Qadin.NET / Toyuq bulyonunun müalicəvi təsiri

Toyuq bulyonunun müalicəvi təsiri

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.

Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur - hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.

Son illər Avropa ölkələrində keçirilmiş elmi tədqiqatlar nəticəsində belə toyuqlardan bişirilmiş bulyon və suplarda çoxlu miqdarda ağır metallar aşkar olunub. Bu metallar orqanizmdə toplanaraq orqanizmin daim zəhərlənməsinə səbəb olur, qara ciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.

Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.

Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.

Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.

Toyuq bulyonu həzm sisteminə də müsbət təsir edir - mədə və 12 barmaq bağırsağın fəaliyyətini stimullaşdırır. Bu xüsusilə mədəsi "tənbəl" olan insanlar üçün vacibdir.

Lakin pankreatit, mədə xorası və qastrit kimi xəstəliklərin kəskinləşmə dövründə, qara ciyərin xəstəlikləri zamanı bulyondan imtina etmək lazımdır.

Bundan əlavə toyuq bulyonu və toyuq əti allergiyadan əziyyət çəkən insanlara ziyan gətirə bilər.

Bütün digər qrup insanlara isə toyuq bulyonu yalnız fayda gətirə bilər.

Soyuqdəymə və virus xəstəlikləri zamanı bulyon xüsusilə xeyirlidir. Xəstəlik zamanı iştaha kəskin azalır, orqanizm heç bir qidanı (xüsusilə ağır qidaları) qəbul etmək istəmir. Bu yüngül qida isə asanlıqla mənimsənilir və xəstəliklə mübarizə etmək üçün orqanizmə lazım olan güvvət verir.

Bulyonun tərkibində olan "sistein" aminoturşusu bəlğəmin durulaşmasına və orqanizmdən daha asan xaric olmasına kömək edir. Ümumillikdə isti toyuq bulyonu nəfəs yollarına çox müsbət təsir edir - bronxların keçiriciliyini yaxşılaşdırır, nəfəsalmanı asanlaşdırır, boğaz ağrısını azaldır.

Toyuq bulyonuna xırda doğranmış sarımsaq əlavə etmək yaxşıdır. Bu bulyonu daha da effektli edəcək. Sarımsaq güclü antiseptik, virus və mikrobəleyhinə xüsusiyyətlərinə malikdir.

Toyuq bulyonundan fayda almaq üçün onu düzgün bişirmək lazımdır. Bunun üçün ət piylərdən və dəridən təmizlənir. Toyuq əti və sümümklər qazana qoyulur, üzərinə soyuq su tökülür. Su 10-15 dəqiqə qaynadıqdan sonra toyuq əti bulyondan çıxarılır, bulyon atılır, ətin üzərinə isə təkrar soyuq su əlavə olunur. Bulyon vam odda, bağlı qabda, ət hazır olana kimi bişirilir (təxminən 30-40 dəqiqə ərzində). Sonra bulyon 4 qat qatlanmış tənzifdən süzülür, ora xırda doğranmış cəfəri (və ya şüyüd) və lazım olduqda sarımsaq əlavə olunur (duz əlavə etmək lazım deyil).

15 oktyabr 2020
GO BACK