Qız de Konflan familiyasını daşıyan qocalmış dul arvad Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi ilə Sen-Marso qəsəbəsi arasındakı Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu saxlayır. Pansion “Vokenin evi” adlanır və onun qapısı hamı üçün – gənclər və qocalar, qadınlar və kişilər üçün açıqdır; buna baxmayaraq bu mötəbər pansiondakı adətlər heç bir dedi-qoduya səbəb olmurdu. Ancaq düzünü desək, son otuz ildə buraya bir nəfər belə gənc qadının ayağı dəyməmişdi. Ancaq ata-anasından çox az kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə, yəni bu faciə başlandığı zaman pansionda yoxsul gənc bir qız yerləşmişdi. Zəmanəmizin kədərli ədəbiyyatında bu “faciə” sözü yanlış, yersiz və həddən artıq işləndiyindən öz dəyərini itirsə də, burada bu söz, doğrudan da, münasibdir: bunun münasib olmasına səbəb hekayətimizin həqiqi mənada faciəli olması deyil, başqa bir şeydir: bəlkə də, oxucularımızdan biri mütaliəni qurtardıqdan sonra bu faciənin üzərinə bir damcı göz yaşı tökdü. Bu faciəni Parisin xaricində də başa düşəcəklərmi? Bu, şübhəli məsələdir. Yerli müşahidələr və yerli boyalarla dolu olan bu faciənin təfsilatı ancaq Monmartr təpələri ilə Monruj yüksəklikləri arasında yerləşmiş, malası tökülən, hər an uçmaq təhlükəsi altında olan evləri və palçıqdan qapqara qaralmış su arxları ilə məşhur olan vadidə özünə layiq qiymətini tapa bilər. Bu vadidə iztirablar həqiqidir, sevinclər isə çox zaman yalana bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki, yalnız xariqüladə bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər. Bununla belə bəzən bu vadidə qəbahət və fəzilətlərin bir-birinə qarışıb təntənəli və əzəmətli görünən fəlakətlər yaratdığını da görmək olur: bu fəlakət qarşısında tamah və xudpəsəndlik geri çəkilərək mərhəmət qalib gəlir, lakin bu hiss tələsik udulan gözəl bir meyvənin təsiri kimi çox tez ötüb-keçir. Mədəniyyət çarxı da hərəkəti etibarilə Cagernaut bütü arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən toxunar-toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər. Siz də belə hərəkət edəcəksiniz: siz də zərif əlinizlə bu kitabı götürüb yumşaq bir kresloya rahatca əyləşərək deyəcəksiniz: “Bəlkə bu kitab kefimi açdı?” Qorionun gizli atalıq müsibətlərilə tanış olduqdan sonra xörəyinizi iştahla yeyəcəksiniz və bu müsibətlərə laqeyd qalmağınıza səbəb müəllif olduğunu zənn edərək onun mübaliğəsinə, şairanə uydurmalara yol verdiyinə görə məzəmmət edəcəksiniz. Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. Bu, o qədər həqiqi bir hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır.
Ailə pansionunun yerləşdiyi ev madam Vokenin evidir. Bu ev Nev-Sent-Jenevyev küçəsinin aşağı tərəfindədir. Burada yol Arbalet küçəsinə enir və sıldırımlı eniş-yoxuş olduğuna görə atlı arabalar buradan çox az-az gedib-gəlir. Bunun sayəsində Val-de-Qras günbəzi ilə Panteon günbəzi arasındakı küçələrdə, adətən, sakitlik olur. Burada bu iki əzəmətli binanın divarlarının sarıya çalan rəngi havanın rəngini dəyişir, hər şeydə öz günbəzlərinin tünd rəngini əks etdirərək kədərli bir mənzərə yaradır. Burada küçələrin döşəməsi qupqurudur: arxlarda nə palçıq, nə su tapılır, divarların dibində ot bitir. Ən qayğısız adam belə küçədə gedib-gələn bütün yolçular kimi burada qəmgin olmaya bilmir. Ekipaj gurultusu burada böyük bir hadisə olur, evlər qəmli-qəmli baxır, qalın divarlar dustaqxana təsiri bağışlayır. Təsadüfən yolu buraya düşən bir parisli burada ailə pansionlarından və ya məktəbdən, can sıxıntısı, ya səfalətdən ölüb gedən qocalıq və zəhmət çəkməyə məcbur olan şən gənclikdən başqa bir şey görməz. Onu da deyək ki, bütün Parisdə bundan dəhşətli, bundan qeyri-məşhur bir məhəlləyə təsadüf etmək mümkün deyildir.
Nev-Sent-Jenevyev küçəsi bürünc bir çərçivə kimi bu hekayətin çərçivəsini təşkil etməyə hər şeydən artıq layiqdir. Hekayət isə mümkün qədər ciddi fikirlər və tünd boyalar tələb edir ki, oxucu katakombaya enən bir səyyahın hər pillə ilə günün işığı söndükcə və bələdçinin ahəngdar səsi get-gedə boğuq bir şəkildə səsləndikcə duyduğu qəribə bir hisslə qabaqcadan aşılansın. Bu, doğru təşbehdir! Kim söyləyə bilər ki, hansı daha dəhşətlidir: daş ürəklərimi seyr etmək yoxsa boş kəllələri?
Pansionun fasadı bağçaya baxır, bu surətlə ev Nev-Sent-Jenevyev küçəsi ilə düzbucaq təşkil edir. Küçədən baxdıqda evin ancaq yan divarı görünür. Bağça ilə evin arasında, lap fasadın qarşısından qırma daşla hörülmüş, tuaz enliyində dayaz bir arx çəkilmişdir. Arx boyunca da qumsal cığır gedir. Cığırın ətrafında ətir çiçəyi, ağ və göy çinidən olan böyük vazalarda nar ağacları və oleandrlar əkilmişdir. Bağçadan həmin cığıra tərəf bir balaca qapı açılır: qapının üzərində belə lövhə var: “VOKENİN EVİ”, aşağısında isə: kişilər, arvadlar və sairə üçün ailə pansionu sözləri yazılmışdır. Torlu balaca qapının səsli zəngi var. Gündüz bu qapıdan içəriyə baxanda küçənin qarşı tərəfində, arxın axırında qəribə bir divar görünür ki, bu divarın üzərində yerli bir rəssam yaşıl mərmər üslubunda bir tağ, divarın taxçasında isə Amur heykəli çəkmişdir. İndi qabığı soyulmağa başlayan lak çəkilmiş bu Amura baxdıqda rəmz həvəskarları, bəlkə də, bu heykəldə nəticələri qonşuluqdan müalicə edilən Paris məhəbbətinə bir işarə tapılar. Bu dekorasiyanın nə zaman çəkildiyini Amurun özülü üstündəki qismən pozulub getmiş bir yazı isbat edir. Bu yazıya görə Volter 1777-ci ildə Parisə qayıtdığı zaman böyük təntənə ilə qəbul edilmişdi:
Kim olursan ol, zavallı insan,
Əbədiyyətdir sənə.
Gecələr torlu qapının əvəzinə bağça möhkəm qapı ilə bağlanır. Küçə tərəfdəki hasarla sarmaşıqların əmələ gətirdiyi pərdə altında tamam gizlənmiş qonşu evin divarı arasında yerləşib, fasadboyu uzanan bağça Paris üçün o qədər mənzərəlidir ki, yoldan keçənlərin nəzərini cəlb edir. Bağçanın bütün divarları boyu ara-sıra əkilmiş meyvə ağacları və üzüm tənəkləri uzanır. Ağacların tozlu və cır meyvələri hər il madam Vokenin təşvişinə, onun kirayənişinlərlə söhbətinə səbəb olurdu. Divarboyu dar cığır görünürdü. Bu cığır cökə ağaclarına qədər davam edir. Yanlardan keçən cığırlar arasında düzbucaq bir lək salınmışdır; ləkdə ənginar, quzuqulağı, keşniş və kahı əkilmişdir, künclərində isə ehram şəklində qayçılanmış meyvə ağacları var. Cökələrin kölgəsi altında yerə yaşıl rənglə rənglənmiş dəyirmi stol basdırılmış, ətrafına skamyalar düzülmüşdür. Yayın qızmar günlərində günəşin cücələri qırt toyuğun köməyi olmadan çıxara biləcək dərəcədə yandırdığı bir zamanda kirayənişinlər burada əyləşib nəşə ilə qəhvə içirlər. Hər halda onlar belə bir israfçılığa yol verə biləcək qədər varlı görünürlər.
Mansardalı bu dördmərtəbəli ev yumşaq daşdan tikilmiş və Parisin, demək olar, bütün evlərini bayağı bir mənzərəyə çevirən eyni sarı rənglə rənglənmişdir. Hər mərtəbənin xırda çərçivəli və pancurlu beş pəncərəsi var. Lakin bu pancurların heç biri o biri pancurlarla bir bərabərdə qalxmır, bəlkə, hamısı ayrı və yanakı sallanmışdır. Evin yan fasadının hər mərtəbədə ancaq iki pəncərəsi var, həm də aşağı mərtəbənin pəncərələrində heç bir bəzək-düzək yoxdur; bu pəncərələr dəmir torla qapanmışdır. Evin arxa tərəfində iyirmi fut enliyində bir həyət var, burada donuzlar, ev dovşanları və toyuqlar bir-birinə qarışmışdır. Həyətin dibində odun anbarı görünür. Anbarla mətbəx pəncərəsi arasında ərzaq üçün bir qutu sallanır, qutunun altından isə mətbəxin yağlı-çirkab suyu axır. Həyətdən Nev-Sent-Jenevyev küçəsinə tərəf balaca bir qapı açılmışdır. Qara aş hər zaman evin zirzibilini bu qapıdan bayıra tökür, həm də yolux xəstəli yaydığı üçün cərimə təhlükəsi baş verə biləcəyindən həmin zibil yığınlarını təmizləmək üçün bol-bol su işlədir.
Aşağı mərtəbə sanki qəsdən ailə pansionu üçün yaranmışdı. Birinci otağın pəncərələri küçəyə baxırdı. Qapısı isə şüşəbənd idi. Bu, qonaq otağı idi. Qonaq otağından yemək otağına keçmək olurdu, bu da mətbəxdən pilləkən çərçivəsi ilə ayrılmışdı. Taxta pillələr isə rənglənmiş və sürtülmüşdü. Qonaq otağı nə qədər yoxsul və cansıxıcı görünürdü... Stullar və kreslolar gah parlaq, gah da tutqun rəngli zolaqları olan tüklü qumaşla örtülürdü. Otağın ortasında üstü qara xallı mərmərdən girdə bir stol, stolun üstündə isə bəzək üçün qızılı kənarları sürtülüb getmiş ağ çinidən bir qəhvə servizi qoyulmuşdu. Bu cür servizlərə bu saat hər yerdə rast gəlmək mümkündür. Otağın döşəməsi birtəhər döşənmişdir, divarlarına adam çiyni hündürlüyündə panellər vurulmuş, bundan yuxarıya isə parıldayan kağızlar yapışdırılmışdır. Kağızların üzərində “Telemak” romanının əsas səhnələrinin təsvirləri var. Antik dünyanın qəhrəmanları boya ilə təsvir edilmişdir. Torlu pəncərələrin aralığındakı divarda pansionerlərin gözləri qarşısında Kalipso pərisinin Odisseyin oğlu şərəfinə düzəltdiyi ziyafətin mənzərəsi açılır. Qırx ildən bəridir bu mənzərə gənc pansionerlərin istehzasına hədəf olmuşdur. Onlar elə xəyal edirlər ki, ehtiyacın məcburiyyəti altında yeməyə məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə yüksələ bilirlər. Son dərəcə təmiz göründüyündən, ancaq ən təntənəli günlərdə yandırıldığı anlaşılan buxarı göyümtraq mərmərdən biçimsiz bir saatla bəzədilmişdi, yan tərəflərində isə şüşə qapaq altında içində süni və solğun çiçək olan iki vaza qoyulmuşdu.
Bu birinci otaqda xüsusi qoxu var: bizim dilimizdə buna münasib bir ad olmasa da, hər halda, buna meyxana qoxusu demək olar. Qoxuda iylənmiş bir şey, kif, çürüntü hissi duyulur. Bu qoxu insanın ətini ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar edilmiş bir yemək otağı iyini verir: aşxana kimi, lakey damı kimi, arabaçı damı kimi iy verir. Onun ürəkbulandırıcı bütün tərkib hissələrini meydana çıxarmaq üsulu icad edildikdən sonra, bəlkə də, onu təsvir etmək mümkün ola biləcəkdir: bunlar hər bir gənc, yaxud qoca pansionerdən əmələ gələn xüsusi xəstə qoxular idi. Nəhayət, bütün bu bayağı dəhşətə baxmayaraq qonaq otağını qonşu yemək otağı ilə müqayisə edəcək olsanız, birinci otaq buduar kimi zərif və rayihədar görünəcəkdir.
Yemək otağının divarlarına başdan-ayağa qədər bəzəkli taxta vurulmuşdur. Vaxtilə bu otaq müəyyən bir rənglə boyanmışdı, lakin indi bunun rəngini təyin etmək qeyri-mümkündür. Bu ancaq çirk təbəqələrinin yaratmış olduğu qəribə nəqşlərə bənzəyir. Divarların yanında çirkli bufetlər, bunların da içində oyuq-oyuq və tutqun rəngli qrafinlər, üzərində suyun fışqırması təsvir edilmiş və tənəkədən qabaltıları, Turnedə hazırlandığı anlaşılan mavi zolaqlı qalın çini boşqablar görünür.
Otağın bir küncündə gözləri nömrələnmiş qutu qoyulmuşdur ki, burada hər bir pansionerin şəraba bulaşmış, yaxud sadəcə, çirklənmiş salfetləri ayrıca mühafizə olunur. Otaqda hələ də hər bir yerdən qovulmuş, lakin mədəniyyətin lazımsız şeyləri sağalmaz naxoşlar üçün saxlanılan xəstəxanalara yerləşdirildiyi kimi buraya yerləşdirilmiş və hələ sökülüb dağılmamış mebelə təsadüf etmək mümkündür. Burada bir barometr var ki, yağış yağmağa başlayan kimi dərhal içindən bir kapusin çıxır. Divardan asılmış murdar lövhələrə baxdıqda adamın iştahı qaçır. Bu lövhələrin çökük yerlərinə zər vurulmuş taxta çərçivələri qapqaradır. Divar saatının kənarları buynuz şəklində mis bəzəklərlə işlənmişdir. Bir tərəfdə şirələnmiş yaşıl soba, o biri tərəfdə boyası toza bulaşmış Arqan kenketləri görünür. Uzun stolun üstündəki müşəmbə o qədər çirklidir ki, zarafatcıl bir pansioner onun üstündə öz adını stilos olmadığına görə barmağı ilə yaza bilər. Sınıq stullar, yırtıq köhnə həsirlər daim istifadə olunur, atılmır. Bir yanda da heç kəsə lazım olmayan boğazları çevrilmiş, dəstəkləri qupquru qurumuş, ilgəkləri sınıq qrelkalara təsadüf olunur. Bütün bu otaqdakı şeylərin nə qədər köhnə, çürük, yırıq-yırtıq, əldən düşmüş, davamsız, əyri-üyrü, sınıq-sökük, ələgəlməz olduğunu təsəvvür etmək mümkün deyildir. Bunun üçün uzun bir təsvirə ehtiyac var, lakin belə təsvir hekayətimizi xeyli uzada bilər ki, məşğul adamlar buna görə də bizi bağışlamazlar. Qırmızı döşəmə dəfələrlə rəngləndiyindən və sürtüldüyündən çatlaq-çatlaq olmuşdur. Müxtəsər, bu otaq şeriyyətdən məhrum, sürtülmüş, əprimiş, qatılaşmış bir səfalət səltənətinə bənzəyir. Bu, hələ çirk olmasa da, artıq ləkəlidir, hələ yırtıqları və cındırları olmasa da, çox çəkməz ki, çürüyüb tökülə bilər.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR