Vəba xəstəliyinin törədicisi əsasən su vasitəsilə yayılır. O, Asiya qitəsinin bir çox ərazilərində geniş yayılıb, xüsusilə Hindistan üçün isə endemik xəstəlik sayılır. Ancaq zaman-zaman vəba epidemiyası dünyanın digər ərazilərində də baş qaldırmışdır. Vəbaya qarşı effektli antibiotiklər tapılana qədər dünyada külli miqdarda insanlar bu xəstəliyin qurbanı olmuşdur. Qeyd edək ki, təkcə Nyu-York şəhərində 1832-ci ildə vəba epidemiyasından yarım milyon insan ölüb.
Vəba xəstəliyinin törədicisi morfoloji cəhətdən vergülə oxşar vəba vibrionudur (Vibrio Cholerae). Yoluxmanın əsas mənbəyi xəstə insanların və ya bu patogenlərin simptomsuz daşıyıcılarının nəcisi ilə çirklənmiş sulardır.
Vəba 5 epidemioloji xəstəlikdən birinə aiddir ki, onlar harada baş qaldırmasından asılı olmayaraq Ümumdünya Sağlamlıq Təşkilatının Cenevrə şəhərində yerləşən mənzil qərargahında hökmən qeydiyyatdan keçilməsi tələb olunur. Alınmış məlumata cavab olaraq Beynəlxalq Təşkilatlar infeksiyanın qarşısını almaq üçün müvafiq tədbirlər görür.
İlk növbədə əhali təmiz su ilə təmin olunmalı, yaşayış məntəqələri təmiz saxlanılmalı, şəxsi və ictimai gigiyena qaydalarına əməl olunmalı, əhalinin tibbi-gigiyenik cəhətdən maariflənməsi güclənməli, vəba xəstəliyi yayılan zonada yaşayan, eləcə də bura gələnlər hökmən xəstəliyə qarşı peyvənd edilməlidirlər.
Peyvənd yüksək temperaturun təsirindən öldürülmüş vəba vibrionundan hazırlanır. Bu vibrionlar 40-60 % effektli olur və belə süni immunitet 3-6 ay saxlanılır. Revaksinasiya tez bir zamanda immunoloji cavab verir və epidemiya qığılcımının qarşısının alınmasını təmin edir.
Hazırda gen mühəndisliyi üsulundan istifadə etməklə yeni peyvənd etmə yolları araşdırılır. Bunun üçün toksinin sintezini kodlaşdıran genlərin identifikasiyasi və klonlaşdırılması çox vacibdir. Digər ümidverici amil kimi bir və ya iki toksiklik genləri olmayan və aşağı molekullu vibrion ştammının alınmasıdır.
Bütün bunlarla yanaşı üzərində nəcis hissəcikləri olan mexanki daşıyıcı-milçəklərlə mübarizə, xəstənin izolyasiya olunması, tərkibində müxtəlif xəstəlik törədən bakteriyalar olan qida maddələrinin xəstəxanaya buraxılmaması, bütün xəstələrin defekasiya məhsullarının təcili analizi, kimyəvi profilaktika və s. aparılmalıdır.
Vəba xəstəliyinin tibbi əhəmiyyətini nəzərə alaraq onun törədicilərinin daha bir bioloji aspektinə toxunaq. 1970-ci ildə müəyyənləşdi ki, vəba vibrionu mikroskopik ölçülü yosunun içərisinə daxil olaraq sistalaşır, orada aylarla və hətta illərlə belə qala bilir. Elə həmin vaxtdan başlayaraq Hindistanın, Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın sahilboyu vilayətlərində çoxsaylı vəba epidemiyaları baş verib. Tədqiqatlar nəticəsində məlum olub ki, buna səbəb 1961-ci ildə ilk dəfə İndoneziyada tapılan vəba vibrionunun yeni ştammıdır. O, çox böyük virulentliyə malik olmaqla dəniz suyunda uzun müddət yaşamaq və dünya okeanlarında miqrasiya etmək qabiliyyətinə malikdir. Miqrasiya nəticəsində dənizin çirklənməsi və ştammın geniş ərazilərdə yayılması baş verir.
Müəllif: C.Ə.Nəcəfov