“Şərəf” ordenli bəstəkar, xalq artisti Ramiz Mirişli deyir ki, musiqi sahəsində tənbəl olmaq olmaz
Milli.Az kaspi.az-a istinadən xəbər verir ki, “Şərəf” ordenli bəstəkar, xalq artistiRamiz Mirişlinin müsahibəsini təqdim edir.
Gərək həmişə işləyəsən
- Hərdən deyirlər ki, həyat notlar üzərində gedir. Bu fikirləri bütünlüklə həyatınıza aid edirsinizmi?
- Sözün düzü, mən heç bu barədə fikirləşməmişəm. Mən bilirəm ki, həyat həmişə sevir ki, zəhmətkeş olasan, öz üzərində yaxşı işləyəsən. Əlbəttə, baxır hansı sənətdə. Bizim sənət elədir ki, gərək həmişə işləyəsən. Görkəmli bir pianoçu vardı. O deyirdi ki, mən bir gün çalmayanda özümü pis hiss edirəm, ikinci gün dostlarım, üçüncü gün isə bütün xalq hiss edir ki, mən məşq eləmirəm. Bəstəkar gərək həmişə nəsə yazsın. Şərt o deyil ki, yazdığın mütləq böyük bir əsər olsun. Əsas odur ki, həmişə formada qalasan. Formada qalmaq üçünsə gərək həmişə yazasan, musiqiyə qulaq asasan. Mən simfoniya yazanda bir çox simfoniyalara qulaq asıram. Hər simfoniyadan insan nəsə götürür. Həyat belədir k, gərək daima nəsə öyrənəsən.
- Bu doğrudurmu, yaradıcı insanlarda gözəl ideyalar 50 yaşdan sonra yaranır?
- Düzdür. O yaşdan sonra daha da püxtələşirsən, təcrübən artır. Mən 2005-ci ildə "Qısqanc ürəklər" adlı operetta yazdım. 2010-cu ildə isə daha bir operetta - "Amerikalı kürəkən"i yazdım. Dövlət Televiziyasının sifarişi əsasında müzikl yazanda artıq yaşım 70-i keçmişdi.
- Elə isə lap cavan vaxtlarınızda yazdığınız mahnılara qulaq asanda "İndi yazsaydım, onlara əl gəzdirərdim" deyirsiniz?
- Mən axı o vaxtlar təkcə mahnı yazmamışam. Simfonik poemalar, tar və orkestr üçün konsert, simli alətlər üçün simfoniya, süitalar, balet süitaları, orkestr üçün konsertlər, 15 filmə musiqi və s. yazmışam. 40-dan çox dram əsərinə musiqi bəstələmişəm, uşaqlar üçün xeyli mahnılarım var. 20-ci əsrdə mənim mahnılarımı Azərbaycanın ən böyük müğənniləri ifa edirdi. Rəşid Behbudov, Şövkət xanım, Sara Qədimova, Rübabə Muradova, Lütfiyar İmanov, Zeynəb Xanlarova oxuyub mahnılarımı. Elmira Rəhimova ilə Yaşar Səfərovun ifasında bir çox mahnılarım səslənib. O vaxt heç Azərbaycanda duet janrı yox idi. Müsabiqə üçün "Günəşi gözləyirik" adlı mahnı yazdım və birinci yerə layiq görüldüm. Həmin dueti Elmira xanımla Yaşar Səfərov oxudu.
- Peşəkar mühitdə tez-tez gənc bəstəkarların qıtlığı ilə bağlı söhbətlər bitib-tükənmir. Əgər aidiyyəti təhsil ocaqları işini davam etdirirsə, hər il öz divarları arasından onlarla diplomlu mütəxəssis buraxırsa, bu söhbətlər niyə yaranır?
- Bu fikir düz deyil. Necə yəni indi bəstəkar yetişmir? Hazırda istedadlı gənc bəstəkarlar var. Təvazökarlıqdan uzaq da olsa deyim ki, mənim iki oğlum bəstəkardır. Hər ikisi Türkiyədə çalışıb. Kayseridə çalışan oğlum 6 ildən sonra Bakıya qayıtdı. Hazırda Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində dərs deyir və çox yaxşı tələbələri var. Hazırda Türkiyədə çalışan o biri oğlum hər il xaricdə öz əsərləri ilə konsertlər verir, ustad dərsləri keçir. Bilirsinizmi, indi gənclər mahnı janrına çox müraciət etmir, daha çox irihəcmli əsərlər yazırlar. Türkiyədə isə mahnıların çoxunu müğənnilər yazır. Amma bilirsiniz, bir neçə dəfədən sonra o, öz-özünü təkrarlamağa başlayır. Çünki professional deyil. Onu da deyim ki, mənim Türkiyədə çox mahnılarımı oxuyurlar. 1982-ci ildə Ajda Pekkan "Ay qəlbi kövrək", Nəşə Qaraböcək "Bir könül sındırmışam" mahnılarımı oxuyub. İndi mahnılarım Sibel Can, Gülay, Fateh, Mustafa Kaya və başqa müğənnilərin ifasında səslənir.
Bəyəm, bizim az əsərlərimiz var?
- Deyirlər, yaxşı mahnı şimşək çaxması kimi ani yaranır. Bəstəkarlıq mətbəxinə aid olan proses həmişə beləmi baş verir?
- Düzdür, bəzən mahnılar ani yaranır. Bir dəfə Fikrət Qoca ilə mahnı yazırdım, amma alınmırdı. Axırda dedi ki, bir yaxşı şeirim var, gəl, onu oxuyum. "Ay şöhrətim, şanım mənim..." misralarını oxudu. İnanırsınızmı, mahnı elə orada yarandı. Bəzən bir mahnının üzərində bir ay işləyirsən. Bu, insanın ovqatından da asılıdır. Əvvəl gərək plan ola ki, sən nə yazmalısan. Əgər sənə bir şeir veriblərsə, onu bir neçə dəfə oxumalısan. O səni tutmalıdır ki, onu musiqiyə çevirəsən. Yoxsa ki, oturasan ki, mən filan şeirə mahnı yazım – belə olmaz. Mən bəzən mahnımı yazandan bir ay sonra ona təzədən nəzər yetirirəm. Bəzən yenidən gözəl fikirlər gəlir, sən də onu yazırsan.
- Razısınızmı, indi böyük salonlarda müasir konsertlər az-az keçirilir. Məsələn, Almaniyada hər il 25-30 yeni opera səhnəyə qoyulur. Amma deyəsən Azərbaycan bəstəkarlarının portfelində bir az kasadlıqdır...
- Əvvəllər sifarişlər olurdu. Bəyəm, bizim az əsərlərimiz var? Amma səhnəyə qoyulmur. Operalarımız da, operettalarımız da, baletlərimiz də var. Gərək bu əsərləri səhnəyə qoysunlar. Bunda bizim nə günahımız var? Məsələn, mən iki operetta -1982-ci ildə "Qaçırılmış qız" və bir il sonra isə "Gəl, qohum olaq" əsərlərini yazdım. Gərək bu əsərləri plana salalar. O vaxt "Qaçırılmış qız"da Səyavuş Aslan, Kubra xanım və başqa tanınmış aktyorlar oynayırdı. İndi o aktyorların bir çoxu həyatda yoxdur. Amma indi yeni nəsil var. Hansısa rejissor və teatr bu cür əsərlərlə maraqlanmalıdır. Yəni əsər çoxdur, sadəcə, səhnəyə qoymaq lazımdır. Mənim "Amerikalı kürəkən" operettamda Əməkdar artist Xanım Qafarova oynayırdı. Onun səsi də, ifaçılığı da gözəldir. Amma indi o, xəstədir. Onun yerinə kimisə hazırlamalıdırlar. Ona görə hər bir tamaşada dublyor olmalıdır. Bilirsinizmi, gərək bu işlə məşğul olanlar can yandırsınlar. Azərbaycan bəstəkarlarının, rəssamlarının, yazıçılarının əsərlərinə diqqətlə yanaşsınlar. Çünki bunların hamısı professional əsərlərdir.
- Elə isə bu gün bəstəkara işləməyə stimul verən nədir? Siz əsər yazırsınız, ona görə ki, bu, sizin işinizdir?
- Bu, mənim sənətimdir. Bəstəkar gərək əsər yazsın. Məsələn, siz jurnalistsiniz. Kimindənsə müsahibə almağa çalışırsınız, kiminsə haqqında yazı yazırsınız – bu, sizin sənətinizdir. Getməsəniz, darıxarsınız, elə bil nəsə itirmiş olarsınız. Mən də sizin kimi. Çalışıram ki, nəsə yazım. Mənim 80 yaşım var. Dərs deyirəm. 1952-ci ildən müəllim kimi çalışıram. Mənim rəhmətlik anam və atam müəllim olub. Bacım da müəllimədir. Qardaşım da Naxçıvanda universitetdə dərs deyir. Bizim nəslimizdə ya müəllimdirlər, ya da həkim.
- Yeri gəlmişkən, Müslüm Maqomayevdən "Nə üçün dərs demirsiniz?" - deyə soruşanda "Səbrim çatmır" - deyə cavab verib. Belə çıxır ki, siz böyük hövsələ sahibisiniz?
- Mənim tələbələrim Əməkdar incəsənət xadimi, Əməkdar artist, elmlər doktorudurlar. O qədər tələbə yetişdirmişəm ki... Mən onlarla fəxr edirəm. Mən kimisə yetişdirirəm, demək nəsə edirəm. İndi də tələbələrim yanıma gəlir. Görürəm ki, çalışanları da, həmçinin aralarında tənbəlləri də var. Tənbəl olanları danlayıram. Musiqi elə şeydir ki, bu sahədə tənbəl olmaq olmaz.
- Siz görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirmisiniz. Həmişə deyirsiniz ki, təhsil olmadan bəstəkarlıqda duruş gətirmək, həmişəyaşar əsərlər yazmaq olmaz. Amma çox vaxt deyirlər ki, yaxşı əsər yazmaq üçün yalnız ilham yetərlidir.
- Bu fikir yalnız mahnı yazan bəstəkarlara aiddir. Biz axı, təkcə mahnı yazmırıq. Məsələn, Cabbar əminin, Xan əminin, o cümlədən Əlibaba Məmmədovun nə qədər mahnıları var. Onlar xanəndədirlər, oxuyurlar və bəzən mahnı da yazırlar. Ancaq onlar operetta, opera, balet, simfoniya yazmırlar. Professional bəstəkar başqa, müğənnilər tərəfindən yazılan mahnılar da başqadır.
- Telekanallarda Bədii şuraların yoxluğu və ya bəzilərinin zəif fəaliyyəti ara müğənnilərinin efirə çıxmasına, bir gündə yazılan mahnıların "hit"ə çevrilməsinə səbəb olur. Sizcə, “axın”ın qarşısını necə almaq olar?
- Mən vaxtilə Azərbaycan Televiziyasında işləyəndə bu cür müğənnilər efirə yol tapa bilməzdi. İndi deməyə utanıram, mahnılarımı ara müğənnilər götürüb düzəldir və oxuyurlar. Mənim melodiyamdan o mahnılarda nəfəslər də var. İndi mən məhkəməyə müraciət edim? Ayıb deyil? Bu, mənə yaraşmaz axı. Amma Bədii Şura olsa nəzarət də olar. Mən bədii şuralarda çox iştirak etmişəm və bır sıra mahnıların geri qayıtmasının şahidi olmuşam. Hətta, professional bəstəkarlar da olub ki, işlərinə irad tutulub.
İnsan hər gün gülsə...
- Demisiniz ki, mən sevməsəm, yaza bilmərəm. Niyə bu qədər sevgidən yazırsınız? Sevməli dünyadır?
- Əlbəttə, həyat şirindir. İnsan bəzən həyatla danışır. Deyirsən ki, bu həyat necə olacaq? Mən həyata həmişə optimist baxıram. Yadımdadır, ürəyimi əməliyyat edəndə həkimlər əməliyyat otağında mənim mahnılarımı qoymuşdular. Mən qulaq asa-asa ürəyimə stend qoyurdular.
- Siz həmin mahnıları eşidirdiniz? Bəs ağrını hiss eləmirdiniz?
- Mahnıları eşidirdim. Cüzi ağrı da hiss edirdim, amma dözməli idim. Böyrəyimin birini götürəndə isə heç nə eşitmirdim.
.
- Siz Tanrıya ünvanlanan əsərlərlə əməliyyatdan sonra təmas yaratdınız?
- Yox, əvvəl də yazmışdım. Bəxtiyar Vahabzadənin sözlərinə yazmışdım. Dahi Nizaminin əsərinə "Peyğəmbərin tərifi" vokal poemasını yazmışam. Sonra Sona Vəliyevanın sözlərinə "İlahi" mahnısını yazdım. Azər Zeynalov bu mahnını çox gözəl ifa edir. Məmməd Aslanın "Ya Rəbbim" şerinə də musiqi yazmışam. Bilirsinizmi, mən Peyğəmbər nəslindənəm. Naxçıvanda ocağımız var. Ulu öndər bizim ocağın yanından keçəndə "Burada mənim müəllimim Mircəfər ağa yaşayırdı. Onun evini sökmüsünüz, bəs niyə yerində heç nə tikməmisiniz?" - deyə maraqlananda "Bura müqəddəs yerdir, ona görə burada heç nə tikə bilmirik" - deyə ona bildiriblər. Ulu öndər orada məscid tikdirdi. Açılışına məni də dəvət etdilər. Mənim haqqımda çəkilən filmdə o kadrlar da var. Ulu öndər danışır və mənim, babalarımın adını çəkir.
Bilirsinizmi, həyatda hər şey eyni cür ola bilməz, insan həmişə gülə bilməz, o, kədərlənməlidir də. İnsan hər gün gülsə, bu, həyat olmaz ki...
- Sosial şəbəkələrdən istifadə edirsiniz?
- Yox, istifadə edə bilmirəm. Bu, bizim nəsil insanların işi deyil. Amma nəvələrim məşğul olurlar. Mənə “Ayfon-5” bağışladılar. Baxıb gördüm ki, onu işlətmək mənlik deyil. Mənə deyirlər ki, filan yerdə kompyuter kursu var, get. Deyirəm ki, ayıbdır, bu yaşda Ramiz Mirişli kursda kompyuter öyrənməyə getsin?
- Bu sualı verməyə bilmərəm: yaş nədir?
- Yaş heç nədir. Sizi inandırıram, baxmayaraq ki, bu qədər cərrahiyyə əməliyyatı keçirmişəm, bəzi orqanlarımı götürüblər, hərdən təzyiqim aşağı düşür, amma keçib gedir. Heç bilmirəm ki, mənim 80 yaşım var. Dünyanın 40-dan çox ölkəsində konsert verən bəstəkaram. İndi bunları fikirləşəndə "Doğurdan da mənim 80 yaşım var?" deyə öz-özümdən soruşuram.
- Bəs keçənlərlə müqayisədə oturaq həyat tərzi sizi darıxdırmır?
- Mən işləməsəm, darıxaram. Musiqi Akademiyasında, Milli Konservatoriyada dərs deyirəm. Mənə elə gəlir ki, işləmək lazımdır. İnsanlarla görüşürsən, söhbət edirsən... İndi məni İstanbula çağırırlar. Orada bir çox müğənni var ki, məndən mahnı istəyir. Orada mənə qalmağı da təklif etmişdilər. Dedim ki, qala bilmərəm, öz ölkəmi çox istəyirəm.
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR