"İyirmi qəpik" » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9254 AZN

"İyirmi qəpik"

 

"İyirmi qəpik"


Gediş haqqı artımından əvvəl

 

Yəqin ki, “20 qəpik bir şey deyil ey, amma...” deyə arxasında bir çox mətləblər dayanan fikri ətrafınızdakı adamlardan çox eşitmisiniz. Mən də eşitmişəm. Əvvəllər əhəmiyyət vermədiyim bu fikrdə çox məqamların gizləndiyini təzəcə hiss etmişəm. Vallah bu xalq çox şeydə haqlıdır, gəlin, onların sözlərini qəribliyə salmayaq. Götürək elə “El üçün ağlayan gözsüz qalar” məsəlini. Haqsızdılarmı? Əlbəttə, yox. Buna sübut kimi göstərə biləcəyim bir çox hadisələr var ki, ədəbiyyatdan, tarixdən özünüz oxuyub bilirsiniz deyə təkrarçılıq etmirəm. Elə həyatda da belə nümunələr az deyil. Nə isə, demək istədiyim odur ki, indi də mən təəssüf hissi ilə yazıram ki, iyirmi qəpik bir şey deyil, amma bəzən elə yerdə elə gözəl və yaxud elə pis hisləri ifadə edir ki, bu məqamları heç yazıçılar da bu cür təsvir edə bilməz. İnsanların kim olduğunu, nəyə qadir olduqlarını iyirmi qəpik bircə anın içində üzə çıxarır. İyirmi qəpik bəzən mərhəməti, bəzən xəsisliyi, bəzən də incikliyi ifadə edir. Bunlardan üçüncüsü mənə aiddir və bu yazını da o səbəbdən yazıram. Hələ o hissəyə gəlib çatmamış iyirmi qəpiyi geninə-boluna şərh edək. Mən yazdıqca ya başınızla təsdiqləyin, ya da gündəlik yaşayışınıza nəzər salın. Görün iyirmi qəpiklə bağlı nə qədər xatirələriniz var. İnanıram ki, kimsə kövrəlib ürəyindən keçirdi ki, “uşaq vaxtı məktəbdə bulku almaq istəyirdim, amma iyirmi qəpiyim olmadığından yoldaşlarımın ağzına baxa-baxa qalmışdım” Bəlkə, kimsə də dedi ki...yox, gördüklərinizi özünüz yazın, ya da danışın. Mən öz müşahidələrimdən yazacam.

Hamımız işlə məşğul olduğumuzdan çox vaxt tanışlarımızla ictimai yerlərdə, xüsusilə də nəqliyyatda rastlaşırıq. Uzaqdan tanış üzlər görəndə qəlbimə xoş hislər yayılır. Nə yaxşı ki, rastlaşdıq deyə düşünürəm. İnsanları sevdiyimdən heç kəsdən qaçmıram. Amma adamlar mənə necə sadəlöhv olduğumu “başa saldılar”. Onlar mənə hər gün öz rəftarları ilə çox şey izah edirlər. Tanış görəndə bilmirəm ona hörmətimi necə, nəyin vasitəsilə bildirim. Sədaqətli olduğumu bildirmək üçün heç kəsə “lazım gələrsə yolunda canımdan keçərəm” demirəm. Sevgini hər an əməldə hiss etdirmək mümkün olduğu halda, niyə hansısa zamanı gözləyim. (Təbii ki, saxtakarlıqla saf hissləri seçməyə hər kəs qadirdir.) Həm ayrı-ayrı fərdləri tanımaq, həm də cəmiyyətə dərindən bələd olmaq üçün ictimai nəqliyyat əlverişli məkandır. Orda biz çox şeydən xəbərdar oluruq. Bu əlverişli məkanda bir dəfə belə bir mənzərəni seyr etmişdim.

Əyləşib avtobusun nə vaxt tərpənəcəyini gözləyirdim. Məndən qabaqda əyləşən ana-balanın söhbətini istəmədiyim halda dinləməli oldum. Bir nəfər gənc qız anasına kimisə göstərib

- Bax, Xalidə xala da burdadır- dedi. Ana az qala qızının ağzının üstünə şillə vursun. Özünü birtəhər ələ alıb dişlərini qıcayaraq

- Tanış görəndə görməzliyə vur, gərək 20 qəpik də onun əvəzinə verək.

Məəttəl qaldım. Hələ o anadək ağlıma belə şey gəlmirdi. Deməli, adamları görüb görməzliyə vurmaq, sonra da utanmadan “vallah görməmişəm” demək mümkünmüş. Səbəb də 20 qəpik. Əgər başqa bəhanəylə görməzdən gəlsəydi başa düşərdim. Maddi durumun pis olduğunu da düşünmək olar. Ailə var ki, 20 qəpikləri toplayıb nəticədə hansısa bir ehtiyacını ödəyir. Bu 20 qəpiyin o qədər “işi” var ki. Bəzən onunla bir uşağa böyük sevinc bəxş etmək olur, bəzən də onun yoxluğundan kimsə yoldaşlarının ağzına baxa-baxa qalır. Bir ovuc 20 qəpiyi cibimizə qoyub evdən çıxanda addımbaşı qarşımızda əl açanlara verib nəticədə özümüz pulsuz da qalırıq. Gediş haqqını ödəmək üçün sürücüyə xarici ölkələrin qəpiyini verib tələsik qaçanları da, dava-dalaş salıb guya hirslənibmiş kimi düşüb gedənləri də görmüşük. Tələbə üçün 20 qəpik daha dəyərlidir. O evdən çıxarkən gediş-gəliş haqqını hesablayıb pulu büdcəsinə uyğun götürür.

 

"İyirmi qəpik"



 

Əgər avtobusda “Balamsan, bizim də əvəzimizə kart vur” deyib də qəpiyi ona qaytarmayan ər-arvadla qarşılaşmasa birgünlük yolları “yola verə bilər” O evdən çıxanda ağlına gətirmir ki, gediş haqqını ər arvadın, arvad da ərin ödəyəcəyini düşünən ailəyə rast gələcək. Təbii ki, tələbə pulu geri istəyə bilməyəcək. Ayıb sayacaq. Amma ər-arvad 20 qəpik üçün özlərini gülünc etməyə razı olacaqlar. Kart sisteminə keçməyən avtobuslarda da tanışlar bir ayrı cür hiylə işlədir. Sağollaşıb düşməzdən qabaq sənə “düşərsən” (yəni gediş haqqını ödəyəcəm) deyən adam sürücüyə yalnız özünün 20 qəpiyini verib gedir. Elə bilir ki, sən bunu başa düşməyəcəksən. Əslində isə özünü necə cılızlaşdırdığından xəbərsiz olur. Başqasının gediş haqqını ödəməyin “gözəlliyini” təbliğ etmirəm. Demək istəyirəm ki, əzizlərim maddi durumun yaxşı deyilsə, sakitcə düş get, mənə hesabat vermə. Axı hər dəfə 20 qəpiyi mənə göstərib “vallah olanım bircə budur” deyib də özünü niyə ucuzlaşdırırsan. Axı sən bunu bütün tanışlara deyirsən. Həm də sənin çoxlu-çoxlu 20 qəpiyin olduğunu da hamı bilir. Bu iyrənc üsula əl atmağa nə gərək var. Bu cür hallarda hələ də səbəbini çözə bilmədiyim bir məqam da izləmişəm. Ən pisi də budur ki, bu iyrəncilikləri imkanlı şəxslər edir, kasıb adamlar özlərinə belə şeyləri yaraşdırmırlar. “Ziyalı” (əslində isə evində diplomu olan) bir qadının (əri özünündən də “ziyalı”) dəfələrlə

- Bağışlayın, yoldaşım mənə pul vermir, ona görə də sizin gediş haqqınızı ödəyə bilməyəcəm- deməsi adamı insanlardan az qalır soyutsun. Axı niyə sakitcə düşüb getmirsən? Səndən bunu kim istəyir? Bir də ki, ərini (yalanla) bu cür alçatmaqla nə etmək istəyirsən?

İyirmi qəpiyi şəxsiyyətlərindən üstün tutanları qınayanda “ağıllı” adamlar mənə “bu cür ediblər ki, o qədər sərvət toplayıblar” deyirlər. Bəli, alim olmaq da, varlı olmaq da olur, amma insan olmaq, şəxsiyyət formalaşdırmaq çoxunda alınmır.

İyirmi qəpik bir dəfə də məni “imtahana”çəkib. Pul kisəmdə yüz manat və 20-cə qəpik (bu dəfə 20-cə) olduğu bir vaxtda avtobusda iki nəfər tanışla rastlaşdım. Fikrə qalmışdım ki, neynəyim. Əgər yüzlüyü sürücüyə verib gediş haqqını çıx desəm səmimi olduğuma inanmayacaq, əsəbləşəcək ki, düş get. Buna da heç cür razı deyiləm. Təkcə özümünkünü ödəyib düşəndə də tanışlar arxamca qeybət edib “20 qəpik bir şey deyil, amma...” deyəcəklər. Çox pis vəziyyətdə idim. Mən bu üzüntü içində ikən sürücü qəfil əyləci basdı, avtobus sağa-sola ləngərlədi. Özümü saxlaya bilməyib oturacağa ilişdim. Pencəyimin aşağı tərəfi nəyəsə ilişib söküldü. Bu vaxt yerə xeyli sayda qəpik töküldü. Sən demə, cibimdə yırtıq varmış, hər dəfə qoyduğum qəpiklər ordan astarın içinə tökülürmüş. İlk dəfə olaraq söküntü işinə sevindim. Sağ olmuş cavan oğlanlar qadın olduğum üçün hörmət edib əyilib qəpiklərin yığa bildiklərini verdilər, qalanı da diyirlənib ora-bura doldu. Bundan sonra təsadüflərə inanmağa başladım. Beləliklə, tanışların yanında xəcalətdən qurtardım. Belə olmasaydı da heç kəsə yüzlüyü çıxarıb “Vallah xırdam yoxdur” deməyəcək, öz gediş haqqımı ödəyib utana-utana sağollaşıb düşəcəkdim.

Həmin vaxtdan xeyli keçmişdi. Bu dəfə mən də hamı kimi pulun dili ilə danışdım. Yox, varlı olduğumdan heç kəsə meydan oxumadım. Sadəcə, sözlə deyə bilmədiyim incikliyimi 20 qəpiyə böyük bir “ixtiyar” verərək onun vasitəsilə bildirdim.

Görün düzmü, yoxsa səhvmi eləmişəm?

Möhkəm incidiyim bir tanış var. Elə bil o həyata gələndən niyyəti nə vaxtsa tanış olacağı bir adama- mənə daima ögey münasibət göstərəcəyi arzusuyla yaşayıb. Həmişə kobudluq görmüşəm ondan. Səbəbi xarakterinə bağlı olduğundan güzəşt etməyə çalışıb yola versəm də adam sakitləşmək bilmirdi. Yəqin ki, başqa adam olsaydı bu incikliyi ipə-sapa düzüb həmişə, hər kəsə giley edərdi. Mənsə susurdum. Amma həmin gün avtobusda ondan incidiyimi açıqca bildirdim. Bacım da yanımda idi. Biz düşərkən o gediş haqqını ödəyəndə tanışı da nəzərə aldı.(mənim tanışım olduğundan) Birdən ağlıma dəli bir fikir gəldi. Bu adamın yol pulunu ödəməyə razı olma. “Düzdü 20 qəpik bir şey deyil, amma burda o qəpik böyük mətləblərdən xəbər verəcək. Ondan incidiyimi bu qəpik vasitəsilə bildirməyi qərarlaşdırdım.” Bacımın əlindən tutdum. Baxışlarımla “olmaz” işarəsi verdim. Yazıq qız utandı, dodağının altından “ayıbdır” dedi. Tərslikdən mən də tərsləşmişdim. “Qoy başa düşsün ki, inciyəm ondan” dedim. Bacım xəcalətli

halda avtobusdan düşdü. Qəribədir, ilk dəfə idi ki, özümü qınamırdım. Amma bacımı utandırdığımdan möhkəm utanırdım. Özümə isə güclə də olsa bir təsəlli verirdim. Adamlar bir-birilə üz-üzəə gələndə qucaqlaşır, sevgilərini nümayiş etdirilər. Elə ki, aralandılar biri o birindən qeybət edir. Mənsə o tanışdan heç kəsə qeybət etməmişəm, incikliyimi gözünün içinə bax beləcə bildirdim. 20 qəpiklə ona maddi zərər vurmasam da mesaj göndərmiş oldum. Doğrudan da 20 qəpik çox şeyə qadirmiş. (Deyəsən, hamı kimi olmağa başlayıram)

Gediş haqları artırılıb 50 qəpik olsa nələr olacaq Allah bilir.

Pərvanə Bayramqızı

2017

Səslərin sayı: 2
4
206
Digər yazılar
Şərhlər
Offline
Ayla Ayla
20 qəpiyin qiymətini bilmədik heç bilmədik. İndi üz-üzdən utanar
12 avqust 2018 21:59
Offline
Iceberg
Son günlər daha çox aktuallaşıb bu qəpik söhbəti))
12 avqust 2018 15:31
imza: shafaabdulla.blogspot.com
Offline
Surayye
Nece defe tanislarim meni gormezden gelibler men de uz vurmadim belke yoxdudu. Her defe de here ozune verir
12 avqust 2018 14:47
Offline
Xəyalə Murad
Pərvanə xanım, bu məqaləniz bir xatirəmi oyatdi)) Çox pərt olmuşdum. Evdən çıxanda çantamda cəmi 100 manat və qəpiklər olduğunu bilirdim. Ona görə arxayın avtobusa mindim. Dayanacağıma on dəqiqə qalmış adətim olaraq əlimi çantama atdım və baxdım ki 4 ədəd 3 qəpikdən ibarətmiş )Sürücüyə 100 manat verə bilməyəcəyimi anlayıb çox pərt oldum. Dayanacağıma beş dəqiqə qalmış avtobusa tanış mindi. Eyni yerdə düşəcəyimiz üçün məni itələyib sürücüyə yaxınlaşdı və mənim yerimə də verdi. Sözüaçıq olduğumdan avtobusdan enəndə danışdım)) Tanış da işə gedənə kimi gülüb. Mənsə ömürlük dərs aldım. Bundan sonra çantamın qəpik bölməsini yoxlamadan evdən çıxmıram.
12 avqust 2018 12:15
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!