Üçüncü fəsil
Boş iclas zalında. Tələbə. Dəftərxanalar
K. sonrakı həftə hər gün yeni çağırış gözlədi, inanmadı ki, istintaqa bir daha gəlməyəcəyini ciddi qəbul etmiş olalar və çağırışın şənbə günü axşama qədər də gəlmədiyini görüb fikirləşdi ki, yəqin bu sükut həmin vaxt həmin yerə dəvət olunması deməkdir. Ona görə də bazar günü oraya getdi, ancaq bu dəfə pilləkəni, qapını səhv salmadı. Onu xatırlayan bir neçə adam qapısının ağzında K.- ya salam verdi, ancaq bu dəfə heç kimdən heç nə soruşmadı, tezliklə qapıya catdı. Onu döyən kimi açdılar. Qapının ağzında dayanmış həminki qadına fikir vermədən tələsik qonşu otağa keçmək istədi.
– Bu gün iclas yoxdur,–dedi qadın.
– Niyə yoxdur?–o inanmaq istəmədi, ancaq qadın qonşu otağın qapısını açanda, inanmalı oldu. Otaq bomboş idi və bu boşluqda ötən bazar günündəkindən də məzlum görünürdü. Hələ də səhnədə qalmış stolun üstündə bir neçə kitab var idi.
– Bu kitablara baxmaq olar?–K. kitablarla çox maraqlandığına görə deyil, gəlişinin əbəs yerə olmaması üçün soruşdu.
– Xeyr,–deyə qadın qapını örtdü,–icazə yoxdur. Müstəntiqin kitablarıdır.
– Belə de...–K. başını yırğaladı,–qanun kitabları olar. Yəqin bu məhkəmənin bir xüsusiyyəti də adamları günahsız yerə deyil, həm də xəbər vermədən mühakimə etməsidir.
– Bəlkə də elədir...–qadın onu yaxşı başa düşmədi.
– Onda mən gedim.
– Müstəntiqə nəsə deyim?
– Onu tanıyırsınız?
– Əlbəttə! Ərim məhkəmədə işləyir.
K. indi gördü ki, o gün içində yalnız paltar tiyanı olan otaq indi ağzına kimi dolu bir mənzilə çevrilib. Qadın onun heyrətləndiyini görüb dedi:
– Bu otağı bizə pulsuz veriblər. Ancaq məhkəmə keçirilən günlərdə onu boşaldırıq. Ərimin işinin
belə xoşagəlməz cəhətləri də var.
– Mənzilə görə o qədər də təəccüblənmirəm,–deyə K. acıqla qadına baxdı,–ən çox ərdə olduğunuza təəccüblənirəm.
– Bəlkə axırıncı iclasda nitqinizə mane oluğuma işarə vurursuz?
– Əlbəttə,–dedi K.–Eybi yox, hamısı keçib gedib, demək olar ki, yaddan çıxıb. Ancaq onda məni yaman əsəbiləşdirdiniz. İndi özünüz deyirsizniz ki, ərli qadınsınız...
– Nitqinizin kəsilməsi ziyanınıza olmadı. Ondan sonra haqqınızda çox, özü də pis danışdılar.
– Ola bilər...–K.saymazyana dilləndi,–Ancaq bu sizə bəraət qazandırmır.
– Məni tanıyanların qarşısında bəraətim var. Onda məni qucaqlayan kişi də arxamca çoxdan düşüb. Ümumiyyətlə götürəndə, mən cazibədar deyiləm, ancaq, görünür, onun üçün beləyəm.
Burda heç nə demək olmaz, hətta ərim də bununla barışıb. Əgər işini saxlamaq istəyirsə, dözməlidir. Çünki həmin kişi tələbədir və çox güman ki, yüksək vəzifə sahibi olacaq. Məndən əl çəkmir, elə sizin qabağınızca çıxıb getdi.
– Belə də olmalıdır,–dedi K.,–bu məni heç də təəccübləndirmir.
– Yəqin burda nəyisə düzəltmək istəyirsiz, elə deyilmi?–qadın asta– asta, sınayıcı nəzərlərlə onu süzə-süzə elə soruşdu ki, sanki dedikləri K.dan çox onun üçün təhlükəli idi,–Bunu nitqinizdən başa düşdüm, şəxsən mənim çox xoşuma gəldi. Əslində, yalnız bir hissəsini eşitdim, əvvəlinə çatmadım, axırında da tələbə ilə döşəmədə uzanmışdım... Bura lap iyrəncdir,–deyə o, ani fasilədən sonra dilləndi və K.-nın əlindən yapışdı,–Burda nəyisə düzəldə biləcəyinizə inanırsınız?
K. gülümsəyərək əlini onun yumşaq əlləri arasında azacıq tərpətdi:
– Əslində,–dedi,–məni heç kəs, sizin dediyiniz kimi, burda nəyisə düzəltmək üçün göndərməyib. Bunu, məsələn, müstəntiqə desəniz, ya sizə gülər, ya da cəzalandırar. Sözün düzü, heç vaxt öz xoşumla belə işlərə qarışmazdım və bu məhkəmənin düzəlişə olan ehtiyacı da mənim yuxuma haram qata bilməzdi. Ancaq boş yerdən həbs olunduğum üçün–axı mən həbsdəyəm–məcburiyyət qarşısında qalıb qarışdım, özü də özümə görə... Əgər burda sizə nədəsə köməyim dəyərsə, böyük məmnuniyyətlə edərəm. Ancaq yalnız bəşər övladına məhəbbətim xatirinə deyil, həm də ona görə ki, siz də mənə kömək edəsiniz.
– Sizə necə kömək edə bilərəm?–qadın soruşdu.
– Məsələn, stolun üstündəki kitabları mənə göstərə bilərsiniz.
– Əlbəttə, göstərərəm!–deyən qadın tələsik onu ardınca çəkib apardı.
Köhnə, didik-didik olmuş kitablar idi. Ortadakı cild, demək olar ki, cırıq-cırıq olmuşdu, vərəqləri sapdan asıla qalmışdı.
– Burda hər şey iyrəncdir!–deyən K. başını buladı.
O, kitabları götürməmişdən əvvəl qadın önlüyü ilə, üzdən də olsa, onların tozunu sildi. K. üstdəki kitabı açdı və abırsız bir şəkil gördü. Kişi ilə qadın divanda çılpaq oturmuşdular. Əlbəttə, rəssamın bəd niyyəti aydınca bilinirdi. Ancaq o qədər naşılıq eləmişdi ki, orda görünən yalnız kişi ilə arvad idi və onların da təkcə bədənləri nəzərə çarpırdı, dimdik oturmuşdular, yanlış perspektivdən təsvir olunduqları üçün bir-birinə tərəf dönə də bilmirdilər. K. həmin kitabı örtüb ikincinin titul vərəqini açdı: “Qretenin öz əri Hansdan gördüyü əzablar” adlı roman idi.
– Bu da onların oxuduqları qanun kitabları! Gör məni kimlər mühakimə edəcək!
– Sizə kömək edəcəm!–qadın dilləndi,–İstəyirsiniz?
– Doğrudanmı özünüz üçün heç bir təhlükə yaratmadan bunu edə bilərsiniz? İndicə dediniz ki, əriniz öz rəislərindən çox asılıdır.
– Buna baxmayaraq sizə kömək etmək istəyirəm. Gedək, biz bunu müzakirə etməliyik. Məni gözləyən təhlükə barədə bir daha danışmayın, mən təhlükədən yalnız o vaxt qorxuram ki, özüm ondan qorxmaq istəyirəm. Gəlin,–deyə qadın səhnəni göstərdi və K.-dan xahiş etdi ki, pilləkəndə onunla yanaşı otursun.
– Sizin qəşəng qara gözləriniz var...–onlar oturandan sonra qadın sözə başladı və aşağıdan yuxarı K.-ya baxdı,–Deyirlər ki, mənim də gözlərim gözəldir, ancaq sizinkilər daha gözəldir. Yeri gəlmişkən, siz buraya ilk dəfə gələndə mən bunu hiss etdim. Sonradan iclas zalına girməyimin səbəbi də elə bu oldu. Yoxsa mən heç vaxt bura girmirəm. Hətta, müəyyən mənada, bura girmək mənə yasaqdır.
“Deməli, bunun da dərdi varmiş,–deyə K. ürəyindən keçirdi,–“özünü mənə təklif edir... o da burdakı adamlar kimi pozulub, məhkəmə məmurlarından doyub... onu da başa düşmək olar... ona görə də yad bir adam gələn kimi, onun gözlərinə kompliment deyir...”
K. sakitcə ayağa durdu, sanki bu sükutu ilə düşündüklərini ucadan demiş və bununla da qadına öz münasibətini bildirmişdi.
– İnanmıram ki, mənə kömək edə biləsiniz...–dedi,–Mənə kömək etmək istəyən adamın gərək yüksək çinli məmurlarla əlaqəsi olsun. Siz də, məlum məsələdir ki, buralarda vurnuxan aşağı vəzifəli məmurları tanıyırsız. Əlbəttə, bu məmurları lap yaxşı tanıyırsınız, hətta bəzi işləri də onlardan aşıra bilərsiniz, buna şübhəm yoxdur, ancaq nə qədər böyük işlər görsələr də, məhkəmənin nəticəsinə təsir edə bilməzlər. Ancaq siz bununla dostlarınızdan bir neçəsini itirməli olarsınız ki, mən də bunu istəmirəm. Bu vaxta qədər onlarla hansı münasibətdə olmusunuzsa, qoyun eləcə də qalsın və mənə elə gəlir, onlar sizə hələ lazım olacaq. Bunu heç də təəssüf hissi ilə demirəm, yalnız dediyiniz komplimentə cavab olaraq etiraf edirəm ki, siz də mənim çox xoşuma gəlirsiniz. Ən çox da heç bir səbəb olmadan mənə belə kədərli-kədərli baxanda... Siz mənim mübarizə apardığım bir cəmiyyətin üzvüsunüz, orada da özünüzü çox
rahat hiss edirsiniz, hətta bir tələbəni də sevirsiniz. Sevməsəniz də, ən azı, onu ərinizdən üstün tutursunuz. Dediklərinizdən aydınca hiss olunur...
– Yox!–deyə qadın qışqırdı və K.-nın əlindən yapışdı. K. əlini çəkməyə macal tapmadı.–İndi çıxıb gedə bilməzsiniz! Mənim haqqımda belə pis fikirdə ola-ola gedə bilməzsiniz! Doğrudan gedə bilərsiniz? Doğrudanmı mənə yaxşılıq etmək xatirinə burda bir az qalmağınıza da layiq deyiləm?
– Məni başa düşmədiniz,–deyən K. təzədən oturdu.–Əgər doğrudan da lazımdırsa, məmnuniyyətlə qalaram, vaxtım da var. Elə o hesabla da gəlmişdim ki, bu gün məhkəmə olacaq. Bayaq dediklərimlə də sizdən xahiş etmək istəyirdim ki, mənim məhkəmə işimə qarışmayasınız. Bu da gərək xətrinizə dəyməsin ki, bu məhkəmənin necə qurtaracağı məni maraqlandırmır və hansı hökmü cıxarsa da ona güləcəm. Ancaq bir şərtlə ki, məhkəmə doğrudan da sona qədər olsun və mən də buna şübhə edirəm. Elə düşünürəm ki, ya tənbəllikdən, ya unutqanlıqdan, ya da bəlkə məmurların qorxaqlığından bu məhkəmə dayanıb və ya gələcəkdə dayanacaq. Belə də ola bilər ki, böyük məbləğdə rüşvət qoparmaq üçün məhkəmə, elüzəri də olsa, keçiriləcək, ancaq xeyri yoxdur. Elə indidən deyə bilərəm ki, heç kəsə rüşvət verən deyiləm. Mənə yaxşılıq etmək istəyirsinizsə, ya müstəntiqə, ya da bu cür vacib xəbərləri tez yaymağın ustası olan bir adama çatdırın ki, hansı hoqqalardan çıxsalar da,–yəqin canablar bu sahədə usta olarlar!–məni rüşvətə təhrik edə bilməyəcəklər. Onlara açıq deyə bilərsiniz ki, özlərini yormasınlar. Bilmək olmaz, bəlkə özləri də bunu artıq hiss eləyiblər. Əgər etməyiblərsə, mənim üçün fərqi yoxdur, indi eləyərlər. Ancaq cənablar bunu indiyəcən hiss etmiş olsaydılar, belə əziyyət çəkməzdilər və yeri gəlmişkən, mənə də əzab verməzdilər. Ancaq mən bu əziyyəti məmnuniyyətlə çəkirəm, çünki çəkdiklərimin hamısını bircə-bircə özlərinə qaytaracağımı bilirəm. Çalışacam ki, belə olsun. Siz müstəntiqi tanıyırsınız?
– Əlbəttə tanıyıram,–qadın dilləndi,–sizə kömək təklif edəndə, yadıma birinci o düşdü. Ancaq bilmirdim ki, onun vəzifəsi aşağıdır, əgər siz deyirsinizsə, deməli, elədir. Deyirsiniz ki, məmurlar tənbəldir, ancaq hamısı elə deyil. Xüsusilə, bu müstəntiq elələrindən deyil, yaman çox yazır. Məsələn, ötən bazar iclas axşama qədər çəkdi, sonra hamı çıxıb getdi, ancaq müstəntiq zalda qaldı, ona lampa gətirəsi oldum. Balaca mətbəx lampası idi, amma çox razı qaldı və o dəqiqə də yazmağa başladı. Bu aralıqda həmin gün məzuniyyətdə olan ərim də gəlib çıxdı, mebeli içəri daşıdıq, mənzili qaydaya saldıq, qonşular gəldi, şam işığında söhbət elədik, sözün qısası, müstəntiqi unutduq, yatmağa getdik. Qəflətən gecəyarı oyanıram, müstəntiq qapının yanında dayanıb, əli ilə işığın qabağını kəsib ki, ərimin gözünə düşməsin, ancaq ehtiyat etməyə dəyməzdi, çünki ərim elə bərk yatır ki, lampa işığına ayılmaz... Elə qorxdum ki, az qaldı qışqıram, ancaq müstəntiq çox mehriban idi, ehtiyatlı olmağımı işarə etdi, pıçıldadı ki, bu vaxta qədər yazıb, indi də lampanı gətirib və mənim yatanda necə gözəl göründüyümü heç vaxt unutmayacaq. Bütün bunları söyləməkdə məqsədim yalnız sizə onu deməkdir ki, müstəntiq xeyli məlumat yazır, çoxu da sizin haqqınızdadır, çünki bazar günü olan istintaq günün əsas iclası idi. Axı, belə uzun məlumatlar mənasız ola bilməz! İndi özünüz də görürsünüz ki, müstəntiq mənə vurulub və hər şey də təzəcə başladığı üçün–deyəsən, mənə yenicə diqqət yetirib–sözüm keçərli olacaq. Müstəntiq üçün kim olduğumu göstərən başqa sübutlar da var. Dünən çox inandığı, həm də işçisi olan tələbə ilə ipək corab hədiyyə göndərmişdi, guya iclas zalını yığışdırmışam, ancaq bu bəhanədir, çünki oranı təmizləmək mənim vəzifəmdir, buna görə də ərimə pul verirlər. Bir baxın, nə gözəl corablardır!–deyə qadın ayaqlarını uzatdı, paltarının ətəyini dizinə qədər çəkdi və özü də corablara baxdı.
– Qəşəng corablardır, ancaq çox zərifdir, mənlik deyil.
O qəflətən susdu, əlini K.-nın əlinin üstünə qoydu, sanki onu sakitləşdirmək istəyirdi və pıçıldadı:
– Sakit! Bertold bizə baxır.
K. baxışlarını yavaş-yavaş qaldırdı. Qapının ağzında cavan bir oğlan dayanmışdı və qısa, qalın, qırmızıya çalan saqqalını sığallaya-sığallaya özünə ciddi görkəm verməyə çalışırdı. K. maraqla ona baxdı, axı tamamilə xəbərsiz olduğu hüquq elmi sahəsində ilk tələbə idi ki, belə yaxından görürdü. Yəqin ki gələcəkdə yüksək vəzifə sahibi olacaqdı! Tələbə isə, əksinə, deyəsən K.-ya heç fikir vermirdi və əlini bir anlığa saqqalından çəkərək bir barmağı ilə qadını yanına çağırdı, özü də pəncərəyə sarı getdi. Qadın K.-ya tərəf dönərək pıçıldadı:
– Mənə acığınız tutmasın... Çox xahiş edirəm, haqqımda pis fikirləşməyəsiniz, indi onun yanına getməliyəm... Bu iyrəncin yanına! Siz bir onun samıya oxşayan qıçlarına baxın! Ancaq bu dəqiqə qayıdıram, sonra sizinlə gedəcəm, istədiyiniz kimi olacaq, bacardığım qədər burdan uzun müddətə ayrılıb xoşbəxt olacam! Yaxşı olardı ki, elə həmişəlik aralanaydım...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Bryus Uillis aptekdən qovuldu- SƏBƏB
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Göy qurşağı şorbası (foto resept)
Nə üçün ölümdən qorxuruq?
Yer kürəsinin tarixi fotosu
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Milyarder qaçqınlar üçün iki ada alacaq
Hava haqqında - 21.02.2014
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Pazllar ("Fiksiklər")
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Cavanlaşma resepti
Evə qulluqçunu necə tapmalı?
HAVA necə olacaq?- 7 MAY
Çarə axtarıram
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Faydalı məsləhətlər
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
"Biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq"
Bakıya palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər
HAVA necə olacaq?
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Pəhriz və sağlam həyat tərzi
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
Dekabrın ilk günü dumanla gəlir
Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib
Azərbaycanda internetin qiyməti aşağı salınır?
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Yeni il süfrəsi dekorasiyaları
Disney qəhrəmanları ilə eyni şəkillərdə yer aldı
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Dil yanığına yaxşı gələn vasitələr
Mart ayının qeyri-iş Günləri
2013-cü ilin 9 dırnaq boyası
Sabah yağış yağacaq
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Maykl Cekson niyə maska taxırdı? - VİDEO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
İkibaşlı buzov doğuldu