Erkən nikahlar cəmiyyətdə ciddi narahatlıq doğuran aktual mövzulardan biridir. Ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması yeni qurulmuş ailədə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Bütün bu fəsadların olmasına baxmayaraq, erkən nikah halları artmaqdadır. Rəsmi nikah hesab olunmadığı üçün dəqiq statistika olmasa da, artıq Azərbaycanda 3000-dən çox erkən nikaha daxil olan ailələr mövcuddur. Əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa, 2008-ci ildə bu rəqəm 5500 nəfəri ötüb. Bu gün artıq Azərbaycanın bəzi bölgələrində 14-16 yaş hədlərində olan qızların ərə verilməsi adət halını alıb.
Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə Fələstin başçılıq edir (51,7 faiz). İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə 15 faizlə İsrail dayanır.
Mütəxəssislərə görə, erkən nikahlar az inkişaf etmiş və inkişafda olan ölkələrdə daha çox müşahidə edilir. Qız uşaqlarının erkən yaşda evləndirilməsi qadınların cəmiyyətdə yerinin olmadığına dair bir dəlilidir. Qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Ginekoloq Xoşqədəm İbrahimlinin sözlərinə görə, bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif və azçəkili olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir.
Statistikaya görə, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50% artıb.
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tərifinə görə, 10-19 yaş arası dövr adolesan dövr adlanır ki, bu dövrdə adam fiziki, cinsi, psixoloji inkişafını tamamlayır. Erkən yaşda hamilə qalan və ya uşaq dünyaya gətirən qadınlar 20-29 yaş arasındakı qadınlarla müqayisə edildiyi zaman hamiləlik dövründə yaşanılan problemlər və ana ölümlərində böyük bir artım olduğu müşahidə edilir.
Ginekoloq bildirir ki, adolesan dövründə uşaq dünyaya gətirən zaman doğuşun çətin keçməsi omba sümüyünün hələ tam olaraq inkişaf etməməsi və hələ inkişaf mərhələsində olması ilə əlaqədar olur. Qadının çətin doğuş keçirməsi sidik və nəcis qaçırma kimi problemlərlə nəticələnə bilər ki, bu zaman qadın özünü məcburən cəmiyyətdən təcrid edər.
Bununla yanaşı adolesan hamiləlik zamanı qadınlarda qan azlığı - anemiya, təzyiq, erkən doğuş, uşağın düşməsi, ölü doğuş kimi hallar da müşahidə edilir.
ÜST-ün hesablamalarına görə, körpə ölümləri 15 yaşından kiçik analarda 20 yaşından kiçik analara nisbətən daha çoxdur. Bununla yanaşı, azyaşlı analarda körpənin azçəkili doğulması və nevroloji xəstəliklərin daha çox müşahidə edilməsi, serebral palsi, əqli gerilik, epilepsiya xəstəliklərin meydana gəlməsi görülür.
Sosioloq Nəzakət Əhmədovanın dediyinə görə, erkən nikah təkcə Azərbaycanda deyil, dünyanın bir çox müsəlman ölkələrində mövcuddur və bir çox ölkələrdə bu, çox da qanunsuz və ya dəyərlərə uyğunsuzluq kimi qəbul edilmir. Azərbaycan hüquqi dövlət olduğu üçün bu məsələyə çox önəm verilir. "Amma bütün qanunlara, cəzalara baxmayaraq, yenə hər kəs bildiyini edir. Bu gün Bakı kəndlərində və eləcə də regionlarda yüzlərlə azyaşlı qızlarımız ərə verilir. Çox zaman ana ölümləri ilə bağlı xəbərlərə də fikir verirəm. Bu, əsasən regionlarda olan azyaşlı gəlinlər olur. Bu, elə bir məsələdir ki, dövlətin qanun qoyması və qanunu sərtləşdirməsi ilə aradan qalxmayacaq. Bu, cəmiyyətin problemidir və cəmiyyət özü bu problemi aradan qaldırmağa can atmalıdır".
Müsahibimiz bildirir ki, övladlarını az yaşda evləndirən valideynlər onların gələcəyini, həyatlarının hansı səmtdə inkiaf edəcəyini, uşaqlarını nələrin gözlədiyini, onların sağlamlığını, təhsilini düşünmürlər. Sadəcə "ailə qursun, yüküm azalsın" düşüncəsilə qızlarını ərə verirlər. "Bəzi ailələr isə kişinin imkanlarına önəm verib azyaşlı qızı qoca kişiyə belə verməkdən çəkinmirlər. Bu səbəbdən də qızlar ya intihar edir, ya da ailələrindən can qurtarmaq üçün evdən qaçır, ya da boşanırlar".
N.Əhmədovaya görə, bu kimi halları saymaqla bitməz, burada konkret günahkar axtarmaq da olmaz. Hər kəs özü öz övladının həyatına cavabdehdir. Hər kəs günahkardır...
Təcrübə göstərir ki, azyaşlı gəlinlər boşandıqdan sonra insan alverinə daha çox həssas olurlar. Mütəxəssislərə görə, qızlar 20 yaşından sonra ailə həyatı qurmalıdırlar. Bu, psixoloji və sağlamlıq baxımından onlar üçün çox önəmlidir. Amma təəssüf ki, buna çox əməl olunmur. Qızların erkən yaşda ərə verilməsi indi acı reallıqdır. Əsasən Aran, Muğan bölgəsi, Saatlı, Biləsuvar, Lerik, Masallı, İmişli, Lənkəran, Yardımlı, hətta Bakı kəndlərində də qızların məktəbə buraxılmaması halları və erkən nikahlar geniş yayılmaqdadır.
Hüquqşünas Asif Mirzəyevin sözlərinə görə, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18-ə qaldırılıb. Bundan əlavə, xüsusi şərtlər altında ailələrin və digər tərəflərin razılığı əsasında bu yaş həddi İcra Hakimiyyəti tərəfindən qızlar və oğlanlar üçün 17 yaşadək azaldıla bilər. Cinayət Məcəlləsinin 176.1 maddəsində ("Qadını nikaha daxil olmağa məcbur etmə") qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə, Ailə Məcəlləsində valideynlik hüquqları və onların məsuliyyəti (60.1., 60.2., 60.3, 60.4 bəndləri) qeyd olunub. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR