Pərvanə şama gəlsin,
Arılar şana gəlsin.
Biz gəlini apardıq,
Qəmlənmə, qız anası,
Belə, başına gəlsin!
Sanki qaranlıqda bir Ay doğdu. Onsuz da övlad ayrılığı qız anasını çox kövrəltmişdi. "Hakışta"nın bu cür ahəngdə dəyişməsi onun üzünə qəfil təbəssüm gətirdi, əhvalı düzəldi. Rəqs edənlərə qoşulub "amin" dedi.
Bu yaxınlarda özəl telekanalların evlilik proqramlarında keçirilən "xınayaxdı" mərasimində gəlinin başına fırlanan qırmızı libaslı qızlar ağız-ağıza verərək qaqqıldaşırdılar:
"Qayınanan ölsün, ay gəlin, qayınanan yansın, ay gəlin", "qayınana, dilin qurusun, qayınana, belin qırılsın (?)".
Niyə ay bala? Məgər oğlan anası canidir, ya oğul böyütdüyü üçün günahkardır? Hələ ər evinə qədəm basmamış qızın qulağını doldurursan ki, "qayınanan ölsün, qayınanan idbardır, eybəcərdir" və s.
"Qayınana" deyərək az qala sözlə karikaturasını çəkdiyiniz, söydüyünüz, qarğış etdiyiniz, mənfi obraza çevirdiyiniz qadın təriflədiyiniz gəlinin qoluna girən bəyin anasıdır, axı?! Böyüdüb, tərbiyə edib, minbir əziyyətini çəkib, illər boyu bu toyu arzulayıb ki, bir dəstə qız yığışıb ona belə nifrin töksün?! El-oba da bu mərəkəyə tamaşa etsin?
Əslində, qayınana-gəlin münasibətləri uzun illərin "əbədi" problemidir. Deyək ki, müxtəlif dövrlərdə bu problemin fərqli cəhətləri olub. Zaman vardı ki, "gəlin mənim süpürgəmdir", - deyiblər, hətta bəzən ananı oğul üzünə həsrət qoyublar. Ağrını-acını içinə çəkərək oğlu heç nə bilməsin deyə qızıgilə pənah aparan analar da olub. Amma son anda kürəkənin oğul olmadığını anlayaraq geri qayıdıb. "Üstü aş, altı daş, yenə də oğul yaxşıdır" təsəllisinə söykənib. Bu məsəlin də açması belədir: gəlin ərinin yanında özünü göstərmək üçün boşqaba daş düzərmiş, üstünə aş yığarmış, amma daldada da qayınanasına bərk-bərk tapşırarmış ki, çox yeyib daşı üzə çıxarma ha, sənin üçün yaxşı olmaz. Yazıq qayınana da bir-iki qaşıqdan sonra "doydum" deyərmiş. Oğul da elə bilərmiş ki, hər şey öz yolundadır. Ana küsərək qızı evində yaşamağa gedir. Qızı evində isə kürəkən hər dəqiqəbaşı arvadına bozararaq soruşarmış: "Qardaşın niyə biz tərəflərə gəlmir?.." Bu tənəli sorğulardan bezən qadın fikirləşib ki, gəlini nə qədər insafsız olsa da, öz doğma ocağına qayıtsa, yaxşıdır.
Sovet dövründə adətən işləyən gəlinlərlə qayınanalar arasında ziddiyyətlər sırf məişət söhbəti zəminində yaranırdı. Bəzi qayınanalar gəlinin evdə iş-güc görmədiyinə deyingənlik edir, bəziləri ümumiyyətlə, onların işini bəyənmir, bəziləri də heç nədən bir qanqaraldıcı söhbət törədirdilər. Əlbəttə, nümunəvi ailələr də az deyildi: istər oğlan, istərsə də qız tərəfdəki "qayınana" anadan seçilməyən, bəlkə ondan da daha mehriban, həssas, qayğıkeş məziyyətləri ilə hörmət, izzət qazana bilir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra isə bu problemin başqa çalarları göründü. İndi bəzi (xüsusilə də öz anaları tərəfindən öyrədilən) gəlinlər qayınana və qayınata ilə bir yerdə yaşamaq istəmirlər. Kirayədə, daha çətin maddi durumda yaşamağa üstünlük verirlər, nəinki ailə ilə birlikdə mehriban şəraitdə dolanmağa...
Hegemonluq, təkəbbürlülük, üstəgəl, kənar müdaxilə, öyrətmələr ailənin bünövrəsini laxladır, büsatını pozur. Valideynlər də çıxılmaz vəziyyətdə qalırlar. Onlar ailənin dağılmasını istəmir, gəlin də onlarla yaşamaq! Nəticədə ocağın istisi azalır. Nəvələr baba-nənəsindən ayrı düşürlər. Ailədə gedən bu parçalanma münasibətlərə sərinlik gətirir. Bilmirəm, indi dərsliklərdə var, ya yox, orta məktəbdə oxuduğumuz illərdə bizə bir hekayə keçərdilər. Gəlin şüşə qaşığı (çini) salıb sındırar deyə qayınatasına xörək yemək üçün həmişə taxta qaşıq verir. Bir gün görür ki, balaca oğlu taxta yonur. Soruşur ki, neynirsən? Cavab onu heyrətləndirir: "Sizin üçün taxtadan qaşıq düzəldirəm. Sən də, atam da qocalacaqsınız". Bu dərsdən sonra gəlin də, oğul da sanki yuxudan ayılırlar. Başa düşürlər ki, hər şey qarşılıqlıdır! Atalar demişkən: "Nə əkərsən, onu da biçərsən".
Şəksiz ki, ailə də kiçik dövlətdir. Bütövlükdə cəmiyyət ailələrin üzərində qurulur. Hər bir ailənin də özünəməxsus qanunları var. Bu səbəbdən də xüsusi resept vermək, qayınana-gəlin münasibətlərində hansı tələblərin qorunmasına diqqət ayırmaq bir qədər çətindir. Amma hər bir ana oğlunu evləndirərkən evə gətirdiyi gəlinə öz balası kimi yanaşmalıdır. Bu münasibətlərdə mütləq nəzərə alınmalıdır ki, tamamilə başqa bir ailə mühitindən sənin evinə gələn gəlinin mütləq səhvləri ola bilər. Atalar deyib ki, "gəlin gəlin olmaz, gəlinin düşdüyü yer gəlin olar". Gərəkdir ki, xırda məişət yanlışlıqlarını üzə vurmayasan, müəyyən kiçik nöqsanları dilə gətirməyəsən. Məsələn, qayınanaya görə gül qabının yeri stolun üstüdür. Gəlin onu pəncərəyə qoyursa, ona heç nə demədən yerini dəyişmək mümkündür. Yaxud da qoy onun istədiyi kimi olsun. Dünya dağılmır ki? Yoxsa hər kiçik hərəkətdən ötrü gəlinə irad edilsə, dığ-dığ uzansa, təbii ki, o, inciyər, bezər, qəlbən küsər, hətta gəlinin bilmədiklərini öyrədərkən də elə etməlisən ki, o, sənin "müəllimliyi"ni duymasın. Qayınanalar səbrli və gəlin də öz anasından yaxşı öyüd almış - el içində, necə deyərlər, "halal süd əmmiş" olsa, tezliklə hər ikisinin arasında əsl ana-bala münasibəti yaranar. Vay o gündən ki, qız anası bu işlərə tez-tez müdaxilə etsin, qudasının arxasınca danışsın! Bax, onda dəvənin boynu əyilir.
Atalar sözlərindən ikisini yada salmaq yerinə düşər: "Qırağına bax bezini, anasına bax qızını al", "ər evi - gor evi". Birinci məsələdə həqiqət gün kimi aydındır. Övladı humanist böyütməlisən, eqoistlik bədbəxtlikdir. Əgər ana öz qızına əzəldən öyüd verərkən düzgün başa salsa ki, sən qayınananı çox istəməlisən, məni sevdiyin qədər əzizləməlisən. Hətta sənə acıqlansa belə, inciməməlisən, bala anadan küsməz, hər sözü söz etməz və s. Təbii ki, bu ağıllı fikirlər də qızın yaddaşından silinməz. Onun həyat yolunun əsl göstəricisinə çevrilər.
Yadımdadır, uşaq vaxtı bir söhbətin şahidi olmuşdum. Xalamdan soruşdular ki, gəlinin necədir, xoşuna gəlir, sənə yaxşı baxır? Ağzıdualı, əli Quranlı ağbirçək qadın tövrünü dəyişmədən qəribə bir eyhamla dedi: "Allah özü kimisini qarşısına çıxartsın". O vaxt bu sözün əsl mənasını anlamadım. İllər keçdikdən sonra Sarabəyim xalamın müdrikliyi məni dəhşətə gətirdi. Bəli, nə tökərsən aşına, gec-tez o da çıxar qaşığına. Bunu hər iki tərəf gözəl bilməlidir. Qaldı ataların ikinci məsəlinə, bunun da öz mənası var. Hələ gordan geriyə qayıdan olmayıb. Bu o deməkdir ki, ər evində də dözümlü, səbirli və fədakar olasan. Bəziləri bu sözü yozurlar ki, necə ola bilər, qadını döysünlər, söysünlər, zorakılığa məruz qoysunlar, amma o, "ər evi, gor evi" deyib səbir göstərsin? Əlbəttə, biz normal ailələrdən danışırıq, vəhşilərdən, manyaklardan, nadanlığın hökm sürdüyü dörd divar arasından söz açmırıq. Anasıgilə getdiyinə görə, bacısına hədiyyə aldığı üçün dağılmış ailələr var.
Təzə qurulan ailələr əsasən bir neçə variant üzərində hesablanır. Ata-ananın istəyi, hər iki tərəfin - valideynlərin maddi durumu və nəhayət, iki gəncin bir-birinə bəslədiyi məhəbbət. Əlbəttə, çox yaxşı olardı ki, ailə qarşılıqlı məhəbbət üzərində qurulsun və ata-ananın da bu izdivaca xeyir-duası mütləqdir. Bəzən gənclərə elə gəlir ki, onlar maneələri dəf edirlər. Yəni, böyükləri saymadan hər işi özləri bacarırlar. Ata-ananın xəbəri, yaxud da razılığı olmadan çalınan toylar heç də həmişə xoşbəxtlik gətirmir. Unutmaq olmaz ki, övlad toyu görmək hər bir valideynin ən böyük arzusudur. Bu müqəddəs diləyin üzərindən xətt çəkmək yaramazlıqdır. Ailə isə dağılmaq üçün qurulmur.
Bir qədər də gəlinlər haqqında. Ər evi yeni ünvandır. Ona görə də səbir və dözüm göstərərək sənin üçün yad olan mühitə alışmalısan, daha doğrusu, qovuşduğun ailənin proqramını mənimsəməyə can atmalısan. Bəlkə bu da bir bəxtəvərlikdir ki (əgər ailənin maddi durumu buna imkan verərsə), hər kəsin ayrıca evi olsun. Bu, mümkün deyilsə və siz bir yerdə yaşayırsınızsa, öz atanı, ananı, qardaşını necə sevirsənsə, bax, oğlanın da valideynlərinə, bacı-qardaşlarına o cür doğma münasibət göstərməlisən. Qayınanadan anaya qeybət etmək, baldızından bacına xəbər aparmaq mənəviyyatsızlıqdır.
Vaxt gələcək, hər şey təkrarlanacaq. Sən də qayınana olacaqsan. Bax, o qocalığı - ucalığı şad-xürrəm, qəlb rahatlığı ilə yaşamaq üçün gəncliyində nizam-tərəzinin pozulmasına can atma. Bəzən də bu "əbədi" problemlərin müşkülləşməsinə əsas səbəb də gəlinin qayınana ilə bir yerdə yaşamaq istəməməsindən betər, qayınananın da bu arzunu bilərəkdən qulaqardına vurması olur. Heç burada qınanmalı tərəf yoxdur. Sərbəst yaşamaq hər kəsin hüququdur. Övladları ilə bir yerdə ömür sürmək də valideynlərin arzusudur. Gənclərlə yaşlıların istəyini üz-üzə gətirən isə səbirsizliklə inadkarlığın düz gəlməməsidir. Bütün bununla belə, böyüklərin üzünə ağ olmağa lüzum da yoxdur. Onsuz da beşgünlük ömür yoludur. Əl-ələ verərək elə addımlayaq ki, ana adının törəmələrinə xələl gəlməsin. Qayınana da anadır, gəlin də! Bütün münasibətlərin mayasında ana adının şərəfi dayanarsa və hər birimiz bu fəzilətə sahib dursaq, nə o köhnə problem bu qədər uzanar, nə də onun müşküllüyünü yox etmək üçün nəsillər davamsız olaraq baş sındırar...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR