Parisi gəzib-incələdikdən sonra məmləkəti İspaniyaya dönən Dali burada oxuduğu universitetdən qovulunca yenidən sənətin paytaxtına-Parisə döndü və burada Paulu, onun arvadı Qalanı tanıdı. Ancaq heç kim inana bilməzdi ki, bu sərsəm dahi nə nə vaxtsa aşiq ola bilər. Di gəl, qadınlığını mücəvhər kimi istifadə etməyi çox gözəl bacaran rus gözəlçəsi də az aşın duzu deyildi. Bu qadın sadəcə kürəyi ilə bəlkə də dünyaya gəlmiş-getmiş ən dəli, ən bilikli adamı özünə aşiq etdi və beləcə bir eşq macərası başladı… Dali-Qala eşqi..
İki dəlinin tutqusu
Salvador Dali həyatının sonunadək sadiq qalacağı sevgilisiylə Parisdə həmkarı Paul Eluardın evində rastlaşmışdı. O zamanlar sürrealist axımın öncüllərindən olan bu iki “dəli” həmin ana qədər bir-birilərini qiyabi tanıyırdılar. Dali dostunun arvadına elə ilk baxışdan aşiq oldu. Alışılmış bir şey var ki, bu kimi durumlarda, adətən, kişi ya cavabsız eşqi ilə kifayətlənməli, ya da münasibətini bəlli bir müddətdə gizli sürdürüb bitirməli olur. Ancaq bu insan gerçəküstü biridirsə, hər şeyin baş-ayaq olması caizdir. Beləcə, Dalinin Qalaya duyduğu eşq cavabsız qalmadı. Rus xatun rəssama elə tutquyla bağlandı ki, evli olduğunu belə unudaraq Salvadorla bir evdə yaşamağa başladı. Onlar tam beş il boyunca kələ-kötürsüz deyilə biləcək sevgili həyatı yaşadıqdan sonra dövlət nikahı ilə evləndilər və Dali həyatındakı bir çox qeyri-adiliklərə rəğmən ən qatı xristian məzhəbi olan katolikliyi seçərək Figueres təpəsindəki bir kilsədə katolik toyu ilə həyatını sonadək Qalaya bağladığını bəyan elədi. Görəsən, hər addımı performans kimi dəyərləndirilən Dali üçün bu evlilik hansı mənanı kəsb eləyirdi? Bu sualın cavabını araşdırınca ortaya qəribə rəvayətlər çıxır. Məsələn, deyilir ki, notariat sahibi olan zəngin atası Salvadoru aktiv bir şəxsi həyatdan, ən çox da o dönəmlərdə yayılan sifilis xəstəliyindən qorumaq üçün evin müxtəlif yerlərinə cinsi yolla keçən xəstəliklərlə bağlı dərgilər qoyarmış ki, oğlu bundan hürksün, beləcə, dolayısıyla da xəstəliklərdən uzaq olsun. Bu səbəbdən də gənclyindən Dali çox passiv intim həyatı yaşayan biri olmuşdu. Qala isə əksinə, geninin də verdiyi həvəslə cinsi həyatı aktiv olan bir qadınmış. Bu durumu nəzərə alsaq, Dalinin Qalaya olan mərəzli tutqusunun səbəbini də anlamış olarıq. Dürüst olmaq lazımdırsa, mərəzli zənn edilən bu eşqə həm heyrətlənənlər, həm də qısqananlar çox olub. Zarafat deyildi, dahi Dali bir qadın üçün nəinki özündən, hətta ömrünün son dəmlərində özündən daha çox sevdiyi sənətindən belə vaz keçmişdi. Dali Qalanı o qədər sevirdi ki, ona Pubolda XIV əsrdən qalma bir qəsr hədiyyə etmək istəyəndə qadının çox qeyri-adi görünən şərtini belə qəbul etmişdi. Qala rəssama deyir ki, qəsri bir şərtlə ondan qəbul edər: əvvəlcədən görüş almadan onun yanına gəlməsin. Salvador bununla belə razılaşır. Babalı deyənlərin boynuna, guya həddən ziyadə müstəqil yaşayan Qala düz 74 yaşına qədər bu qəsrdə müxtəlif kişilərlə eşq macərası yaşayıb. Heç bir yaradıcılığı olmamasına rəğmən incəsənət anlayışı, fikirləri və zəkasıyla yaşadığı dönəmin ən çəkici qadınlarından biri olmuş Qalanı, görəsən, Salvadora bu qədər sevdirən nə olmuşdu? Narahat ruh və anormal zəkaya sahib olan Dali kimi bir sənətkarın özündən 10 yaş böyük bir qadınla, üstəlik dostunun arvadı ilə bu qədər qızğın və kor məhəbbət yaşaması nəylə bağlı ola bilərdi? Bəlkə də hər kəs bu münasibətin səbəbini öz təxəyyülüncə şərh edəcək. Onun üçün öncə Dalinin, sonrasa Qalanın həyatına balaca ayna tutmaq lazımdır.
Ölü və diri Salvador
11 may 1904-cü ildə İspaniyanın Figueras kəndində doğulan Salvadora üç il öncə xəstəlikdən ölən qardaşının adını vermişdilər. Özü də bəxtə bax ki, yaşayan Salvadorla ölü Salvador arasında böyük bənzərliklər varmış. Bu səbəbdən də ailəsi Dalini elə hey ölən oğulları Salvador kimi görürdülər. Dali isə bu münasibətdən bezmişdi və hər fürsət düşdükcə “mən o deyiləm, mən fərqliyəm” deyirdi. 1973-cü ildə o belə yazacaqdı: “Doğular-doğulmaz bir ölünün ayaq izlərindən yeriməyə başladım. Məni sevərkən hələ də onu sevirdilər əslində. Bəlkə də məndən çox onu… Atamın sevgisinin bu sərhədləri yaşamımın ilk günlərindən etibarən çox böyük bir yara oldu mənim üçün. Mənə qoyduqları ad ölmüş qardaşımın adıydı…”
16 yaşına çatanda isə o, həyatda ən çox sevdiyi insanı–anasını itirir. Bu itki Salvadora olduqca pis təsir edir. Hələ üstəlik atası arvadının bacısıyla evlənərək Dalinin xalasından ona “ögey ana” “düzəldir”. Bu, əlbəttə, 16 yaşlı gənc üçün qəbul edilməsi olduqca çətin durumdur, ancaq Salvador bu evliliyi anlayışla qarşılayır. Ya da sadəcə özünü elə göstərir…
Həyatı müxtəlif narahatlıqlar, xəyal qırıqlığı, uğurlar və ehtiraslarla keçən Salvador Dalinin yaşamındakı dönüş nöqtəsi isə uşaqlıq vaxtlarından bəri xəyalında canlandırıb adını “Qalıçka” qoyduğu, “Ampurdanlı qız” rəsminə qəhrəman elədiyi qadının ətə-qana dolmuş nümunəsini–Yelena Dyakonovanı–Qalanı tanımağı olmuşdu.
Rafael üçün “La Fornarina” nə idisə, Dali üçün də Qala o idi. Dali bu qadını həyatının elə bir yerinə oturtdu ki, ondan nə bir addım irəli gedə, nə də bir addım geriyə qala bilmədi. Çünki Qala artıq onun sevgilisi, dostu, ilham pərisi, həyat yoldaşı, ən önəmlisi itirdiyi anası olmuşdu…
Şanına rəsmlər, şeirlər həsr olunan Qala şəkillərdən görünən qədəriylə heç də fövqəladə gözəlliyə malik biri deyilmiş. Həddən ziyadə uzun burnu, nazik dodaqları, çuxura düşmüş kiçik gözləri onu hansısa naməlum quşa bənzədirmiş. Ancaq şeytan tükü deyilən o sehri vardı qadının. Bəlkə də özünəxas tərzi və bir kişini rahatca çəkib-çevirəcək ağırlıqda ağlı, zəkası, tutumu idi onu çəkici edən. Rus araşdırmaçıları yazırlar ki, o, varlığı ilə istisna təşkil eləyən qadınlardanmış. İlk dəfə Parisə gələn Yelena Dyakonova burada “Qala” olmağa başlamış, birinci ərinin vasitəsiylə ədəbi çevrəylə tanış olmuşdu. Aradan bir neçə il keçdikdən sonra şəxsi köşkü, qiymətli zinət əşyaları, dəbdəbəli yaşamı ilə Paris xanımlarının qısqanclıq obyektinə çevrilmişdi. Hətta gündəliyində “Mən bir fahişə kimi həmişə parlayacağam. Hər zaman ətir qoxacam və əllərim baxımlı, dırnaqlarım manikürlü olacaq” yazacaq qədər çılpaq cəsarət sahibi olan Qala, həqiqətən, hər hərəkətini sensasiyaya çevirməyi bacarmışdı. Şaneldən eleqant geyimlər, cəmiyyət içində özünü apara bilmək bacarığı, ələlxüsus kişilərə ünvanlanan cilvəli baxışlar onu Parisin ən çox adı hallanan qadını etmişdi. Bu gözəlçə 1895-ci ildə Rusiyanın Kazan əyalətində anadan olmuşdu. Atasını erkən yaşda itirdikdən sonra ailəsiylə birlikdə Moskvaya köçmüş, burada gimnaziyada oxumuşdu.
1912-ci ildə əziyyət çəkdiyi vərəmdən müalicə olunmaq üçün İsveçrəyə göndərilən 17 yaşlı qız burada qaldığı sanatoriyada fransız gənc şair Paul Eluardla tanış olur. Yelenanın sanatoriyada qaldığı iki il boyunca gənc şair onun yanından ayrılmır. Müalicəsini bitirib Moskvaya dönən Qala burada özünə yer tapa bilmir və az müddət sonra yenidən Fransaya gedərək şairlə evlənir, evlilikdə bir qızları olur. O, əvvəllər elə də pis evdar xanımlıq, analıq eləmirdi, ta ki, Dali qarşısına çıxana qədər. Üzüyuxarı burulmuş əcaib bığları, hədəqəsindən fırlayan domba gözləri, vahiməli geyim tərzi olan bu “dəli” adam Qalanı nəinki ərini, hətta qızını belə arxasında buraxıb getməsinə səbəb olur.
Dəlinin ilham pərisi
Qalanın eşqi Salvador Dalinin yaradıcılığına çox böyük təsir göstərdi. Qalayla evli olduğu dönəmdə rəssam öncəkindən daha çox çalışır və onu dünyaya tanıdan əsərlərini ərsəyə gətirir. Çünki artıq Dalinin həyatında möcüzəvi qadın nəfəsi vardı və bu qadın hər anlamda onu yönləndirirdi. Zarafat deyildi, hələ münasibətlərinin ilk vaxtlarında Daliyə “Yaxınlarda mənim görmək istədiyim şəkildə olacaqsınız, mənim oğlum” demişdi Qala. Onlar bir-birilərinə o qədər bağlıydılar ki, hətta Dalinin cinsi məsələlərə münasibəti belə bu bağlılığı qopara bilmir. Belə ki, uşaqlığından bəri ölən qardaşının əvəzinə sevildiyi üçün kiməsə toxunmağı və kimsənin ona toxunmağını sevməyən Daliyə bu şakərini Qala da tərgitdirə bilmir. Elə bu səbəbdən də Qalanın keçmiş əri ilə münasibətlərini bir şəkildə davam etdirdiyi barəsində kifayət qədər faktlar var.
Bu qəribə eşq 1982-ci ildə Dalinin ilham pərisinin–Qalanın ölməsi ilə başa çatdı. Bu ölümdən sonra Dali tamamən həyatdan küsdü. Arvadının öldüyü və dəfn olunduğu Pubol qəsrinə köçərək orada inzivaya çəkildi. Həyatının sonlarına yaxın isə rəssam Salvador Dali Teatr və Muzeyində yaşadı, 1989-cu ildə isə ürək tutmasından vəfat etdi. Vəsiyyətinə uyğun olaraq o, özünün adını daşıyan muzeyin zirzəmisindəcə dəfn olunur.
…Bəli, onları bir-birinə bu cür güclü bağlayan nə gözəllik, nə var-dövlət, nə də cinsi istək də deyilmiş. Bəs nəymiş?!
…Deyirlər ki, Pubol Qəsrində Dalinin sürrealist cizgilərlə işlədiyi “Məryəm Ana” portreti var. Burada Qala ilə Salvador Dalinin uşaqlığı da həkk olunub. Məryəm ananın sifəti Qalanın, onun qucağındakı kiçik İsanın sifəti isə Salvadorun üzüdür… Bəlkə də sirr elə buradadır…
Aysel
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR