İzdivac uyğunsuzluğu haqqında
Uyğunsuzluq iki insanın heç cür razılığa gələ bilmədiyi və deməli, birlikdə yaşamağı bacarmadıqları bir vəziyyətə gətirib çıxaran xarakter və temperament ziddiyyətidir. Uyğunsuzluğun həqiqətən baş verməsi üçün aradakı ziddiyyət kəskin və barışmaz olmalıdır, əks təqdirdə, yəni əgər bu belə olmasaydı, onu heç uyğunsuzluq adlandırmazdılar. Elə hallar olur ki, birgə ər-arvadlıq dövrünün ilk vaxtlarında bir-birinə qarşılıqlı vərdişetmə tamamilə qeyri-mümkün olmasa da, çox çətin alınır. Bəzən bu, ərlə arvad arasında sevginin olmaması səbəbindən baş verir. Kişi və qadın mühakimə əsasında nikah bağlayırlar; onlardan hər biri sərbəst və tənha həyata vərdiş edib, biri digərinin qəfil peyda olan istək və şıltaqlığı ilə hesablaşmaq zərurətini pis keçirir. Sevgi bu cür fədakarlığı asanlaşdırardı və təzə vərdişlərin yaranması özünü ləngitməzdi. Arada əvvəldən məhəbbət olmayanda isə ərlə arvad arasındakı qarşılıqlı müqavimət daha şiddətli şəkildə üzə çıxır. Amma hər necə olsa, əgər birgə həyatın gedişatında qarşılıqlı maraq yaranırsa, yaxud düşüncə barışdırıcı rol oynayırsa, onda hər şeyin qaydasına düşməsi mümkündür. Amma əgər nikahın üstündən keçən bir neçə aydan, yaxud hətta bir
neçə ildən sonra da məlum olanda ki, zaman heç nəyi yaxşılığa doğru dəyişmək iqtidarında deyil (ona görə ki, ərlə arvad arasındakı ziddiyyətin kökləri artıq çox dərinlərə işləyib), bax onda bu vəziyyəti tam şəkildə uyğunsuzluq adlandırmaq olar.
Burada səbəblər müxtəlif ola bilər. İlk növbədə, zövqlərin əksliyi. Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında ən azından minimal oxşarlığın olması lazımdır. Misal üçün, Jorj Sandın nikahı, onun ailə həyatı üzərində düşünün. O, hələ lap gənclik çağında-on səkkiz yaşında baron Kazimir Düdevana ərə getmişdi. Kazimir gözəl bir gəncdir və xanımını xoşbəxt eləmək istəyir.
Öz növbəsində, Jorj Sand da xoş niyyətlə nikah bağlayır və birgə ailə həyatına qədəm qoyur. Lakin o, ədəbiyyatı və musiqini qızğın ehtirasla sevən savadlı bir qadındır, Kazimir isə kitabın bircə səhifəsini çevirməmiş yuxu onu tutur. Bir məsələ də var ki, Kazimir öz arvadına heyrandır və buna görə də xanımının xoşuna gəlməkdən ötrü var gücüylə çalışır, az qala lap dəridən-qabıqdan çıxır. Jorj Sand
ona Paskalı oxumağı məsləhət görür, elədirmi? Eybi yox, Kazimir bunu sınaqdan keçirər. Amma heyhat! Kitab onun əlindən sürüşüb yerə düşür və bu, arvadında ona qarşı ikrah yaradır.
Bundan başqa Jorj Sand çoxlu roman oxuyub və fikirləşir ki, həyat bu romanlara uyğun gəlməlidir. O, ehtiraslı məhəbbətin həsrətini çəkir, istəyir ki, bu sevgi ən yüksək bir şəkildə ifadə olunsun. Bədbəxt Kazimirə isə zərif ehtirasların dili qətiyyən tanış deyil. Ondan ötrü ailədə sevgi ərlə arvadın təbii hüquqlarıdır. Ər arvadı öz ağuşuna alır və bununla da hər şey ifadə olunur, hər şey deyilmiş olur.
Uyğunsuzluqdurmu? Bəli, uyğunsuzluqdur. Qabaqcadan söyləmək əsla çətin deyil ki, lap hər iki tərəfdən vaxtaşırı olaraq yetərincə xoş məramlar ortaya çıxsa belə, həmin nikah gəmisi ilk sualtı qayaya rast gələn kimi hökmən qəzaya uğrayacaq. O "sualtı qaya" isə hər hansı romantik bir gənc ola bilər. Bəzi hallarda ərlə arvad arasındakı ziddiyyətin kökü heç də onların intellektual, yaxud emosional
səviyyəsinin fərqində olmur, bunun əsasında vərdiş fərqliliyi durur. Ər qənaətcil və ehtiyatkar valideynlər tərəfindən tərbiyə olunub, arvad isə kifayət qədər sərbəst həyat tərzi keçirən düşüncəsiz bir ananın tərbiyəsini görüb. Gənc xanımın ev işlərini, ailə təsərrüfatını idarə etmək vərdişi yoxdur, mədaxil və məxaricin haqq-hesabını aparmaq zərurəti onu darıxdırır, "ailə büdcəsi" anlayışı onunçün
mənasız şeydir. Belə ailədə münaqişələr qaçılmazdır. Onlar ara vermədən daim yaranacaq və çox tez bir zamanda xoşagəlməz problemə çevriləcək. Ər israr edəcək ki, ailənin bütün gəlir və məsrəfləri qeyd olunsun və bunlar bir-birinə uyğun şəkildə aparılsın, qadın isə bu qənaətcilliyi cılız qəddarlıq və acgözlük əlaməti sayacaq. Əgər onlardan heç biri öz vərdişlərini dəyişməsə, onda bu mübahisələr uyğunsuzluq törədə bilər. Eyni vəziyyət ərlə arvadın hər ikisinin həyat ritmi son dərəcə müxtəlif olduqda da baş verə bilər. Bir anlığa təsəvvürünüzdə işgüzar, çalışqan, əlindən hər şey gələn və öz həyatını bütün mümkün məşğuliyyətlərlə, müxtəlif maraqlarla doldurmağa çalışan, səyahəti xoşlayan, daim şən ovqatda olan bir ər surəti canlandırın və onu süst, solğun, ləng, daim yorğunluqdan gileylənən və rahatlıq, dinclik həsrəti çəkən fleqmatik bir qadınla eyni tərəzinin gözünə yerləşdirin. Ər həmişə lap dəqiqəsinə kimi dəqiqdir, arvad isə hər zaman gecikir, vaxtın qədrini qətiyyən bilmir. Həyat ritminin bu cür oxşarsızlığı ucbatından yaranan toqquşmadan necə qaçmalı? Ola bilər ki, qarşılıqlı təmkin yoluyla.
Lakin əziyyətsiz, iztirablarsız keçinmək, onsuz da, mümkün olmayacaq. Əgər umumi, yəni qarşılıqlı surətdə qəbul edilən həyat tərzi yaranmasa, əgər yaxınlıq bir-birindən bu dərəcədə fərqli adamların cütlüyünü bir-birinə bənd edə bilməsə, bu halda uyğunsuzluq qaçılmazdır. Hətta ərlə arvadın xarakter və zövqləri arasında çox və ya az dərəcədə oxşarlıq olduğu təqdirdə belə bir-birinə daban-dabana ziddiyyət təşkil edən siyasi baxışlar, yaxud dini əqidələr birgə ailə həyatı üçün ciddi təhlükə yarada bilər. Elə dövrlər olur ki, buna çox da böyük əhəmiyyət vermirlər, lakin belə mərhələlər çox nadir hallarda olur və qısa çəkir. Bizim dövrümüz tələb edir ki, hər bir şəxs həyatda müəyyən mövqe tutsun. Əlbəttə, düşünmək olar ki, dindar arvad Allaha inanmayan ərə mərhəmətlə yanaşsın, yaxud mütəxəssis-ər mühafizəkar dünyagörüşlü arvada qarşı təmkin nümayiş etdirsin. Amma bu "mərhəmətin" ömrü çoxmu uzun çəkəcək? Ərlə arvaddan hər hansı birinin "əminliyi" öz ardınca müəyyən davranışlar da gətirəcək ki, bu da digərinin qınağına səbəb olacaq. Müəyyən siyasi oriyentasiya həmfikirlərdən ibarət böyük bir dost çevrəsinin əmələ gəlməsinə səbəb olur. Belədə ərlə arvaddan hansı birininsə dostları sadəcə digərinin düşmənlərinə çevrilir. Güclü məhəbbət hissi hətta bu halda da tədricən (vaxt ötdükcə) ərlə arvadın baxışlarının yaxınlaşmasına xidmət göstərə bilər. Bu "zərif" arbitrin yoxluğu şəraitində isə ən yaxşısı riskə cəsarət etməməkdir. Çalışın ki, həmişə vacib həyati problemlərə baxışları axıradək olmasa da, sizinkiylə üst-üstə düşən kişilərlə (yaxud qadınlarla)
nikaha girəsiniz. Əks təqdirdə sizi uyğunsuzluq gözləyəcək. Əlvida.
Teatr əhvalatları
Siz aktyorları sevirsinizmi, xanım? Şəxsən mən özüm onların dəlisiyəm və hər hansı başqa birisindən daha çox onlarla söhbətə üstünlük verirəm. Mənə elə gəlir ki, aktyorların öz şəxsi insani mahiyyətlərinin uydurulmuş personajlarla çox sıx şəkildə dolaşıq düşməsi ən gözlənilməz və poetik effekt doğurur. Səhnəyə çıxana qədər son dərəcə ötkəm danışan canlı və büsbütün dünyəvi bir qadını Rasinin qadın qəhrəmanı ilə bir-birinə qəribə tellər bağlayır. Pirandellonun hər hansı dram əsərində olduğu kimi gerçəkliyin uydurma ilə qeyri-adi tərzdə çulğaşdığı müxtəlif teatral əhvalatlar mənə əsl məmnunluq bəxş edir.
Bu yaxınlarda məruzə oxumaq üçün Ruana getmişdim. Biri qoca, digəri cavan olan iki aktyorun tamaşasından sonra onlar məni "boğazımı yaşlamağa" dəvət etdilər və teatr həyatından bir neçə maraqlı əhvalat danışdılar. Cavan aktyor təzəlikcə tamaşaya qoyulmuş bir pyesdə (deyəsən, bu, "Sadəlövh qarımış qız" əsəri idi) yeniyetmə rolunu ifa etmişdi. İlk məhəbbətinin oxu daşa dəyən bu yeniyetmə özünə qəsd etmək fikrinə düşür və bu məqsədlə dostunun tapancasını ondan oğurlayır. Lakin məsələdən vaxtında xəbər tuturlar və dinclik bilməyən aşiqi o ki var tənbeh edirlər. Axırda tapancanın sahibi ona ciddi şəkildə deyir:
– Qaytar görüm mənim silahımı!
Yeniyetmə aşiq tam üzülmüş halda tapancanı ona uzadır.
– Bu çox qiyamət səhnə idi,-hadisəni nəql eləyən gənc aktyor öz söhbətinə davam etdi,-di gəl ki, silahı qaytarmaq lazım olduğu məqamda mən ciblərimi eşələməyə başladım və qəfildən dəhşət içərisində dərk elədim ki, silahı götürmək yadımdan çıxıb: tapanca kulisin arxasında qalıb…
– Dramatik vəziyyətdir! Bəs siz necə hərəkət etdiniz?
– Əvvəlcə qorxudan əsməyə başladım... Sonra, sanki, qəfildən ayıldım və başımı qürurla dikəldib:"Yox!-dedim,–Yox, mən bu tapanca nı bir xatirə kimi saxlamaq istəyirəm… Amma sənə and içirəm ki, ondan heç zaman istifadə etməyəcəyəm".
Qeyri-adi dərəcədə şən ovqat! Bu əhvalat bir başqasını-Düma-atanın "Antoni" romantik dramının təqdimatı zamanı xanım Dorvalın başına gələn məzəli əhvalatı mənim yadıma saldı. O əsər yadınıza düşdümü? Sonuncu səhnədə Adeli d’Ervenin məşuqu xəncəri qadının köksünə saplayır. Qadının əri–polkovnik d’Erve içəri girəndə qatil ona deyir: "O, mənə müqavimət göstərdi–mən də onu öldürdüm!" Ruandakı tamaşaların birində həmin pyesdə oynayan və teatrın direktorunamı, yoxsa tamaşaçılara görəmi (indi yadımda deyil) hirslənib özündən çıxmış Bokaj öz məşhur ifadəsini söyləmədən qaçıb səhnəni tərk etmişdi… Pyesin gedişatına görə artıq öldürülmüş olan Mari Dorval görür ki, Bokaj qaçıb səhnəni tərk etdi, polkovnik isə artıq səhnəyə çıxmaqdadır. İşlərin fırıq olduğunu başa düşən aktrisa çox soyuqqanlı bir tərzdə ayağa qalxır və ərinə deyir: "Mən ona müqavimət göstərdim. O, məni öldürdü…" Sürəkli alqışlar. Pərdə və tamaşaçı bunu təbii qarşılayır.
– Tamaşaçı HƏR ŞEYİ təbii görür…-qoca aktyor söhbətə müdaxilə etdi,-Simonanın, böyük Simonanın qənaəti sizə tanışdırmı? O deyirdi: "Tamaşaçı qulaq asmır, əgər qulaq asırsa, deməli, eşitmir, əgər eşidirsə, deməli, anlamır".
– Bir şey şəksizdir: ən qəribə və inanılmaz olan teatrda çox təbii qəbul edilir,-mən öz fikrimi bildirirəm,-İolanda Laffon mənə bir əhvalat danışmışdı. O, haçansa "Teatr dez, Arın" səhnəsində çıxış etmiş və "Düşkünlük" pyesində Jüditin rolunu oynamışdı; hadisələrin gedişatında həyəcandan başını itirmiş qadın səhnəyə qaçır və özünü alov bürümüş evin üstünə atır. Bundan az sonra səhnəyə başqa bir aktyor çıxır və elan edir ki, "Jüdit öldü". Axşam tamaşalarının birində dolaşıqlıq düşmüşdü, həmin aktyor çaşaraq səhnəyə vaxtından qabaq çıxmışdı və elə Jüditin özünə demişdi ki, bəs "Jüdit öldü…" İolanda Laffon fikirləşmişdi ki, vəssalam, hər şey korlandı, hər şey puça çıxdı. Lakin zal buna heç bir reaksiya verməmişdi və beləcə, tamaşa öz axarıyla davam eləmişdi… Heç kim heç nə hiss etməmişdi, fasilə vaxtı da heç bir tamaşaçı bunu xatırlamamışdı. Teatrın gözəlliyi bax bundadır…
Teatr əhvalatları uc-uca calanıb, onların sonu yoxdur. Əlvida.
İzdivacın sirli mahiyyəti
Mənə məmnunluq bəxş edən asudə bazar günlərindən biri də bax, elə bugünküdür, xanım. Pəncərəmin altındakı şabalıd ağaclarında artıq tumurcuqlar peyda olmaqdadır, onların ən tez cücərəni-hər bahar fəsli təbiətin təzələnməsindən xəbər verən ilk müjdəçi artıq yaşıllaşmağa başlayıb. Uşaqlarını balaca uşaq arabacıqlarında bazar günü gəzintisinə çıxaran ailələr heç yerə tələsənə oxşamırlar. Telefonlar susur. Mənsə bilirəm ki, qarşıda düz on iki saat rahat və sakit vaxtım var. Bilsəniz, bu necə də qiyamətdir!
Mən kitabı açıb ondan həzz almağa hazırlaşıram; vaxtilə mən bu kitabın müəllifini-gözəl, həlim və kədərli qadını tanıyırdım. Onun hər şey barəsində qeyri-adi dərəcədə həssas mühakimələri vardı. Mən bilirdim ki, o, öz ərindən tam ayrılıqda, əsl tənhalıqda yaşayır. Ona görə də cildin "Səssizliyin əks-sədası" adlandırılması məni qətiyyən təəccübləndirmir. Necə də doğru deyilmişdir: sakitlik bizə öz
sirli düşüncələrimizin əks-sədasını qaytaran gözəgörünməz divardır.
Kamilla Belgiz Juber kimi, Şardon kimi, bəzən də Sent-Böv kimi (o, zərif və həssas olduqda) düşünür. O, təbiət və sevgi haqqında öz ağıllı mühakimələrini söyləyir: "Sevən adam öz daxili "mən"-ini o dünyaya göndərir və bu dünyanın parıltısını görməyə ümid edir. Həqiqi məhəbbət iki nəfəri birləşdirir və bu adamlardan biri digərini özündən yuxarı qoymağı bacarmalıdır". Hə, sən nəinki o biri adamı
qəbul etməlisən, həm də onu özündən yuxarı qoymalısan. "Məhəbbətin tükənməsi kədərlidir, çünki bəyəm sevmək o demək deyilmi ki, tədricən dəyərini itirən şeyin üzərində getdikcə daha çox əsəsən?"
O, Emersonun sözlərini misal gətirir: "Məhəbbət ötəridir və o, nikahla başa çatır. İzdivacda məhəbbətdən yalnız kal meyvənin dadı qalır". Kamilla Belgiz sevgi və izdivacın bu cür ayrıntısını qəbul etmir (və mən onunla razıyam). Sonra da yazır: "Lakin biz izdivacın o sirli mahiyyətini məhəbbət adlandırırıq ki, o, bir an da zəifləməyən duyğular tələb edir və onun ən yüksək pilləsinə elə inadkarlıqla can atır ki, burada hər bir uğursuzluq bizi işgəncələrə və alçalmalara məruz qoyur". Elə bu yerdə mən Moris Teskin "Simona, yaxud izdivac xoşbəxtliyi" kitabını əlimə alıram (istirahət saatlarında bir neçə kitabı bu cür sərbəstcəsinə gözdən keçirmək necə də xoşdur). Üz qabığında Rodenin "Öpüş" rəsminin çox gözəl təsviri verilmiş bu kitab romandırmı? Daha çox mənsur poema, iki nəfərin harmonik birliyi haqqında himnə bənzəyir. "Siz, ey mənim əziz dostlarım, sevdiyim adamın adından sizə ərz edirəm ki, məhəbbətdə faciə yoxdur. Faciə yalnız sevginin yoxluğunda gizlənib. Parçalanmış, ikiyə bölünmüş duyğular xoşbəxtlik olmaya bilməz".
Xanım, siz dərhal hiss etdinizmi ki, öz hisslərini ifadə etmək manerasının da eynən mebel, yaxud təsviri sənət kimi bu və ya digər dövrə mənsubluğu mövcuddur? Mopassanın, sonralar isə Prustun dövründə roman müəllifləri göstərirdilər ki, sevgi vur-tut illüziyadır, peşmançılıq, qısqanclıq və ruhi işgəncələr mənbəyidir. O ki qaldı nikaha-artıq bir neçə əsrdir ki, evlilik məzhəkə mövzusuna xidmət
göstərməkdədir. Bizim günlərimizdə, "qara" sevginin bir neçə illik məskunluğundan sonra dönüş gözlənilirdi. Bu məsələdə dini əqidənin güclənməsi də, bizim başı bu qədər bəlalar çəkmiş əzabkeş nəslimizə xas olan hiss və duyğulara ciddi yanaşma tərzi də öz rolunu oynayıb. Fırtına vaxtı insan istinad nöqtəsi tapmaq ehtiyacı hiss edir. Möhkəm məhəbbətdən, iki varlığın tam şəkildə qovuşmasından etibarlı nə ola bilər? Və bəyəm nikah, Alenin dediyi kimi, "illər ötdükcə daha da bərkiyən yeganə düyünlər" deyilmi?
Teskin qəhrəmanının və onunla birgə bir xeyli yaşıdının özləri üçün kəşf etdikləri bax, budur.
Hazırda xoşbəxt nikahların dəbdə olduğu dövrdür, xanım. Siz, yəqin ki, deyəcəksiniz: "Roman müəlliflərinin işi heç də asan olmayacaq... Major tonlarda bəyaz simfoniya"… Qiyamət addır, amma belə adda kitab yazmaq asan deyil. Nə bilmək olar? Axı ağ rəngin nə qədər çalarları mövcuddur. Xoşbəxtlik yaz fəsli kimi öz simasını hər gün dəyişir. Ailə ocağında rahat keçirdiyim mənim bu bazar günüm əcəb qiyamət idi… Əlvida.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR