Qadin.NET / Sitrusların nəhəngi - pomelo

Sitrusların nəhəngi - pomelo

Son illər bazarların piştaxtalarında təkəm-seyrək də olsa görünən bu meyvə öz ölçüsünə görə diqqəti cəlb edir. Pomelo sitrus meyvəsidir. Onun acımtıl tam verən şirin dadı var. Bu ekzotik meyvənin vətəni Cənub-Şərqi Asiya, Malayziyadır. Amma pomelonun adına hələ bizim eradan əvvəlki Qədim Çin traktatlarında rast gəlinir. Elə bizim günlərdə də Çin ənənlərinə üstünlük verənlər dini bayramlarda bir-birlərinə pomelo bağışlayar, bu bəxşiş ilə verdiyi insana uğur və çiçəklənmə arzularını bildirir. Avropada isə pomelo XIV əsrdən tanınmağa başlayır. 

Bu iri meyvə ilk baxışdan rəngi ilə seçilir. Açıq yaşıldan sarı rəngədək çalır. Formasına gəlincə isə,şar kimi sortlarından ta armudaoxşar formalı müxtəlif pomelalara rast gəlmək olar.Bəzi nəhəng pomelaların çəkisi 10 kq-a çatır. Pomelo portağal, qreypfrut, naringi ağaclarına oxşayan həmişəyaşıl ağacda bitir.

Faydalılıq xüsusiyyətlərinə gəlincə isə əgər qreypfrut  vitamin və minerallarla zəngindirsə, pomelo bu göstəriciləri dəfələrlə geridə qoyur. Askorbin turşusu, C və A vitaminləri, antioksidantlar və efir yağları ilə zəngin olan bu meyvə fəsil dəyişən zaman əvəzsizdir. Bundan başqa pomelo soyuqdəymə ilə mübarizədə ideal vasitə sayılır.
Pomelonun faydalı xüsusiyyətləri bununla bitmir. Bu meyvə müxtəlif pəhriz tərəfdarları üçün əvəzsiz meyvədir. 25-30 kilokaloriyə malik olan pomelo yağ və zülalların aktiv parçalanmasına kömək edir, aclıq və susuzluq hissini aradan qaldırır. Onun mineral tərkibində kalium, kalsium, fosfor və dəmirin faizi çox olduğundan, pomelo ürək-damar xəstəliklərinin profilaktikasında, qanda şəkərin miqdarı artdıqda və hemoqlobin aşağı düşdükdə məsləhət görülür.

Pomelo ateroskleroza qarşı profilaktika vasitəsi kimi faydalıdır, hətta xərçəng şişlərinin profilaktikası üçün tövsiyə edilir.
 

Pomelonu necə seçməli və necə yeməli?

Meyvənin yetişdiyini müəyyən etmək üçün onu qoxulamaq kifayətdir. Pomelonun yaydığı ətir nə qədər tünddürsə, meyvəsinin ləti də bir o qədər şirin və dadlıdır. Bundan başqa meyvənin qabığı qalın və möhkəm olmalı, barmaqla basdıqda qabıq geri qayıtmalıdır.
Pomelo çoxdan satışda olsa da bəziləri pomelonu necə yeməyin lazım olduğunu bilmirlər. Lakin pomelodan kulinariyada istifadə imkanları çox genişdir. O,müxtəlif meyvə salatlarına zəngin dad bəxş edir, piroqlar üçün əla içlik sayılır. Dadında azacıq acılıq isə bu meyvədən ət xörəklərinin souslarına əlavə kimi istifadə etməyə imkan verir. Bundan başqa pomelo şirə baxımından əlverişlidir, səhərlər onun şirəsini içmək sağlamlığa çox faydalıdır.


Sadəcə bu heyrətamiz ekzotik meyvənin saxlama şəraitinə diqqət yetirmək lazımdır. Qabığı soyulmamış pomelonu otaq temperaturunda 1 ay saxlamaq olar, yox, əgər onun qabığını soymusunzsa, soyuducuda cəmi 3 gündən artıq saxlamayın.

23 aprel 2013
GO BACK