Dünyaca məşhur Şeyxa Hend Al-Qasemi: “Soyuq iqlim istəyəndə Avropaya, isti iqlim istəyəndə başqa bir ölkəyə gedirik. Azərbaycan isə gözəl hava şəraitinə malikdir”
Bu günlərdə Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın təşkilatçılığı ilə qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilib. Konfrans Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində baş tutub. Azərbaycanda ilk dəfə qonaq olan dünya moda təşkilatının xoşməramlı səfiri, Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) dərc olunan “Velvet” jurnalının baş redaktoru Şeyxa Hend Al-Qasemidə həmin konfransda iştirak edib.
Konfransdan sonra dünyaca məşhur moda təşkilatının xoşməramlı səfiri, uğurlu sahibkar qadın kimi tanınan Şeyxa Hend Al-Qasemi “Kaspi” qəzetinin qonağı olaraq bizə maraqlı açıqlamalar verdi.
Avropa mətbuatında haqqında seçdiyi bütün sahələrdə uğur qazanaraq effektli nəticələr əldə edən istedadlı qadın kimi bəhs olunan Şeyxa Hend Al-Qasemi BƏƏ-nin də ən tanınmış simalarından biridir. Hər dəfə yeni eskizləri ilə insanları heyran edən rəssam, dizayner, memar və modelyer kimi dünyada tanınmış sima olan Şeyxa Hend Al-Qasemi islam dünyasında xeyriyyəçi qadın olaraq da insanların yaddaşında qalmağı bacarıb. Artıq 6 gündür vətənimizdə qonaq olan Şeyxa Hend Al-Qasemi Azərbaycana heyran qaldığını, buraya yenə gələcəyini deyir.
- Artıq 6 gündür vətənimizdəsiniz. Bizə maraqlıdır, Azərbaycan qadınlarının geyim tərzini necə dəyərləndirirsiniz?
- Azərbaycan qadınlarının geyimləri onların simaları kimi çox gözəldir. Əslində sizin milli geyimləriniz bizə çox yaxındır. Onlar heç zaman gündəmdən düşməyən geyimlərdir. Geyimləriniz çox rəngarəngdir və bu da seçimlərinizi çoxaldır. Ümumiyyətlə, milli geyimlərlə bərabər, Azərbaycan qadınlarının günlük geyindiyi paltarlar da moderndir. Ötən gün tədbirinizin birində milli geyimli rəqqasələrinizi gördüm və onların rəqsini, geyimlərini çox bəyəndim. Həmin tədbirdə qısa bir video çəkdim (çəkdiyi videonu bizə göstərir). Bu görüntüdən reklam xarakterli video material hazırlayıb, öz ölkəmdə nümayiş etdirməyi düşünürəm.
- Bəs sizin ölkənizin qadınları necə geyinir?
- Biz modanı, dəbi çox sevirik. Dünyada ən son dəbli yenilikləri, günlük geyimləri izləyirik. Amma bizim qadınlar qapalı cəmiyyətdə yaşadığı üçün real həyatda çox da dəbin arxasınca gedə bilmirlər. Ölkəmiz bağlı geyinməyi sevir. Ancaq məxsusi günlərdə, qadınlar arasında yığıncaqlarda həmin dəbli geyimləri nümayiş etdirə bilirik.
- İslam dünyasında qadınların cəmiyyətdəki rolunu necə görürsünüz?
- Bizim yaşadığımız ölkə islam ölkəsi olmasına baxmayaraq, qadınlara müstəqillik verilib. Onlar dünyandakı müasir qadınlarla uyğunlaşmağa çalışırlar. İctimai həyatda fəal iştirak edirlər. Misal üçün, həmin ölkənin bir nümayəndəsi olaraq mən həm mühəndisliyi, həm də islam hüququ fakültəsini bitirmişəm. Bununla bərabər, magistr təhsilim də var. Anam məktəb müdiri olub. Hər şeyə yavaş-yavaş nail olmuşam, qızılgül ləçəyi kimi. İslamda qadın hüquqları deyilən bir qanun var. Oxumağa, təhsil almağa, cəmiyyət üçün yararlı vətəndaş olmağa çalışırıq. Hətta Quranın bir adı da “oxu” deməkdir. İslam qadınları da oxuyur, savadlanırlar. Peyğəmbərimiz “Beşikdən məzara qədər elm öyrən” deyir. Bir də biz qadınlarla çay içməyi, tez-tez toplaşmağı sevirik. Toplaşaraq fikir mübadiləsi edirik, ümumi bir fikrə gəlirik. Yeri gəlmişkən, sizin çayınızı da çox bəyəndim.
- Siz hüquqşünas, modelyer, uğurlu sahibkar, dizayner, rəssam, jurnal redaktoru və eyni zamanda anasınız. Bütün bunları bir şərq qadınının həyatına sığışdırmaq çətin deyilmi?
- İnsan əgər vaxtını düzgün nizamlayırsa, onun işləri də öz qaydası ilə gedir. Mən də çalışıram ki, işlərimi düzgün şəkildə görüm, tənzimləyim. Səhərlər tez oyanıram və hər bir işə vaxt tapa bilirəm. Ancaq bu qədər işin içində ana olmaq ən gözəl duyğudur. Belə ki, 2 oğul övladım var. Böyüyünün 13, kiçiyinin isə 5 yaşı var.
- Amma sizə 2 övlad anası demək çətindir. Çox cavan görünürsünüz.
- 16 yaşında ailə həyatı qurmuşam. Bizim ölkənin qızları çox erkən yaşda ailə həyatı qururlar.
- Siz modelyerliklə bərabər, dünyada uğurlu sahibkar qadın kimi də tanınırsınız. Biznes sahəsində uğur qazanmaq qadın üçün asandırmı?
- İşini düzgün quran insan hər zaman uğur qazanar. Hər hansı bir işə başlamamışdan əvvəl xeyli düşünürəm. İstehsalçısı olduğumuz məhsulun bundan əvvəlki qiyməti ilə maraqlanıram. Müştərilərin həmin məhsula olan tələbatını öyrənməyə çalışıram. Bəzən mənə müxtəlif təkliflər edirlər, amma görürəm ki, bu bizim cəmiyyətdə elə də tutarlı olmayacaq, o zaman onlara razılıq vermirəm. Ümumiyyətlə, sahibkarlıq asan məsələ deyil.
- Hazırda hansı layihələr üzərində çalışırsınız?
- İndi Azərbaycanda keçiriləcək sərgim barədə düşünürəm. Bundan sonra Birləşmiş Ərəb Əmirliyində Azərbaycanın mədəniyyət günlərini keçirmək niyyətindəyəm. Azərbaycan çox xoşuma gəldiyi üçün onun mədəniyyətini, tarixini öz ölkəmin vətəndaşlarına təbliğ etmək istəyirəm. Qoy mənim xalqım da bilsin ki, dünyada Azərbaycan kimi belə gözəl bir ölkə mövcuddur. Sizin ölkədə bizə lazım olan hər şey var. Azərbaycanla bağlı layihələrim çox olacaq. Redaktoru olduğum jurnalda bu ölkə barədə məqalələr dərc etdirmək istəyirəm. Bundan başqa, bizim sizinlə qarşılıqlı mədəni layihələrimiz olacaq. Belə ki, sizin modelyeriniz Fəxriyyə Xələfovanın kolleksiyalarını Birləşmiş Ərəb Əmirliyində, mənim yeni kolleksiyalarımı isə Azərbaycanda nümayiş etdirməyi düşünürük. Daha sonra sizin mədəniyyət nümunələriniz, parfumeriyalarınız, geyimləriniz, aksesuarlarınız, yeməkləriniz - hamısı bizim ölkədə nümayiş olunacaq. Bu proses qarşılıqlı şəkildə davam etdiriləcək. Bunun hər iki ölkə üçün müsbət tərəfləri olacaq. Belə ki, bütün bu layihələr ölkələrimizi tanıtmaq məqsədi daşıyacaq.
- Vətənimizi tərk etdikdən sonra Azərbaycanla əlaqələrinizi saxlayacaqsınızmı?
- Əlbəttə. Bura mənim çox xoşuma gəldi. Məsələn, sizin paxlavanı öz ölkəmə aparmaq istəyirəm. Sizin qəzetlə bağlı isə mənə çox xoş gələn bir məqam oldu. “Kaspi”nin 3 əsrlik yaşının olmasını eşidəndə çox təsirləndim. Azərbaycan çox maraqlı ölkədir. Ölkəniz ilə tanış olduqca yenilikləri görürəm və bunları öz vətənimdə görmək istəyirəm. Gələrkən yolda sizin dağlarınızı gördüm, onlar sadəcə, valehedicidir. Deyirlər ki, bölgələrinizdə daha çox dağlar var, həmin bölgələri gəzmək istədim. Bundan sonra Azərbaycana gəlməklə həm ziyarət, həm də ticarət edəcəyəm. Buraları gəzib-gördükcə sizinlə daha çox əlaqələr yaradacağımızı düşünürəm. Ümumiyyətlə, gözəlliyi hamı sevir. Burda insanların gözünü, könlünü oxşayan hər şey var. Biz soyuq iqlim istəyəndə Avropaya üz tuturuq. İsti iqlim istəyəndə isə başqa bir ölkəyə gedirik. Ancaq burda gözəl hava şəraiti var. Həm də ətrafımızda olan insanlar bizə çox yaxındır. Digər tərəfdən, ikimiz də islam dövlətinin vətəndaşları olduğumuz üçün bura bizim üçün daha rahatdır. Ölkəmin vətəndaşlarının Azərbaycan haqqında məlumatı yoxdur. Mən burda gördüklərimin hamısını öz ölkəmdə danışacağam. Bizim işləməyimiz üçün burda hər şey var və hər bir şərait də yaradılıb. Azərbaycana gəldiyim və sizlərlə tanış olduğum üçün çox sevinirəm.
Qeyd edək ki, müsahibənin sonunda qonağımız yeni dəb kolleksiyasından danışaraq bizə üzərində işlədiyi yeni geyimləri göstərdi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb