Kiçik məktəb yaşlı uşaqlarda idrak prosesləri
(Ardı)
Hafizə: Hafizə digər psixi proseslərimizin inkişafına imkan verir. Məhz buna görə də İ.M.Seçenov hafizəni “psixi inkişafın guşə daşı” hesab edirdi. Adətən duyğu, qavrayış və təsəvvürümüz əks etdirdikləri cisim və hadisələrə oxşar olur, əyani surət xarakteri daşıyırlar. Bununla yanaşı olaraq duyğu, qavrayış və təsəvvürlərimiz əks etdirdiyimiz cisim və hadisələrin hiss üzvlərinə təsiri ilə bağlı olur. Ona görə də bu cür inikas vasitəsiz inikas və ya hissi idrak adlandırılır. Lakin insanın xarici aləmi əks etdirməsi hissi idrakla məhdudlaşmır. Həyat insanların qarşısına elə vəzifələr qoyur ki, onları dolayı yolla, cisim və hadisələrlə bağlı olan digər şeylər vasitəsi ilə, əldə edilən biliyin köməyi ilə dərk və həll etmək mümkündür. Varlığın insan beynində bu cür vasitəli və ümumiləşmiş inikası məntiqi idrak olub bizim təfəkkürümüzü təşkil edir.
Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilavasitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Bu həmin dövrdə uşaqlarda birinci siqnal sisteminin hələ üstünlük təşkil etməsi ilə əlaqədardır.
Kiçik məktəblinin hafizəsi böyük yaşlılara nisbətən daha çox obrazlı olur. Hafizənin əyani‐obrazlı cəhətini inkişaf etdirərkən yalnız görməyə yox, həm də eşitmə, hərəkət, dadbilmə təsəvvürlərinə üstünlük vermək lazımdır. Təlimin məzmununun dəyişməsi ilə əlaqədar olaraq uşaqda ikinci siqnal sistemi inkişaf edir. Bu, hafizənin sözlü‐məntiqli növünü genişləndirir. Təlim prosesində və uşağın əqli inkişafında sözlü‐məntiqli hafizə əsas rol oynayır. Uşaqlarda hafizə sürətlə və geniş şəkildə məktəbdə, müəllimin rəhbərliyi altında müntəzəm təlim‐tərbiyə sayəsində inkişaf etməyə başlayır.
Məktəb yaşı dövründə uşaqlarda hafizənin həcmi xüsusilə genişlənir. M.N.Şardakov hafizənin həcminin sinifdən‐sinfə keçdikcə necə dəyişildiyini yoxlamaq üçün 1‐4‐cü sinif şagirdlərinə 10 dəqiqə müddətində bir şeiri əzbərləməyi tapşırmışdır. Bununla yanaşı, şagirdlər müəyyən sözləri öyrənib yadda saxlamalı idilər. Təcrübə nəticəsində məlum olmuşdur ki, yaş artdıqca şagirdlərin yadda saxlamasının həcmi genişlənir.
N.M.Şükürovanın tədqiqatı göstərmişdir ki, 1–2‐ci sinif şagirdləri konkret şəxsiyyət iştirak edən mətnləri daha yaxşı yadda saxlayırlar. Mətnin emosional boyalılığı, xüsusən iştirak edən qəhrəmana qarşı oyanmış maraq şagirdlərin yadda saxlamalarını daha da məhsuldar edir. Həm zəif, həm yaxşı oxuyan şagirdlər belə mətnlərin öhdəsindən yaxşı gəlirlər. Təlim prosesində emosional məzmuna malik olan material yadda yaxşı qalır və hafizəni yaxşı inkişaf etdirir. Burada əqli iş, adətən hisslərlə müşayiət olunur. Buna görə də şagirdlər eyni zamanda keçirdikləri hissləri xatırlayırlar. Bu hisslər biliklər kimi hafizədə qalır və şagirdlər bunları biliklərlə birlikdə yada salırlar. Hafizənin inkişaf qanunauyğunluğu öyrənilərkən müəyyən edilmişdir ki, materialı mənimsədikdən sonra bəzi hallarda dərhal yadasalma, bir müddət keçdikdən sonra nisbətən az məhsuldar olur. Tədqiqatçılar bu halı ən çox məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara şamil edirlər. Təlim prosesində ixtiyari və qeyri‐ixtiyari yaddasaxlama inkişaf edir. Amma bunların inkişafı bərabər getmir. Məktəb dövründə əsas etibarilə yaddasaxlama sürətlə inkişaf edir. Kiçik məktəblilərdə hafizənin inkişafı da onların təlim fəaliyyətinə müsbət təsir göstərir. Hafizənin inkişafinda, hər şeydən əvvəl, yada salma bacarığının böyük əhəmiyyəti var. Uşaqlar məktəbə yaxşı oxumaq arzusu ilə gəlir, müəllimin rəhbərliyi altında onlar üçün aydın və maraqlı olan dərsi yadda saxlayırlar.
Təfəkkür: Bizim təfəkkürümüzün mənbəyini duyğular və qavrayış təşkil edir. Məhz buna görə də məntiqi idrak prosesi olan təfəkkür həmişə hissi idrakla (duyğular, qavrayış və təsəvvürlərimizlə) qırılmaz vəhdətdə olur. Məlum olduğu kimi, duyğular, qavrayış və təsəvvürlər, başqa sözlə, hissi idrak gerçək aləm haqqında biliklərimizin başlanğıcını təşkil edir. Məntiqi idrak prosesində biz həmin biliklərə əsaslanırıq. Varlığı bu yolla dərk edərkən duyub‐qavradığımızı, təsəvvür etdiyimiz cisim və hadisələri hafizəmizdə saxlayıb, hal‐hazır ilə keçmişi müqayisə və təhlil edir, bir‐biri ilə əlaqələndirir, onların arasındakı ümümi cəhətləri, əlaqə və münasibətləri müəyyənləşdirir, bir sözlə, onlar haqqında fikirləşirik.
Təfəkkürün bu yüksək pilləsi ardıcıl təlim‐tərbiyə və ictimai‐sosial fəaliyyətlər prosesində iştirak edir və öz növbəsində biliklərə yiyələnməyə, məfhumlar sistemini mənimsəməyə imkan yaradır. Məktəb yaşı dövründə uşaqda təfəkkürün inkişafı üçün daha geniş imkan yaranır. Bununla bərabər, kiçik məktəb yaşlı uşaqlar təfəkkürlərinin bir sıra xüsusiyyətlərinə görə, sonrakı yaş dövrlərindən fərqlənirlər. Kiçikyaşlı məktəblilərin təfəkküründə konkret və emosionallıq hələ də geniş yer tutur. Onların apardıqları fikri əməliyyatlar daha çox müəyyən, konkret cisimlərlə, həmin cisimlər arasındakı əlaqələrlə bağlı olur. Eyni zamanda uşaqlar, üzərində fikri əməliyyat apardıqları cisimlər barədə çox parlaq təəssürata malik olurlar.
Kiçikyaşlı məktəblilərdə ən çox xarici əlamətlərə əsaslanma müşahidə olunur. Bu dövrdə uşaqlar varlıqdakı cisim və hadisələri öz konkret əyani təcrübələri ilə dərk edirlər. Get‐gedə bu məktəblilərdə ümumiləşdirmə prosesi xeyli təkmilləşir. Onların biliyinin, təcrübəsinin artması ümumiləşdirmələr zamanı təsəvvür materiallarına əsaslanmaq imkanı verir.
Məktəblinin təfəkkürü onun nitqi ilə vəhdətdə inkişaf edir. Uşağın təfəkkürü nitqi sayəsində kamilləşir, ünsiyyət prosesində daha da təkmilləşir. Bu məktəblilər çox zaman ucadan danışmaqla fikirləşirlər və yaxud fikirləşərkən danışırlar. İlk zamanlar məktəblinin təfəkkürü şifahi nitqin köməyi ilə formalaşır, ancaq şagirdin fikri fəaliyyətində daxili nitqi də mühüm rol oynayır, məktəbli daxili nitqin köməyi ilə fikirləşir. Sonra onu şifahi və yazılı nitq ilə ifadə edir. Şagirdlər fikirlərinin dolğun və aydın olması üçün yazılarına əlavə edirlər və təkmilləşdirirlər.
Y.A.Samarinin tədqiqatları göstərir ki, məktəblinin şüurunda baş verən obrazlar cisim və hadisələrdəki ümumi və mühüm əlamətləri tapmağa və ayırmağa kömək edir. Məktəblilər məfhumları, qanun‐qaydaları mənimsəyir və ümumi nəticə çıxarır. Bu, nəzəri təfəkkürün inkişafı sayəsində mümkün olur. Nəzəri təfəkkürün inkişafı isə konkretləşmə, nəzəri bilikləri praktikaya tətbiq etməklə əlaqədar gedir.
Aparılan tədqiqatlar göstərir ki, bu uşaqlar cisim və hadisələrdəki oxşar cəhətlərə nisbətən fərqli cəhətləri daha yaxşı müqayisə edir və asan dərk edirlər. 4‐cü sinif şagirdləri arasında aparılan bir təcrübə göstərir ki, uşaqlar atla öküzü öyrənərkən 7 fərqli cəhəti göstərdikləri halda, yalnız oxşar olan 2 cəhəti ayıra bilmişlər.
N.Kazımovun tədqiqatı sübut etmişdir ki, “müqayisə prosesində oxşarlığın və ya fərqin seçilməsinin üstünlük təşkil etməsi müqayisə olunan obyektlər arasındakı oxşarlığın dərəcəsindən asılıdır. Müqayisə olunan obyektlər bir‐birinə az oxşadıqda fərqin seçilməsi, bir‐birindən az fərqləndikdə isə oxşarlığın seçilməsi üstünlük təşkil edir”.
Nitq: Nitq insan həyatında mühüm rol oynayıb, insanı başqa canlılardan fərqləndirir və həyatı, elmi dərk etməyə imkan verib, mübarizə və inkişaf mərhələsi olmuşdur.
Təbiət qüvvələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün kollektiv mübarizə lazımdır. Bunu dərk edən ibtidai insanlar birgə fəaliyyəti mümkün etmək üçün qarşılıqlı tələbata ehtiyac hiss etmişlər. Bu tələbat isə nitqin, danışığın meydana gəlməsi ilə təmin oluna bilmişdir. Beləliklə, nitq insanların uzun əmək fəaliyyəti prosesində təşəkkül edib, hazırkı inkişaf səviyyəsinə gəlib çatmışdır. Nitq bizi əhatə edən cisim və hadisələr haqqında məlumat verməklə bərabər, eyni zamanda, fəaliyyətə də təhrik edə bilir. Bunlar nitqin əsas vəzifələri hesab olunur.
Kiçikyaşlı məktəblilərin şifahi və yazılı nitqi vəhdət şəklində inkişaf edir. Yazılı nitqə yiyələnmə prosesində uşaqlarda həm oxu, həm də yazı vərdişləri inkişaf edir. Yazılı nitqə yiyələnməkdə qrammatik və orfoqrafik qaydaların mənimsənilməsi mühüm rol oynayır. Şagirdlər yazılı nitqə birdən‐birə yiyələnmirlər. Onlarda yazılı nitqin inkişafı oxu prosesinə yiyələnməkdən başlayır.
Aparılmış psixoloji tədqiqatlar şagirdlərin oxu vərdişlərinə yiyələnmələrinin üç mərhələsini göstərmişdir. Birinci mərhələ analitik mərhələdir. Bu mərhələdə şagird hərflərlə, onlardan yaranan hecalarla, hecalardan isə sözlərin əmələ gəlməsi ilə tanış olur.
Bu mərhələdə hərflərdən hecalar, hecalardan sözlər düzəltmək prosesi nisbətən ləng gedir.
İkinci mərhələ sintetik mərhələdir. Bu mərhələdə şagird sözlərin ünsürlərini çətinlik çəkmədən və nisbətən tez sintez edir. Ancaq bu mərhələdə də bir sıra çətinliklər özünü göstərir. Belə ki, bu zaman uşaqlar sözlərin tərkib hissələrini müəyyənləşdirmədən oxumağa tələsirlər. Ona görə də çox vaxt, xüsusilə oxşar sözlərin oxunuşunu qarışdırırlar.
Üçüncü mərhələ analitik‐sintetik mərhələdir. Burada şagird sözün ünsürlərini sürətlə müəyyənləşdirməyə və birləşdirməyə əsaslanaraq oxumağa başlayır. Bu mərhələ sürətli qiraət mərhələsi hesab edilir. Bundan sonra şagirdlər tədricən ifadəli oxu vərdişlərinə yiyələnməyə başlayırlar.
Şagirdlər oxu vərdişlərinə yiyələnməklə yanaşı, yazı vərdişlərinə də yiyələnirlər. Bu zaman birinci növbədə qrafik vərdişlər formalaşır.
Yazı vərdişlərinin təşəkkülü üç mərhələdən keçir. Birinci mərhələ elementar mərhələ adlanır. Bu mərhələdə şagirdin diqqəti hərfin ayrı‐ayrı ünsürlərinin yazılışına, yazı zamanı düzgün oturmağa, əlin hərəkətinə, qələmdən və dəftərdən düzgün istifadəyə doğru yönəlmiş olur. İkinci, hərfi mərhələdir. Bu mərhələdə hərfin tam və düzgün yazılmasına və yazı texnikasına yiyələnməyə diqqət yetirilir. Üçüncü mərhələdə əlaqəli yazı vərdişi təşəkkül tapır. Hərflər sözlər içində əlaqəli, sətir üzərində bir böyüklükdə yazılır.
Aparılan tədqiqatlar göstərir ki, hərfləri əlaqəli yazdıqda, yazı vərdişi ayrı‐ayrı yazmağa nisbətən sürətlə əmələ gəlir. Rabitəsiz hərflər yazmağın ilk baxışdan yazı vərdişinin yaranmasında daha yaxşı nəticə verdiyi müşahidə olunur. Rabitəli yazıda isə yazı vərdişləri ilk baxışda gec əmələ gəlir. Yazı qeyri‐dəqiq, səliqəsiz və pis görünür. Ancaq ikinci sinifdən başlayaraq yazı mənzərəsi dəyişir. Şagirdlərin
xətti çox dəqiq və qəşəng çıxır, hətta 3‐4 ‐cü sinif şagirdlərinin xəttinə oxşayır. Hərfləri ayrı yazdıqda şagirdlərin xətti müəyyən müddətdən sonra, yəni 4 və 5‐ci siniflərdə dəqiq və qəşəng olur. Adətən, uşaqlar sözlərin düzgün yazılışına yiyələnməmişdən əvvəl danışıq vərdişlərinə yiyələnirlər. Çox vaxt onlar tələffüz etdikləri kimi yazmağa meyil göstərirlər. Ona görə də yazıda səhvlər özünü göstərir.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Azərbaycan manatı möhkəmləndi
Azərbaycanlılar xaricdə nəyə pul xərcləyirlər?
Dərnəgül bazarının işıqlarını kim kəsdi?
Unikal mirvarilər
2014-cü ilin pərdə modelləri
İnanılmaz: ona 70 yaş vermək olar?
Bergüzar Koreldən ŞOK ADDIM
Tərəvəzli yaşıl şorba (foto resept)
Azərbaycanın "Eurovision 2016"dakı çıxış sırası bilindi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Dağlıq Qarabağda Rusiya sülhməramlıları: Onlar kimlərdir və nə ilə silahlanıblar - SİYAHI
Şokoladlı bananlı keks (foto resept)
2014-cü ilin papaq və şərf dəstləri
"Yaxın vaxtlarda yeni binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"
Facebook-un yararlı 5 funksiyası
Yanvarın 4-də hamı uçacaq
Ramazanın 16-cı gününün duası
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Bütün ölkə bu gənci axtarır-FOTO
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Ulduz futbolçu "Yuventus"u tərk etdi - RƏSMİ
Koronavirusa yoluxma riskini artıran yeni bir səbəb
Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın işğal etdiyi 2000 hektar ərazini qaytarıb
"Qalatasaray" Burak Yılmazı satmaq istəyir
Google+ uğursuz alındı
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
QİÇS xəstəliyinin müalicəsi tapıldı
Ermənilərlə şiddətli atışma
"Azərbaycan İKT sahəsində dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib"
İnsanları xilas edəcək robot yaradıldı
100 minlik təzminata qane olmadı-FOTO
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanlı müğənninin toyu: gəlinə 2 milyon avroluq tac
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
Hava haqqında - 10.01.2014
Noutbuklar üçün fond yaradılır
Nuradan yeni fotossesiya - FOTO
Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Dünyanın ən bahalı fotosu satıldı
Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Siqaretin satışına qadağa qoyuldu
Möhtəşəm gəlinlik modelləri
Biz anlayaq ki, bizi anlasınlar
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Ən çox qazanan müğənnilərin reytinqi
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Rəqsi sevənlər üçün 7 film
Ermənilərin qaçan komandiri - VİDEO
- ŞƏRHLƏR