Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

Dost diqqətsiz olsa da, düşmən əsla diqqətdən yayınmır!

Dost diqqətsiz olsa da, düşmən əsla diqqətdən yayınmır!

 

Belə bir deyim var: "Pis şairdən yaxşı yazıçı çıxır". Amma bu deyim səhvdir. Çünki, mən sizə həm yazıçılıq, həm də şairlik istedadı olan bir nəfərin hekayəsini yazacağam. Hərçənd ki, hekayə sizlərin üzündə təbəssəm yaratmasa da, belə insanların əzilib getməməsi üçün dəstək göstərməyinizə səbəb olacağına səmimi qəlbdən inanıram.

Gözəl yaradıcılıq qabiliyyəti olan bir gənc dostum var idi. O daim mütaliə edir və bundan nəticə alıb, səbəb olmağa can atırdı. Onun günlərini mütaliəyə sərf edib, vaxtlarını kitab oxumaqla keçirən, bununla qürrələnən və kitabdan uzaq düşümüş şəxsləri araya qoyan şəxslərdən acığı gəlirdi. O düşünürdü ki, kitab da bir qidadır və sözsüz ki, bütün insanlar eyni zamanda bir qidanı qəbul edə bilməzlər. Misal üçün qoyun əti, kimisi qoyun ətindən hazırlanmış bütün ləziz yeməkləri bir oturmaya yeyə bilər, kimisi isə səhhəti ilə bağlı bu yeməkdən çəkinmək məcburiyyətindədir. Kimisi dişləri saz vəziyyətdə olduğu üçün qoz. fındığı pəh-pəhlə yemək iqtidarındadır, kimisi isə protez diş almağa belə pulu olmadıqdan, belə şeylərə həsrətlə baxır. Kitab da elədir, kimisi ehtiyacından kitab oxuyur, kimisi bekarçılıqdan, kimisi "Mən də kitab oxudum" deyə. Kimisi tənbəllikdən kitab adlı bir şey tanımır, kimisi ailəsini dolandırmaq üçün çörək pulu qazanmağa ehtiyaclı olduğundan kitab oxuya bilmir. Demək ki, insan kamilliyi kitab oxumaqla ölçülməməlidir.

 

Yeni bir məntəqəyə köçən Fuad burada yaşayanları demək olar ki, tanımırdı. Bundan əvvəl o həyət evi şəraitində boya-başa çatmış, dünyaya baxış bucağını dəyişmişdi. İndi isə o bina evinə köçmüşdü. Qonum-qonşu, qohum-əqraba, dost-aşnaya öyrəşmiş Fuad üçün bina evi təcrid olunmaq demək idi. Amma Fuad pessimistliyə qapılmadan bunun onun həyatında əlamət olduğunu düşünürdü. Ona elə gəlirdi ki, bu onun yaradıcılığı üçün daha əlverişlidir.

Fuad həddindən artıq təvazökar adam idi. Onun düşüncəsinə görə müasir ədəbiyyatımız həm mühafizə olunmalı, həm də islahatla üz-üzə gəlməli, orta mövqedə konstruksiyalaşmalıdır. Fuad məşhur olan, tanınan hər bir yazıçı, şairin kitabının arxasınca qaçmırdı. Kodeksinə daxil olan bütün ədiblərin yazılarını diqqətlə oxuyur, bununla paralel yazıb-yaradırdı. Bir neçə dəfə ona demişdim:

- Ay Fuad, belə olmaz axı. Elə vərəqlərdir doldurursan boş-boş. Heç sən bilirsənmi nə dəhşət əsərlər yaradırsan? Axı niyə bunları camaatdan gizlədir, bu qədər aşırı təvazökarlıq göstərirsən?

O isə təbəssüm edir və dedi:

- Ay Mikayıl, o nə sözdür, bəs mən nə etməliyəm? Çıxıb küçədə qışqırmalıyam ki, ay camaat mən ədibliklə məşğulam?

- Gəl səni aparım bir-iki yerə, rəy versinlər - dedim, - indi internet əsridir. yazılarını saytlara verək. Təqdimat keçirək sənin üçün. Hə, nə deyirsən?

- Mikayıl. mən özümü nə camaata göstərmək istəyirəm, nə də özümü reklam etmək fikrim var. Məsləhət olar, bir gün yazılarım işıq üzü görər, görər. Görməz də, atıb yandırarlar.

Bu sözü məni lap havalandırıdı, az qala əsəbimdən onu boğmaq istəyirdim:

- Mənim sənə sözüm yoxdur. Səndə keçi tərsliyi, dəvə inadkarlığı var. Amma səni belə başsız qoymaq olmaz.

- Mənim heç nəyə ehtiyacım yoxdur. - deyib üzünü o tərəfə çevirdi.

- Mənim isə dosta əl tutmaq fikrim var. Əgər hər şeydən imtina edirsənsə, gəl sənin üçün bura internet çəkdirək. Yazıb-yaratdıqlarından paylaşarsan.

- Harda paylaşım? Mənim bu cür şeylərdən elə də başım çıxmır .

- Mənim başım çıxır. Sənin işin yoxdur. - deyib sakitcə ayağa qalxdım və fikrimin icraat işlərinə başladım. Mən də tərslik barədə Fuaddan heç də dala qalmırdım. Mən bu işi həll etməliydim. Odur ki, 2-3 gün ərzində hər şeyi həll etdim. İşlədiyim ofisdə artıq noutbuk var idi, müdirimdən icazə alıb onu Fuada aparmaq üçün evlərinə gətirdim. Ona ibtidai bilgilər haqqında məlumatlar verir, hər şeyi izahlı şəkildə başa salırdım. Odur ki, bir həftə ərzində Fuad sərbəst şəkildə həm noutbukdan, həm də internet xidmətlərinən tam istifadə etməyi öyrəndi.

Buna baxmayaraq, yenə də yazdıqlarını virtual aləmə daşımaq istəmirdi. Mən onun əvəzinə sosial şəbəkələrin birində səhifə açdım, özümü əziyyətə salaraq ondan oxumaq adı altında yazılarını götürərək, yazıb paylaşmağa başladım. Düzdür, heç kəsin vecinə deyildi, heç kəs maraq göstərmirdi, mən isə buna çox üzülürdüm. Amma bundan artıq heç nə edə bilmirdim, düşünürdüm ki, onun əvəzinə gedib başqalarına yazılarını göstərsəm, Fuadın acığına gələr və mənimlə dostluq əlaqələrini kəsər. Mən isə bu cür dostu itirmək istəmirdim, bir yandan da ona ürəyim yanırdı.

Demək olar ki, min bir xahiş-minnətlə onun üçün yaratdığım səhifəni ona həvalə edib, boyun qaçırtdım və bu işi özü davam etdirməyə başladı. Yenə də sakitçilik, yenə də diqqətsizlik hökm sürürdü, qarşılaşdığım bir duruma qədər.

Sosial şəbəkdə Yusif Qələm adlı bir tanınmış sima var idi. Bəzən onun yaradıcılığını izləyirdim. Özüm yazıb-yaratmağı bacarmasam da, azdan-çoxdan ədəbiyyatdan başım çıxırdı. Bir gün onun səhifəsinə baxdıqda dostum Fuadın "Ana" haqqında yazılmış şeirini gördüm və dostumun şeirini paylaşdığına görə Yusifə şəxsən təşəkkür etmək fikrində idim. Lakin o, şeirin altında müəllif kimi öz adını göstərmişdi. Şeiri yüzlərlə insan bəyənmiş, bəlkə iki o qədər də şərh yazılmışdı. Əsəbimdən ürəyim sancdı, bilmədim nə edim. Yusifə ağzıma gələnimi deyim, yoxsa, bu acı hadisəni Fuadla paylaşım? Bilmirdim. Dedim ki, yəqin anlaşılmamazlıq olub. Odur ki, bunun çıxış yolu kimi dostum Fuadın yaradıcılığını daha çox paylaşmağa, onu necə deyərlər reklam etməyə başladım. Lakin az qism insanlardan başqa, heç kəs diqqət göstərmirdi, yenə də heç kəsin vecinə deyildi.

Bir gün Fuadgilə gələndə, Yusif Qələmin də orada olduğunu gördüm. Əsəblərim yenidən oyandı, onu təpiyimin altına sərmək istəyirdim. Lakin bəlkə də üzr istəməyə gəlib və ya dost olmaq istəyir deyə öz-özlüyümdə düşünüb, bu fikirdən əl çəkdim. Hirsimdən heç otağa da daxil olmayıb, mətbəxə keçdim. Özümə çay süzüb, əsəbimdən ard-arda bir neçə siqaret çəkməyə başladım. Yusifin getdiyini görüb, Fuadın yanına gəldim və vəziyyətin nə yerdə olduğunu ondan soruşdum:

- Yusif yaxşı oğlandır, özü də ədibdir, mənimlə tanışlığa gəlmişdi. - deyə sadəlövhcəsinə təbəssüm edirdi. Elə bilirdi ki, özünə dost qazanıb.

- Hə nolsun ki? Nə istəyirdi səndən?

- Heç nə, yaradıcılığından danışdı, mən ona yazdıqlarımı göstərdim və "İlk məhəbbətim" adlı yazdığım əlyazma romanımı oxumaq üçün ona verdim.

- Nə? - deyə ixtiyarsız olaraq Fuadın üstünə qışqırdım. - Sənin başına hava gəlib? Sən heç bilirsən ki, o sənin "Ana" şeirini öz adına çıxarmışdı?

- Doğrudan? Bəs bunu məndən niyə gizlətmisən?

- ... Mmənn, nə bilim... - bilmirdim nə cavab verim, bəlkə də bayaq içəri girib onun mənfur planını alt-üst etməliydim. Axmaq qısqanclığım imkan vermədi, kül olsun başıma!

Bu söhbətin üstündən 3 ay keçdi. Mən Fuadın üzünə baxa bilməsəm də, yenə də gedib gəlirdim. O internetdən istifadə etməkdən imtina etmişdi, noutbuku belə geri qaytarmışdı.

O gün Fuadın ad günü idi. Dost-aşna, məhlə uşaqları - bir sözlə hamımız bir yerdə idik, gözəl dostumuzun ad gününə yığışmışdıq. Deyirdik, gülürdük, əylənirdik. Fuad da bizim üçün şeirlərindən oxuyurdu. Birdən qərara gəldik ki, keçən il dostumuz Vasifin ad günündən olan videoçəkilişə baxaq, bir az deyib-gülək. Bu səbəbdən dostlardan biri aşağı düşərək çəkiliş yazılmış diski gətirməyə getdi, biz isə o gələnə qədər televizorun kanallarını çevirib, gözdən keçirirdik. Kanalların birindən Yusif Qələmi göstərirdilər, mən kanalı çevirmək istədikdə Fuad imkan vermədi, baxmaq məcburiyyətində qaldıq.

Yusif Qələm Gənc yazıçılar üzrə keçirilən respublika üzrə "Qızıl qələm" nominasiyası üzrə qalib seçilmişdi. Bu səbəblə müsahibə verirdi. Fuad bu dəm üzünü mənə çevirərək:

- Görürsən Mikayıl, hər nə olsa da istedadlı ədibdir. - deyib bir anlıq Yusifin əvəzinə sevindi.

Daha sonra münsiflərdən biri müsahibəsində Yusifin yazdığı "İlk məhəbbətim" adlı romanın əsrarəngizliyindən, füsunkarlığından, Azərbaycan ədəbiyyatına yeni gənc nəslin verə biləcəyi ən gözəl töhfə olduğundan danışmağa başladı. Ortaya sükut çökmüşdü. Başımı aşağı salmışdım, qaldıra bilmirdim. Axı mən Fuada nə deyəcəkdim?! Bundan sonra nələr baş verəcəkdi? Düşünməyim belə mənə əzab verirdi. Bəlkə də hər şeyi bu qədər sürətləndirməməli idim, bəlkə hər şey qaydasında qalmalı idi. Yusif kimi dələdüz yazıçının Fuadı tanımasına da mən səbəb olmuşdum... Amma Fuadın üzünə baxa bilmirdim. Məni yandıran isə başqa şey idi... Dost diqqətsiz olsa da, düşmən əsla diqqətdən yayınmır!

 

Fərid Abdullah

Səslərin sayı: 0
0
1122
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!