu görmüşəm, öz gözlərimlə görmüşəm, onun bütün əzəmətini görmüşəm! O vaxtdan da vəz edirəm! Bundan başqa — hamını sevirəm, mənə gülənləri isə hamıdan çox sevirəm. Niyə belə — bilmirəm, izah da edə bilmirəm, ancaq qoy belə də olsun. Onlar deyir ki, mən artıq indi də çaşıram, yəni, indi də belə çaşıramsa, get-gedə nə olacaq? Doğrudur: çaşıram, ola bilsin, vəziyyət getdikcə də pisləşəcək. Əlbəttə, necə vəz etməyi tapıb öyrənənə qədər bir neçə dəfə çaşacağam da, çünki ona əməl etmək olduqca çətindir. Bunun hamısı mənə elə indi də gün kimi aydındır, amma baxın — kim çaşmır, kim səhv etmir ki?!
Amma yenə də hamı eyni şeyə can atır, aqildən tutmuş son qulduradək, sadəcə fəqli yollarla. Bu köhnə həqiqətdir, içində yeni olan isə budur ki, çox yanlışlıq da edə bilmərəm axı. Çünki həqiqəti görmüşəm, görmüşəm və bilirəm ki, insanlar yerdə yaşamaq qabiliyyətlərini itirməmiş gözəl və xoşbəxt ola bilər. Pisliyin insanların normal halı olmasına inanammıram, inanmaq istəmirəm də. Bax elə bu inamıma da hamı gülür. Bəs necə inanmayım axı: mən Həqiqəti görmüşəm, uydurmamışam — görmüşəm, görmüşəm və onun canlı obrazı, surəti qəlbimə həmişəlik həkk olub. Mən onu elə bütöv, kamil görmüşdüm ki, insanlarda onun olmamasına inanammıram. Deməli, necə çaşa bilərəm? Kənara çıxacağam, əlbəttə, hətta bir neçə dəfə çıxacağam, bəlkə özgə sözlərlə də danışacağam, amma çox az: gördüyümün o canlı surət həmişə mənimlə olacaq və səhvimi həmişə düzəldib mənə yol göstərəcək. Ooh, mən gumrah və təravətliyəm, gedirəm, gedirəm, lap min il getməyə hazıram. Bilirsinizmi, əvvəlcə onları mən yoldan çıxartdığımı gizlətmək istəyirdim hətta, ancaq bu yanlışlıq idi, artıq ilk yanlışlıq! Həqiqət isə yalan danışdığımı pıçıldadı mənə və məni qorudu, düz yola yönəltdi. Amma cənnəti necə təşkil edim — bilmirəm, çünki onu sözlə ifadə edəmmirəm. O yuxumdan sonra sözləri itirmişəm. Hər halda, bütün əsas, zəruri sözləri. Amma — olsun: gedib yorulmadan hey danışacağam, çünki necə olmasa da axı öz gözlərimlə görmüşəm. Mənə gülənlər də elə bax bunu başa düşmür, deyirlər: “Yuxu görübmüşsən, sayıqlama, qarabasma imiş”. Eh, güya bunlar ağıl dəryasıdır. Elə də öyünürlər ki! Yuxu? Nə deməkdir yuxu? Həyatımız bəs yuxu deyil? Bundan da artıq deyəcəyəm: qoy, qoy bu heçvaxt həyata keçməsin və yer üzündə heçvaxt cənnət olmasın (axı bunu ki daha anlayıram!) — yenə də vəz edəcəyəm. Halbuki bu o qədər də çətin deyil: bircə gündə, bircə saatda hər şey dərhal düzələ bilər! Əsas məsələ --başqalarını özün kimi istə, bax, əsas şey budur, vəssalam, artıq heçnə lazım deyil — o saat hər şeyin yolunu tapacaqsan. Halbuki bu — milyon dəfə təkrarlanıb oxunulan, ancaq baş tutmayan köhnə həqiqətdir! “Həyatı dərketmə həyatdan üstündür, xoşbəxtlik qanunlarını bilmək — xoşbəxtliyin özündən üstündür” — bax, bu fikirlə savaşmaq gərək! Savaşacağam da! Hamı istəsə, elə indi hər şey düzələr. O, balaca qızı isə axtarıb tapdım... Gedəcəyəm də! Gedəcəyəm də!
Müəllif: Fyodor Mihayloviç Dostoyevski
Tərcümə edən: İlahə Ucaruh
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR