Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
18 oktyabr 11:59GÜLÇİN Hər açılan sabahımıza şükürlər olsun! 18 oktyabr 08:58Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! 17 oktyabr 12:41GÜLÇİN Darıxıram........... 17 oktyabr 10:40Xəyalə Murad Yağır da sözdür)) 17 oktyabr 10:27Iceberg Ləzzətli yağış yağır))) 17 oktyabr 10:27Iceberg Salam, sabahınız xeyir 17 oktyabr 08:59Xəyalə Murad Gününüz aydın olsun! 16 oktyabr 09:31Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 15 oktyabr 23:06Iceberg Salam, qadın.netin gözəl xanımlarına)) 15 oktyabr 10:13Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
37786

Nəcib Məhfuz-"Şəhrizad" hekayəsi

 

Nəcib Məhfuz-"Şəhrizad" hekayəsi



 

Görkəmli Misir yazıçısı Nəcib Məhfuz 11 dekabr 1911-ci ildə Qahirədə dünyaya gəlib. 

Tanınmış roman ustası həm də dramaturq və ssenarist kimi fəaliyyət göstərib. O, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb yazıçısıdır. 1988-ci ildə “Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” Nobel mükafatı ilə təltif edilmişdir.

“Yeni Qahirə” (1945), “Başlanğıc və son” (1949), “Güzgülər” (1972), “Hörmətli cənab” (1975) və digər romanların müəllifi olan Nəcib Məhfuz romantik üslubda yazılmış və fironların hökmranlığı dövründən bəhs edən bir sıra tarixi romanlar, realistcə təsvir edilmiş hekayələr qələmə alıb. O, ümumilikdə əlliyə yaxın roman və povest, eləcə də yüzdən artıq hekayə yazıb.

Yazıçının ilk novellalar toplusu (“Dəlilik rüzgarı”) 1928-ci ildə, sonuncu kitabı isə 2005-ci ildə (“Yeddinci göy” adlı hekayələr toplusu) işıq üzü görüb. Nəcib Məhfuz 29 avqust 2006-cı ildə Qahirədə dünyasını dəyişib.

Qeyd edim ki, müəllifdən tərcümə etdiyim "Şəhrizad" hekayəsi "Kitabsevərlər" hərəkatının 7-ci nəşri kimi "Şəhrizad" adı altında dünya ədəbiyyatından seçmə hekayələrin toplusu halında dərc edilib.




I


- Alo!


- Mahmud bəy Şükrü?


- Bəli...


- Narahat etdiyim üçün üzr istəyirəm. Biz sizinlə tanış deyilik.


- Kiminlə danışmaq şərəfinə nailəm?


- Adım sizə heç nə deməyəcək. Mən bir çoxları kimi dərdini sizinlə bölüşmək istəyənlərdənəm.


- Sizi eşidirəm...


- Təəssüf ki, mənim hekayəm bir qədər uzundur.


- Bəlkə, hekayənizi məktub şəklində göndərəsiniz?


- Hər şeyi olduğu kimi təsvir edə bilməyəcəyimdən qorxuram.


- Bəs mənim yanıma redaksiyaya gələ bilərsiniz?


- Yox, gələ bilmərəm. Ən azından indi.


O “indi” sözünə diqqət edib gülümsədi. Həmsöhbətinin məlahətli, incə səsi ona xoş gəldi.


- Bəs indi necə edək?


- Əgər siz zamanınızın bir neçə dəqiqəsini mənə sərf etməyə razı olsaydınız, hər gün sizə zəng edərdim.


- Bu, deyəsən, maraqlıdır. Hətta “Min bir gecə”-dəki Şəhrizadı xatırladır.


- Şəhrizad? Necə də nəcib müqayisədir. İcazənizlə müvəqqəti olaraq bu adı özümə götürüm.


O güldü və dedi:


- Demək, padşah Şəhriyar sizi dinləməyə hazırdır.


O da güldü. Gülüşü də ən az səsi qədər məlahətli idi.


- Hekayəmin sizin üçün maraqlı olacağını düşünmürəm.  Dediyim kimi bu, uzun və kədərli hekayədir.


- Sizin etimadınıza layiq olacağıma ümid edirəm.


- Ancaq bir xahişim var: əgər vaxtınız olmasa, bunu mənə birbaşa deyin.


- Yaxşı.


- Bu gün sizin diqqətinizdən yetəri qədər sui-istifadə etdim. İcazənizlə söhbətimizi sabah davam edərik...


- Necə istəyirsiniz...


- Bir də etiraf etmək istəyirəm ki, sizin insanlara sevgi və yaxşılıq aşılayan məqalələriniz məni cəlb etdi.


- Minnətdaram.


- Bir də sizin xarici görünüşünüz...


- Mənim görünüşüm?


- Bəli. Sizin şəklinizə bir dərgidə rastladım. Mərhəmətli və ağıllı baxışlarınızı görəndə niyə bütün incik və zərər çəkmiş insaların məhz sizə meyl etdiklərini anladım.


- Məni qürurlandırırsınız. Təşəkkür edirəm.


- Yox, mən demək istəyirdim ki, siz mənim yer üzündə son ümidimsiniz.


O dəstəyi yerinə qoydu və gülümsədi. Sonra bir qədər düşünüb yenidən gülümsədi.


II


- Alo!


- Mənəm Şəhrizad.


- Çox sevindim. Zənginizi gözləyirdim.


- Onda mən birbaş mətləbə keçim ki, zamanınız hədər olmasın. Uşaqlıq illərim çətinliklə keçib. Biz, yəni mən və məndən iki yaş balaca bacım anasız böyüyürdük. Atam ikinci dəfə evlənsə də, bir müddət sonra o da öldü və əmimiz bizi himayəsinə götürdü.


- Deyəsən, bu acı hadisələr illər əvvəl baş verib?


- Bəli. Ancaq bu hadisələr əhəmiyyətlidir və mən çox şeyi deyə bilməyəcəyəm. Əmimgildə vəziyyətimiz pis idi. Hər birimiz aya beş lirə müavinət alırdıq və pulları əmimizə verirdik. Buna baxmayaraq bizi özünə yük hesab edirdi və işləməyə məcbur edirdi. Məktəbi yarımçıq qoymalı olduq.


- Çox təəssüf edirəm.


- Bir zabit mənə elçi düşdü. Əmim atamdan qalma evimizi satdı və əldə etdiyi pulla toy üçün lazım olan hər şeyi aldı. Biz yoldaşımla bir-birimizi sevirdik. Hisslərimiz toydan sonra da dəyişmədi.  Yoldaşım maddi çətinliyimizdən xəbərdar idi, lakin bu yetərli deyildi.


- Məncə, siz nəyisə gizlədirsiniz...


- Yox. Bütün dərd ondadır ki, yoldaşım çox israfcıl idi. Elə ki, cibinə bir az pul girirdi, sabahı düşünmədən elə həmin gün pulun hamsını xərcləyirdi. Ağıllanması üçün çox çalışdım, amma bacarmadım.


- Bilmirəm bu sualımın yeridirmi: bəs siz özünüzü bu məsələdə təqsirkar bilirsizmi?


- Yox, yox! İnanın mənə. Mən nikahımızı nəyin bahasına olursa olsun, qorumağa çalışdım. Həm nəvazişlə, həm iradla başa salmağa çalışdım.


- Bu, məntiqli görünür.


- Deyəsən, siz mənə inanmırsınız. Sizin dərgidə yazdıqlarınızı xatırlayıram. Qeyd etmisiniz ki, kişi qadından üz döndərirsə, bunun təqsirkarı yalnız  xanımıdır. Bəs mən nə etməli idim? Hər gün ona yalvarırdım ki, evə bir tikə çörək almaq üçün pul versin. Verirdi, lakin axşam bir neçə dostları ilə gəlib səhərədək yeyib içirdi. Səhər açılanda yenə  yeməyə bir şey tapılmırdı.


- Bəs nə ilə dolanırdınız?


- O məcbur edirdi ki, gedib əmimdən və ya bacımdan pul istəyim.  Amma bunun bir faydası olmurdu. Əmim pul vermirdi, bacım isə ərə getməyə hazırlaşdığı üçün özünün pula ehtiyacı vardı. Yoldaşım öz qohum-tanışlarından dayanmadan borc almağa başlamışdı və tezliklə borc içində “üzdü”.  Həyatımız əsl işgəncəyə çevrilənədək beləcə davam etdi.


- Həqiqətən də.


- Ailəmiz dağıldı - biz boşandıq. Mən bacımın yanına köçdüm.  Atamdan qalma müavinəti daha ödəmirdilər və əsl acı günlərə qədəm qoydum.


- Sizin bədbəxtliyiniz bundan ibarətdir?


-Tələsməyin. Biz hələ keçmiş barədə danışırıq. Çox uzatmayacağam... Bir il sonra yoldaşım görüşməyi xahiş etdi. Məni görər-görməz peşman olduğunu, boşandığımızdan  bəri çox dəyişdiyini, yaxşı insan olduğunu dedi və yenidən barışmağımızı istədi. Biz gələcəyimiz haqqında ətraflı danışa bilmək üçün Qasr əl-Nil küçəsinə, onun yaşadığı mehmanxanaya getdik. Otağa girər-girməz məni qucaqlayıb boşandığımızdan bəri özünü tənha, çarəsiz hiss etdiyini dedi.


- Siz buna yol verdiniz?


- Bəli. Çünki o mənə yad insan deyildi. Sağollaşanda sabah əmimlə evliliyimizin bərpası haqqında danışmaq üçün görüşəcəyini dedi.


- Çox sakit danışırsınız.


- Sonra öyrəndim ki, başqa bir qadınla nişanlı ola-ola mənimlə görüşübmüş.  Bizim görüşdən bir həftə sonra toyu oldu. Onun üçün bu sadəcə keçici həvəs idi.


- Şərəfsiz!


- Mən sizin vaxtınızı almaq istəmirəm. Sağ olun.


III


- Alo?


- Salam. Mənəm Şəhrizad. Sizi hələ bezdirməmişəm?


- Əksinə. Davam edin mümkünsə.


- Bacımın evində arzuedilməz olduğumu hiss edənə kimi bir müddət də yaşadım.


- Necə ki?


- Hiss etdim. Hisslərim isə məni heç zaman aldatmır.


- Başa düşə bilmirəm. Axı o sizin bacınızdır. Uşaqlıqda çox çətinliklər çəkmisiniz.


- Belə alındı...


- Bacınızın yoldaşına görə?


- Çox güman ki...


- Onun evində yaşamağınızı istəmirdi?


- Ola bilər. Ancaq mən qərar verdim ki, bacımın evini tez bir zamanda tərk edim və sadəcə uzaqdan-uzağa qohumluğumu davam etdirim.


- Axı, siz səbəbini demədiniz. Səbəb qısqanclıqdır desəm?


- Daha doğrusu, qısqanclıqdan şübhə etdim.


- Və siz əminizin evinə qayıtdınız?


- O artıq ölmüşdü. Mən kiçik otaq kirayələdim.


- Bəs pulu haradan aldınız?


- Əşyalarımdan alına biləcək hər şeyi satdım. Sonra iş axtarmağa başladım. İstənilən işə razı idim. Çox acınacaqlı və çətin dövr idi. Ac-susuz qalırdım. İnanın, günlərlə ac qalmaq kimi təcrübəm var. Çox ümidsiz idim və hətta az qala küçədə edilmiş bir təklifə razılıq verəcək həddə çatmışdım. Hər gün otağın pəncərəsindən səmaya baxıb “Allahım, mənə yazığın gəlsin. Kömək ol, yoxsa aclıqdan öləcəyəm” deyə dua edirdim. Elə ki, dözülməz hala çatırdım, ən azından yemək yeyə bilmək üçün bacımgilə gedirdim.  Mənə yemək verirdilər, lakin heç zaman heç nə soruşmurdular. Yəqin nəyəsə məcbur olmaq istəmirdilər və özlərini elə aparırdılar ki, guya heç nədən xəbərləri yoxdur.


- Bu dəhşətdir!


- Bir gün qəzetlərin birində elan oxudum. Yaşlı kişiyə baxıcı lazım idi və puldan əlavə yemək və geyim verilirdi.


- Göydən kömək gəldi...


-Bir an belə tərəddüd etmədən otağımı icarəyə verib yazılan ünvana tələsdim.


- Bu insan yalnız və yalnız köməyə ehtiyac duyubsa, demək, sonluq xoşbəxtliklə tamamlanıb.


- O, tamamilə qoca idi. Bacardığım qədər qulluq etdim. Həm tibb bacısı, həm xadiməsi, həm aşbazı, həm qulluqçusu oldum. Hətta gündəlik qəzetlərini belə mən oxuyurdum. Daha aclıqdan əziyyət çəkmirdim və gələcəyə olan qorxularım qeyb olmuşdu. Allahdan mənə kömək edən bu şəxsin ömrünü uzatmasını diləyirdim.


- Bəs sonra?


- Bir gün ona qəzet oxuyanda tanış elana rast gəldim: “Yaşlı insana baxıcı lazımdır...” ardınca isə qaldığım evin ünvanı.


- Ola bilməz!


- Heyrət içində ikinci dəfə də oxudum. O, gözlərini kənara çevirib susdu. Məni niyə və hansı səbəbdən qovmaq istədiyini soruşdum. O isə heç nə demədi.


- Qəribədir. Axı,nəsə bir səbəb olmalıdır.


- Mən sarıdan heç bir problem olmayıb.


- Gündəlik qulluqdan əlavə aranızda bir şey olmayıb ki?


- Demək olar ki...


- Necə yəni “demək olar ki”. Açıq danışın mümkünsə.


- Bəzən onun gözünün önündə soyunmağı tələb edirdi.


- Siz razı olurdunuz?


- Xeyr. Sadəcə bu istəyinə göz yumurdum.


- Bəs onda başqa baxıcını niyə axtarır?


- Kim bilir? Dedi ki, rəngarənglik arzusundadır. Mənsə, dönə-dönə yalvardım. Ac, susuz, kimsəsiz olduğumu dedim. Ondan başqa kimsəmin olmadığını dedim. Qovmaması üçün yalvardım. O isə “yox” deyib susmağa davam etdi. Bu an siması mənə ölüm qədər iyrənc göründü. Getməkdən başqa çarəm qalmadı...


IV


- Alo!


- Salam. Şəhrizaddır.


- Salam, Şəhrizad! Sizin hekayəniz mənə çox maraqlıdır.


- Mahmud bəy, sizə minnətdaram. Ürəyimin məni yanıltmadığına sizə müraciət etməklə bir daha əmin oldum. Söhbətimizi davam edək. Mən öz qaldığım evə getdim. Kirayəşinimə təcili evdən çıxmasını və bu evə özümün ehtiyacım olduğunu dedim. Kirayəşinim kişi idi. Təxminən qırx yaşlarında, sadə işçi idi. Evdən çıxamaq istəmirdi. Bunun üçün təkidlə “yox” deyirdi. Lakin birdən “gəl, birlikdə yaşayaq”, dedi. Mən də razılaşdım. Mənim iradəm, onsuz da, qırılmışdı və heç nə gözümdə dəyərə sahib deyildi.


- Siz onun əslində nə təklif etdiyini anlayırdınız?


- Ev iki otaqdan ibarət idi. Birini mənə verdi. Ardınca isə... Özünüz təxmin edin.


- İlk andan onun niyyətini anlamışdınız?


- Bəli. Düzünü desəm, həssas və mülayim insan idi.


- Lap yaxşı!


- Yox, dayanın! Elə məhz bu xoş xüsusiyyətlərinə görə mən onu əbədiyyən itirdim.


- Hekayəyə baxın...


- Günlərin bir günü dedi ki, “biz bir-birimizə çox bağlanmışıq. Ayrılmalıyıq!” “Ayrılıq!” Mən düşünmüşdüm ki, evlənməyimizi istəyəcək, lakin ayrılmağımızı tələb etdi.


- Bu artıq beynimə sığmır.


- Xahiş etdim ki, bununla nə demək istədiyini izah etsin. O da: “Mənim evlənməmək üçün səbəblərim var. Ona görə də ayrılmalıyıq”, dedi.  Mən də təkrar-təkrar qeyd etdim ki, heç zaman evlənmək istəməyəcəyəm və bunu ondan tələb etməyəcəyəm. “Hər şey olduğu kimi davam etsin. Bəsimdir”, dedim. O isə sözündə durdu: “Gün gələcək, özünüzü tamamilə yalnız, qocalmış və yaşamaq üçün heç bir vasitəsi olmayan biri kimi hiss edəcəksiniz. Odur ki, bəri başdan ayrılmalıyıq!”


- Qəribə insandır. Baxırsan ki, xeyirxahdır. Ancaq əsl xudbin və özünəvurğun insan kimi davrandı.


- O getdi, mənsə yenidən tək qaldım. Qismətimdə çətin sınaqlar çox oldu! Lakin xoşbəxtlikdən öyrəndim ki, yeni qəbul olunmuş qanuna əsasən ilk yoldaşından boşanmış qadınlara aylıq müavinət verilir. Mən də tam bu kateqoriyaya aid idim.


- Allaha çox şükür!


- Əlbəttə, müavinət cüzi idi. Lakin yoxluğa alışmışdım. Həm də tikməyi öyrənmişdim. Dərzilik və aylıq müavinət məni alçalmaqdan, aclıqdan, səfalətdən  xilas etdi.


-Nəhayət, sakit limana yaxınlaşdıq.


- Bəli, Allaha çox şükr. Lakin elə bu zaman əsl bədbəxtliyin nə olduğunu anladım.


- Əsl bədbəxtlik?


- Bəli. Sadəcə bir sözlə ifadə etmək mümkündür: “Tənhalıq!”


- Tənhalıq?


- Mənim nə yoldaşım var, nə övladım, nə sevgilim, nə də dostum. Gecə-gündüz dörd divar arasında tək, tənha dolaşıram. Heç bir əyləncəm yoxdur. Bəzən ay boyunca kəlmə kəsəcək birinə rastlamıram. Mən qaşqabaqlı və əsəbi olmuşam. Bəzən havalandığımı düşünürəm və bir gün özümə qəsd edəcəyimdən qorxuram.


- Yox, yox! Siz çox cəsursunuz. Tənhalıqdan da çətin sınaqlardan keçmisiniz. Gec-tez Allah kömək olacaq və sizə layiq şəxsi qarşınıza çıxaracaq.


- Layiq şəxs barədə danışmayın! Bir dul kişi, iki uşaq atası mənə elçi düşmüşdü. Tərəddüd etmədən “yox” dedim.  Mən artıq kimsəyə inanmıram. İkinci boşanmadan sonra indi aldığım cuzi müavinətdən də məhrum olaram. O isə mənim tək gəlirimdir.


- Axı iki uşaq atası yoldaşa ehtiyac duyduğundan boşamaz!


- Evliliyin düşüncəsi belə iyrənc görünür.  Gələcəyin aclıq və səfalət ehtimalı məni dəhşətə gətirir.


- Bir daha düşünün...


- Bu mümkün deyil. Bir daha kiməsə etibar etməyə cəsarətim çatmaz.


- Bəs tənhalıqdan necə qurtulacaqsınız?


- Məsələ də burasındadır.


- Siz özünüz probleminizin həllindən qaçırsınız.


- Nə olur olsun, bircə evlilikdən başqa...


O, bir qədər düşünüb yenidən soruşdu.


- Bəs bizim görüşməyimizə necə baxırsınız?


- Böyük məmnuniyyətlə!


O gülümsədi... Şəhrizad ona dostluq təklif edir və əvəzində heç zaman evlənməyəklərinə söz verir. Özünü niyə itirəsən ki? Növbəti macəranın ağuşuna atılmaq lazımdır. Xüsusən də səsi qədər zahirən də gözəldirsə... Bəs yaxşı, bu danışdığı hekayə nə idi? Görəsən, həqiqətən də, bütün bunları yaşayıb? Bəlkə də, başdan ayağa uydurmadır, ya da bəzi məqamları özündən şişirdib? Hər kəsə məlumdur ki, son zamanlar kinomatoqraflar yaradıcılıq baxımından qadınlara xas bəzi xüsusiyyətləri kəşf ediblər. Əsas odur ki, zahirən də səsi kimi gözəl olsun. Bəlkə, bu zaman onun həyatına rəngarənglik qata bildi. Bu məcara özü ilə bir necə xoş dəqiqələr bəxş edəcək və çox güman ki, həyatda bitən digər şeylər kimi bunun da sonu kədərli olacaq. O, barmaqları ilə yazı stoluna döyəcləyib gülməyə davam etdi.


V


Budur, əsrarəngiz Şəhrizad onun qarşısında dayandı. Ayağa qalxıb gözlərini bir an belə ondan çəkmədən əyləşməsi üçün stulu göstərdi. Təxminən otuz yaşı olardı. Bir sözlə, maraqlı qadındır. Lakin görünüşündə nəsə natamamlıq duyulurdu. Gülüşü belə kədərli və acı idi. Gənc yaşında bir çox çətinliklər görmüş qadının təbəssümü. Xarici görünüşünə baxılsa, danışdığı hekayənin həqiqi olduğuna inanmaq olar. Lakin “heç zaman ərə getmək istəmirəm!” deyərkən heç də səmimi olmamışdı. Ailə qurmaq kimi növbəti şansdan imtina etməzdi. Bu yolla daha rahat dost qazanmağı düşünür.  Lakin bütün bu məsələdə onun rolu nədir? Köməksiz, dayaqsız, həyatda bəxti gətirməyən qadındır. Bu cür qadınlar onun zövqündə deyil.  Öz qərarını və məyusluğunu gizlədərək işgüzarcasına dedi:


- Xoş gəlmisiniz. Sizin həyat hekayənizdən çox təsirləndim.


- Minnətdaram, - dərindən ah çəkərək dedi.


- Siz çətinliklərdən qorxmamalısınız!


- Mən...


Lakin o Şəhrizadın sözünü kəsdi və hiss etdi ki, söhbətini tez bitirmək istəyir.


- Qulaq asın! Siz mərd qadınsınız. Əzəmətlisiniz. Bəli, bəli! Bəzən bədbəxtliklər dahiliyə səbəb olur.  Ayağınız təsadüfən burxulanda belə ucalığınızı qoruyurdunuz. Dahiliyiniz tənhalığınızdır. Bu dahiliyiniz tənhalığınızdan xilas olduğunuz an daha da artacaq. İradəli olun və tənhalığınızın üstündən keçin.  Siz tənha deyilsiniz. Ətrafınızda saysız hesabsız insanlar var. Nə olursa olsun, insanlara güvənin. Əks təqdirdə necə yaşamaq olar? İnsanlara, hər şeyə qadir Allaha inanmaq lazımdır. Hansı qismətin bizi gözlədiyinə baxmayaraq tərəddüd etmədən inanmaq lazımdır.


- Allaha inanıram.


O, Şəhrizadın üzündə məyusluq və qəmginlik duydu. Qadın düşündüyündən də ağıllı idi.  Bir az sıxılıb xüsusi təsirlə sözünü bitirməyə tələsdi.


- Allaha mütləq inanmaq lazımdır...

 

Tərcümə etdi: Xəyalə Murad

Səslərin sayı: 0
0
129
Digər yazılar
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır