Delfina göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü örtdü, lakin Ejen onun üzünü görmək üçün əllərini ayırdı: bu anda onun üzündə ayrı bir gözəllik vardı.
– Hissləri pulla bağlamaq dəhşətli şeydir, deyilmi? Yox, siz məni sevməyəcəksiniz, – dedi.
Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quruluşunun yaratdığı qəbahətlərlə qarışması Ejeni mütəəssir etmiş, sarsıtmışdı. O, öz kədərlərini bu qədər ehtiyatsızlıq və sadədilliklə büruzə verən bu gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir, Delfinaya təsəlli verirdi.
Delfina dedi:
– Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah kimi istifadə etməyəcəksiniz!
Ejen cavab verdi:
– Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm.
Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban bir nəvazişlə ürəyinin üstünə qoydu.
– Mən sizin sayənizdə yenə azad və şadam. Mənim həyatımı dəmir bir əl əzirdi. Mən artıq özümə heç bir şey sərf etmədən, sadə həyat sürmək istəyirəm. Dostum, mən sizin üçün necə varamsa, elə yaxşıyam, deyilmi? – Sonra yalnız altı min frank götürərək: – Artığı sizdə qalsın, – dedi. – Vicdanla söyləsəm, mən sizə üç min borclu qalıram, çünki mən sizinlə şərik oynayırdım.
Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi: “Əgər siz mənim şərikim olmasanız, mən sizə düşmən nəzəri ilə baxmağa məcburam”. Ejen pulu götürməli oldu.
– Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, – dedi.
Baronessa sapsarı saraldı:
– Amandır! – dedi. – Mən elə bundan qorxurdum. Əgər siz mənimlə dost olmaq istəyirsinizsə, and için ki, bir daha qumar oynamayacaqsınız. Aman, yarəb! Mən sizi yoldan çıxara bilmərəm! İnanın ki, belə olarsa, dərd məni öldürər.
Onlar evə qayıtdılar. Onun ehtiyacı ilə sərvət arasındakı təzad Rastinyakı sarsıtmışdı. Qulaqlarında yenə Votrenin məşum sözləri cingildəyirdi.
Baronessa öz otağına girdi və buxarının yanındakı kiçik divanı göstərərək:
– Burada əyləşin, – dedi. – Mən çox çətin bir məktub yazmağa məcburam. Mənə məsləhət verin.
Ejen dedi:
– Yazmaq lazım deyil. Pulları zərfə qoyun, ünvanı üstundə yazın və qulluqçunuzla göndərin.
Baronessa çığırdı:
– Vallah, siz qiyamətsiniz! Bax yaxşı tərbiyə almaq buna deyərlər. – Sonra təbəssümlə əlavə etdi: – Bu, tamamilə Bosean üslubundadır.
Rastinyak getdikcə ona məftun olaraq: “Nə sehrkar qadındır!” – deyə düşünürdü.
Ejen otağa nəzər saldı: burada hər şey zəngin bir məşuqənin ehtiraslı təmtərağından xəbər verirdi.
Delfina:
– Bəyənirsinizmi? – deyə soruşdu və zəngi çaldı.
– Tereza, bünu özünüz cənab de Marseyə apararsınız və şəxsən ona verərsiniz. Onu evdə tapmasanız, məktubu geri qaytararsınız.
Tereza otaqdan çıxarkən hiyləgər nəzərlə Ejenə baxdı. Naharın hazır olduğunu xəbər verdilər. Rastinyak qolunu madam de Nusingenə uzatdı və onunla birlikdə gözəl yemək otağına daxil oldu. Buradakı zinət kuzinasının otağında məftun olduğu zinətin eyni idi.
Madam de Nusingen dedi:
– İtalyan operasına getdiyimiz günlərdə siz nahar etmək üçün mənim yanıma gələcəksiniz və məni teatra aparacaqsınız.
– Lakin belə davam edərsə, mən xoş yaşayışa öyrəşə bilərəm, halbuki mən yoxsul bir tələbəyəm, hələ özümə sərvət qazanmaq məcburiyyətindəyəm.
Delfina gülərək:
– Sərvət öz ayağı ilə gələcəkdir, – dedi. – Hər işin uğurlu olduğunu görürsünüzmü? Mən özümü bu qədər xoşbəxt hiss edəcəyimi gözləməzdim.
Qeyri-mümkün şeyləri imkan daxilində sübut etmək və xoş niyyətli işləri ürəyə daman hisslərlə məhv etmək qadınlara məxsus bir niyyətdir. Madam de Nusingenlə Rastinyak lojaya daxil olduqları zaman baronessanın üzündə sevinc nuru parlayırdı: de Nusingen o qədər gözəl görünürdü ki, hər kəs onun barəsində qeybət qırmağı özünə borc bildi: qadınlar bu xırda iftiradan özlərini qorumaqdan acizdirlər, bu qeybətlər isə çox zaman insanları öz uydurmalarına inandırır. Parisi tanıyanlar orada yayılan şayiələrə qətiyyən inanmazlar, orada həqiqətən baş verən hadisələri bilənlər isə sükut edərlər. Ejen baronessanın əlini sıxdı. Onlar musiqidən aldıqları təəssüratı sözlə deyil, bir-birinin əlini gah zəif, gah da bərk sıxmaqla
bir-birinə xəbər verirdilər. Bu gecə hər ikisini məst etmişdi. Teatrdan bir çıxdılar, madam de Nusingen Ejeni Yeni körpüyə qədər ötürmək arzusunu bildirdi, lakin bütün yol uzunu, Pale-Royalda verdiyi hərarətli busələrdən birini belə Ejenə bəxş etməkdən çəkindi. Ejen onun öz işlərində ardıcıl olmadığını söylədi.
Baronessa cavab verdi:
– O, gözlənilməyən bir sədaqət qarşısında minnətdarlıq hissimin ifadəsi idi. İndi isə bu, bir vəd ola bilərdi.
– Vəfasız, siz mənə heç şey vəd etmək istəmirsiniz!
Ejen hirslənmişdi. Delfina, adətən, məftun edən bir səbirsizliklə, öpmək üçün əlini ona uzatdı, lakin Ejen baronessanın əlini həvəssiz qəbul etdi, baronessa buna heyran qaldı.
– Bazar ertəsinə qədər, – dedi. – Balda görüşərik.
Ejen aydınlıqda evə qayıdarkən ciddi fikirlərə dalmışdı. O, bir tərəfdən xoşbəxt, o biri tərəfdən isə narazı idi. Onu xoşbəxt edən eşq sərgüzəşti idi: bu sərgüzəşt nəticədə ən qəşəng, ən zərif Paris xanımlarından birini, onun arzuladığı bir qadını ona təslim etməli oldu. Onu narazı salan şey isə özünə sərvət yaratmaq planlarının puça çıxması idi. Odur ki o, indi dünənki dumanlı fikirlərinin bir həqiqət olduğunu hiss edirdi. Müvəffəqiyyətsizlik hər zaman arzularımızın güclü olduğunu göstərir. Rastinyak Paris həyatından nəşələndikcə kölgədə və yoxsulluqda qalmaq arzusu da azalırdı. O, cibindəki kağız pulunu əzişdirir, bunun öz pulu olduğunu sübut etmək üçün xaincəsinə dəlillər, bəhanələr gətirirdi. Nəhayət, Ejen Nev-Sent-Jenevyev küçəsinə çatdı. Pilləkənin üst meydançasına çıxdığı zaman işıq yandığını gördü. Qorio ata qapısını açıq qoymuş və şamı söndürməmişdi ki, tələbə, Qorionun dediyi kimi, qızı barəsində söhbət etməyi yadından çıxarmasın. Ejen Qoriodan heç şey gizlətmədi.
Qorio ata dərin məyusluq və qısqanclıqla:
– Necə? – dedi. – Onlar mənim iflas olduğumu zənn edirlər? Axı mənim üç yüz min franklıq rentam var! Aman yarəb! Yazıq balam, o nə üçün mənim yanıma gəlmədi? Mən öz faizli kağızlarımı satardım, bütün borcları əsas mayadan ödəyərdik, qalan pulu isə ömürlük rentaya qoyardım. Əziz qonşum, nə üçün siz gəlib onun çətin vəziyyətdə olduğunu mənə danışmadınız? Onun son yüz frankını ris lə qumara qoyub, necə oynamağa cəsarət etdiniz? Ürəyim az qalır parça-parça olsun. Budur mənim kürəkənlərim! Ah, onlar mənim əlimə düşsəydilər, boğub öldürərdim! Aman yarəb! Mənim qızım ağlayırdı? Doğrudanmı, o ağlayırdı?
Rastinyak dedi:
– Başını jiletimə söykəyib ağlayırdı.
Qorio ata yalvararaq:
– Jiletinizi mənə bağışlayın! – dedi. – Onun üzərində mənim əziz Delfinamın göz yaşları var. O, uşaqlıqda heç vaxt ağlamamışdır. Bir daha onu geyməyin, mənə bağışlayın, mən sizə başqasını alaram. Əri ilə bağlanan müqaviləyə görə, onun mülkü öz ixtiyarındadır. Mən lap sabah vəkil Dervilin yanına
gedəcəyəm. Mən onun sərvətinin banka qoyulmasını tələb edəcəyəm. Mən qanunları bilirəm, mənə qoca qurd deyərlər, onlar hələ mənim dişlərimi görməyiblər!
– Budur, ata, uduşumuzdan min frank qalmışdır. O, bunu mənə vermək istəyirdi. Bu pulu mənim jiletimdə onun üçün saxlayarsınız.
Qorio Rastinyakın üzünə baxdı, onun əlini əlinə aldı. Ejenin əli üstünə bir damcı göz yaşı düşdü.
Qoca:
– Siz hələ çox yüksələcəksiniz, – dedi. – İnanın: Allah ədalətli Allahdır! Mən namusun nə olduğunu bir az başa düşürəm və sizi əmin edirəm ki, sizin kimi adamlar çox azdır. Siz də mənim əziz oğlum olmaq istərdinizmi? Gedin, yıxılın yatın. Siz hələ ata deyilsiniz, sakit yata bilərsiniz. Qızım ağlayırmış, amma mən... Bunu başqalarından eşidirəm, o, əzab çəkdiyi zaman mən axmaq kimi sakit öz xörəyimi yeyirəmmiş. İnanın qızlarım bir damcı göz yaşı tökməsin deyə, mən Allahı da, İsanı da, müqəddəs ruhu da danardım!
Ejen yatağına uzanarkən öz-özünə düşünürdü: “Doğrusu, zənnimcə, mən bütün ömrüm boyu namuslu olacağam. Vicdan səsinə qulaq asmaq insan üçün fərəhli şeydir”.
Bəlkə də, yalnız Allaha inananlar ürəkdən yaxşılıq etmək iqtidarındadırlar. Rastinyak isə Allaha inanırdı.
Ertəsi gün, bal vaxtında, Ejen vikontessa Boseanın yanına gəldi. Vikontessa onu özü ilə aparıb, hersoginya Karilyanoya təqdim etməli idi. Marşalın arvadı onu böyük nəzakətlə qəbul etdi. Madam de Nusingen də burada idi. Delfina hamıya xoş gəlməklə, Ejenin daha çox xoşuna gəlmək üçün bəzənmişdi. O, gözə çarpmayacağını zənn edərək, səbirsizlik və intizar içində Ejenin ona tərəf baxacağına ümid bəsləyirdi. Qadının həyəcanlarını duymaq qabiliyyətinə malik olan kişilər üçün belə dəqiqələrin başqa bir lətafəti var. Başqasını gözlətməklə yormaqdan, etinasızlıq maskası altında öz sevincini gizlətməkdən, məhəbbəti etiraf etdirmək üçün təlaş oyatmaqdan, başqasının qorxularından ləzzət aldıqdan sonra təbəssümlə bu qorxuları dağıtmaqdan kim həzz almaz? Bu şənlik tələbəyə indiki mövqeyini birdən-birə açıb göstərmişdi: vikontessa de Boseanın kuzeni kimi tanındıqdan sonra o, cəmiyyətdə öz yerini tapdı. Baronessa de Nusingenin üzərində qələbə çalması ayağına yazıldığından, gənclər Ejenə qibtə ilə baxırdılar. Bu baxışları duyan Ejen ömründə ilk dəfə özündən məmnun qaldığını hiss edirdi. Salonları dolaşdıqca, qonaqların yanından keçdikcə, Rastinyak öz qələbəsi haqqında onun izzət-nəfsini oxşayan sözlər eşidirdi. Qadınlar onun hər işdə müvəffəqiyyət qazanacağından danışırdılar. Onu itirməkdən qorxan Delfina, srağagün qadağan etdiyi busəni bu gün ona vəd etmişdi. Rastinyak balda iştirak etdiyi zaman neçə yerə dəvət olunmuşdu. Madam de Bosean incə zövq iddiasında olan və evləri xoş evlərdən sayılan bütün xanımlarla onu tanış etmişdi. Ejen yüksək cəmiyyətə, Parisin ən təmtəraqlı bir məclisinə qəbul edildiyini görürdü. Bu surətlə bu gecə onun üçün parlaq debütünün sehri ilə dolu idi. Gənc bir qız ilk qələbə çaldığı balı xatırladığı kimi, Rastinyak da, çox ehtimal, qocalıqda belə bu balı xatırlayacaqdı.
O birisi gün, səhər yeməyində kirayənişinlərin hüzurunda Ejen öz müvəffəqiyyətlərini Qorio ataya təsvir etdiyi zaman, Votren hiyləgərcəsinə təbəssümlə güldü.
Bu amansız məntiq sahibi:
– Siz, – deyə dilləndi, – cəmiyyətlərdə dolaşan bir gəncin Nev-Sen-Jenevyev küçəsində, “Vokenin evi”ndə yaşaya biləcəyinimi zənn edirsiniz? Əlbəttə, bu pansion hər cəhətdən hörmətli pansiondur, ancaq o, hər halda, ən əla pansion deyildir. Əlbəttə, o, varlıdır, hər şeyi boldur, Rastinyak nəslindən birisi üçün müvəqqəti bir məkan olması ilə iftixar edir, lakin bununla belə, o, hər halda, Nev-Sent-Jenevyev küçəsindədir, calaldan, ehtişamdan xəbərsizdir, xalis patriarxalorama suyundandır. – Sonra Votren atalara məxsus zarafat tərzi ilə davam etdi: – Mənim gənc dostum, əgər siz Parisdə bir rol oynamaq fikrindəsinizsə, mütləq üç at saxlamalısınız, gündüzlər tilbüridə gəzməlisiniz, axşamlar isə ikiadamlıq karet minməlisiniz, müxtəsər, yalnız at və araba üçün ildə doqquz min frank pulunuz olmalıdır. Əgər siz dərziyə ən azı üç min frank, ətriyyata altı yüz frank, şlyapa tikənə üç yüz frank, çəkməçiyə üç yüz frank sərf etməsəniz, öz taleyinizə layiq görünməzsiniz. Paltar yumaq üçün mincə frank lazımdır. Gənclər geyim məsələsində çox ehtiyatlı olmalıdırlar, hər şeydən artıq nəzər yetirilən paltar deyilmi? Məhəbbətin və kilsələrin mehrabları gözəl örtüklərlə bəzənməlidir. Demək, cəmi on dörd minə ehtiyac var. Hələ mən qumar, mərc, hədiyyə xərclərini nəzərə almıram. Xırda xərclər də, hər halda, iki min frankdan əskik olmaz Mən belə həyat sürdüyüm üçün bunun neçəyə başa gəldiyini bilirəm. Bundan başqa, üç yüz luidor yemək xərci, min frank da mənzil xərci üstə gəl məlidir. Görürsünüzmü, bala, ildə iyirmi beş min franka çıxdı, bundan bir frank da əskik olmaz, çünki bizi məsxərəyə qoyarlar, burnumuzu palçığa soxarlar. Nə gələcəyimiz olar, nə müvəffəqiyyətimiz, nə də məşuqələrimiz! Hələ mən mehtəri, lakeyi nəzərə almamışam! Sizin məhəbbət məktublarınızı Kristof paylamayacaq ki! Bir də məgər siz öz məktublarınızı indi yazdığınız kağızda yazacaqsınız! Bu, intihar kimi bir şeydir. – Sonra o, yoğun səsilə ucadan əlavə etdi: – Dünyagörmüş, təcrübəsi olan bir qocaya inana bilərsiniz: a bir mansardada özünüzü elmə qurban verməli, ya da başqa yol seçməlisiniz!
Votren xəlvətcə madmazel Tayferə tərəf göz vurdu, sanki, bu nəzərlə Rastinyakın qəlbinə səpdiyi cazibə toxumlarını xatırladır və bunlara yekun vururdu.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR