Zərf əsas nitq hissəsi olub, hərəkətin icra tərzini, zamanını, yerini və miqdarını bildirir. Necə? Nə cür? Nə zaman? Haçan? Hara? Haraya? Harada? Nə qədər? suallarından birinə cavab verir.
Zərflər təkcə təsriflənən deyil, təsriflənməyən fellərə də aid olur. Misal olaraq: Xasay axşam evə dönəndə atası getmişdi (feli bağlama). İrəlidə gördüyünüz binalar keçən il təhvil verilib (feli sifət). Yaxşı oxumaq hər bir şagirdin borcudur (məsdər).
Zərflər fellərlə yanaşı digər əsas nitq hissələrinə də aid ola bilər. Məsələn: Şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdədir. İdman yarışlarında məktəbimiz həmişə birincidir. Azərbaycanın şimal rayonlarında indi soyuqdur. Hələ tezdir. Nümunələrdən də göründüyü kimi, birinci cümlədə zərf ismə, ikinci cümlədə saya, üçüncü cümlədə sifətə, dördüncü cümlədə isə zərfə aiddir.
Zərflər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.
Yalnız bir kökdən ibarət olan zərflər sadə zərflərdir. Yuxarı, aşağı, həmişə, indi, daim, cəld, gec, tez, az, çox, irəli, geri, əvvəl, sonra, yenə, ora, bura, hələ və s.
Düzəltmə zərflər isə leksik şəkilçilərin köməyi ilə yaranır. Bu şəkilçilər aşağıdakılardır:
-casına2 şəkilçisi isim və sifətdən zərf düzəldir. Xaincəsinə, dostcasına, mehribancasına və s.
-la2 isimdən zərf düzəltməyə xidmət edir. Ehtiyatla, cəsarətlə, ürəklə, hərarətlə və s.
-ən isimdən zərf düzəldən şəkilçidir. Qəlbən, ruhən, şəxsən, zahirən və s.
-ca2 isimdən zərf düzəldir. Rusca, gürcücə, türkcə və s.
Haqqında danışılan şəkilçilər vurğu qəbul etmir.
-yanə, -yana, -anə isim və sifətdən zərf düzəldir. Füzuliyanə, dostyana, ağayana, şairanə və s.
-dan2 sifət, say, əvəzlikdən zərf düzəldir. Birdən, hərdən, dərindən, ucadan, astadan və s.
-lıq4 zərflərə qoşularaq zərf düzəldir. Hələlik, həmişəlik və s.
-akı2 şəkilçisi vasitəsilə: yanakı, çəpəki və s.
-da2 isimlərə və o əvəzliyinə qoşularaq zərf yaradır. Gündə, ayda, ildə, onda, təklikdə, birlikdə və s.
Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır. Bitişik, defislə və ayrı yazılır.
Bitişik yazılan mürəkkəb zərflər:
Müxtəlif mənalı sözlərin birləşməsi ilə: üzüyuxarı, axşamüstü, bayramsayağı, əliboş, sözarası, günorta və s.
-ba2 bitişdiricisinin köməyi ilə: taybatay, adbaad, günbəgün, üzbəüz və s.
Defislə yazılan mürəkkəb zərflər:
Eyni sözün təkrarı ilə: bir-bir, az-az, asta-asta, sakit-sakit və s.
Əksmənalı sözlərin birləşməsi ilə: gec-tez, aşağı-yuxarı, gecə-gündüz, azdan-çoxdan və s.
Yaxınmənalı sözlərin birləşməsi ilə: tez-tələsik, lal-dinməz, səssiz-səmirsiz və s.
Tərəflərindən biri və ya ikisi ayrılıqda işlənə bilməyən sözlərin iştirakı ilə: için-için, dizin-dizin, xısın-xısın, az-maz, uzun-uzadı və s.
Bir və ya hər iki tərəfi şəkilçi qəbul etmiş sözlərin birləşməsi ilə: başdan-başa, ildən-ilə, üz-üzə, sonradan-sonraya, yan-yana və s.
Bir sayına digər sayların qoşulması ilə: birə-beş, birə-on, birə-yüz və s.
Ayrı yazılan zərflər də var: hər an, ilk dəfə, bir az, bir qədər, bir dəfə və s.
Zərfin mənaca dörd növü var:
Tərzi-hərəkət zərfi hərəkətin icra tərzini bildirir və necə? nə cür? nə tərzdə? suallarına cavab verir. Quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.
Sadə tərzi-hərəkət zərfləri: cəld, səlis, sərrast, dürüst, bərk, yavaş, sakit, sərt və s. Düzəltmə tərzi-hərəkət zərfləri: türkcə, birdən, birlikdə, çəpəki, mehribancasına, güclə, aramla və s.
Mürəkkəb tərzi-hərəkət zərfləri: ağır-ağır, üz-üzə, sözarası, gözucu, taybatay, üzbəüz, ac-susuz, səssiz-səmirsiz, tələm-tələsik və s.
Zaman zərfi hərəkətin və ya hadisəni icra zamanını bildirir. Nə zaman? nə vaxt? haçan? suallarından birinə cavab verir. Zaman zərfləri də quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zaman zərfləri: indi, gec, səhər, axşam, gecə, bildir, əvvəl, sonra, daim, həmişə və s.
Düzəltmə zaman zərfləri: indilik, hələlik, hərdən, ayda, ildə, tezliklə və s.
Mürəkkəb zaman zərfləri: səhər-səhər, günorta, axşamtərəfi,hərdənbir, anbaan, günbəgün və s.
Yer zərfi hərəkətin və ya hadisənin yerini bildirir və hara? haraya? harada? haradan? suallarından birinə cavab verir. Yer zərfinin quruluşca üç növü var: sadə, düzəltmə və mürəkkəb.
Sadə yer zərfləri: irəli, geri, aşağı, yuxarı, içəri, yaxın və s.
Düzəltmə yer zərfləri: aralıqda, ortalıqda və s.
Onu qeyd etmək lazımdır ki, düzəltmə yer zərfləri azlıq təşkil edir.
Mürəkkəb yer zərfləri: ora-bura, sola-sağa, yan-yörə, arada-bərədə, üzüyuxarı, üzüaşağı və s.
Miqdar zərfi hərəkətin və ya əlamətin kəmiyyətini bildirir. Bu zərflər neçə? nə qədər? neçə-neçə? suallarından birini cavablandırır. Miqdar zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə miqdar zərfləri: xeyli, az, çox
Düzəltmə miqdar zərfləri: dəfələrlə, bütünlüklə, tamamilə
Mürəkkəb miqdar zərfləri: çox-çox, az-az, az-çox, az-maz, birə-on, azdan-çoxdan və s.
Zərfin digər nitq hissələrindən fərqləndirilməsi
Azərbaycan dilində bəzi sözlər də var ki, cümlədəki yerindən asılı olaraq həm isim, həm zərf; həm sifət, həm zərf; həm say, həm zərf; həm qoşma, həm də zərf ola bilir.
Bunları qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
1. Gecə, gündüz, yay, qış, axşam, səhər, payız tipli sözlər cümlədə nə? sualına cavab verəndə isimdir. Məsələn:
Uşaqlar səbirsizliklə axşamı (nəyi?) gözləyirdilər.
Yazdan (nədən?) sonra yay (nə?) gələcək.
Elə ki fəsli-yaz olur,
Gecə (nə?), gündüz (nə?) taraz olur.
Bu sözlər nə zaman? haçan? nə vaxt? suallarına cavab verəndə isə zərf olur. Məsələn:
Axşam (nə vaxt?) hamı süfrə başına yığışdı.
Hadisə gecə (nə zaman?) baş verdiyindən Səfər bundan xəbərsiz idi.
Səhər (nə vaxt?) məktəbə getməliyəm.
2. Gözəl, qəşəng, pis, yaxşı, tək, cəld, aydın, doğru və s. sözlər necə? nə cür? suallarına cavab verərək ismin yanında işlənib onun əlamətini bildirdikdə sifət olur. Məsələn:
Tək (necə?) ağacdan bar olmaz.
Doğru (necə?) söz acı olar.
Yaxşı (necə?) iş üz ağardar.
Pis (necə?) günün ömrü az olar.
Bu sözlər felin yanında işlənib necə sualına cavab verəndə isə zərf (tərzi-hərəkət zərfi) olur.
Məsələn:
O, evdə tək (necə?) qalmışdı.
Həmişə doğru (necə?) danış.
Qala uzaqdan daha aydın (necə?) görünürdü.
3. Xeyli, az, bir az, bir qədər, çox sözləri nə qədər? sualına cavab verib ismin yanında işlənəndə nitq hissəsi kimi say olur. Məsələn:
İçəridə xeyli (nə qədər?) adam var idi.
Çox (nə qədər?) qarışqa bir şiri öldürər.
O, bir qədər (nə qədər?) malı özü ilə apardı.
Həmin sözlər felin yanında işlənərsə, zərf (miqdar zərfi) olur.
Yolun kənarındakı çinar ağacının kölgəsində xeyli (nə qədər?) gözlədi.
Az (nə qədər?) danış, amma mənalı danış.
Çalış, çox (nə qədər?) danışma.
Hakim bir qədər (nə qədər?) susub, sözünə davam etdi.
4. Əvvəl, sonra, bəri, qabaq zərf və qoşma kimi işlənə bilir:
Əvvəl sən gəl, sonra yoldaşların da gələ bilərlər (zərf).
Səndən əvvəl o mənimlə görüşməli idi (qoşma).
Qabaq buralar göz işlədikcə uzanıb gedən düzənlik idi (zərf).
Yeməkdən qabaq əlləri yumaq lazımdır (qoşma).
5. Doğru, tək sözləri həm sifət, həm zərf, həm də qoşma kimi işlənə bilir. Məsələn:
Doğru söz, yaxın adam, tək ağac (sifət)
Doğru danışmaq, yaxın oturmaq, tək qalmaq (zərf)
Evə doğru, sənintək (qoşma)
Zərfin cümlədə rolu
Zərflər əksər hallarda cümlənin tərzi-hərəkət, zaman, yer və kəmiyyət zərfliyi olur. Səlim səssiz-səmirsiz dayanmışdı (tərzi-hərəkət zərfliyi). İndi uşaqlar yatmış olarlar (zaman zərfliyi). Nökərlər ora-bura qaçır, ağanın tapşırıqlarını yerinə yetirməyə çalışırdılar (yer zərfliyi). Qonşular onu az-çox tanıyırdılar (kəmiyyət zərfliyi).
Lakin zərflər cümlədə mübtəda, xəbər, tamamlıq və təyin də ola bilir.
Mübtəda rolunda: İçəri isti idi.
Xəbər: Bizim yerimiz buradır.
Tamamlıq: Qocanın sözünü yuxarılara çatdırmışdılar.
Təyin: Aşağı evlər bərbad vəziyyətdə idi.
Zərfin morfoloji təhlili aşağıdakı kimi aparılır.
- Başlanğıc forması, sualı
- Quruluşca növü
- Mənaca növü
- Aid olduğu nitq hissəsi
- Cümlədə rolu
Vətən müharibəsi əlili olan qoruqçu təəccüblə mənə baxdı.
- Təəccüblə - zərfdir, necə? sualına cavab verir.
- Quruluşca düzəltmədir.
- Tərzi-hərəkət zərfidir.
- “Baxdı” feli ilə bağlıdır.
- Cümlədə tərzi-hərəkət zərfliyi vəzifəsindədir.
Gəlin, nə öyrəndiyimizi yoxlayaq.
1. Dördündən biri fərqlidir.
a) 1. Adbaad 2. Qapı-qapı 3. Taybatay 4. Tutatut
b) 1. Ara-sıra 2. Hərdən 3. Günaşırı 4. İndi-indi
c) 1. Asta-asta 2. Üz-üzə 3. Baxa-baxa 4. Tez-tez
d) 1. Üzüyuxarı 2. Üzüaşağı 3. Dilucu 4. Sağa-sola
2. Verilmiş zərfləri kök və şəkilçiyə ayırın.
Ruhən, hiyləgərcəsinə, çoxdan, dahiyanə, birdən, zarafatyana, ildə
3. Cümlələrdəki zərfləri morfoloji təhlil edin.
Gülnar sakitcə qapını açdı və cəld otaqdan çıxdı. İndi o azad idi. Küçəyə çıxıb üzüyuxarı getdi.
4. Səhv fikri göstərin.
a) Miqdar zərfləri hərəkətin və əlamətin kəmiyyətini və dərəcəsini bildirir.
b) Dəfələrlə, tamamilə, bütünlüklə sözləri düzəltmə miqdar zərfləridir.
c) Mürəkkəb miqdar zərfləri, əsasən, defislə yazılır.
d) Miqdar zərfləri cümlənin təyini, tamamlığı və zərfliyi ola bilir.
5. Hansı zərflər bitişik yazılır:
- İki müxtəlifmənalı sözün birləşməsindən əmələ gələnlər
- Yaxınmənalı sözlərin birləşməsindən yarananlar
- Ba2 bitişdiricisinin köməyi ilə yarananlar
- Eyni sözün təkrarı ilə yarananlar
a) 1,2
b) 1,3
c) 1,4
d) 3,4
Sizə uğurlar!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR