Bakıda hava 12°
USD AZN
EUR AZN
14 noyabr 14:06Surayye Canim uzulme dersini oxu imtahanini ver men qacmiram
41123

Əcəb olub!

Əcəb olub!

Əcəb olub!

Qırıq-qırıq səslər qulaqlarını cırmaqlasa da, gözlərini açmaq istəmirdi. Çarpayıdan sallanan yorğanın ucunu kortəbii tapıb, üstünə çəkdi. Yerində sağa çevrilib qapalı gözlərinə rəğmən onu qıcıqlandıran günəş işıqlarından qaçmaq istədi. Çox keçmədi ki, digər otaqlardan gələn səs-küy daha da gücləndi. Tələsik addım səsləri otağın qapısına yaxınlaşanda yastığı başına çəkməyin bir faydası olmayacağını anladı. Qapının ağzından yuxulu, bezgin səs ona səsləndi:

- Dur, Rasim, saat səkkizin yarısıdı. 

Yerində dikəlib, gərnəşdi. Çarpayıdan düşüb cəld vanna otağına keçdi. Yuyundu, təraş oldu, sorna da səliqə ilə paltarını geyindi. Mətbəxə keçəndə qarşılaşdığı mənzərə həmişəki kimi idi: oğlu bir yandan rezinli kalustukunu düzəltməyə çalışıb, digər əlində tutduğu şokolad kremli yaxmacı yeməyə çalışırdı. Həyat yoldaşı isə bir yerdə dayanmayan qızının saçını əlindəki bantla yığmağa əlləşirdi. Uşaqlar onu görən kimi bir ağızdan atalarına “sabahın xeyir” dedilər, anaları isə gözü ilə əlindəki saçlara işarə etdi, yəni, “gözlə, bir bunu qurtarım.” Gözlədi. Bir stəkan çay ilə tələm-tələsik bir şeylər yeyib, işə qaçdı. Yaxşı ki, dayanacaqda çox gözləməli olmadı. Işə həmişəki kimi vaxtında gələ bilmişdi. Masasının arxasına keçib kompüteri yandırdı. Ətrafına boylanıb, heç kəsin ona baxmadığına əmin olduqdan sonra facebook-u açdı. Ana səhifədə gəzişəndə hər kəsin bir mövzu haqqında yazdığını gördü. Marağına güc gələ bilməyib xəbər portallarının birinə keçdi. Ekran başdan ayağa şəkillərlə doldu – polis, təcili yardım maşınları, qanlı paltarlı insanlar, bom-boş meydanlar, içlərində “nəsə” daşınan qara torbalar. Kefi pozulmuşdu. Pəncərəni bağlamaq istəyirdi ki, başı üstündə biri danışdı:

- Gördün sən də? Səhərdən hamı bundan danışır. Nə var ki, burda, sənallah?! O tərəfdə nə qədər bizimkilərdən qırılır, heç kim ağzına almır. Yaxşı ki, burda iki-üç mürtəd gəbərib, elə yas qurublar ki! Əcəb olub!

Heç başını qaldırıb sallaq sifəti və o sifətin düz ortasındaki lopa bığı görməsəydi də danışan kim olduğunu bilərdi. Zırrama adam idi, danışmağa dəyməzdi. Odur ki, başını yelləməklə kifayətlənib pəncərəni bağladı. Iş proqramlarını açdı, yəni, “mən işləyirəm, narahat etmə.” Çox keçmədən ənsəsində hiss etdiyi fısıltılı nəfəs də uzaqlaşdı. Təzədən facebook-a qayıdıb oyununa girdi. Yox, bu gün heç kimə can istəyi göndərə bilməzdi, vəziyyəti başa düşürdü. Ona görə də bir az oynayıb işə başladı. Günorta yeməyi fasiləsinə kimi vaxtını beləcə keçirtdi. Digər iş yoldaşları kimi dükandan dönər almaq üçün binadan çıxanda uzaqdan səs-küy gəldiyini eşitdi. Maraqlanmağa həvəsi yox idi, amma iş yoldaşlarının danışıqlarından qulağına çalındı ki, orada bir qəza olub. “İkisi ölüb, biri lap uşaqdı. Yazıq...”- bunu eşidəndə ürəyi sancdı. Bu hissi sorğulamağa fürsət tapmadan hamılıqla işə qayıtdılar. Dəqiqələr, saatlar keçdikdə ürəyindəki sancı daha da dərinə saplanır, küt ağrıya çevrilirdi. Hətta ona elə gəldi ki, ürəyi onun daşıya bilməyəcəyi qədər ağırlaşıb. Axrıncı saatda gözü telefonunda qalmışdı. Hər dəqiqə rəqəminin dəyişməsini səbirsizliklə gözləyirdi. Dözə bilməyib, iş vaxtının qurtarmasına 15 dəqiqə qalmış işdən çıxdı. Dayanacaqda axşam sərinində titrəyə-titrəyə gecikən avtobusu 15 dəqiqə gözləyəndə, buna görə özünü söydü. Avtobusa birtəhər minib camaat arasında özünə yer elədi. Çölün soyuğundan avtobusun insanların nəfəsi ilə isinmiş havasına girəndə həmişə xumarlanırdı, amma bu dəfə heç cür sakitləşə bilmirdi. Xısın-xısın öz aralarında danışan, hamısının üzündən yorğunluq yağan bu insan yığınının içində özünü həmişəkindən narahat hiss edirdi. Birdən ürəyindəki küt ağrının gücləndiyini hiss etdi. Bu, günortaki sancıdan fərqli idi. Köksündən çıxmaq istəyirmiş kimi çırpınırdı ürəyi, onu yerində saxlamaq istəyirmiş kimi əlini sinəsinə sıxdı. Damarlarında sürətlə axan qanın uğultusu qulaqlarında idi. Nə baş verdiyini anlamırdı, çarəsizcə ətrafına baxdı - görəsən kömək istəməli idi? Amma heç kəs ona baxmırdı, çoxu pencərədən bir şeyə maraqla baxırdılar. Gücünü topayıb, ayağa qalxıb, o da pəncərədən çölə boylandı. İnsan başları arasında seçə bildiyi qədər ilə bir təcili yardım keçməyə yol axtarırdı.

Əcəb olub!

Həmin an qulaqlarındakı uğultu çəkilib, getdi. Dərk etdi ki, bayaqdan onun zəhlətökən səsini eşidirmiş. Hətta, ilk dəfə onun səsini eşidəndə ürəyi yenidən sancmağa başlamışdı. Fikirlər beyninə hücum edib, səbəbini öyrənməyə çalışırdı ki, bir cümlə zehnində ildırım kimi çaxdı: “İkisi ölüb, biri lap uşaqdı. Yazıq...” Uşaq... Uşaqlar... Aha, axı həmin an uşaqları ağlına gəlmişdi, onların yaxşı olub, olmadığını soruşmaq üçün zəng vurmağı qərara almışdı. Necə olub ki, bunu unudub? Daha dəhşətlisi, necə olub ki, bunları fikirləşdiyini belə unudub?! Cəld telefonunu çıxarmaq üçün əlini cibinə saldı. Elə indi evə getdiyini xatırlayıb, könülsüz-könülsüz boş əlini çıxartdı. Bundan sonraki hərəkətlərini xatırlamırdı; hamısını şüursuzcasına, adətkar olduğundan hiss etmədən etmişdi: avtobusdan düşmək, evdən 10 metr aralıdakı dükkana girib 2 şokolad almaq, qapının zəngini basmaq. Qapının digər tərəfindən asta addım səslərinin yaxınlaşdığını eşitdikcə ürəyindəki sancı daha da titrəyirdi. Ona bir əsr kimi gələn 10-15 saniyə ərzində ağlından min ssenari keçdi – hamısı içində ən çox beyninə işləyən həyat yoldaşını gözü yaşlı gördüyü səhnə idi. Hə, onu elə belə də görəcəyinə əmin idi. Elə əmin idi ki, qapı açılıb həmişəki yorğun və bezgin sifətlə qarşılaşdıqda təəccübləndi. Ağzını açmağa macal tapmamış içərindən gələn boğuşma səslərini eşitdi. Bir çığırtı və ciyiltili səslə ağlayan qız uşağı - həyat yoldaşı onu qapı ağzında qoyub içəri qaçdı. Ayaqqabılarını çıxaranda onun hirsli səsini eşidə bilirdi:

- Bezmişəm əlinizdən! Siz necə bacı-qardaşsız ki, yola gedə bilmirsiz? Atanız gəlib, bir az sakit olun!

Uşaqların səsi kəsildi. Qonaq otağına keçib divanda əyləşdi. Pultu əlinə qalıb, cizgi film olan kanalı dəyişdi. Xəbərlərdə saxladı. Səbəbini bilmədiyi rahatlıq bədənini elə çulğamışdı ki, nəyə baxdığının fərqində belə deyildi. Bircə süfrəni qurmaq üçün oyana-buyana qaçan həyat yoldaşı başının üstündə ayaq saxlayıb:

- Səs ver, görüm. Nə olub orda? – deyəndə özünə gəldi. Qadın təəssüflə başını yelləyirdi. – Can, can. Yazıqlar!

Heç özü də bilmədi nə vaxt dodaqlarından bu sözlər töküldü:

- Əcəb olub!

Cəmilə Məmmədli

Səslərin sayı: 3
7
1537
loading...
Şərhlər
Offline
Fatma xanım
“İkisi ölüb, biri lap uşaqdı. Yazıq...” Uşaq... Uşaqlar... Aha, axı həmin an uşaqları ağlına gəlmişdi, onların yaxşı olub, olmadığını soruşmaq üçün zəng vurmağı qərara almışdı. Necə olub ki, bunu unudub? Daha dəhşətlisi, necə olub ki, bunları fikirləşdiyini belə unudub?!
25 noyabr 2015 18:44
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Nermin_Guler
Son illər müsəlmanların başına gələn hadisələr çox insanın ürəyini daşlaşdırıb deyərdim. Bəli həlak olanlar dinindən, dilindən asılı olmayaraq bir insandır. Allahın yaratdığına heç kim qıymamalıdır. lakin bu dövlətlərin müsəlmanların başına gələnlərə səssiz qalması və hətta günahkar olması yaradır bu " əcəb oldu" ifadəsini.
24 noyabr 2015 15:19
Offline
Aysel İ.
"Özünə rəva bilmədiyini heç kimə arzulama"
24 noyabr 2015 13:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Iceberg
Son vaxtlar debe minibe bu eceb olublar. Halbuki hami insandi
24 noyabr 2015 11:30
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Baş qəhrəman qınansınmı, qınanmasınmı bilmədim. Söz tapa bilmirəm. Cəmilə xanım, qələminiz iti olsun.
24 noyabr 2015 10:04
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Emma Svon
Öz övladlarını düşünür, ancaq yad uşaqları yox. Çox qəribədir. İş yoldaşından heç də geri qalmadı. Uşaqları bu gün salamatdı deyə rahatladı və "əcəb olub" sözünü deyəcək qədər daşa döndü.
24 noyabr 2015 10:00
Offline
Ellada Babayeva
“İkisi ölüb, biri lap uşaqdı. Yazıq...” Uşaq... Uşaqlar...

Birdən bu uşaqların yerində onun öz övladları olsaydı..
23 noyabr 2015 21:11
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış