Amerika alimləri yuxu haqqındakı tədqiqatları bir araya gətirib "Niyə bizim əksəriyyətimiz yuxudan doymur və səhər durmağa çətinlik çəkirik" sualına cavab tapmağa çalışıblar.
Ekspertlər deyirlər ki, bu xoşagəlməz vəziyyətin əsas səbəbləri gərgin iş, stress, yuxusuzluq və psixoloji problemlərdir.
İndi bunun fizioloji tərəflərinə nəzər salaq. Melatonin adlı hormon gündəlik olaraq ifraz olunan hormondur və o, həyat ritmini müəyyən edir, yatmağı və oyanmağı tənzimləyir. Əgər biz gündəlik həyat rejimimizə laqeyd yanaşırıqsa, vaxtsız və çox zaman gec yatırıqsa, əlbəttə ki, səhər oyanmaq vaxtı gəlib çatanda melatoninin səviyyəsi hələ də yüksək olacaq və oyanmaq çətinləşəcək. Nəticə etibari ilə insan özünü zəif və nasaz hiss edərək, adi işləri belə görməkdə çətinlik çəkəcək.
Gündəlik rejimi bərpa etmək üçün çox sadə qaydaları yerinə yetirmək lazımdır. Özünüzü artıq günəş batan zamandan yatmağa hazırlayın və təmiz havada gəzin. Unutmayın ki, orqanizmin bioritmini tənzim etmək payız və qış aylarında daha çətin olur. Yenə də səhərə ümüdlə başlamaq əsas şərtdir.
1. Səhər mütləq tez durmaq üçün bəhanələr uydurmaq lazımdır (müvəffəqiyyət qazanmaq üçün, günə yaxşı başlamaq üçün, çoxlu pul qazanmaq üçün və s.);
2. Yuxuya təsir edən vasitələrdən uzaq olmaq lazımdır (kofein, alkoqol);
3. Tədricən erkən oyanmaya keçmək (hər gün 10-15 dəqiqə daha tez durmaqla tədricən istədiyiniz vaxta nail olun);
4. Özünüz üçün mükafatlar düşünün (bu, stimul verəcək);
5. Növbəti gün üçün planlar qurun (gündəliyə yuxudan durma vaxtını və yatma zamanını da qeyd edin);
6. Tezdən durmaq istəyən dostlarınızla komanda yaradın;
7. Daha tez yatın;
8. Zəngli saatdan istifadə edin. Zəng səsinə sevimli musiqinizi qoyun;
9. Yatarkən hansı saatda durmaq istədiyinizi özünüzə dəfələrlə təkrar edin;
10. Saatın zəngini 5 dəqiqə əvvələ qoyun ki, özünüzü təzə başlayan günə hazırlaya biləsiniz. Saatın zənginin səsin eşidən kimi çarpayıdan qalxın (tənbəllik etməyin). Bu sizin gündəlik vərdişinizə çevrilsin.
Təklif olunan üsullardan maksimum istifadə edin.
Yeri gəlmişkən siz də öz oyanma üsullarınızı yazın və bəlkə sizin təklifləriniz də bir çoxlarına faydalı olacaq. Əlbəttə ki, siz bunun əksinə olaraq tezdən durmanın nə kimi ziyanları olduğu haqda öz fikirləninizi də qeyd edin, bəlkə nə vaxtsa siz belə bir xəbər oxumusunuz (məsələn, keçən ay məşhur bir jurnaldan yapon alimlərinin araşdırmasını oxumusunuz ki, tez oyanmaq ürək üçün zərərlidir və s.).