Bütün bunlardan sonra indi bankın işlərini görməli idi? Yazı stolunun üstünə baxdı... İndi müştəriləri qəbul edib onlarla danışıglar aparmalı idi? Məhkəməsi getdiyi bir vaxtda, məmurların çardaqdakı otaqlarında oturub onun sənədlərini araşdırdığı bir zamanda özü bank üçün işləməli idi? Məgər bunun özü məhkəmənin icazəsilə elə bu məhəkəmə ilə bağlı ona verilən işgəncəyə oxşamırdımı?! Bəs görəsən bankdakı işinə qiymət verilərkən onun indiki vəziyyətini nəzərə alan olacaqmı? Yox, heç kim heç vaxt almayacaq! Demək olmazdı ki, onun məhkəməsindən heç kəsin xəbəri yox idi, aydın şəkildə olmasa da, bilirdilər, ancaq kimin bilməsi, nə dərəcədə bilməsi məlum deyildi. Güman ki, şayələr direktor müavininə qədər gedib çatmamışdı, yoxsa həmkarı olduğuna baxmazdı, ona yazığı gəlməzdi və bundan K.-nın əleyhinə necə istifadə etdiyi də aydınca görünərdi. Bəs direktor? Əlbəttə, o, K. haqqında yaxşı fikirdə idi, bəlkə də məhkəmə barədə eşitsə, onun işini yüngülləşdirmək üçün əlindən gələni edərdi, ancaq məlum məsələ idi ki, indi o da heç nə eləyə bilməzdi, çünki direktorun xəstəhal vəziyyətindən istifadə edərək öz hakimiyyətini möhkəmlətməyə çalışan müavinlə müqayisədə K.-nın indiyəcən olan üstünlüyü zəifləməyə başlamışdı. Bəs K. nəyə ümid edə bilərdi? Kim bilir, bəlkə də belə fikirlərlə özünün müqavimət gücünü azaldırdı, ancaq nəyəsə uyub aldanmaq da olmazdı, hazırkı anda hər şeyə bacardığı qədər ayıq nəzərlərlə baxması da vacib idi.
Heç bir səbəb olmadan, yalnız yazı stoluna yaxınlaşmamaq xatirinə pəncərəni açmaq istədi. Ancaq çətin açıldığı üçün dəstəyi ikiəlli burmalı oldu. Elə həmin anda da otağa açıq yerin eni, uzunu boyda tüstü qarışıq duman doldu, yüngülcə yanıq iyi hiss olundu. Külək bir-neçə qar dənəciyini də içəri sovurdu.
– Yaman pis payız oldu,–arxa tərəfdən Fabrik sahibinin səsi eşidildi. Direktor müavivinin otağından cıxaraq hiss olunmadan içəri girmişdi. K. başını tərpətdi və narahatlıqla onun qoltuğundakı qovuluğa baxdı: yəqin indi ordakı kağızları çıxarıb müavinlə apardığı danışıqların nəticəsi barədə məlumat verməyə başlayacaq! Fabrik sahibi onun baxışlarını tutdu, əlini qovuluğun üstünə vura-vura, onu açmadan dedi:
– Siz indi danışıqların nəticəsini bilmək istəyirsiniz. Demək olar ki, imzalanmış müqavilə artıq cibimdədir. Sizin bu direktor müavini qiyamət adamdır, ancaq həm də təhlükəlidir...–o güldü, K.-nın əlini sıxaraq onu da güldürməyə çalışdı. Fabrik sahibinin kağızları göstərmək istəməməsi K.-nı şübhələndirdi və ona görə də burda gülməli heç nə görmədi,-Cənab prokurist, yəqin hava sizə pis təsir eləyir, bu gün çox qəmginsiniz...
– Elədir,–deyən K. əlini gicgahına apardı,–başım ağrıyır... Ailə qayğıları...
– Çox düz deyirsiniz!–hövsələsiz olduğu üçün heç kəsə sakitcə axıra qədər qulaq asa bilməyən fabrik sahibi dilləndi,-hərənin öz dərdi var...
K., qeyri-ixtiyari, qapıya tərəf yönləndi, sanki fabrik sahibini bayıracan ötürmək istəyirdi. O isə dedi:
– Cənab prokurist, sizə deyiləsi bir sözüm də var. Bəlkə də bununla sizə bu gün çox əziyyət vermiş oluram, çünki son vaxtlar iki dəfə yanınıza gəlmişəm, ancaq ikisində də yadımdan çıxıb deməmişəm. Gələn dəfəyə də saxlasam, yəqin ki mənasını tamam itirmiş olacaq. Ola bilər, mənim indi deyəcəyim sözün sizə xeyiri dəyər, ona görə də sonradan təəssüflənməli olarıq...–K. cavab verməyə macal tapmamış fabrik sahibi ona bir az da yaxınlaşaraq yumruqladığı əlini yüngülcə onun sinəsinə toxundurdu və astadan dedi: – İşiniz məhkəmədədir, elə deyilmi?
K. geri çəkilərək fikirləşmədən dedi:
– Bunu sizə direktor müavini deyib!
– Xeyr, xeyr, direktor müavini hardan bilərdi?
– Bəs siz hardan bilirsiniz?–K. artıq sakitləşmişdi.
– Hərdən mənə məhkəmə barədə bəzi xəbərlər çatır, sizə demək istədiyim də elə bu xəbərlərdən biridir.
– Bu məhkəmə ilə nə yaman çox adamın əlaqəsi varmış...–Başını aşağı salmış fabrik sahibini yazı stoluna tərəf apardı. Onlar bvayaqkı kimi üzbəüz oturdular və fabrik sahibi dedi:
– Təəssüf ki sizə çox şey deyə bilməyəcəm, ancaq belə məsələlərdə ən xırda şeyləri də nəzərdən qaçırmaq olmaz. Bundan əlavə, köməyi lap az da olsa, sizin üçün mütləq nəsə etmək istəyirəm. İndiyə qədər biz çox yaxşı tərəfdaş olmuşuq, elə deyilmi? Elə isə...–K. bu günki müzakirə zamanı etdiyi hərəkətə görə üzrxahlıq eləmək istədi, ancaq fabrik sahibi ona sözünü kəsməyə imkan vermədi. Govuluğu bərk-bərk qoltuğuna sıxmaqla tələsdiyini göstərdi və sözünə davam etdi:–Sizin məhkəməniz barədə Titorelli adlı bir nəfərdən eşitmişəm. Rəssamdır, Titorelli də ləqəbidir, əsil adını isə bilmirəm. İki ildir ki, hərdən mənim yanıma gəlir, xırda şəkillər gətirir, mən də əvəzində bir növ sədəqə verirəm, özü də, demək olar ki, dilənçi kökündədir. Ancaq şəkillər qəşəng olur: çəmənlik mənzərələri, buna bənzər təsvirlər... Alverimiz çox yaxşı gedirdi və ikimiz də buna öyrəşmişdik. Ancaq axır zamanlarda tez-tez gəlməyə başladı və mən də bunu ona irad tutdum, maraqlandım ki, təkcə rəssamlıqla necə dolana bilir. Eşidəndə ki, onun əsas gəlir mənbəyi portret çəkməkdəndir, çox təəccübləndim. Dedi ki, məhkəmə üçün işləyir. Hansı məhkəmə olduğunu soruşdum. Və o, məhkəmə barədə mənə xeyli danışdı. Eşitdiklərimə necə təəccübləndiyimi siz daha yaxşı təsəvvür edərsiniz. Həmin vaxtdan bəri hər dəfə gələndə məhkəmə barədə nəsə bir yenilik eşidirdim və beləliklə də onun haqqında müəyyən təsəvvürüm olurdu. Düzdür, Titorelli bir az boşboğazdır, onu tez-tez başdan eləməyim də yalnız yalan danışdığına görə deyil, ən çox da ona görədir ki, öz qayğıları içində itib-batan bir iş adamı kimi başqa şeylərlə maraqlanmağa vaxtım yoxdur. Bunu sözgəlişi dedim... Bəlkə–elə indi ağlıma gəldi-Titorellinin sizə nədəsə köməyi dəydi, hakimlərin çoxunu tanıyır... Özü elə sözükeçən adam olmasa da, nüfuzlu şəxslərlə əlaqə yaratmaq üçün məsləhətlər verər. Ola bilsin, bu məsələhətlər heç nəyə yaramasın, ancaq zənnimcə, onları bilmək xeyrinizə olar. Axı sizin özünüz də, demək olar ki, vəkilsiniz. Mən həmişə deyirəm: prokurist K., demək olar ki, vəkildir. Məhkəməniz sarıdan da heç bir narahatçılığım yoxdur. Titorellinin yanına getmək istəyirsiniz? Mənim tövsiyəmlə əlindən gələni sizin üçün edəcək. Mənə doğrudan da elə gəlir ki, onun yanına getməlisiniz. Əlbəttə, elə vacib deyil ki, bu gün gedəsiniz... Başqa vaxt gedin... İmkan düşəndə... Ancaq onu da deyim ki, mən məsləhət bildiyimə görə Titorellinin yanına getməniz məcburi deyil. Xeyr, əgər sizə elə gəlirsə, Titorellisiz də keçinə bilərsiniz, bu daha yaxşı, onda getməyin. Bəlkə daha dəqiq planınız var, Titorelli maneçilik edər. Xeyr, elə isə, heç vaxt getməyin! Belələrindən məsləhət almağa da gərək özünü məcbur edəsən. Yaxşı, necə istəyirsiniz, elə də eləyin. Bax, bu tövsiyə məktubu, bu da onun ünvanı...
Pərt olmuş K. məktubu alıb cibinə dürtdü. Bu məsləhət nə qədər xeyirli olsa da, ziyanı bundan çox idi və həmin ziyan da ondan ibarət idi ki, fabrik sahibi məhkəmədən xəbər tutmuşdu, rəssam da şayələri yaymaqda davam edirdi. Özünü güclə məcbur edib, artıq qapıya tərəf gedən fabrik sahibinə təşəkkür əlaməti kimi bir-iki xoş söz deyə bildi.
– Onun yanına gedəcəm,–K. bu sözləri fabrik sahibi ilə qapının ağzında vidalaşanda dedi,–ya da indi işim çox olduğu üçün məktub yazacam ki, bura gəlsin.
– Bilirdim ki, ən yaxşı çıxış yolunu özünüz tapacaqsınız. Ancaq mən elə fikirləşirdim ki, məhkəmə barədə danışmaq üçün siz Titorelli kimi adamları banka çağırmazsınız. Belələrinin əlinə məktub vermək də həmişə xeyir gətirmir. Ancaq siz yəqin ki hər şeyi ölçüb-biçmisiniz və yaxşı bilirsiniz ki, nəyi etmək olar, nəyi yox...
K. başını tərpədərək fabrik sahibini qəbul otağından ötürdü. Zahirən sakit görünsə də, özü özündən qorxdu: Titorelliyə məktub yazacağını yalnız dildə demişdi ki, bu məsləhətini qiymətləndirdiyini, Titorelli ilə görüşmək üçün o dəqiqə yollar axtardığını fabrik sahibinə çatdırsın, ancaq onun köməyini doğrudan da dəyərli hesab edərdisə, tərəddüd etmədən həmin məktubu yazardı. Lakin bunun necə təhlükəli olduğunu fabrik sahibinin sözlərindən sonra başa düşdü. Doğrudanmı daha öz sağlam düşüncə tərzinə etibar eləyə bilməzdi? Məgər direktor müavini ilə aralarında bircə qapı ola-ola öz məhkəməsi barədə məsləhət almaq üçün üstəlik də məktub yazıb kimliyi bəlli olmayan bir adamı banka dəvət etmək bəlkə də bunun başqa təhlükələr yaradacağını görməmək, daha doğrusu, özünü həmin təhlükələrin qoynuna atması demək deyildimi? Axı onun yanında həmişə kimsə olmurdu ki, xəbərdar etsin. İşə bax ki, məhz indi, bütün gücünü toplayıb işə girişmək istədiyi bir anda öz sayıqlığına hələ indiyəcən görmədiyi-tanımadığı bir şübhə yaranmışdı! Doğrudanmı bank işlərində rastlaşdığı çətinliklər indi də məhkəmədə başlayırdı? Artıq indi heç özü də başa düşmürdü ki, Titorelliyə məktub yazıb onu banka dəvət etmək haradan ağlına gəlmişdi...
Xidmətçi ona yaxınlaşaraq qəbul otağındakı skamyada oturan üç nəfəri göstərəndə, K. hələ də başını bulayırdı. Onlar burda çoxdan oturub nə vaxt K.-nın qəbuluna düşəcəklərini gözləyirdilər. İndi xidmətçi onunla danışanda, onlar ayağa durdular və üçü də fürsətdən istifadə edib K.– ya birinci yaxınlaşmaq istədi. Bank tərəfindən hörmətsizlik olunduğu və bu qədər vaxt itirdikləri üçün onlar da hörmət saxlamaq istəmirdilər. Hətta onlardan biri dilə gəldi:
– Cənab prokurist!
Ancaq K. xidmətçiyə paltosunu gətirməyi tapşırmışdı və onun köməyilə geyinə-geyinə dedi:
– Bağışlayın, cənablar, indi sizi qəbul etməyə vaxtım yoxdur. Sizdən çox-çox uzr istəyirəm, təcili işim var, getməliyəm. Özünüz də gördünüz ki, məni çox yubandırdılar. Lütfən sabah və ya başqa bir gün gələ bilməzsiniz? Bəlkə telefonla danışaq? Ya da, indi nə iş üçün gəldiyinizi mənə qısaca deyin, sizə yazılı şəkildə ətraflı cavab verim. Ancaq yaxşı olar ki, başqa vaxt gələsiniz.
K.-nın təklifləri mənasız yerə gözlədiklərini anlamış cənabları elə təəccübləndirdi ki, söz
tapmayıb bir-birinin üzünə baxdılar.
– Deməli, razılaşdıq! – deyən K. şlyapasını gətirmiş xidmətçiyə tərəf döndü. K. otağının açıq qapısından bayırda qarın gücləndiyi görünürdü. Ona görə də K. paltosunun yaxalığını qaldırdı və onu boğazına qədər düymələdi.
Elə həmin anda direktor müavini qonşu otaqdan çıxdı, K.-nın paltoda həmin cənablarla danışdığını görəndə təbəssümlə soruşdu:
– Gedirsiniz, cənab prokurist?
– Bəli,–K. qamətini düzəltdi,–iş dalınca gedirəm.
Ancaq direktor müavini artıq müştərilərə tərəf dönmüşdü:
– Bəs bu cənablar? Mənə elə gəlir, onlar çoxdan gözləyirlər.
– Artıq biz razılığa gəlmişik,–dedi K.
Ancaq kişilər daha özlərini saxlaya bilmədilər, K.-nı aralığa alıb izah etməyə başladılar ki, işləri çox vacib olmasaydı, bu qədər gözləməzdilər və ona görə də hər şeyi ətraflı, özü də təklikdə müzakirə etməlidirlər. Direktor müavini bir az onlara qulaq asdı, sonra əlindəki şlyapasının toz qonmuş yerlərini təmizləyən K.-ya baxıb dedi:
– Cənablar, bunun çox sadə bir yolu var. Əgər rəva bilsəydiniz, cənab prokuristin əvəzinə özüm sizinlə söhbət edərdim. Əlbəttə, işiniz mütləq müzakirə olunmalıdır. Biz də sizin kimi iş adamlarıyıq və vaxtın iş adamı üçün nə demək olduğunu yaxşı bilirik. Bəlkə içəri buyurasınız?–və özünün qəbul otağının qapısını açdı.
K.-nın məcburiyyət qarşısında qalıb əldən verdiklərini direktor müavini elə o dəqiqə də özününküləşdirirdi! Bəs K.-nın əldən verdikləri lazım olduğundan da çox deyildimi? İndi də çox qeyri-müəyyən, özü də etiraf eləməliydi ki, cüzi ümidlərlə tanımadığı-bilmədiyi bir rəssamın yanına gedə-gedə burdakı nüfuzuna sağalmaz yaralar vururdu. Bəlkə də ən yaxşısı bu olardı ki, paltosunu çıxarıb həmin adamlarla özü danışaydı. Bəlkə də həmin anda direktor müavinini öz otağında görməsəydi, bunu edərdi. Müavin sanki özünün iş otağındakı rəflərdə nəsə axtarırdı. Həyəcanlanmış K. qapıya tərəf gedəndə, o dedi:
– Ah, siz hələ getməmisiniz!–üzünü K.-ya tərəf çevirəndə, sifətindəki çoxsaylı gərgin qırışlar yaş əlaməti kimi deyil, güc nişanəsi kimi göründü və o, yenidən axtarmağa başladı.–Müqaviləni axtarıram, firmanın nümayəndəsi deyir ki, sizdə olmalıdır. Bəlkə mənə kömək edəsiniz?!–K. bir addım da atdı, ancaq həmin anda müavin dedi:–Təşəkkür edirəm, tapdım...–və bir qalaq kağızı götürüb otağına qayıtdı. Yəqin ki orda müqavilədən əlavə başqa sənədlər də vardı.
“İndi ona gücüm çatmaz”,–K. ürəyindən keçirdi,–“Qoy bu şəxsi işlərimi həll edim... Onda bunu birinci hiss eləyən o olacaq. Özü də əməlli-başlı hiss eləyəcək, payını alacaq...” Bu fikirdən sonra bir az yüngülləşən K. dəhlizin qapısını çoxdan açıq saxlayan xidmətçiyə tapşırdı ki, imkan düşəndə, direktora onun iş dalınca getdiyini çatdırsın və müəyyən vaxt ərzində yalnız öz işi ilə məşğul ola biləciyinə sevinərək bankdan çıxdı.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri