Qadin.NET / Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB

Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB

Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB


2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən  və indiyədək icra olunmamış qalan "İcbari sığortalar haqqında" Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.


Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.


Bakıda evi olan 50 manat, regionlarda 30 manat...


Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.


Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır


Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.


Ödəməyəni cərimə gözləyəcək


İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.  20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.


Bəs səkkiz il əvvəl qanunvericilik bazası formalaşmış daşınmaz əmlakın sığortası haqqında qanunun tətbiqi niyə ləngiyib?  Əmlak sığortasını ödəmək niyə könüllü yox, məcburi xarakter daşıyır? Bu prosesdə qazananlar kimlər olacaq?


Daşınmaz əmlak eksperti Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, beynəlxalq təcrübə ilə yanaşsaq, bu proses könüllü olmalı idi. Amma Azərbaycan hökuməti hesab edir ki, könüllü əmlak sığortasını həyata keçirmək çətin ola bilər və bu mənada daha optimal varant kimi bu məslənin üzərində dayanıblar


"Heç olmasa cərimə məsələsində yumşaq variant seçilməliydi..."


"Hökumətin qərarına görə, yalnız cərimə  tətbiqi ilə əhalini bu məsələyə yönəltmək mümkün olacaq. Amma hesab edirəm ki, cərimələrin müddəti olduqca qısadır. Avtomobillərin icbari sığortasında olduğu kimi vətəndaş 20 gün ərzində sığorta olunmursa, cərimə tətbiqinə başlanılır. Əslində belə olmamalıdır, bir optimal variant tapılmalıdır. Əhalini sığortaya cəlb etmək üçün icbari yol seçilsə də, cərimələnmə məsələsində heç olmasa, bir az loyal variant seçilməli idi. Təəssüf ki, qərar bu şəkildədir. Yəqin ki, ilin birinci rübündə məsələnin nə qədər optimal olması müəyyənləşəcək", - ekspert deyib.


R. Osmanlının fikrincə, qanunun  daşınmaz əmlakla bağlı müddəalarının bu vaxta qədər gecikməsi Azərbaycanda əmlakın qeydiyyatının tam olaraq başa çatmaması ilə bağlıdır: "Preidentin çoxmənzilli binalarda əmlakın istismara qəbulu ilə bağlı fərmanı var. O prosesin icrası həyata keçirilir, gələn ildən isə sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması prosesinin başlanacağı gözlənilir. Əslində bu proses tam bitəndən sonra bu məsələni qabartmaq düzgün olardı. Növbəti ildə bu barədə fikir söyləmək mümkün olacaq".


Sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılır


Əgər bu mexanizm işə düşsə və daşınmaz əmlakı olanlar öz əmlaklarını məcburən sığorta etdirsə o zaman sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılmış olur. Doğrudur, hələlik bu gəlirlərin və daşınmaz əmlakdan məcburi sığorta yığımlarının həcminin nə qədər ola biləcəyini hesablamayıblar.


Sığorta şirkətilərinin bu biznesdən nə qədər qazana biləcəyi haqda danışan ekspert hesab edir ki, hazırda yaşayış fondu ilə bağlı statistik rəqəmlər də dəqiq deyil. İlin sonunda Statsistika Komitəsi bu barədə rəsmi rəqəmləri açıqladıqdan sonra yığımla bağlı dəqiq rəqəm söyləmək olar.


Cərimə tətbiqini həyata keçirəcək İcbari Sığorta Bürosundan isə prosesin niyə məcburi xarakter daşımasına cavab olaraq bildirdilər ki, bu məsələ qanunla müəyyənləşir.


"İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qəbul olunub. Bu məsələ indiyədək insanların öz öhdəsinə buraxılmışdı. Lakin daşınmaz əmlakını sığorta edənlərin faizi az idi. Ona görə də, 2020-ci ildən nəzərdə tutulub ki cərimə mexanizminə başlanılsın,əhali bu prosesdə aktivləşdirilsin", - İcbari Sığorta Bürosunun əməkdaşı Zaman Zahirzadə virtualaz.org-a bildirib

17 noyabr 2019
GO BACK