İslam dininin də başqa dinlər kimi bir neçə şaxəsi var. İslamda əsas istiqamətlər (təriqətlər) sünnilik və şiəlikdir. Onlar da öz növbələrində müxtəlif məzhəblərə bölünürlər. İslamın ikiyə bölünməsi artıq VII əsrin ikinci yarısında baş vermişdir. İslamın əsas ortodoksal istiqaməti olan sünnilik öz adını «sünnə» (qanun, adət, ənənə) sözündən almışdır. Sünnilik təliminin əsas mənbələri Quran və Məhəmməd peyğəmbərin(s.ə.s.) hədislərindən (deyimlərindən), onun hərəkətləri, davranış və əxlaqı haqqında müasirlərinin, xüsusən onun yaxın əshabələrinin rəvayətləri toplusundan, bir sözlə, Məhəmməd peyğəmbərin(s.ə.s.) özünə Quranda gəlmiş Allah əmrlərinə əməl etməsi nümunəsindən ibarət olan Sünnədir. Başqa bir istiqamət olan şiəliyin tərəfdarları isə Məhəmməd peyğəmbərə aid edilən bir çox hədisləri rədd edərək onlara qarşı özlərinin xüsusi «müqəddəs rəvayət»lərini – əxbarı (xəbərlər, məlumatlar) qoyurlar. Şiələr, yuxarıda göstərildiyi kimi, Məhəmməd peyğəmbərin(s.ə.s.) kürəkəni və əmisi oğlu Əlinin və onun övladlarının şəxsində peyğəmbərin yeganə qanuni varislərinin başçılıq etdiyi irslə keçən ruhani hakimiyyət prinsipini bəyan etmişdilər. Şiəlik əsrlər boyu hakimiyyətə müxalif mövqedə durmuşdu. Onun bayrağı altında xalq hərəkatları baş verirdi. Elə buna görə də uzun müddət hakim təbəqələrin təqibinə məruz qalan şiəlik öz təlimini gizli təbliğ etmək məcburiyyətində qalmışdır. Şiəliyin bu xüsusiyyəti onun tərəfdarlarını öz məzhəb mənsubiyyətlərini gizlətməyə («təqiyyə» etməyə) məcbur etmişdir. Zərurət (həyatı və əqidəsi üçün təhlükə) olanda şiəyə öz əqidəsini gizlətməyə icazə verilir. Şiəlikdən fərqli olaraq, sünniliyin feodal sistemində kök salmış ehkamları dövlət hakimiyyəti ilə (siyasi hakimiyyətlə) ruhani hakimiyyətin dünyəvi şəxsin əlində cəmlənməsini mümkün saydığı kimi, ruhani şəxsin əlində cəmlənməsini də mümkün sayır. Bunlardan hər biri özünü müsəlmanların hökmdarı(əmirəlmöminin) elan edə bilər.
Xaricilər. Hələ Əli sağ ikən onun tərəfdarları arasında parçalanma baş verdi. Bu parçalanma İslamın üçüncü, az yayılmış bir istiqamətinin (cərəyanının) – xaricilərin (Əliyə etiraz edib onun qoşunundan xaric olanların – çıxanların, onları «xarici» sözünün ərəb dilindəki cəm forması olan «xəvaric» sözü ilə adlandırırlar) meydana gəlməsinin başlanğıcını qoydu. Əlinin tərəfdarlarından ayrılan xaricilər eyni zamanda şiələrə və sünnilərə qarşı silahlı mübarizə aparırdılar. Tanınmış islamşünas E. A. Belyayev qeyd etmişdir ki, sıravi müsəlmanların bu hərəkata tərəf çıxmasını hər şeydən qabaq «xaricilərin zəhmətkeş kütlələrin yerli feodalların zülmündən, istismarından, zorakılıq və özbaşınalığından azad olmaq cəhdini ifadə edən sosial-siyasi prinsipləri» təmin edirdi. Xaricilərin əsas şüarı müsəlmanların, milli mənsubiyyətindən asılı olmayaraq, bərabərliyi idi. Ancaq onların bəyan etdikləri məqsədlərini həyata keçirtmək uğrunda apardıqları silahlı mübarizə, onların siyasi qərarlarını qəbul etməyən müsəlmanlara qarşı elan etdikləri «müqəddəs müharibə» (cihad) özlərinin nüfuzunun və kütlələrə təsir gücünün azalmasına gətirib çıxartdı.
Şiəlik cərəyanları. İslamın əsas istiqamətlərinin daxilində yaranmış cərəyanlara gəlincə, onların sayı şiəlikdə daha çoxdur. Bunlara aşağıdakıları misal göstərmək olar: zeydilər (VII əsr, onlar «gizli imam»ın mövcudluğunu, müqəddəslərə sitayişi və rahibliyi (zahidliyi), qədərlə bağlı ehkamları rədd edir, Quranın yaradılmış olmadığına inanmırdılar); ismaililər (VIII əsr, 762-ci ildəVI şiə imamı cəfər imamət hüququnu öz kiçik oğluna verdikdən sonra meydana gəldi. Şiələrin bir qismi bununla razılaşmayıb VII imam olaraq Cəfərin artıq o zaman ölmüş böyük oğlu İsmayılı VII imam kimi tanımaqda davam etdi. Bu cərəyan da elə onun adı ilə belə adlandırılır. Bu cərəyana neoplatonizmin və buddizmin böyük təsiri olmuşdur. Onlar müsəlman ibadətçiliyini rədd edir, oruc tutmağı, mütləq namaz qılmağı və həcc ziyarəti yerinə yetirməyi tələb etmirdilər); qərmətilər (bunlar ismaililərdən ayrılıb, öz dini fanatizmləri, başqa fikirli adamlara qarşı dözümsüzlükləri ilə fərqlənirdilər), onlardan da öz növbəsində druzlar ayrılmışdılar (druzlar qərmətilərdən 1021-ci ildə ayrılmışlar, Fatimi Xəlifə Hakimə sitayiş edir, onun ikinci gəlişini gözləyirlər, insanın zaman-zaman müxtəlif şəkillərə düşməsinə inanırlar); nuseyrilər, yaxud ələvilər (IX əsrin ortaları, bu cərəyanın yaranmasında zərdüştiliyin və xristianlığın böyük təsiri olmuşdur, onun tərəfdarları müqəddəs saydıqları üçlüyə – Əli, Məhəmməd və Salmana inanırlar); əliallahilər (zərdüştiliyin çoxlu müddəalarını götürmüş, imam Əlini ilahiləşdirən cərəyandır); bəhailər (XIX əsrin ortalarında İranda meydana gəlmişdir, özünə, ərəb dilindən tərcümədə «Allahın parıltısı» mənası verən «Bəhaullah» adı verib peyğəmbər olduğunu elan etmişdi, tərəfdarları islamın ayin və mərasimlərindən imtina edir, sinifli cəmiyyəti və kosmopolitizmi təbliğ edirdi); babilər (XIX əsr, İran şiələri arasında yaranmış, özünü «Bab» (qapı) elan etmiş rəhbərinin adı ilə belə adlanmışdır ki, bu da onların düşüncəsində insanlara yeni dinin açılacağı, Mehdinin (Məsihi yada sal – M.L.) gələcəyi «vəhy qapısı» mənası daşıyırdı, bu cərəyan dövlətin və cəmiyyətin, onların fikrincə, köhnəlmiş Quran və şəriəti Babın öz əsəri olan «Bəyan»la (burada: vəhy) əvəz etmək yolu ilə yenidən qurulmasının zəruriliyini irəli sürürdü).
Sünnilik məzhəb və cərəyanları. Sünnilər dörd dini hüquq (fiqh) məktəbinə – məzhəbə ayrılırlar. Onlar bir-birindən ayinlərin tətbiqinə və Quranın şərhi (təfsiri) metoduna görə fərqlənirlər. Bunlar yetərincə liberallığı ilə fərqlənən, hüquqi mühakimələrində zəkaya və qiyasa (bənzətmə, analogiya) əsaslanan hənəfilik (banisi Əbu Hənifə ibn Sabit – 699-767, mənşəcə türk), rəvayətə və ənənəyə əsaslanan, zəkaya və bənzətməyə az müraciət edən malikilik (banisi Malik ibn Ənəs – 713-795), rəvayətlərə və ənənəyə əsaslanıb, zəkanı və bənzətməni də bütünlüklə inkar etməyən şafiilik (banisi Əbu Abdulla Məhəmməd ibn İdris əş-Şafii – 767-819) və zəkanı və qiyası rədd edib yalnız rəvayətə (hədislərə) əsaslanan hənbəlilikdir (banisi Abdulla Əhməd ibn Hənbəl əş-Şeybani – 780-855).
Vəhhabilik, sənusilik, qadyanilik. Hənbəliliyin bir qolu (şaxəsi) XVIII əsrdə Ərəbistanda meydana gəlmiş vəhhabilikdir. Bu cərəyan ərəblərin türk sultanlarına qarşı yönəlmiş birləşmə hərəkatı ilə də bağlıdır. Vəhhabiliyin əsas ideyası ibadətdə Allaha heç bir ortaq (şərik) qoşulmaması və bu dünyada Allahla insanlar arasında heç bir araçının (vasitəçinin, şəfaətçinin) olmamasıdır. Beləliklə, onlar ruhaniyyəti inkar etmiş olurlar. Vəhhabilər tütün (papiros və s.) çəkməyi, bütünlüklə ipək parçadan paltar geyinməyi və qızıl əşyalarla süslənməyi, qızıl qab-qacaqda xörək yeməyi qadağan edirlər. Onlar tövhidin (təkallahlılığın, Allahın ibadət olunmaq haqqı olan tək varlıq olduğu əqidəsinin) ciddi olaraq qorunması uğrunda mübarizə aparır, müqəddəslərə pərəstişolunmasını rədd edirlər. Sitayişi ibadət və itaət növlərinə ayıran vəhhabilər birincinin və ikincinin bütün cəhətləri ilə Allaha, ikincinin isə insanlardan yalnız Məhəmməd (s.ə.s) peyğəmbərə edilməsini düzgün sayırlar. Məhəmməd (s.ə.s) peyğəmbəri insanlığın şah nümunəsi bilən bu cərəyanın nümayəndələri bu peyğəmbərin özünü belə ilahiləşdirib Allahın sifətlərinin ona aid edilməsinə, eləcə də tərki-dünya həyat tərzinə qarşı çıxırlar. Onlar bütün bunlarda Qurana və Məhəmməd (s.ə.s) peyğəmbərin öz hədislərinə əsaslanırlar.Sünnilər arasında sənusilər adlı bir hərbi-dini orden (qardaşlıq; 1837-ci ildə Məkkədə formalaşmışdır, tərəfdarları islamın yad ünsürlərdən təmizlənməsi şüarı ilə çıxış edirlər) və əhmədiyyə (başqa adı qadyanilikdir, XIX əsrin 80-ci illərinin sonunda Hindistanda yaranmışdır, ehkamları hinduizmin və xristianlığın bəzi ünsürləri ilə uzlaşır) adlı icma da formalaşmışdır.
Sufilik. Artıq islamın bir din kimi meydana gəlməsinin ilk dövrlərində onda mistik istiqamət (cərəyan) olan sufilik özünü göstərdi. Sufizmin nümayəndələri olan mistik zahidlər (dərvişlər) kobud yun (ərəb dilində – «suf») parçadan paltar geyinirdilər. Sufilik rəsmi islama alternativ bir cərəyan kimi meydana gəlib, şəhər yoxsullarının, daha sonra kənd yoxsullarının da maraqlarını ifadə edirdi. Xalqın dini ənənəsi ilə sıx bağlı olan sufilik, mövcud gerçəkliyə və rəsmi dinə qarşı özünükamilləşdirməni, dünyəvi həyata laqeydliyi və Allahla mistik (xəyalən) birləşmək (Allaha qovuşmaq) naminə bu dünya həyatının bütün nemətlərindən üz döndərməyi qoyurdu. Sufilər yoxsulluğu, tərki-dünyalığı təbliğ edir, bu cərəyanın bəzi qollarının nümayəndələri dini ayinləri yerinə yetirməkdən imtina edirdilər. Sufilər Quranı məcazi təfsir (təvil) edirdilər. Onların ilahiyyat elminə neoplatonizmin (yeni platonçuluğun), buddizmin ünsürləri daxil olub, panteist görüşlərinin formalaşmasına təsir göstərmişdir. Onların fikrincə, vahid ilahi mahiyyət (zat) mövcuddur ki, görünən aləm özünün bütün çeşidli varlıqları ilə onun təzahürüdür (təcəllisidir). Sufilərin əsas məqsədi Allahla birləşmək, mütləqə qovuşub onunla bir şey olmaqdır. Bu yolu keçmək üçün əsas tələb dünyəvi olan hər şeydən üz döndərmək, özünü əhatə edən varlıqlara qarşı laqeyd olmaq idi. Qeyd olunduğu kimi, sufilik islam çərçivəsində xüsusi mistik dini-fəlsəfi dünyagörüşüdür. Bu cərəyanın nümayəndələri Tanrı ilə şəxsi psixoloji təcrübə əsasında mənən (ruhən) birbaşa əlaqəyə girməyi mümkün sayırdılar. Buna Allahın vergi (ilham) verdiyi, Allaha aparan yolu ürəyində sevgi ilə keçən insanın ekstaz (vəcd, cuşəgəlmə) halına düşməsi, yaxud daxilən nurlanması yolu ilə çatılırdı. Sufilərin məqsədi Tanrını mənən (ruhən) intuisiya (sezgi) ilə birbaşa dərk etməkdir. Onların təliminin əsasına insanın mənən təmizlənməsi (paklaşması) və kamilləşməsi ideyası qoyulmuşdur. Sufizmin ideyaları, rəsmi islamın onunla amansız mübarizəsinə baxmayaraq, XI əsrin ortalarında sürətlə yayılmağa başladı. Elə bu dövrdə sufilik müsəlman ideoloji müxalifəti rolunda çıxış edir. Odur ki, sufilər öz ideyalarını diskussiyalarda (mübahisələrdə) müdafiə etməli, çox vaxt təqibdən və hakimiyyət dairələrindən təmizlənmək üçün onları pərdələməli olurdular. Sufilərin təlimi bunlardan ibarət idi: mistik idrak sahibinin (sufinin) həyatında Tanrı ilə mənən (ruhən) birləşmək ən ali məqsəddir; «kamil insan»ın yetişməsinə aparan yol, onunla (bu yolla) sıx bağlı olan mənəvi kamilləşmə doktrinası (nəzəriyyəsi) pəhriz (çəkinmə, imtina), tərki-dünyalıq (zahidlik) və aza qane olmaq ideallarının postulat kimi qəbul edilməsi (mühakimə üçün əsas götürülməsi) yolu ilə əldə edilməlidir; Tanrı rəhmi (ilahi rəhm) bütün insanlara eyni dərəcədə aiddir (yetişir); Quran ideyaları ezoterik (məhrəm, gizli rəmzlərlə) təfsir (təvil) olunmalıdır. Sufilik ideyaları islama əxlaqi-etik ideallara çevrilən «ürəyin və əlin təmizliyi», sosial ədalət, Allah qarşısında bütün insanların bərabərliyi, şərə qarşı mübarizə, xeyrin təsdiqi, vicdanlılıq, insanlar arasında qardaşlıq və bir çox bu kimi mənəvi məsələlər gətirdi. Sufizm elə bil rəsmi islamın dərinliklərində əxlaqi və etik təsəvvürlər şəklində təbəqələşmə formalaşdırırdı. XII-XIII əsrlərdən başlayaraq sufilik iki qola ayrılır. Birinci qola insanı saflaşdıran, onu Allaha yaxınlıq və qovuşma məqamlarına yüksəltmək üçün zəruri mənəvi halları və keyfiyyətləri qəbul etməyə yararlı edən (hazırlayan) əməllərlə bağlı praktiki (təcrübi), yaxud əməli sufilik daxildir. Sufiliyin bu qolu öz varlığını Quranın: «(Ya Muhəmməd!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi Görəndir!» (11:112); «And olsun ruha, onu düzəldib yaradana! Onun günahlarını, [Allahdan] qorxmasını ona aşılayana! – Xoşbəxtlik nəsib oldu onu təmiz tutana; uduzmaq nəsib oldu ona ləkə vurana» (91:7-10, Ə.B.) və s. ayələri ilə əlaqələndirir. Sufiliyin ikinci qolu Allahın – Mütləq Həqiqətin öz «ən gözəl adları»na (bu adların sayı 99-dur) müvafiq olaraq təcəlli etməsi məsələləri ilə məşğul olan nəzəri sufilikdir. Bu qol öz mövcudluğunu: «…hər gün bir işdə / olur O, [deyil / heç vaxt boş qalan]» (55:29; Ə.B.) – ayəsi ilə əlaqələndirir. Azərbaycanda sufiliyin nümayəndələri Əbülfərəc Əbülvahid Vərəsani Təbrizi (387/982-ci ildə ölmüşdür), Əbussəlban Həmədani (878-961), Əli ibn Əbdüləziz Bərdəi (387/997-ci ildə ölmüşdür), Baba Kuhi Bakuvi (X-XI əsrlər), İbn Həfifə Əbuzürə Əbdülvahab ibn Mühəmməd Ərdəbili (1024-cü ildə ölmüşdür) və b. olmuşlar. İmadəddin Nəsiminin də gənclik illərində daxil olduğu hüseyniyyə, yaxud həllaciyyə təriqətinin fəaliyyəti isə XIV əsrə təsadüf edir. Sufi təriqətlərindən biri olan, daha sonra İmadəddin Nəsiminin (1369-1417) də daxil olduğu, hürufiliyin banisi Fəzlullah Nəimi (1339-1394/1401) olmuşdur. Əbülhəsən Əliyyül-Ə’la və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bir çox sufi təriqətləri, eləcə də nəqşbəndilik Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir. Allahla dünyanın birliyi (vəhdəti) və eyniyyətinin əsasını, eləcə də bu birliyin dərk edilməsinə aparan yolu ağılda görən ismaililikdən fərqli olaraq, sufiliyin əsasını məhəbbət (eşq) təşkil edirdi. Sufilik sonralar bir neçə cərəyana bölünmüşdür. Bunların arasında «həmvücud», «həmmahiyyət», yaxud «(ilahi) varlığın vəhdəti» konsepsiyalarına əsaslanan vəhdətül-vücud cərəyanı ən çox yayılmışdı. Bu təlimin işlənib tamamlanması İspaniyanın Əndəlüs vilayətindən olan «Böyük şeyx»in – Mühyiddin Məhəmməd ibn Əli ibn Ərəbinin (1165-1240) adı ilə bağlıdır. İntellektual əqli nəticələrə (idraka) üstünlük verən sufilər arasında vəhdətüş-şühud (şahidlik vəhdəti, görmə birliyi) təlimi böyük şöhrət qazanmışdı. Bu təlimi XIV əsrin başlanğıcında fars mistik (sufi), kübraviyyə qardaşlığının üzvü Əla üd-Dövlə əs-Simnani (1261-1336) işləyib hazırlamışdır. İntellektual sufiliklə sıx əlaqədə praqmatik (əməli nəticələrə üstünlük verən) sufilik də inkişaf edirdi. Onun da çoxlu cərəyanları, istiqamətləri vardı ki, bunlar prinsipcə iki məktəbdə cəmlənir. Birinci məktəbin nümayəndələrinin irəli sürdükləri ideyalar birbaşa olaraq fars mistik (sufi) Əbu Yezid (Bəyazid) əlBistaminin (875-ci ildə ölmüşdür) adı ilə bağlıdır. Bu təlim üçün «vəcd coşqunluğu» (şətəhat) və «Allaha olan sevgidən (eşqdən, bağlılıqdan) məstlik» səciyyəvidir. Onun tərəfdarlarının fikrincə, Allahı hər şeyi özündə yox edən belə eşqlə sevmək «Ona aşiq olanı (vurulanı)» onunla mənəvi birləşməyə (qovuşmaya) aparıb çıxarır. İkinci məktəbin yaranması başqa bir fars mistik (sufi) Əbülqasim cüneyd əlBağdadinin (910-cu ildə ölmüşdür) adı ilə bağlıdır. Bu təlimin tərəfdarları prinsipcə şəxsiyyətin bütün şəxsi xüsusiyyətlərini itirdikdən, emosiya (həyəcan) və reaksiyaları (qıcıqlanmaları) yoxa çıxdıqdan (yatdıqdan, sakitləşdikdən) sonra Tanrıya (İlahiyə) tam qovuşub birləşməsi (Allaha qovuşub onda həll olması) müddəasını qəbul edirdilər. Ancaq bu hal aralıq hal hesab olunur, çünki mistik (sufi), bu təlimin təsəvvürlərinə görə, daha irəli – «ayıqlıq» halına doğru getməlidir ki, Tanrını mənən dərk etməsi onu daha kamil insan varlığına (vəziyyətinə) nəql edə (keçirə) bilsin. Bu məktəb «ayıqlıq» məktəbi, yəni öz emosiyalarına (hiss-həyəcanına) ayıq, tənqidi münasibətə və onları tam nəzarətdə saxlamağa əsaslanan məktəb adı almışdır. Həqiqətən də, ilkin asketik qruplar demək olar ki, sırf ləyaqət məsələri ilə məşğul olur və spekulyativ təfəkkürə maraq qöstərmişdilər. Bu qruplardan olan kişi və qadınlar böyüyən həyat dəbdəbəsinə qarşı bütün dünyavi şeylərdən imtina etməyi təbliğ edirdilər. Onlar «daim ağlayan» (əl-bakka ,un) ləqəbi alırdılar. Bu, dünyanın acınacaqlı vəziyyətinə cavab reaksiyasıdır. Öz qeyri-kamilliyi haqda düşüncələr onları ilahi kömək və bağışlanma ümidiylə çırpınmağa məcbur edirdi. Sufizm başqa islam cərəyanlarıyla müqayisədə qadın fəallığının inkişafına daha çox meyllidir. İslam ənənəsində qadınlarla bağlı bəzideyimlər elə də xoş olmasada, müsəlmanlar qadın başlanğıcını günahlandıran orta əsr xristian müəlliflərinin nifrət həddini aşırlar (islamda heç vaxt Həvvanı Adəmi günaha batırmaqda suçlamayıblar. Xristianlar isə belə bir mülahizəni tez-tez təkrarlayırlar ki," islama görə qadının ruhu yoxdur", onların nə Quranda, nə də klassik ənənələrdə əsası yoxdur). Sufilər qadın başlanğıcın pozitiv aspektlərini yaxşı dərk edirdilər. Bəzi Quran əfsanələri qadının dini həyatda rolunun gözəl illüstrasiyasını verməyə kömək edir. Sufizm qatı ortodoksal təlimlərdən fərqli olaraq, qadınlara və sosial həyatda fəal iştirak üçün müəyyən imkanlar yaradır. Orta əsr tarixçilərinin verdiyi məlumata görə, qadınların mistik yol axtarışı, ümumiyyətlə dini ayinləri icra etmək üçün toplandıqları xüsusi yerlər olmuşdur. Bəzən qadınlar sufi ordenlərin mərasimlərində də iştirak ediblər. Bəzi ordenlər onlara məscidlərə girməyə icazə verməsələr də, sufi qadınların sevgi və entiziazmı adətən çox dərin, güclü olub. Qadınlar ən çox hüquqtanıyan orden Osmanlı Türkiyəsində bektaşilər olub. Burda onlar kişilərlə tam bərabər hüquqludurlar. Müsəlman icmasının formalaşmasında müsəlman qadınların böyük və sonsuz inamı vacib rol oynayıb və yenə də oynayır. Quranda – «Müslimun – müminat», «müminun və müminat» - «müsəlman kişi və qadınlar», «həqiqi mömin kişi və qadınlar» ifadələri tez-tez işlənir. Dini ehkamlar hər iki cins üçün eyni dərəcədə məcburidir. Çox vaxt belə hesab edilir ki, Rəbiyə ilkin asketlərin qatı təliminə fədakar məhəbbət elementi gətirib və sufizmə həqiqi mistisizm çaları verib. Rəbiyyətin Allaha sevgisi qeyri-şirtsiz, mütləqdir və başqa heç nəyə, yəni ayrı məhəbbətə yer yoxdur. Musəlmanların Rəbiyyəyə verdiyi dəyər keçmişdə və hal-hazırda da ləyaqətli qadını «ikinci Rəbiyyə» deyə çağırmalarından məlumdur. Rəbiyyə 8 əsirdə yaşamış yeganə qadın deyil. Ondan başqa mistisizmə yaxın olan bəzi başqa qadınların da adını çəkmək olar. Bu qadınlar da gözlə görmək mümkün olmayan göydəki Sevgili üçün çırpınır, onu öz qəlblərində tapırdılar. Rəbiyyənin hisslərinin səmililiyi, gərginliyi onun təmənnasız məhəbbətin simvoluna çevirmişdi. Hətta qadınlara ikrahla yanaşanlar da onu qəbul edirlər. Çünki Allahla qovuşmada onu sevənlər ayrıca mövcud deyillər və kişi-qadın arasında fərqləndirmə burda yox olur. IX - X əsrlərdə yaşamış və mistisizmdə müəyyən nailiyyətlər əldə etmiş qadınların adına ərəb və fars mənbələrində rast gəlmək olur. Mistisizm (təsəvvüf) qadının özünü göstərə bildiyi yeganə dini sahə idi. Bir çox sufi qadınlar olmuşdur ki, onların arasında Rəbiə əl-Ədəviyyə (801-ci ildəölmüşdür) daha çox tanınmışdır. «Sufi ədəbiyyatı» tədqiqatının müəllifi A.Şimmel qeyd edir ki, saf ilahi məhəbbət ünsürünü fəlsəfi sistemə məhz o – Rəbiə əl-Ədəviyyə, adı məhəbbət rəmzinə çevrilmiş bəsrəli (Bəsrədən olan) kölə qız, müqəddəs Rəbiə əl-Ədəviyyə daxil etmişdir. Onun dediyinə görə, bu qız sübut etmişdir ki, qadın «bütünlüklə Allahın yanına yüksələrsə, o da kişinin çatdığı mənəvi yüksəkliklərə ucala bilər». O zaman qadın monastrlarının olduğu haqqında məlumatlar var. Əl-İrbili kişi monastrlarını «xanəgah» termini ilə, qadın monastrlarını «ribat» termini ilə adlandırır. Sufilik özünün bütün müxtəlif simaları ilə daha çox sərgərdanlıq edən (dünyanı gəzib-dolaşan) fars və türk dərvişlərin sayəsində inkişaf etdi. Sonra monqol istilası dövrü başlandı, bunun nəticəsində islam dövlət dini olmaq statusunu (dərəcəsini) itirdi. Yalnız Qazan xanın (1295-1304) hakimiyyətə gəlməsi ilə islam rəsmi olaraq dövlət dini kimi tanındı. İndi artıq sufilər ruhaniyyətin nüfuzlu nümayəndələri oldular. Səlcuqların hakimiyyəti zamanı və ilk Osmanlı dövründə sufilik xüsusən Anadolunun şərq və cənub hissələrində yayılır. Sərgərdan sufi təbliğatçılardan (baba dərvişlərdən) çoxu şiə qızılbaşlar, yaxud hürufilər, başqaları gələndərilər və abdallar idilər. Yavaş-yavaş Osmanlı dövləti dünyəvi dövlətə çevrilir. Bu zaman bir sufi qardaşlığı (ordeni) ərəblər İranı fəth etdikdən sonra ilk dəfə bu ölkəyə dövlət dini şiəlik olan bir sülalə bəxş etdi. C.S.Trimingemin qeyd etdiyi kimi: «Təqdirə layiqdir ki, bu hərəkatın ilk dəfə meydana gəldiyi ərazi – Azərbaycan və Gilan islamın bütün növlərindən olan sərgərdan türk moizəçilərini (baba) doğurdu (onlar öz istiqamətlərinə görə cəmiyyətin farslaşmış hissəsi arasında böyük təsirə malik olan mövləvilik qardaşlığını təşkil edən İran sufilərindən kəskin fərqlənirdilər). Bu «baba dərviş»lər kiçik Asiyaya doluşub böyük şiə Səfəvilər hərəkatının hərəkətverici qüvvəsinə və insan ehtiyatlarına çevrildilər. Hərəkatın bütünlüklə sırf hərbi hərəkata çevrilməsindən uzun müddət sonra da Səfəvilər qardaşlığı Kiçik Asiyanın əhalisi türk olan əyalətlərində böyük dayağı olan nəhəng türk qardaşlığı olaraq qalmaqda idi». Xəlvətiyyə təriqətinin müəyyən banisi olmayıb. Ola bilsin, bu mistik məktəbi elə Ərdəbil vilayətindəki tərki-dünya (zahid) həyat keçirməkdə şöhrət tapmış ayrı-ayrı sufilər, yaxud onların cəmiyyəti (bir qrupu) yaratmışdır. Bu məktəbin təlimində başlıca olaraq fərdi tərki-dünyalığa (zöhdə) və tənhalığa (xəlvətə çəkilməyə) diqqət verilirdi. O, artıq formalaşmış şəkildə Şirvanda, Qaraqoyunlular arasında geniş yayılmışdı. Sufiliyin bəzi ünsürlərini ortodoksal sistemə ilahiyyatçı filosof əl-Qəzali daxil etmişdir. O, mistik teizm (sufi, təsəvvüf ilahiyyatı) adı almış özünəməxsus bir təlim yaratmışdı. Onun təlimində mistik intuisiyadan (sezgidən, duyumdan) ibarət sufi prinsipi Allahı dərk etmək vasitəsi kimi qəbul olunur, ağlın isə bu məsələdə gücsüz olduğu elan olunurdu. Əl-Qəzaliyə görə, mistik seyr yalnız insan ruhunun işıqlandırılması (nurlandırılması) nəticəsində Allahın idrakına aparıb çıxara bilər. Əl-Qəzali sufilərin panteist ideyalarını rədd edir, müsəlman ayinlərinin (ibadətlərinin) yerinə yetirilməsini isə zəruri sayırdı.
Mötəzililər və mütəkəllimlər. Ortodoksal islamın bütün ictimai şüur sahəsində inhisarını aradan qaldırmaq cəhdi islamın mötədil (yumşaq) rasionalist tənqidçiləri olan mötəzililərin (ayrılmışların) və mütəkəllimlərin (kəlamçıların; kəlam – söz, nitq, danışıq) təlimlərində özünü göstərirdi. Mötəzililik VIII əsrdə yaranmışdı. Bu təlimə görə, Allahın antropomorf (insanabənzər) cizgiləri (əlamətləri) yoxdur, ona hər hansı atributun aid edilməsi isə tövhidin ciddiliyini pozur. Mötəzililər Quranın yaradılmış (məxluq, xəlq edilmiş) olmadığını rədd edir və deyirdilər ki, onun məzmunu mütləq həqiqət (doğru) ola bilməz. Onlar deyirdilər: «Qurana hər cür ehtiram göstərib onu mədh etmək axmaqlıq əlamətidir». Elə onlar da insan azadlığının məhdud olmadığı prinsipini irəli sürmüşlər: «Xeyrin və şərin yaradıcısı insan özüdür, bunun Allaha dəxli yoxdur». Mötəzililik ağlı dinə qarşı qoyurdu, o özünün elmlərə və yunan fəlsəfəsinə tərəfdar olması (meyl etməsi) ilə tanınmışdı. Bu təlim dini ehkamların müzakirəsini mümkün sayır, bəzi Quran müddəalarının əksinə çıxış edirdi; Allahın atributlarının (sifətlərinin) çoxluğunu rədd edir, «Allah vardır (mövcuddur)» etirafı ilə kifayətlənirdi. Bu təlim mahiyyətcə dini azadfikirlilik idi, özü də Azərbaycanda genişyayılmışdı. Z.C.Məmmədovun tədqiqatında Azərbaycan mötəzililəri haqqında çoxlu misallar və məlumatlar var. Onlardan çox tanınmış ilahiyyatçı alimlər cəfər Həmədani Mötəzili Bağdadini, Əbu Bəkr Məhəmməd ibn Abdulla Bərdəini (X əsr), Əbu Səid Əhməd Bərdəini (929-cu ildə ölmüşdür) göstərmək olar. Xilafətdə mötəzililər haqqında danışanda deyirdilər ki, onlar «ədalət vətövhid tərəfdarları»dır (ərəb dilində əhl əl-ədl vət-tövhid). Onlar Quranı çox vaxt alleqorik təfsir edir (təvil edir, istədikləri kimi yozur), rəqibləri olan sünni ilahiyyatçıları ikiallahlı adlandıraraq, onların baxışlarını xristianların İsa Məsih və onun Allahla «həmmahiyyət» olması haqqında təlimi ilə müqayisə edirdilər. Mötəzili ilahiyyatçıların dəlillərinə görə, bu islamın «əsl ət-tövhid» – «Allahın təkliyini qəbul etməyin kökü» prinsipini pozmaq deməkdir. Başqa bir – X əsrdə meydana gəlib islamın ortodoksal doktrinasına (nəzəriyyəsinə) çevrilmiş təlimin – kəlamın əsasını Əbülhəsən əl-Əşəri (941-ci ildə ölmüşdür) qoydu. Bu təlim öz mahiyyətinə görə iki barışmaz doqmatik (ehkamçı) təlim olan mütəkəllimlərin və mötəzililərin təlimləri arasında aralıq istiqamət (cərəyan) idi. O, məntiqdən və qədim yunan fəlsəfəsindən islamın qədər haqqında ehkamlarını sübut etmək üçün rasionalistcəsinə (ağılla) istifadə etməyə çağırırdı. Bu təlim sanki islamın ehkamlarına müxtəlif yollarla haqq qazandırmağa çalışırdı. Mötəzililik və onun təliminə qarşı çıxan əl-Əşəri, hər halda müsəlman ilahiyyatında yeniliklər etməyi mümkün hesab edirdi. Mütəkəllimlər qədim filosofların atomist təlimini qəbul edib onu idealist ruhda şərh edirdilər. Kəlam təliminə görə, Allah Öz mütləq iradəsi ilə, atomları fasiləsiz (ara vermədən) yaradır və hərəkətə gətirir. İnsan isə, öz hərəkətlərinə görə cavabdeh olsa da, iradə azadlığına malik deyil. Əşəriyə görə Quran yaradılmamışdır, ancaq o, əbədidir. Yalnız Quranın hərfləri, mürəkkəbi və kağızı yaradılmadır. Yuxarıda göstərildiyi kimi, ortodoksal islamda dörd məzhəb formalaşmışdı. Bu məzhəblərin tərəfdarları əqidə məsələsində, demək olar ki, fərqlənməsələr də, idrak və bəzi şəriət məsələlərindəki müəyyən fərqləri ilə həm də müstəqil fikir cərəyanları kimi çıxış edirdilər. Belə ki, hənəfilik bu məsələlərdə ağıla (rəyə) üstünlük verir, malikilik rəvayətə əsaslanır, şafiilik hənəfiliklə malikilik arasında aralıq mövqe tutur, hənbəlilik ortodoksal sünnilik olub, ehkamlardan hər hansı uzaqlaşmaya qarşı çıxırdı. Artıq VIII əsrdən başlayaraq ortodoksal cərəyanda xüsusi istiqamət – hədis toplayanlar hərəkatı meydana gəlir. Azərbaycanda da onların ardıcıllarından olmuşdur. Onlardan biri olan Əbu Bəkr Əhməd ibn Harun Bərdəi Bərdici haqqında Z.C.Məmmədovun verdiyi qısa məlumatda başqa hədis toplayıcıları, onların haqqında məlumat verən müəlliflər və mənbələr xatırlanır. Azərbaycanda islamın yuxarıda göstərilən şaxələrindən hamısının nümayəndələri (ardıcılları) olmamışdır. Belə ki, məsələn, VIII əsrin ortalarında ali hakimiyyət uğrunda xalq arasında öz etibarını və nüfuzunu itirmiş Əməvilərlə Abbasilər (Məhəmmədin (s.ə.s)ın əmisi uşaqları) arasında sülalələrarası mübarizənin güclənməsi ilə eyni vaxtda Azərbaycanda çoxlu tərəfdarları olan xaricilər hərəkatı da güclənir. Bu hərəkatın məqsədi islamı ilkin şəklinə qaytarmaq idi. Onlar xəlif hakimiyyətinin irslə keçməsini hakimiyyətin qəsb olunması hesab edirdilər. Onlar bu müddəadan çıxış edərək dövlət başçısını ümumxalq seçkisi yolu ilə bütün müsəlmanların seçməsini tələb edirdilər. Onlar, yuxarıda göstərildiyi kimi, bütün müsəlmanların bərabərliyi, müsəlmanlar arasında qardaşlıq, bütün torpaqların müsəlman kəndli icmasının ixtiyarına (birgə istifadəsinə) verilməsi uğrunda mübarizə aparırdılar. Xaricilər belə hesab edirdilər ki, Quranın Zeydlə Osmanın tərtib etdikləri nüsxəsində (variantında) bir sıra qəsdən edilmiş təhriflər var.
Xürrəmilik. IX əsrin başlanğıcında Abbasilər hakimiyyətinin ilk dövründə ərəb idarə üsulundan narazı xalqın arası kəsilməyən həyəcanı həddini aşaraq «xürrəmilik» adlanan xalq hərəkatına çevrildi. Azərbaycanda geniş yayılmış, daha sonra Orta Asiya və İrana keçmiş bu hərəkatın əsas prinsiplərinə məzdəkilik ideyaları daxil olmuşdu. Xürrəmilər hərəkatı islama müxalif hərəkat idi. Xürrəmilər islamda qanuniləşdirilmiş və Allahın göndərdiyi nizamnamə səviyyəsinə qaldırılmış zülm və qarətçilik görürdülər. Onlar, islamın əleyhinə olaraq, Azərbaycanın yerli dinlərinə üstünlük verirdilər. Vahid Allahın qüdrətini rədd edən xürrəmilər dünyanı iki başlanğıc – Xeyir (İlahi) və Şər (İblis) arasında sonsuz (bitmək bilməyən) mübarizədə görürdülər. Onların təsəvvürünə görə, dünya əbədi olaraq mövcud olmuşdur, insanların ruhları da əbədi mövcuddur, tanrılar ara vermədən (ardıcıl olaraq) insanlarda təcəssüm edirlər. Elə buna görə də xürrəmilər öz icmalarında «peyğəmbərlər» seçirdilər. Bu «peyğəmbərlər» tanrıların onlarda təcəssüm etdikləri insanlar hesab olunurdular. İslamda və bu dinə inananlarda onlar şər görürdülər. Buna görə də islama və islamın nəticəsi olan sosial ədalətsizliyə qarşı mübarizə bu hərəkatın əsas şüarı elan olunmuşdu. Xürrəmilərin təsəvvürlərinə görə, ruh azad olaraq bir bədəndən başqa bədənə keçə bilər, insan iradəsi hüdudsuzdur, o hətta ölümü nizamlaya (idarə edə) bilər. Bu təlim öz mahiyyətinə görə maqların (sehrkarların) təlimi ilə, eləcə də xristianpərəst məzhəbçi təlimlərin ünsürləri ilə sıx bağlı idi. O, islamaqədərki dini inancları islama qarşı olan cərəyanların prinsipləri ilə uyğunlaşdırmağa çalışması ilə fərqlənirdi. Yeni təlim xalqın məruz qaldığı bütün bədbəxtlik və məhrumiyyətlərin, ədalətsizliyin və sosial bərabərsizliyin səbəblərini torpaq üzərində qara, iblisanə başlanğıcdan törəyən xüsusi mülkiyyətdə görürdü. Buna görə də bu hərəkatın əsas tələbi, öz inkişaf yolunda başı üstündə gəzdirdiyi şüarı torpaq üzərində azad kəndli icmaları şəklində xüsusi mülkiyyət ideyası idi. Onlar habelə kəndlilərin feodallardan asılılığına son qoyulmasını, dövlət vergilərinin və mükəlləfiyyətlərinin ləğv olunmasını, «ümumi (hamılıqla, elliklə) qardaşlıq» prinsipinin tətbiq edilməsini tələb edirdilər. Xürrəmilər hərəkatının rəhbəri Cavidan idi. O öldürüldükdən sonra hərəkatın başına Babək keçdi. Məsudi artıq IX əsrin 20-ci illərinin sonu, 30-cu illərinin başlanğıcında daha çox inkişaf etmiş bu hərəkatı səciyyələndirərkən yazırdı ki, «Babək hərəkatı möhtəşəm bir hərəkata çevrilmiş, onun təsiri (nüfuzu) olduqca böyümüş, ordularının sayı o qədər çoxalmışdı ki, az qala Abbasilər xanədanını məhv etmişdi». XI əsr ərəb müəllifi Əbu Mənsurun sözlərinə görə isə Azərbaycanın cənub hissəsində Babəkin tərəfdarlarının sayı 300 min nəfəri ötürdü. Budur, akademik Ziya Bünyadov Məhəmməd ibn Əbdülkərim əş-Şəhristaniyə (548/1153-cü ildə ölmüşdür) istinadla Babəkin fəaliyyətini belə təsvir etmişdir: «…Mənbələr təsdiq edir ki, Babək ərəblərə və onların dininə nifrət bəsləyirdi, bütün ömrü boyu Xilafətə qarşı mübarizə edirdi və Azərbaycanda islamdan əvvəl mövcud olan qayda-qanunları bərpa etməyə çalışırdı. Birincisi , o özünün müsəlman olmayan Babək (Papak) adını bərpa etdi, ilincisi , Allahın insan surətində görünməsi (hülul) nəzəriyyəsini elan etdi, üçüncüsü , ruhun bir cisimdən başqa bir cismə köçdüyünə (tənasüx əl-ərvah) inanırdı və dördüncüsü, bu əqidədə idi ki, imamın qeyb olan ruhu çox sonralar qayıdacaqdır (ricət)». Babək haqqında İbn Əsəm əl-Kufi də çoxlu məlumat qoyub getmişdir. Elə o, istilaçılardan birinin əsir alıb özünə kəniz (məşuqə) etmək istədiyi, ancaq ölümü namussuzluqdan üstün tutmuş sadə qadının orijinal təsirli obrazını təsvir etmişdir. Bu, ərəblər Xəzər dənizinin şimal sahilindəki Xamzin qalasını alandan sonra olmuşdur. Gözəl kəniz bıçağı qamarlayıb bir anda döyüşçünün başını bədənindən üzmüş, sonra özünü uçurumdan aşağı atmışdır. O, daşlara dəyib parçalanaraq ölmüşdür.
Əxilər. Azərbaycan şəhərlərində XII əsrdə sənətkarların (xırda peşə sahiblərinin) bir təşkilatı da vardı ki, onun üzvləri bir-birinə «əxi» («qardaşım») deyə müraciət etdikləri üçün onlara «əxilər» deyirdilər. Onların fəaliyyəti dini çalarda idi. Ərəb coğrafiyaşünas və səyyahı İbn Bəttutə (1304-1377) onların haqqında yazırdı: «Bütün dünyada tək vəyiyəsiz adamların qayğısına bunca qalan, acları yedirən, zorakılıq əleyhinə çıxış edən, amansız hökmdarları və onların xidmətçilərini öldürməyə hazır olan adamlar tapmaq mümkün deyil». «Əxilər» təşkilatının fəaliyyətinin bu təsviri onları özlərinin təşkilatının ehtiyacı olan üzvlərinə və başqa şəhərlərdəki tərəfdarlarına və həmfikirlərinə kömək edən xeyirxah insanlar kimi səciyyələndirir.
Hürufilik. XIV əsrin sonunda Azərbaycanda İslam ehkamlarına və teymurilərin ağalığına qarşı yönəlmiş dini-siyasi hərəkat olan hürufilik yaranıb yayıldı. Bu təlimin banisi əslən Təbrizdən olan azərbaycanlı ədib və mütəfəkkir Nəimi Şəhabəddin Fəzlullah Təbrizi Astrabadi idi. Nəimi öz təliminin əsas müddəalarını «cavidannamə» («Əbədiyyət kitabı»), «Məhəbbətnamə», «İskəndərnamə» və b. əsərlərində yazıb göstərmişdir. Bu təlimin ən böyük nümayəndələri, yuxarıda da göstərildiyi kimi, İmadəddin Nəsimi, Əbülhəsən Əliyyül-Ə’la və b. idi. Bu təlimin tərəfdarları Azərbaycanı «Oyanma məkanı(yeri)» («Sərzəmini-rastaxiz») adlandırırdı. Hürufilər Allahı ətraf aləmdə həll edirdilər. Onlar belə hesab edirdilər ki, dünya dörd maddi ünsürdən ibarətdir: insan, onun nitqi (danışığı), ərəb və fars əlifbalarının hərflərinin sayı (28:32). Hürufilərin təsəvvürünə görə dünya əbədidir. Dünyada baş verən bütün hadisələr və proseslər qarşılıqlı əlaqədədir, daima inkişaf edir və dəyişilir. İnkişaf isə, hürufiliyə görə, öz növbəsində bir-birini təkrar etməyən dövretmə qaydasında baş verir. Onlara görə, dünya, əbədi olması ilə yanaşı, dərkolunandır. Hürufilərin çağırışlarından biri də dünyanı dərk etməyə çağırış olub, bu zaman ağlın və nitqin rolu xüsusi qeyd olunur. Bu təlimin nümayəndələrinin cənnət və cəhənnəmlə bağlı təsəvvürləri də özünəməxsusdur. Belə ki, onlara görə, cənnət – bilik və əxlaqi (mənəvi) kamilləşmədir, cəhənnəm – cahillik (cəhalət) və əxlaqi (mənəvi) alçalma. Hürufilər tez-tez İslama, Quranın ayrı-ayrı surələrinə istinad edirdilər. Ancaq əsas müddəalarında bu mənbələrlə kəskin ziddiyyətdə olduqları müşahidə olunur. Belə ki, bu təlimə görə, Allah insanla və təbiətlə, iman isə biliklə eyniləşdirilir. O dünya, asiliyə (günah işləməyə) görə cəza, xidmətə (savab işləməyə) görə mükafat verilməsi haqqında təlimləri isə tamamilə başqa – İslamı və Quranı bütünlüklə qəbul etməyən anlayış və təsəvvürlərdən ibarətdir. Hürufilik cərəyanının nümayəndələrinin baxışları nisbətən ardıcıl, bəzi məsələlərin həllində materializmə meyl edən panteizm səciyyəlidir. Hürufiliklə bir zamanda və onun əsasında Azərbaycanda nöqtəvilik (nöqtəviyyə) yayılırdı. Azərbaycanda onun nümayəndələri Budaq bəy Din oğlu Ustaclı, həkim Süleyman Səvaci və b. olmuşlar. Təlimin banisi Fəzlullah Nəiminin ən yaxın şagirdlərindən və ardıcıllarından biri, sonralar baxışları ustadının baxışlarından fərqlənən Mahmud Pasihani idi. Bu təlim də dünyanı (aləmi) əzəli olaraq mövcud sayır, dünyada olan bütün varlıqları sonda nöqtəyə çevrilən birlikdə (vəhdətdə) görürdü. Bu nöqtə də öz növbəsində yerlə eyniləşdirilir. Nöqtəvilik təlimində Mehdinin – insanları dünyanın şərindən və zorakılıqdan qurtaracaq xilaskarın gələcəyinə inam böyük yer tutur; insan ilahiləşdirilir, ona öz taleyini və dünyanın taleyini həll etmək qabiliyyəti aid edilir. Təlimin tərəfdarları da bütün başqa dinləri təkzib etdikləri kimi, islam dinini də təkzib edirdilər. Özünəməxsus ideya-fəlsəfi cərəyan olan sufiliyin qızılbaşlıq qolunun (XII-XVI əsrlər) də vətəni Azərbaycan idi. Bu ideologiya özündə hürufiliyin, nöqtəviliyin, bəktaşiliyin ünsürlərini, əliallahiliyin təlimini, əxilərin ideologiyasını birləşdirirdi. Cərəyanın banisi olaraq Səfəvilər nəslinin ulu babası Səfiyyəddin İshaq Ərdəbili tanınır. Onun ideologiyasında xüsusi yeri özünükamilləşdirmə təlimi, cəmiyyətin təkcə sosial qüsurlarına deyil, eləcə də əxlaqi qüsurlarına tənqidi münasibət tuturdu; rəhbərə – «mürşid»ə mənəvi (ruhani) itaət geniş təbliğ olunurdu.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR