Ayka Necef
Mən 23 oktyabr 2010-cu ildə ailə həyatı qurmuşam. Artıq 2 il 8 aydır ki,ailəliyəm. Çox şükür xoşbəxt ailəm var. Toyum pis keçmədi. Amma günün yarısından çoxu yağışlı və soyuq keçmişdi. Restorana çatanda artıq hava açılmışdı. Sadəcə, evdən çıxmağım bir az problem oldu, yağışda azca islanmışdıq. Bu, Allahın bəlkə də bizə göndərdiyi xoşbəxtlikmi deyim, ruzi-bərəkətmi deyim, aramızdakı sevgimi deyim bilmirəm, bir işarə idi elə bil. Təbiət hadisələrini insan özü yaratmır. Sadəcə, yağışın yağmasının mənimlə də əlaqəsi var ki, həmişə qazan dibi yeyirdim. Bibim deyərdi ki, ”qazanın dibini yemə, toyunda yağış yağar”. Mən inanmırdım. Ən çox da südü bişirəndən sonra dibində qalan qatı mayeni yeməyi çox sevirdim. Bibim dediyi də düz çıxdı. Toy günüm mənim üçün unudulmaz bir gün idi.Qardaşımın və restoranın müdirinin mənə etdiyi sürpriz hədiyyələrdən çox sevinmişdim və hətta ağlamışdım. Qardaşımın mənə sürprizi bu oldu ki, anamın qohumumuzun toyundan oynamağını restorandakı televizora saldırmışdı. Baxanda tutulub qaldım. Elə düşündüm ki, anam yanlmdadı, restoranda oynayır. Mən onda anamı 3 il idi ki itirmişdim. Ortalıqda donub qalmışdım. Qardaşım da həmin restoranda işlədiyinə görə müdir onu tanıyırdı. Buna görə də mənə sürpriz hədiyyə vermək istəyib. Hədiyyəsi yoldaşımla mənim toyda çəkilmiş rəsmimizin divarboyu olmasi idi. İndi də həmin rəsmi divardan asmışam.Evimizə gələn qonaqlar elə düşünürlər ki,bu, divardan asılmış xalçadır. Çox sağ olsunlar. Həmin rəsmin hesabına toy günümü heç vaxt unutmuram,elə düşünürəm ki, toyum yaxın zamanda olub. Allah bütün subaylarımıza toy qismət etsin.
Seli
Bizim toyumuz müəyyən səbələr üzündən təmtəraqlı keçmədi. Ona görə də toyumdan yazacağım elə də xoş xatirələrim yoxdur. Amma bir məqam var ki, onu yazandan sonra bu xəbərimdə iştirakıma siz də haqq qazandıracaqsınız. Mən ailəmə çox bağlı biriyəm. Evimizdən, ailəmdən ayrı yaşamağı çox çətin sayırdım. Toy qurtardı, biz maşına minib evə yollandıq. Yol boyu özümü elə pis hiss elədim ki, az qala düşüb qaçmaq istədim. Hansı ki, yoldaşımla bir-birimizi sevib evlənmişdik. Yol boyu öz-özümə deyirdim ki, "mən hara gedirəm?" Binanın qarşısına çatdıq, maşından düşdük. Blokun ağzında yoldaşım əlimdən tutdu, bərk-bərk sıxdı və "hər zaman yanındayam" dedi. Özümü birdə-birə o qədər yaxşı hiss etdim ki... Bilmirəm, bəlkə də xoşbəxtliyimi tapdığımı həmin an hiss elədim, bəlkə də artıq tək olmadığımı hiss elədim... Amma şükür ki, yanılmamışam. İndi çox xoşbəxtik, tək qorxum xoşbəxtliyimin gözə gəlməsidir. Çünki onu itirməkdən həqiqətən çox qorxuram. Allah hər kəsi layiq olduğu xoşbəxtliyə çatdırsın İnşAllah!
Lalə Hacət-i Vuslat
Mənim toyum, atam evindən gəlin köçdüyüm gün, 10 il bundan öncə dekabrın 21-də olub. Bu il 10 illiyimiz - ilk yubileyimiz olacaq inşaAllah! Gəlin köçəcəyimi bilməyim tam sürpriz oldu, təxminən 2 həftə qalmış bildim. Atam öz işləri ilə əlaqədar noyabr ayında mənim toyumu 21 dekabra təyin etmişdi. Bunu oğlan evinə bildirmişdi ki, "mən toy edirəm, amma siz nə vaxt itəsəniz, onda apararsınız gəlininizi". Mən də gəlin köçəcəyim üçün tam fərqli gəlinlik axtarışında idim və saç yığımı formasını araşdırırdım, bunlardan başqa hazırlığım yox idi. Dekabrın 21-nə 2 həftədən də az vaxt qalmış oğlan evindən xəbər gəldi ki, həmin tarixdə gəlinimizi aparırıq! Təsəvvür edin ki, biz necə sıxıntıya düşdük: cehiz, mebel tamamlanması, başqa gəlinlik seçimi... Hətta yeni tikilən evimiz belə o zaman sadəcə mala çəkilmiş divarlardan ibarət idi... Bunları 2 həftəyə bitirmək real görünmürdü. Amma yoldaşım razı olmadı. "Mən səni atan evindən bir dəfə çıxardacağam: neçə saat toyda yanaşı oturum, sonra da öz əlimlə yenidən atan evinə qaytarım? Dözmərəm!"... Nə isə, cənab "tərs" bildiyini etdi, tanışı, dostu, qohumu - kim vardısa yardıma çağırdı, 2 həftə gecə-gündüz dincəlmək bilmədən evimizi hazırladılar. Ürəyim ağrayırdı, gündüzü işləyirdi, vaxt tapıb mütləq universitetə də gəlirdi (elə bil tək gələ bilməzdim evə!), sonra səhərə qədər evimizi hazırlayırdı... Toy günü yetişdi, mənim işgüzar "həyat yoldaşım" toya yarım saat qalmışa kimi hələ də işləyirmiş!.. Qonşu olduğumuz üçün həyətlərindən hər çalğı səsi gələndə ürəyim az qala yerindən çıxırdı... Nəhayət, "Vağzalı" sədaları altında bizə gəldilər... Valideynlərimin üzünə utandığımdan baxa bilmirdim, özümü o qədər günahkar hiss edirdim ki... Günahkar idim, çünki onlardan ayrılacağım günü illərlə gözləmişəm, arzulamışam, indi isə onları tərk etdiyimə sevinirəm... Ağlamaqdan zorla dayanmışdım ki, belimə qırmızı kəməri bağlayan qaynatama yoldaşım astaca (təbii ki, bunu yalnız mən eşitdim) "Möhkəm bağla, qaçmasın!" dedi (anladım ki, mənim kefimi açmaq üçün etdi!): nəticədə atam evindən gülərək çıxdım. Sonra çox utandım ki, valideynlərim deyər: "Arsız qız, gör nə sevinir"... Heç yadımdan çıxmaz, toyun sonuna bir-iki saat qalmış yoldaşım telefonla danışırdı: "Nə etdiniz? Çəni yerləşdirə bidiniz? Suyu qoşdunuz? Bilmirəm, biz gələnə kimi evə su gəlsin!" - təsəvvür edirsiniz, hələ evimizdə su yox idi!... Hamamımız da toyun səhəri günü tam bitdi. Evimə ayaq basanda elə rahat nəfəs aldım ki, mənim olan nəhayət ki, mənim idi! Təzə taxta, boya qoxulu evim!.. Evin pilləkəninin ilk pilləsinə yoldaşım ayağını bir-iki dəfə basıb götürdü, sonra biz keçdik. Sonra soruşanda ki, niyə belə etdin? Dedi: "Yoxladım görüm lak quruyub?" Belə, əziz xanımlar, bizim toyumuz qaçaraq oldu, amma heç də peşman deyiləm, gözəl xatirələrimiz var. Hər kəsə ən az bizim ailədəki qədər sevgi və xoşbəxtlik arzu edirəm!
ToRmEnTo
Mən toy günümdə hər qız kimi dəhşətli həyacan keçirməmişdim. Mənim elçiliyim, nişanım, toyum ay yarım içində oldu deyə uzun-uzadı hazırlıqlarım olmamışdı. Vaxtım az olduğu üçün elə hər işimdə tələsmişdim. Toy günü mənim gəlinliyim özümdə deyildi hələ. Bəzi düzəlişlər etmək üçün dərziyə vermişdim. Mən salondan gələndə gördüm ki, paltarımı gətiriblər. Heç baxmadım ki, bəlkə nəyisə düz deyil. Eləcə tez geyindim. Bir sözlə, tələsik hazırlanan gəlin oldum. Yoldaşımgil evdən çıxanda anam hələ salondan gəlməmişdi. Zəng vurdum ki, bir az ləngiyin. Dedi ki, "artıq çıxmışıq". Amma anamın bəxtindən yoldaşım liftdə qalmışdı. Onlar gəlincə anam da gəldi çıxdı. Mən "Vağzalı"nı adi vaxtlarda eşidəndə hər zaman kövrəlirdim. Düşünürdüm ki, toyumda yəqin ağlayacağam. Amma özümü o qədər itirmişdim ki, heç "Vağzalı"nı demək olar eşitmədim. Səsimi atmışdım başıma, hərəyə bir söz deyirdim. Axır dedilər ki, "sakitləş, gəlirlər". Nə isə gəldilər, xeyir-dua verildi, qaynım belimi bağlayanda sözləri deyə bilmədi. Mən də özümdən aslı olmadan yoldaşımın dostuna demişəm ki, "sözləri də sən de". Onu sonradan diskə baxanda gördüm. Hər baxanda utanıram. Adama deyərlər ki, "gəlinsən otur oturduğun yerdə". Sonra atamı çağırdılar ki, məni lampanın başına dolandırsın. Atam da həyəcandan neyləmək lazım olduğunu unutdu, lampanı götürürdü ki,mənim başıma hərləsin. Orda da özümü atmışam qabağa ki, "məni fırlat e". Axır ki, çıxdıq evdən. Ağlamadım. Çox gözəl toyum oldu. Hər şey elə bil aylarla hazırlanıb, planlaşdırılmışdı. Toydan sonra hər kəs deyirdi ki, "elə bil nağıllar aləmində idik". Toy qutardı, gəldik evimizə. O gün-bu gündür xoşbəxt ailəm var. Allah axıracan eləsin. Amin!!!
AY ISIGI
Ailə qurmağımdan 4il 8 ay keçsə də hər bir anı daim xəyalımdadır - həm qız toyu, həm də oğlan toyu. Qız toyunda gecikmişdim. Gözəllik salonundan saat 6-da çıxmışdım. Salondan gəldim ki, oğlan evi həyətdə oynayır. Biz həyət evində yaşayırıq, dayımgillə qapıqonşuyuq. Dayımgilin evindən bizim evə arxadan yol var idi, ordan keçib evə gəldim. Camaat həyətdə oynayır, mən hələ gəlinlik geyinirdim. Mən ağlayıram ki, gecikmişəm, anam da deyir: "Ay qız, nə olub, səni qoyub getməyəcəklər ki. Niyə ağlayırsan?" Nə isə birtəhər geyinib üzə çıxdım. Oğlan toyunda ustama dedim ki, birinci məni hazırla gedim. Şükür Allaha, oğlan toyunda hər şey yolunda getdi. Saçım,makiajım, gəlinliyim - hər şey ürəyimcə oldu. Oğlan toyunda tortu kəsdiyimiz yerdə şarları yuxarıdan buraxdılar. Bütün şarlar torta batdı və uşaqlar şarı mənim yanımda partladanda paltarım, saçım, üzüm xırda çil kimi rəngli şirə olmuşdu. Həmin vaxt məni təsəvvür edin. Əsəbimdən partlayırdım. Ancaq ağlayırdım. Paltarı qaytaranda üstündə əlavə 50 manat pul almışdılar.Bu da mənim toy xatirələrim...
Guluw Serdarqizi
Toy günümə az qalırdı, amma heç bu günün gəlməsini istəmirdim, cünki sevmədən ailə quracaqdım.Tək qız olmağıma baxmayaraq, atam mənim narazılığımı nəzərə almamışdı. Valideyinlərim arxayın idilər ki, onların sözü mənimçün qanundur. Gələcək həyat yoldaşımın məni harda görüb sevdiyindən də xəbərim yox idi. Nişanlı vaxtı ona qarşı çox haqsızlıqlar etmişdim. Onun buna nəyə görə dözdüyünü soruşduqda: "Çünki mən səni özümdən artıq sevirəm və ailənizi iki ildən sonra razı sala bilmişəm, necə dözməyim?" deyərdi. Amma mən ona onu sevəcəyimə söz vermədim, cünki bu mövzu məndən uzaq idi. Eyni bürcdən olmağımıza baxmayaraq, tamamilə ayrı-ayrı adamlar idik. O, çox romantik, şair təbiətli bir insan, mən də bunlardan uzaq biri...
Aramızda 10 yaş fərq var idi - 17-27. Çətin olacağını bilirdim, amma bu çətinliyi tam dərk etmirdim. Toy gunum çatmışdı, qız toyu Bakıda oldu. Oğlan toyu isə rayonun ucqar kəndində idi. Gəlin köçəndə o qədər ağlamışdım ki, atamın xeyir-duasını eşidə bilmirdim. Birinci dəfə idi kənd yerinə gedirdim, tamam yad, tanımadığım insanların içində bu ailədən tək yoldaşımı tanıyırdım. Ata-anası, bacıları bizə gələndə heç vaxt danışmırdım. 4 saatlıq yolu bir dəqiqə belə ağlamadan keçirmədim. Gözlərim şişmişdi, elə bilirdim hamı mənə acıyır. Həmişə bir hadisədən qorxurdum, o da toy günü başıma gəldi. Güzgüm durduğu yerdə çilik-çilik oldu.Hamı məəəttəl qalmışdı, bircə rəhmətlik qaynanam "Boş şeydi, ağlama. Sabah sənin üçün Bakıdan güzgü gətizdirəcəm" dedi. Deyirlər ki, güzgünün sınmağı pis əlamətdir, amma elə bil o güzgü mənim bütün nişanlı vaxtı çəkdiyim acıları özü ilə apardı .3-4 günə bu ailəyə öyrəndim. Qaynım arvadı, baldızlarım məndən çox böyük idilər, məni ərköyün uşaq kimi əzizləyirdilər.Sonralar anam qaynanama deyirdi ki, "bunu az ərköyün elə".
Bir aydan sonra Bakıya qayıtmalı olduq, məni texnikum, yoldaşımı işi gözləyirdi. Amma həqiqətən yoldaşımgilin ailəsi çox pozitiv bir ailə idi. Qaynatam Allah adamı idi. Elə bir münasibət görmüşdüm ki, nişanlı vaxtı yoldaşıma çəkdirdiklərimə görə çox peşman idim. Amma o, bunları bir dəfə də olsun mənim üzümə vurmurdu, əksinə, arada yazdığı şeirlərində bunları məzəli şəkildə göstərir. Mən ona çox minnətdaram, həqiqətən yaxşı həyat yoldaşı, qayğıkeş atadır. Ən əsası isə mənə sevməyi öyrədib, amma romantikanı öyrədə bilmədi. Mən realistəm, xəyalpərəst deyiləm.
İki oğlumuz var. Amma mən bir şeyi başa düşdüm ki, möhkəm ailə üçün sevgi əsas şərt deyil, əsas olan qarşılıqlı hörmət və daxili tərbiyədir. Deyirlər ki, "İki qoçun başı bir qazanda qaynamaz". Amma biz 22 ildir bir ailəyik. Bir şeyə görə həmişə sevinirəm ki, nə yaxşı atam məni məcbur verdiyinə görə peşman olmadı. Çünki mənim həyatda ən başlıca rütbəm və qazancım onun qızı olmağımdır. Övladlarım mənim gedib-gələn nəfəsimdilər. Mənim narahatlıqdan yaranan bir rahatlığımdılar, amma bu istəyimi ancaq onlar məktəbi bitirdikdən sonra büruzə vermişəm. Həmişə onlarla yaxın dost olmuşam, sirlərini, problemlərini mənimlə bölüşürlər. Yoldaşım heç vaxt onlara güldən ağır söz deməyib, həmişə iradlarını mənim vasitəmlə bildirib. Yeri gələndə mənə deyir ki, "onları ən çox danlayan sənsən, amma elə bil sənə daha yaxındılar". Deyirəm: "Yox, elə deyil, sadəcə onlar səninlə aralarında olan pərdəni aşa bilməzlər". Oğlanlarım ali məktəbə daxil olandan sonra bir az rahatlaşdım, qardaş olmalarına baxmayaraq, xasiyyətləri fərqlidi. Böyük oğlum mənim kimi istəyini bildirə bilmir, amma kiçik oğlum eynən atasıdır, istiqanlıdır.Yaxşı oxuyurlar, tələbə təqaüdü alanda yaman sevinirlər, nə qədər olsa öz qazanclarıdır. Yoldaşım sovetin qanunlarını görmüş zabitdir. Hərdən bu zəmanə ilə razılaşmayanda deyir ki, nə yaxşı uşaqlar oturub-durduqları dostları düz seçiblər. Həmişə onlara əsas sözüm odur ki, ola bilsin həyatdır, bu həyatda qazandığınız nəyisə itirə bilərsiniz, amma çalışın qazandığınız hörməti və bir mənim verdiyim tərbiyəni həmişə qoruyun. Çünki mənim tərbiyəm və daxili əxlaqım mənim ən böyük sərvətimdir. Bir arzum var ki, Vətənə dəyərli övlad olsunlar, mən də onları yaxşı ər, qayğıkeş ata kimi görüm. Allah bütün övladları qorusun. AMİN!
Bu şeirləri yoldaşım mənə yazıb, istədim sizinlə də paylaşım:
Məni
Qaşın qara, gözün qara,
Qoyma hicran qəlbim yara.
Ahım çatır ulduzlara
Gəl incitmə nahaq məni.
Salma məni dağa-daşa,
Ümüdüm yox qarlı qışa,
Lap indidən gəzək qoşa
Sevindir bu bahar məni.
Gəz, dolan bütün ölkəni
Olmaz mən tək sevən səni.
Olsan anamın gəlini
Edərsən bəxtiyar məni.
Əsl sevən olmaz naşı
Ətəyindən tök bu daşı.
Qurumaz gözümün yaşı
Öldürər bu vüsal məni.
O baxışlar
Yadına gəlirmi nişanlı idik
Bir bayram axşamı mən sizə gəldim.
Sən açdın qapını mənim üzümə
Ilk dəfə səninlə üz-üzə gəldim.
Gözlərim dikildi sənin gözünə
Nə mən danışırdım, nə sən dinirdin.
Mənim gəlişimin səbəbini sən,
Bir də ki, deyəsən anan bilirdi.
Hər Novruz gələndə düşür yadıma
Məni atəşlərə yaxan gözlərin.
Elə bil dəyişib, o gözlər deyil
Mənim pişvazıma çıxan gözlərin.
Xəyalım yenə də göylərə uçdu
Bilsən xəyalımdan nələr ötüşdü.
Açığını deyim, əziz sevgilim,
Yenə o baxışlar yadıma düşdü.
YEGANA
Toy günü hamı kimi mənimdə tariximə qızıl hərflərlə yazılıb. Evin tək qızı olduğum üçün atamın-anamın ərköyün, dəcəl qızının bu mühitdən başqa bir mühitə düşməsi həyəcan üstünə daha çox həyəcan gətirirdi. Yalnız fikrimdə "Görəsən öyrəşə biləcəyəmmi, görəsən söz götürəcəyəmmi?" kimi fikirlər nişanlanan gündən məni rahat buraxmırdı (şükür Allahın böyüklüyünə, hələ ki, hər şey gözlədiyimdən də gözəl gedir). Nəsə, qarlı,çovğunlu bir gündə - yanvar ayında toyum olub. Yoldaşımla həmin gün küsülü idim. Zəng vurdu ki, "gül qırmızı-ağlı olsun?" "Yox qara rəng olsun" deyib telefonu qapatdım. Onu da deyim ki, günah həmişə məndə olub, səbəbsiz yerə küsüb-danışmamaq adətim idi (indikindən uzaq). Aparmağa gəldilər, "Vağzalı" çalınana qədər mənə çatmırdı ki, artıq gəlin gedirəm. Atamın üzünə baxa bilmirdim. Toyum yaxınlaşdıqca atamda qəribə hallar hiss edirdim, nəsə gizlin-gizlin yazırdı. Çox vaxt şeirlərini mənə oxudardı, amma indi məndən gizlədirdi. Hiss edirdim ki nəsə mənə aiddir. Atam çırağın ətrafına məni dolandırandan sonra gəlib mənimə yoldaşımın arasında dayandı, hər ikimizin əlindən tutaraq dedi:
Qoru hər ləkədən məhəbbətini
Həmişə, hər yerdə, hər zaman, qızım.
Arxan ata evi, səadətini
Ancaq ər evində tapasan, qızım.
Mənə yazdığı bu şeiri deyib əllərimizi birləşdirdi, hər ikimizi öpüb yola saldı. Sonda hamıya ağ gəlinlikdə ata-ana xeyr duası ilə ailə qurmağı arzu edirəm.
KEMALE MEMMEDOVA
Mənim toyum 1990-cı ildə olub. Kənd toyu idi, amma çox gözəl keçdi. Biz evdə çox uşaq olmuşuq, evin ilki mən idim. Odur ki, mənim toyuma xüsusi hazırlıq olmuşdu. Toyxananın bəzədilməsindən tutmuş xanəndəyə qədər hamısını bəyəndim. Valideynlərimin mənim üzərimdə zəhməti çox olub. Toyumun ən maraqlı məqamı isə işıqların sönməsi və ortaya 5 mərtəbəli tortun gəlməsi oldu. Ailəmizin tortdan xəbəri yox idi ,az sonra nişanlımın toya gəlməsi bizi şoka saldı. Bizdə qadın toyu olduğu üçün kişilərə giriş olmazdı .Nişanlım düz qarşımda dayandı və "Mənimlə tortu kəsərsənmi?" dedi. Mən utandığımdan başımı aşağı salmışdım, qaynanam gəlib məni ayağa durğuzdu və bıçağı əlimizə verdi. Mən heç onda da nişanlımın üzünə baxmadım. Onu birinci dəfə toyda gördüm. Nişanlımı yalnız gəlin gedən gecəsi əməlli-başlı gördüm. Şükürlər olsun 23 ildir ailəliyəm. 1 oğlum, 2 qızım var. Artıq mən də nənə olmaq istəyirəm. Qismət Allahdan. Mən öz ailəmi həmişə hər bir pislikdən, paxıllıqdan uzaq tutmuşam Hamınıza öz ailəm kimi ailə arzulayıram.
Aysel
Mənim toyum 2005-ci ildə olub. Yoldaşımla mən bir-birimizi sevirdik, amma ailələr razı deyildi. Mənimki deyirdi ki, "Evi yoxdur", onun da anası deyirdi ki, "Mən nə üzlə elçi gedim? Deməzlərmiki, oğlunun nəyi var? Nə işin, nə evin, nə də pulun". Nə isə, mən dedim: "Elçi göndər, verməsələr qaçarıq". Elçi gəldilər, valideynlərim razılıq vermədilər. Biz də dediyimiz kimi etdik, məni qaçırdı. 10 gündən sonra toy oldu, amma toy günü mən çox sıxılırdım. Məni salona apardılar, amma məni ağlamaq qoymurdu ki bəzəsinlər. Eləcə deyirdim: "Valideynlərim görən neyləyir? Məni bağışlayacaqlarmı?" Saat 4 idi, hələ hazır deyildim. Axır ki, birtəhər bəzədilər, amma şənlik evinə girəndə gözüm eləcə qohumlarımı gəzirdi. Əvvəl heç kimi görmədim, sonra gördüm ki, əmim, bacım, xalam qızı, dayımın yoldaşı, hamısı gəliblər. Qızıl hədiyyə də almışdılar. Toy günüm elə də siz deyən maraqlı olmayıb. Orada oturanda etdiyim səhvi başa düşdüm ki, gərək qaçmazdım, axı valideynlərim çox sınmışdılar. Amma yoldaşımı da çox sevirdim, neyləyə bilərdim... 1 ildən sonra oğlum dünyaya gələndə valideynlərim məni bağışladılar.
PERVANE ELIYEVA.......
Toy günüm elə yadımdadı ki, sanki dünən olub. Bu il 16 il olacaq. Yoldaşımla bir yerdə gəlinlik seçib aldıq. Qız toyum ayrı oldu, oğlan toyu ayrı. Hər ikisi bir ayın içində oldu. İki toyun arasında 15-20 gün ara oldu. Qız toyumda elə də həyəcan yox idi, bilirdim ki, hələ ata evinə qayıdacağam. Həyəcan oğlan toyu yaxınlaşdıqca başladı. Həm sevinirdim, həm də kədərlənirdim. Toyda gül buketim çox böyük olduğunnan heç yoldaşımın qoluna girə bilmədim. Toy boyu heç nə danışmadıq. Çox utanırdım. Həm də evdən çıxanda çox ağlamışdım. Toyda atamın bir dostu soruşmuşdu ki, "sən bu qızı niyə bu oğlana güclə vermisən? Yazıq qıza baxanda bilinir ki, oğlanı sevmir". Atam yazıq demişdi ki, "özü sevib gedib". Rəqs etməyə də demək olar ki, hec durmadım. Hər iki toyda tanınmış müğənnilərimiz iştirak edib. O vaxta görə çox təmtəraqlı, yaxşı toy idi. Belə gözəl sevgimizin ən gözəl bəhrəsi 2 balam var. Xoşbəxtəm. İnanın ki, əsas qızıl, təmtəraq deyil. Mən bunu bu illər ərzində başa düşdüm. Əsas sevgi, hörmət, bir-birinə dəyər vermək, hər əziyyətə qatlanmaqdı. ALLAH bütün subaylara gözəl həyat, xoşbəxt ailə qismət etsin. AMİN!!!
Ardı var
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR