Qadin.NET / Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər

Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər

 

 

Demək olar ki, istənilən yaşda adamlar tez-tez yarızarafat-yarıgerçək yaddaşlarının zəifləməsindən şikayətlənirlər. Bu zarafat olsa, dərd yarıdır, amma bəzən Altsgeymer xəstəliyi və ya qocalıqla bağlı ağıldankəmlilik hallarına da rast gəlmək olar. Hər iki halda insan sadəcə unutqan olmur, onun əvvəlki illərlə bağlı bütün xatirələri yaddaşından silinir.

Təsadüfi deyil ki, bu məsələ müasir təbabəti ciddi narahat edir, axı hazırda 65 yaşdan yuxarı insanların 5 faizi ağıldankəmlikdən əziyyət çəkir. Yaşı 80-i keçmiş adamlar arasında isə bu göstərici daha yüksəkdir. Lakin araşdırmalar göstərir ki, unutqanlıq heç də həmişə ağıldankəmliyin başlaması əlaməti deyil. Çox vaxt buna səbəb yaddaşın məşq etdirilməməsidir. Aşağıdakı tövsiyyələrə əməl etsəniz, “laxlamış” yaddaşınızı asanlıqla bərpa edə bilərsiniz.

Müntəzəm olaraq fiziki təlimlərlə məşğul olun. Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, müntəzəm fiziki məşğələlər, hətta qoca yaşda da beyin toxumasının itkilərini xeyli azaldır.

Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər

 

Sağlam qidalanma qaydalarına əməl edin. İlk növbədə qidanın tərkibində şəkər və heyvan mənşəli piylər azaldılmalı, antioksidantlarla zəngin olan qara qarağat, ispanaq və çuğundur kimi meyvə və tərəvəzlər üstünlük təşkil etməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər maqneziumla zəngin olur və yaddaşı bərpa etməyə kömək edir.

Yeni bacarıq və vərdişlər mənimsəməyə çalışın. Daim əvvəllər məşğul olmadığınız təzə bir şey, məsələn, fortepiano çalmaq və ya xarici dil öyrənin. Bu beynin işini stimullaşdırır və sabitləşdirir.

Yuxunuza fikir verin. Alimlər belə hesab edirlər ki, uzunömürlü insanların çoxu sutkada 6-9 saat yatır. Hədsiz az yatmaq diqqətin cəmləşməsinə ziyandır. Lakin həddən çox yatmaq da zərərlidir.

Yaddaşınızı müntəzəm məşq etdirin. Oxuduğunuz kitabda və ya şahid olduğunuz hadisədə ən mühim məqamları qeyd edin və onları yadda saxlamağa çalışın. Insanlarla daha çox ünsiyyət qurmağa çalışın. Söhbətlər, xüsusən də müsbət emosiya doğuran söhbətlər beyni lazımı formada saxlamağa kömək edir.

Vaxtınızı və işinizi təşkil edin. Hər bir mühüm xırda şeyin (açar, eynək və s.) yerini tapın. Görmək istədiyiniz işlərin siyahısını tərtib edin.

 

Yaddaşı yaxşılaşdırmaq üçün məşqlər

 

Televizordan uzaq olun, mütəxəssislər belə hesab edirlər ki, televiziya verlişlərinə həddən artıq aludə olmaq əsəb sistemini zəiflədir.

Mühim məlumatları qısaca qeyd edin. Bu, qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçməsinə kömək edir.

“Başsındıran məsələlər” həll edin. Krossvordlar, kart oyunu və stolüstu oyunlar yaddaşı yaxşılaşdırır. 

3 fevral 2016
GO BACK