Qadin.NET / Quduzluq

Quduzluq

Quduzluq insan və heyvanların mərkəzi sinir sisteminin iflici ilə nəticələnən təhlükəli infeksiya xəstəliyidir. Bu infeksiya xəstəlik daşıyıcısının insanı və ya heyvanı dişləməsi, ya da tüpürcəyinin zədələnmiş dəriyə düşməsi nəticəsində yaranır. Quşlar da daxil olmaqla bütün istiqanlı heyvanlar quduzluğa meyillidirlər. Digər heyvanalara nisbətən bu xəstəliyə tez tutulan itlər insan üçün daha təhlükəlidir.

İnsanda bu xəstəliyə tutulma 8-9 gündən bir neçə ayadək davam edən inkubasiya dövründən sonra başlayır. Dişlənmiş yer mərkəzi sinir sisteminə nə qədər yaxın olarsa (baş, üz, əllər), xəstəlik bir o qədər təhlükəli xarakter daşıyır.

Xəstəliyin əlamətləri:

İnkubasiya dövrünün qurtarmasına 1-2 gün qalmış dişlənmiş yerdə ağrılar (hətta yara sağalsa belə), qıcıqlanma, narahat yuxular görmə, qorxu hissləri yaranır. Sonra xəstəlik çox da yüksək olmayan hərarət artıqlığı (1-2 dərəcə), ürəkdöyünmə, nəfəsalmanın çətinləşməsi ilə müşayiət olunur. Xəstənin psixi halı ağır olur. Sayıqlama, özündən getmə olur. Bu hal 2-3 gün davam edəndən sonra iflicə gətirib çıxarır. Sonda isə xəstə ölür.     

İstənilən halda xəstənin heyvan tərəfindən dişlənməsi və ya quduz heyvanın tüpürcəyinin dəriyə düşməsi zamanı xəstəxanaya getməsi çox vacibdir. Dişləmə baş verdikdə xəstəlik əleyhinə peyvənd vurulan sanitar-epidemioloji mərkəzə müraciət etmək lazımdır. Dişləyən heyvan xəstə olmaya da bilər. Buna baxmayaraq, bütün hallarda təhlükə mövcuddur. Peyvənddən sonra xəstəliyə qarşı yaranan immunitet yarım ilə qədər qalır. Quduzluğa qarşı peyvənd olunanlar 6 ay müddətində spirtli içki qəbul etməməli, həmçinin həddən artıq yorğunluqdan, istidən və soyuqdan özlərini qorumalıdırlar! Dişləmə zamanı yaradan axan qanın qarşısını almağa çalışmayın. Qan nə qədər çox axarsa, onunla bərabər viruslar da xaric olar. Yaranın ətrafını bir neçə dəfə dezinfeksiyaedici məhlulla (yod, manqan məhlulu, spirt) silin. Xalq təbabətində qanaxmanı artırmaq üçün yara ətrafında 0,5-1 sm-dən çox olmayan dairəvi kəsiklər etmək məsləhət görülür. Qanaxmanı sürətləndirmək üçün yaranı isti su ilə yumaq, sonra isə həmin nahiyəni manqan məhlulu ilə silmək lazımdır.

Kənd yerlərində quduz heyvan tərəfindən dişlənmə zamanı yaralı yerə virus düşməsin deyə yaranın üstünə qızdırılmış dəmir basırdılar (yüksək hərarətdən viruslar ölür). Quduzluq xəstəliyi zamanı tətbiq olunan bir çox xalq təbabəti vasitələri var. Əlbəttə ki, bu vasitələrə tibbi yolla müalicə kömək etmədikdə müraciət edilməlidir.

Quduzluq zamanı loğmanlar məsləhət görürlər:   

100 qram qoz ləpəsi, 100 qram bal, 50 qram duz, 50 qram soğan şirəsini qarışdırın. Qarışığı soyuducuda saxlayın. Gün ərzində bir desert qaşığı qəbul edin. Hər iki saatdan bir bu qarışıqdan ağrıyan yerə qoymaq lazımdır. 

17 aprel 2013
GO BACK