Bermud üçbucağı (digər adı ilə Şeytan üçbucağı) - gəmilərin və təyyarələrin sirli bir şəkildə yox olduğu bir yerdir. Üçbucağın təpə nöqtələri Bermud adaları, Florida və Puerto Ricoda yerləşir. Hər bir tərəfi təxminən 1600 km-ə bərabərdir.
Bu anlayışı ilk dəfə 1964-cü ildə yazıçı Vincent Gaddis "Argosy" jurnalında işlətmişdir. Ancaq Bermud üçbucağı ifadəsi Berlitz tərəfindən beynəlxalq populyarlıq qazanmışdır. 1974-cü ildə nəşr etdirdiyi "Bermud üçbucağı" adlı kitabından sonra bu ifadə hər kəsin bildiyi və çəkindiyi bir yer kimi tanınmışdır. Həmin kitabda itmiş şəhər Atlantida haqqında da məlumatlar var. Bu kitabdan sonra Atlantida və Bermud haqqında müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bunlardan birində deyilir ki, Atlantida həmin bölgədə suyun altındadır. Gəmilərin və təyyarələrin batmağına və ya yox olmağına səbəb isə Atlantidada olan "kristal enerji"-dir. Daha utopik yanaşmalarda isə burada başqa planetlilərin bazalarının olduğu deyilir. Onların fikirlərinə görə, guya kainatın başqa hissəsindən bizim planetə açılan bir yarıq sayəsində yadplanetlilər oraya gəlib çıxa biliblər. Əlbəttə ki, bu ən az reallıq payına malik olan fərziyyədir.
Buna qarşılıq olaraq bəzi mülahizələrdə bu hadisənin təbiətin müxtəlif qüvvələrindən qaynaqlandığı fərz olunur. Məsələn, dənizin altında böyük miqdarda mövcud olduğu bilinən yanıcı metan qazı cəbhələri gəmi və təyyarələri yox edə bilər. Bəlkə də gəmi və ya təyyarələrin tam yanında səthə çıxan metan qabarcıqları ildırım və ya elektrik qığılcımı vasitəsilə yanır və onları heç bir izsiz batırır. Bu fərziyyə ilə əlaqədar bir neçə məntiq problemi var. Bunlardan biri ondan ibarətdir ki, metan onsuz da təbii olaraq ətrafımızda mövcuddur və bu günə qədər heç bir belə dağıdıcı hadisə ilə qarşılaşmamışıq.